Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7009/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-157/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsinə və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışa əsasən sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur.
2. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X9 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neftqaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X9 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində 362210,362071 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X9 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-157/2022 saylı, 04 avqust 2022ci il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia tələbi təmin edilərək cavabdehin 3 saylı mədənin 6-cı sahəsində 362210,362071 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh X1 İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-157/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-157/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində cavabdeh adı “X4” kimi yox, “ Cavabdeh” kimi oxunması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)- 5452/2021 saylı qərardadından görünür ki, İddiaçı Şirkətinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 saylı, 29 may 1997-ci il tarixli sərəncamının sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, şirkətin (iddiaçının) 3 saylı mədənin 6-cı sahəsində 362210,362071 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Cavabdeh həmin torpaq sahəsinin Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 saylı, 29 may 1997-ci il tarixli sərəncamı ilə ona ayrıldığını iddia etsə də, Bakı İnzibati Məhkəməsinin yuxarıda göstərilən 29 aprel 2021-ci il tarixli, 2-1(112)- 5452/2021 saylı qərardadına əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 saylı, 29 may 1997-ci il tarixli sərəncamının "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən hüquqi qüvvəsini itirdiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə predmetini təşkil edilən ev özbaşına tikilidir və evin sökülməsi üçün iddiaçı maraqlı tərəfdir, bu baxımdan iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianı həmçinin ona görə əsaslı hesab etmişdir ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil(müvafiq sərəncamın etibarsızlığı barədə qanuni qüvvəyə minmiş qərardad mövcuddur), Şirkətin saziş ərazisi hüdudlarındadır və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin qanuni mülkiyyətində və ya sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq cavabdehin mülkiyyətində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni baxışa qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsi iddiaçı "X7" şirkətinin iddiasını təmin edərək 24 ildən çox inşa edib yaşadığı evindən çıxarılması və həmin evin sökülməsi barədə xx.xx.2022-ci il tarixdə qətnamə qəbul etdi. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 №li, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən, 1998-ci il tarixdə mövcud mübahisəli evi inşa edib ailəsi ilə birlikdə yaşayır. Həmin mübahisəli evin dəqiq ünvanı ünvan 2 başqa ünvan qeyd olunub. Qanuni əsaslarla Binəqədi rayon İcra Hakimiyyəti Başçısı və digər səlahiyyətli şəxslər 480 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı imzalamışlar. Göründüyü kimi, həmin mübahisəli ev özbaşına tikili deyil, həmin sərəncama əsasən, 1998-ci ildə inşa olunmuş evdir. 24 ildən çox müddətdir ki, 600.0 kv.m torpaq sahəsi bilavasitə onun istifadəsində olmaqla yanaşı ailəsi ilə birlikdə inşa etdiyi həmin evdə yaşayırlar. Məhkəmə 24 il müddətində inşa etdiyi evdə yaşadığını nəzərə almır. Binəqədi rayon İcra Hakimiyyətini işə cəlb etmir. Onun nə günahı var ki, sərəncamla istifadəsinə verilmiş torpaq sahəsi neft xəttinin mühafizə zolağına düşür? Bu halları o, bilə bilməzdi. Rayon İcra Hakimiyyəti sərəncam verir, daha sonra bu sərəncamın qüvvədən düşdüyü bildirilir. Belə olan halda, vətəndaş olaraq onun qanunla qorunan hüquqları pozulur. Qanuna əsasən, sərəncam hər hansı səbəbdən ləğv olunarsa və ya qüvvədən düşərsə vətəndaşa başqa yerdən torpaq ayrılması barədə sərəncam verilməlidir. O, özbaşına, qanunsuz həmin yeri zəbt edib özbaşına ev inşa etməmişdir.
b) Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ, İİ, İV hissələrində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). 33-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinin İ hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi, işin rayon məhkəməsinə qaytarılması göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan yaxud hansısa digər maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməzdi. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamə çıxarılmışdır.
22. Apellyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 nömrəli xx.xx.1997-ci il tarixli Sərəncamı ilə cavabdeh xx.xx.1985-ci ildən 5 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə alındığından, “Binəqədineft” NQÇİ-nin rəhbərliyi cavabdehə Binəqədi rayonu Sulutəpə qəsəbəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına 21 aprel 1997-ci il tarixli məktubu ilə etiraz etmədiyindən ona həmin qəsəbədə əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evi tikmək üçün 600 kv. metr torpaq sahəsi ayrılmış, İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin əməkdaşlarına torpaq sahəsinin yerində ölçülüb ayrılması tapşırılmış, eləcə də həmin Sərəncamın 6-cı bəndi ilə cavabdehin torpaq sahəsi ayrıldığına görə mənzil növbəsi ləğv edilmişdir. 23.Göründüyü kimi, cavabdehə həmin torpaq sahəsinin məhz dövlət orqanı, daha doğrusu torpağın ayrılmasına bu cür Sərəncam vermək səlahiyyətinə malik şəxs-Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilməsi, üstəlik mənzil növbəsinin də məhz bu səbəbə görə ləğv edilməsi işin mübahisəsiz halıdır. Başqa sözlə bunu iddiaçı da mübahisələndirmir. Mübahisələndirdiyi hal yalnız Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 saylı, 29 may 1997-ci il tarixli Sərəncamının "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən hüquqi qüvvəsini itirməsi ilə bağlıdır.
24. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-5452/2021 saylı qərardadı ilə İddiaçı Şirkətinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 saylı, 29 may 1997-ci il tarixli sərəncamının sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə iddiasının mümkün sayılmaması da hazırki iddianın təmin edilməsi üçün birbaşa əsas ola bilməzdi.
25. Birinci instansiya məhkəməsi isə qeyd olunan Sərəncamın ümumiyyətlə mövcudluğunu qəbul etməyərək işin faktiki halları ilə şirkətin (iddiaçının) 3 saylı mədənin 6-cı sahəsində 362210,362071 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında torpaq sahəsi zəbt olunduğu və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirildiyinin müəyyən edilməsi qənaətinə gəlmişdir.Lakin cavabdeh torpaq sahəsini zəbt etməmiş, əksinə tam qanuni əsaslarla əldə etmiş, üzərində də müvafiq icazə əsasında fərdi yaşayış evi tikmişdir.
26. Hətta Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 saylı, 29 may 1997-ci il tarixli Sərəncamının "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi qəbul edilsə belə, bu hal da məhkəməyə cavabdehin həmin torpaq sahəsini zəbt etməsi və üzərində qanusuz yaşayış evi inşa etməsi qənaətinə gəlməyə əsas vermirdi.Çünki, 1997-ci ildən 2005-ci ilədək 8 il vaxt keçmişdir. İddiaçı həmin dövrdə mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi üçün daha hansı icazələri almalı idi ki, məhkəmə həmin evi qanunsuz və özbaşına tikili hesab etməsin. Əlbətdə ki, bu ritorik sual olsa da məhkəmə də qənaətini əsaslandırarkən gətirdiyi arqumentlərin məzmununa diqqət yetirməli idi.
27. Birdəki, Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-5452/2021 saylı qərardadı ilə Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 480 saylı, 29 may 1997-ci il tarixli Sərəncamı etibarsız hesab edilməmişdir. Həmin qərardad qanuni qüvvədə olsa da Sərəncamın etibarsız olmasını ehtiva etmir.
28. Birinci instansiya məhkəməsi həmdə qeyd edir ki, hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin qanuni mülkiyyətində və ya sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi olardı, hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. Qeyd olunan torpaq sahəsi və tikilinin cavabdehin mülkiyyətində və sahibliyində olması daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da qətiyyən özbaşına tikili sayıla bilməz.Çünki, cavabdeh məhz dövlət orqanınnın qərarına və icazəsinə əsasən 25 il əvvəl həmin evi tikib ailəsi ilə birlikdə orada yaşayır. Həmin torpaq sahəsi ona ayrıldığına görə də mənzil növbəsi ləğv edilmişdir. Bu cür vəziyyətdə, yəni cavabdehə heç bir kompensasiya ödənilmədən qanuni əsaslarla ona ayrılmış torpaq sahəsində inşa etdiyi, faktiki yaşadığı evin sökülməsi təbii ki, onun dövlətə olan inamsızlığını və güvənsizliyini yarada bilər ki, əlbətdə ki, buna da yol vermək olmaz.
29. Bununla yanaşı, iş materiallarından və tərəflərin izahatından da bəlli olur ki, mübahisəli ərazidə çoxsaylı fərdi yaşayış evləri, məktəb binaları, dövlət orqanlarının inzibati binaları yerləşir və heç biri də sökülməmişdir. Bu hal da ona dəlalət edir ki, iddiaçı həmin ərazidə real neft hasilatı ilə məşğul olmur. Təbii ki, buna ehtiyac və zərurət yaranması istisna olunmur. Ancaq həmin anda da qanuni əsaslarla inşa edilmiş tikililər heç bir kompensasiya ödənilmədən sökülməsi tələb edilə bilməz.
30. Cavabdehin mübahisəli tikiliyə gözlənilən mülkiyyət hüququ olmuşdur. Mülkiyyət hüququ da Konstitusiya və Konvensiya çərçivəsində müdafiə olunan və qorunan bir hüquqdur. Bu mənada cavabdehin qanuni əsaslarla inşa etdiyi evini öz hesabına sökülməsini və həmin evdən çıxarılmasını tələb etmək və bu iddianın da məhkəmə tərəfindən təmin edilməsi yolverilməz idi. Əlbətdə iddiaçı bu cür iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl bunun nə dərəcədə əsaslı və keçərli iddia olmasını, eləcə də torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin cavabdehə qanuni əsaslarla məxsus olubolmamasını özü üçün müəyyənləşdirməli idi.
31. İdiaçının sökülməsini tələb etdiyin fərdi yaşayış evinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması da təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Bu tikilinin əhatəsində çoxsaylı yaşayış evlərinin olmasını iddiaçı tərəf da təkzib etmir. Lakin niyə məhz cavabdehə qarşı hazırki iddia ilə müraciət etməsinin səbəblərini məhkəmənin diqqətinə çatdırmaq istəmir yaxud çatdıra bilmir. Cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi, üstəlik qanuni əsaslarla həmin evdə yaşamaq hüququ vardır. Ola bilsin ki, cavabdeh tərəfindən yaşadığı bu evin üzərində təmir yaxud bərpa işləri aparılsın. Lakin bu hal da iddiaçıya əsas vermir ki, o, məhz bütövlükdə evin, özü də ən azından heç bir kompensasiya təklif etmədən tam sökülməsini tələb etsin. Belə bir vəziyyətdə cavabdehə qarşı bu formada iddianın irəli sürülməsi hüququn ali məqsədinə xidmət edir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Bu cür məhkəmə aktı isə açıq-aşkar görünür ki, hüququn ali məqsədinə xidmət etmir.
32. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-157/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-157/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı şirkətinin Cavabdeh qarşı Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.