Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7026/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2023 saylı 6 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca qeyri-qanuni müdaxilə faktı aşkar edilmiş, bu barədə ******* saylı akt tərtib edilərək, dəymiş ziyanın məbləği 940,75 manat həddində hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 940,75 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 15B saylı mənzil 27 iyul 2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakm Hüquqların Dövlət Qeydiyyatı haqqmda Daşınmaz Əmlakm Dövlət Reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir və mənzilin Cavabdeh tərəfindən qazla təchiz olunmasında istehlakçı tərəfdir. 22 aprel 2023-cü ildə ona və ya ailə üzvlərinə heç bir məlumat verilmədən, iştirakları olmadan mənzilə quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən dəyişdirilmişdir. 21-22 aprel 2023-cü il Ramazan bayramı ilə qeyri-iş günləri, 23-24 aprel 2023-cü il istirahət günləri olmuşdur. 25 aprel 2023-cü ildə mənzilə gəldikdə qazın gəlmədiyi bilindikdən sonra, sayğacın sökülüb aparıldığı və yeni sayğac qoyulduğu məlum oldu. Müxtəlif təşkılatlarla əlaqə saxlayaraq nəhayət Səbail rayon qaz istismarı sahəsinə gedərək məsələni aydınlaşdırmağa çalışdılar. Sayğacın bayram günü onlara heç bir məlumat verilmədən dəyişdirilməsinə heç bir aydınlıq gətirilmədən nümayəndəsinə 22 aprel 2023-cü il tarixli ******* saylı akt və yeni sayğacın kartı təqdim olunaraq ASAN Kommunal-da Cavabdeh xidmətinə getmək lazım olduğu bildirilmişdir. Həmin xidmətdə Cavabdehın təmsilçiləri qaz kartının aktivləşdirilməsi üçün əvvəlki sayğacın mənfiyə getdiyinə görə hesablanmış 4605 m3 sərfiyyata görə böyük məbləğdə - 940,75 manat ödəniş etməyi tələb ediblər. Xidmət təmsilçiləri heç bir normativ akta istinad edə bilmədən onlardan borcu öhdələrinə götürməyi, bunu imzaları ilə təsdiq etməyi və yalnız bundan sonra kartın aktivləşdiriləcəyini təkidlə tələb etdilər. Lakin onlar bunun qanunsuz olduğunu, qaz təchizatının dayandırılması üçün heç bir əsas olmadığını, sayğacın onlara xəbərdarlıq edilmədən bayram günü qərəzli olaraq dəyişdirildiyini, borcun yanlış hesablandığını və belə hesablanmış borca görə istehlakçının cavabdehliyinin olmadığı bildirsələr də, sadə tələblərə belə əməl olunmadı və təkidli tələblərinə rəğmən onlara heç bir yazılı sənəd təqdim etmədilər. Nəticədə, ailələri 6 gün müddətində təbii qazdan istifadə etmək imkanından qanunsuz olaraq məhrum edilmişdir. Qüvvədə olan qanunvericilikdə qaz təchizatının dayandırılması əsasla dəqiq müəyyən olunmuşdur və bu əsaslar mövcud olmadığı təqdirdə qaz təchizatının dayandırılması qanunsuz hərəkət və özbaşınalıqdır. Qanunsuz dayandırılmış qaz təchizatı Səbail Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-16(009)-82/2023 saylı dərhal icra edilməli qərardadı ilə bərpa edilmiş və həmin mənzilə təbii qazın verilməsinin dayandırılması Cavabdeh İB-yə qadağan edilmişdir. Cavabdeh İB-nin borc tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur. Qaz sayğacının istismar müddəti çoxdan keçmişdir, lakin sayğacın vaxtında dəyişdirilməsi təchizatçı tərəfindən təmin edilməmiş, onlara şifahi müraciət edilərək yeni sayğacın qoyulması üçün ödəniş tələb olunmuşdur. Qanuna əsasən yeni sayğaca görə fiziki şəxs olan istehlakçıdan ödəniş tələb oluna bilmədiyinə istinad etdikdə, sayğacların qıt olduğunu, yalnız ödəniş olunduqdan sonra daxili göstərişlə sayğac quraşdırıla biləcəyini ifadə edərək, əks təqdirdə onların qaz təchizatında problem yaradılacağının bildirmişlər. Bundan sonra onlara sayğacın yenilənməsi ilə bağlı hər hansı müraciət olmamışdır. Sayğaca tərəflərindən hər hansı müdaxilə edilməmişdir və edilməsi də mümkün deyildir. Qazdan mütəmadi olaraq abonent kartı vasitəsilə əvvəlcədən dəyəri ödənilməklə istifadə edilmişdir. Cavabdehə göndərilmiş 10 may 2023-cü il tarixli pretenziya ilə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin qaz təchizatına görə hesablanmış əsassız borcun silinməsini xahiş etsə də, bu günədək pretenziyaya cavab verilməmiş və borcun silinməsi təmin edilməmişdir. Beləliklə, istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi üçün, mülkiyyətində olan mənzilin qaz təchizatından istifadəyə görə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borc məhkəmə qaydasında silinməlidir.
4. Cavabdeh iddiaya etiaz ünvanlayaraq qeyd etmişdir ki, **********00150 saylı abonent kodu verilmiş ünvan 2 ünvanında quraşdırılmış smart itron tipli, G-4 markalı qaz sayğacı xx.xx.2023-cü il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilərək yeni qaz İtron G4 markalı sayğacı ilə əvəzlənmişdir. Elektron tablosu işləməyən Smart tipli sayğac çıxarılan zaman Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması faktını aşkar etmişlər və bu barədə yuxarıda qeyd olunan akta müvafiq qeydlər aparılaraq istehlakçı məlumatlandırılmışdır. Nəticə etibarı ilə çıxarılan Smart tipli sayğacın üzərində elektron tablonun qeyd etmədiyi, lakin həmin sayğacın mexaniki hissəsinin qeyd etdiyi 35097 m3 sərfiyyat borcu aşkar edilmişdir, yəni sayğac mənfiyə işləmişdir. Bunun nəticəsi olaraq da abonentin istifadə etdiyi, yəni karta məbləğ yükləmədən işlətdiyi və bu səbəbdən də dəyəri ödənilməmiş 940,75 manat məbləğində debitor borcu yaranmışdır. Sayğac müvafiq qaydada çıxarıldıqdan sonra qaydalara uyğun olaraq “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İBnin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının MSK-14-2-2/3-5-4616/Q001 aktına əsasən (sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib) sayğacın elektron və mexaniki göstəriciləri arasında olan fərq bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, öncədən ödənişli Smatr kart tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, sayğacın elektron hissəsinin qeyd etmədiyi, lakin mexaniki hissəsinin qeyd etdiyi təbii qazın sərfiyyatı üzrə abonentin, daha doğrusu iddiaçının istifadə etdiyi, lakin dəyəri ödənilməmiş 940,75 manat məbləğində sərfiyyat borcu yaranmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akta bağlı əsas - debitor borcdur. Bu danılmaz faktdır. Belə ki, mübahisələndirilən borc məbləği “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında hesablanmış və abonentin Saldosuna yerləşdirilmiş dəymiş maddi zərər olsa idi, bu hal mütləq həmin Saldo-da müqaviq olaraq “Aktlar və qalıqlar” qrafasında öz əksini tapmış olardı. Digər tərəfdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında hər hansı Akt belə mövcud deyildir. Bununla bərabər işə əlavə edilmiş GASREP və AG İS proqramları üzrə Saldolarda (iş materiallarına əlavə edilmişdir) iddiaçının sərf etdiyi təbii qaza görə iyul-noyabr ayından 2022-ci və yanvar-mart ayından 2023-cü illər ərzində demək olar ki, ödəniş etməmişdir. Bundan əlavə iddiaçının məhkəmə zalında verdiyi izahatına nəzər yetirsək görərik ki, iddiaçının həmin evdə yaşaması və təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqı-satqısı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir.
7. Məhkəmə həmçnin qeyd etmişdir ki, zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. İddiaçıya aid olan evdən kənarda quraşdırılmış qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının ona aid olan sayğacın işlək vəziyyətdə saxlanılması və qorunması ilə bağlı hər hansı məsuliyyət daşıması da məhkəmə iclasında müəyyən edilməmişdir
8. Məhkəmə öz mövqeyini «İstehlakçıların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na; “Qaz təchizatı haqqında” AR Qanununa istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin tamamilə ləğv edilməsinə əsasdır. Belə ki, **********00150 saylı abonent kodu verilmiş ünvan 2 ünvanında quraşdırılmış smart itron tipli, G-4 markalı qaz sayğacı xx.xx.2023-cü il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilərək yeni qaz İtron G 4 markalı sayğacı ilə əvəzlənmişdir. Elektron tablosu işləməyən Smart tipli sayğac çıxarılan zaman Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması faktını aşkar etmişlər və bu barədə yuxarıda qeyd olunan akta müvafiq qeydlər aparılaraq istehlakçı məlumatlandırılmış, həmin faktın aşkar olmasını istehlakçı aktı imzalamaqla təsdiqləmişdir. Nəticə etibarı ilə çıxarılan Smart tipli sayğacın üzərində elektron tablonun qeyd etmədiyi, lakin həmin sayğacın mexaniki hissəsinin qeyd etdiyi 35097 m3 sərfiyyat borcu aşkar edilmişdir, yəni sayğac mənfiyə işləmişdir. Bunun nəticəsi olaraq da abonentin istifadə etdiyi, yəni karta məbləğ yükləmədən işlətdiyi və bu səbəbdən də dəyəri ödənilməmiş 940,75 manat məbləğində debitor borcu yaranmışdır. Sayğac müvafiq qaydada çıxarıldıqdan sonra qaydalara uyğun olaraq “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İbnin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının MSK-14-2-2/3-5- 4616/Q001 aktına əsasən (sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib) sayğacın elektron və mexaniki göstəriciləri arasında olan fərq bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, öncədən ödənişli Smatr kart tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, sayğacın elektron hissəsinin qeyd etmədiyi, lakin mexaniki hissəsinin qeyd etdiyi təbii qazın sərfiyyatı üzrə abonentin, daha doğrusu iddiaçının istifadə etdiyi, lakin dəyəri ödənilməmiş 940,75 manat məbləğində sərfiyyat borcu yaranmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi borc debitor borcdur. Bu danılmaz faktdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında hesablanmış dəymiş maddi zərər olsa idi bu hal mütləq abonentə dair Saldo-da müqaviq olaraq “Aktlar və qalıqlar” qrafasında öz əksini tapmış olardı. Digər tərəfdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında hər hansıAkt belə mövcud deyildir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi silinməsi xahiş olunan borcun hansı səbəbdən yaranmasının araşdırılmasına həddən artıq səthi yanaşmış, “Smart tipli sayğacda borc olmur” kimi iddiaçının uydurma, qeyri-peşəkar ifadələrinə inanmış və bununla da debitor borcu silərək qanunsuz qətnamə qəbul etmişdir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, tərəflərindən sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğac evin girişindədir. 17.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
18.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
20.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 21.4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 22.4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 23.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 24.6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
25.13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. 26.13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
27.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 28.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 29.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 30.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın surətindən görünür ki, evə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etmək üçün sayağaca müdaxilə etməsi halları müəyyən edilmişdir. 33.Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 34.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il mayın 1dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə syğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 35.Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə yaranır. 36.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 37.Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, fiziki şəxs olan istehlakçının (hazırki halda iddiaçının) qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. 38.Məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, yəni Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş aktı etibarlı olmadığını və beləliklə də onun əsasında hesablanmış borcun silinməli olduğu qənaətinə gəlməklə haqlı olmuşdur. 39.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 41.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2023 nömrəli, 6 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova