Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7034/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, süni maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, süni maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 103/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 02 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam pay üzrə xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evə dair həmçinin İddiaçı adına texniki pasport (xx.xx.2020-ci il tarixli, 04/5048 inventar nömrəli) tərtib edilərək, zəruri texniki göstəricilər əks olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı evdə yaşayan cavabdeh tərəfindən qanunsuz inşa edilmiş, evinin qarşısındakı pilləkəninin altında tikilmiş təzə tikilinin sökülməsi, pilləkənin bərpa olunması və evinə dəyən ziyana görə 20.000 manat, mənəvi ziyana görə 10.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5a saylı evi alğı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda o, həmin mənzilin mülkiyyətçisidir, himayəsində iki atılmış uşaq saxlayır, yaşadığı evi də həmin saxladığı uşaqlar üçün almışdır, uşaqlardan birinin 18 yaşı tamam olub və hazırda Kəlbəcər rayonu ərazisində hərbi xidmətdədir. Digər uşağın isə 15 yaşı vardır. Bundan əlavə isə İ qrup əlil olan oğlu X2 da onun himayəsindədir, oğluna xüsusi qulluq edir. Lakin qonşuluqda yaşayan cavabdeh ona və ailə üzvlərinə evində rahat yaşamağa imkan vermir. Belə ki, cavabdeh onun yaşadığı evin qarşısında qanunsuz tikinti işləri aparır. Bundan əlavə ona aid olan pilləkəni kəsib, evinə xəsarət yetirib, evində çat əmələ gəlib, hər bir vaxt uça bilər, həmin pilləkəni bərpa etmək istədikdə isə ustaya imkan vermir ki, məhv etdiyi pilləkəni bərpa etsin. Cavabdeh bildirir ki, burada nə istəsə onu da edə bilər. Cavabdeh onu öldürməklə, yandırmaqla hədələyir, onun ünvanına nalayiq söyüşlər deyir. Cavabdeh dəfələrlə ona və ailə üzvlərinə xəsarət yetirib, dəfələrlə cavabdehin hərəkətləri barədə dövlət qurumlarına və «102» xidmətinə zəng vuraraq şikayət etmişdir. Lakin polis işçiləri gəlir, qanunsuz tikilinin tikilməsinə qadağa qoyur, sonra isə cavabdeh yenə öz bildiyi kimi hərəkət edir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2022-ci il tarixli, 10/6097 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın üçüncü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən yarımçıq tikilinin inşası zamanı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinin pozulduğu müəyyən olundu. Həm iddiaçıya məxsus fərdi yaşayış evi, həm də cavabdeh tərəfindən inşa olunan yarımçıq tikilinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbi gözlənilmədiyinə görə, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin X1 məxsus evin işıqlandırılma və havalandırılmasına mane olması istisna olunmur. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunan tikili istiqamətində olan iki ədəd pəncərə və bir ədəd nəfəslik iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş «Texniki pasport»da öz əksini tapmamışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə yaxın tikinti-quraşdırma işləri aparılaraq tikinti inşa etdiyini nəzərə alaraq, iddiaçıya məxsus fərdi yaşayış evinin divarlarında yaranmış qüsurların cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Həmçinin qeyd olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş ziyanın dəyəri müvafiq mütəxəssislər tərəfindən fərdi yaşayış evi üzrə müayinə və tədqiqat işləri aparılaraq, evin bünövrəsinin, eləcə də digər konstruktiv elementlərinin texniki vəziyyəti, həmçinin gücləndirmə işlərinin aparılmasının zəruri olub-olmaması öyrənildikdən, həmin işlərin həcmi dəqiqləşdirildikdən və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.
5. "xxxx" MMC-nin 26 may 2022-ci il tarixli, 17 saylı hesabatından (tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən) görünür ki, X1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Entuziast küçəsində yerləşən 5a saylı fərdi yaşayış evinin mansardın açıq eyvanına dəymiş ziyan – 2.520 manat təşkil edir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqust 2022-ci il tarixli 2(002)-103/2022 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda inşa edilmiş tikilinin iddiaçıya məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdehin hesabına sökülməsi, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, iş üzrə 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərcinin cavabdehdəən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın üçüncü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir.
8. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə riayət edilməmişdir. Belə ki, həm iddiaçıya məxsus fərdi yaşayış evi, həm də cavabdeh tərəfindən inşa olunan yarımçıq tikilinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbi gözlənilmədiyinə görə, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin X1 məxsus evin işıqlandırılma və havalandırılmasına mane olması istisna olunmur. Həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən inşa olunan tikili istiqamətində olan iki ədəd pəncərə və bir ədəd nəfəslik iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş «Texniki pasport»da öz əksini tapmayıb.
9. ünvan 3 ünvanda inşa edilmiş tikili iddiaçıya məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdehin hesabına sökülməlidir. İddiaçı özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbi irəli sürsə də, həmin tələb qismən əsaslıdır və yuxarıda qeyd olunduğu həcmdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Çünki, cavabdehin yaşamağa başqa yaşayış yeri yoxdur, özbaşına tikilinin həmin ərazidə olması iddiaçının mülkiyyət hüquqlarını pozmur və tikilinin tam sökülməsi zərurəti də yoxdur. Cavabdehə qarşı qanunsuz tikilinin sökülməsi tələbi ilə buna subyektiv hüququ olan şəxs irəli sürə bilər.
10. Məhkəmə hesab etmişdir ki, iddia iddiaçıya evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması tələbinə dair hissədə əsaslıdır. Belə ki, işin faktiki hallarından aşkar şəkildə görünür ki, cavabdeh iddiaçıya mülkiyyətində olan evin pilləkənin təmirinə süni maneələr yaradır, bununla da iddiaçının (mülkiyyətçinin) qanunla qorunan hüquqlarını pozur.
11. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına cavabdeh tərəfindən 2.520 manat həcmində maddi zərər vurulmuşdur. Ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur. İddiaçı ona 20.000 manat həcmində maddi zərər vurulduğunu bildirvbi, lakin ona 2.520 manatdan daha artıq maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
12. iddiaçı ona 10.000 manat həcmində mənəvi zərər (real zərər) vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları», Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 21.1, 21.2, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının evinin qarşısında heç bir tikinti işi aparmamışdır. İddiaçı evi alanda onların evi bu vəziyyətdə olmuşdur, pilləkənlər evin əvvəlki sakinləri tərəfindən yararsız hala salınmışdır. Evin eyvanının hansı vaxtdan qəzalı vəziyyətdə olması müəyyən edilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
18. Cavabdeh ərizə ünvanlayaraq məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
25. Maddə 69.5.2-1. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilmişdir: bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə – divar hündürlüyünün 0,3 hissəsi.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, iddianın təmin edilmiş hissəsində qətnaməni mübahisələndirmişdir, qətnamə həmin hissədə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, tədqiqat obyektinə baxış keçirilən zaman iddiaçı ilə sərhəddən 0,20-0,37 m məsafədə cavabdeh tərəfindən yarımçıq tikili inşa olduğu müəyyən olunmuşdur. Faktiki mövcud olan yarımçıq tikilinin hündürlüyü 4 metrdir və həmin tikilinin məlumatlandırma icraatı tətbiq edilməli olan tikililərə aid olduğu nəzərə alınsa, tikili ilə tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər olan məsafə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbinə əsasən 1.2 metr nəzərdə tutulmuşdur.
35. Göründüyü kimi ara məsafə 1,2 metr olmalı olduğu halda, faktiki olaraq 0,20-0,37 m olduğuguna görə həmin tikili qanunvericiliyin tələblərinə uyğun inşa olunmamışdır.
36. Ona görə də məhkəmə haqlı olaraq inşa edilmiş tikilinin iddiaçıya məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdehin hesabına sökülməsi qənaətinə gəlmişdir.
37. Cavabdehin dəlilləri əsassızdır.
38. Həmçinin iddiaçıya məxsus fərdi yaşayış evinin divarlarında yaranmış qüsurların cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilmişdir.
39. Ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulması müəyyən edildiyindən, iddiaçı vurulmuş ziyanı tələb etməkdə haqlı olmuşdur.
40. Ziyanın məbləği mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Məhkəmə də haqlı olaraq həmin məbləği tutmuşdur. Cavabdeh müəyyən edilmiş məbləğin əsassız olduğunu göstərən hər hansı sübut tədqim etməmişdir.
41. Digər tərəfdən cavabdeh iddiaçıya mülkiyyətində olan evin pilləkənin təmirinə süni maneələr yaratmaqla iddiaçının (mülkiyyətçinin) qanunla qorunan hüquqlarını pozmuşdur.
42. Cavabdehin apelyasiya şikayətində göstərdikləri formal xarakter daşımaqla əsassızdır.
43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.