Məhkəmə qərarları › İş №2(103)-7036/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7036/2023

28.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7036/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(011)-6021/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın içərisindən məftinin aşkarlanması barədə qeyd aparılmaqla, Bakı Regional Qaz İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 12960 m3 (1555,20 manat) olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2023-cü ilin mart ayı üzrə 1555,20 manat məbləğində borcunun olması əks olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********20542) ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yaşadığı ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdirlər. Daha sonra ona məlum olmuşdur ki, yaşadığı ev üçün quraşdırılmış qaz sayğacında guya müəyyən nasazlıqların olması əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1555 manat məbləğində əsassız borc yazılmışdır. Qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda o, cavabdehlik daşımamalıdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(011)- 6021/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********20542) dair İddiaçı hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi və 35,55 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3 cü bəndi). “Qazdan istifadə Qaydaları”nın istinad edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 4.6, 4.7 və 4.8-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 1555,20 məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olubolmadığını yoxlamaq üçün mühasibatlıq və trassoloji ekspertizasına göndərilməmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq yazılmış məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. stehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın içərisindən məftinin aşkarlanması barədə qeyd aparılmaqla, Bakı Regional Qaz İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 12960 m3 (1555,20 manat) olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2023-cü ilin mart ayı üzrə 1555,20 manat məbləğində borcunun olması əks olunmuşdur Mübahisənin qanuni əsası qismində iddiaçı və cavabdeh arasında qazın alqısatqısına dair müqavilə təşkil etdiyindən mübahisənin qanuni əsasının müqavilə (öhdəlik) münasibətləri olmasını birinci instansiya məhkəməsi düzgün qeyd etmiş və müəyyən etmişdir ki, cavabdeh tərəfindən sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edildikdən sonra iddiaçının yaşadığı ünvanda olan sözügedən sayğacla bağlı yuxarıda sadalanan sənədlər tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Belə ki, əvvəla məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən sayğac cavabdehin məsul əməkdaşları tərəfindən təhvil alınan zaman sayğaca hər hansı müdaxilə olması halı müəyyən edilməmişdir. Həmçinin də sayğacda hər hansı qüsur aşkar olunmuş olsa idi belə, bu barədə müvafiq şəxslərin iştirakı ilə akt tərtib edilməmiş, həmin akta istehlakçı daxil edilməmiş, istehlakçı müvafiq aktla tanış olumamışdır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Belə olduğu halda, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh dəyişdirilmiş qaz sayğacının qüsurlarına görə hesablanmış qaz itkisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərərin də istehlakçı tərəfindən ödənilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktın tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, eləcə də qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının abonent kodundan göstərilmiş məbləğin iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olmasını bildirsə də işin qeyd olunan halları ilə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi halı öz təsdiqini tapmamışdır. Eləcə də cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün cavabdeh Azəriqaz İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertizatəyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində-akt tərtib olunarkən çəkilən fotoşəkillərə istinad etsə də iş materiallarında adı çəkilən fotoşəkillər olmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsassız olaraq akt əsasında hesablanmış 1555,20 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(011)- 6021/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar