Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7038/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilmə və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 02 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilmə və mənzildən çıxarılma” tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilmiş, həmin qərardaddan iddiaçının verdiyi şikayət isə birinci instansiya məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəməyə ünvanladığı 01.06.2021-ci il tarixli ərizəsində qarşı tərəfin gələcəkdə ona qarşı heç bir iddia qaldırmayacağını bildirməsi və bu barədə yazılı razılıq verməsi şərtilə iddiadan imtina edəcəyini göstərmiş, lakin məhkəmə ərizəyə qərəzli mövqe nümayiş etdirərək qarşı tərəfdən yazılı izahat almamış, bundan istifadə edən cavabdehin oğlu Hüseyn Sadıqov ona qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, əslində 30 000 manat kompensasiya verilməklə və bundan sonra 15 000 manat aliment ödəməklə (ümumi 45 000 manat) cavabdehi mənzildən çıxara bilərdi. Lakin humanstlik göstərərək keçmiş həyat yoldaşını və övladlarını çətin vəziyyətdə buraxmaq istəməmiş, onlara 100 000 manat pul ödəmiş, iddiadan imtinanı isə o şərtlə etməyə razılaşmışdır ki, cavabdeh ona qarşı hər hansı tələb irəli sürməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili şikayətin əsassız olduğunu bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İş materiallarını, habelə şikayətin dəlillərini araşdıraraq və izahatları dinləyərək kollegiya hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərardad ləğv edilməli və iddiaçının iddiadan imtina etməsi barədə ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından, mübahisə üzrə müxtəlif tarixlərdə məhkəmə iclaslarının keçirildiyi, 01 iyun 2021-ci il tarixdə məhkəməyə iddiaçının “...cavabdehlə aramızda barışıq sazişi bağlanıb, həmin sazişin şərtlərinə görə cavabdehə 100 000 manat ödəmişəm. Və cavabdeh də mənə şifahi şəkildə və ya yazılı şəkildə məhkəmədə ifadə verməklə söz versə ki, istər indi, istərsə də gələcəkdə mənə başqa bir iddia irəli sürməyəcək, o zaman ona qarşı qaldırdığım iddia tələbindən imtina etməyə etiraz etmirəm...yuxarıda dediklərimə uyğun olaraq ...işə xitam verəsiniz” məzmununda ərizəsinin daxil olduğu aydın olur; məhkəmə də məhz bu ərizəni əsas götürmüş və mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 261.0.4-ci maddəsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Mülki Prosessual qanunvericiliyi mülki prosesin “tərəflərin hökmranlığı” prinsipinə uyğun həyata keçirilməli olduğunu (yəni mülki işin yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlandığını (MPM-in 5.1-5.3-cü maddələri), iddiaçının iddiadan imtina və cavabdehin iddianı etiraf edə biləcəyini, tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlama imkanlarına sahib olduqlarını (MPM-in 5.4, 52.1-51.3-cü maddələri) nəzərdə tutsa da, məhkəmənin üzərinə də həqiqətə nail olmaq məqsədilə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoymuşdur (MPM-nin 14-cü maddəsi). Bunun üçün məhkəmə, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, iddia tələbindən imtina etməsi barədə ərizəsində iradə ifadəsini müəyyən şərtlərin mövcudluğu ilə şərtləndirmiş, lakin birinci instansiya məhkəməsi sözügedən ərizəyə tərəflərin iştirakı olmadan baxaraq və iddiaçının irəli sürdüyü şərtlərə əməl olunub-olunmadığını aydınlaşdırmayaraq imtinanı qəbul etmişdir. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək iş iddiaçının iddiadan imtina barədə ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, ərizəyə yenidən baxarkən məhkəmə, bilavasitə iddiaçının iştirakı ilə onun iradə ifadəsini aydınlaşdırmaqla və iddiadan imtina etməsinin prosessual nəticələrini ona izah etməklə ərizəyə hüquqi qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2232/2021 saylı iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş iddiaçının iddiadan imtina etməsi barədə ərizəsinə qanunamüvafiq qaydada yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7038/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7038/2021
08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver