Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7041/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1412/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, investisiya məqsədi ilə Cavabdeh-yə verdiyi 5000 manat (beş min manat) pulun və 1 il müddətində hər ay ona maddi qazanc olaraq vəd edilən ümumi olaraq 7200 manat (yeddi min iki yüz manat) pulun Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1412/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh-dən 5000 (beş min) manat borc, 1800 (min səkkiz) manat ödəniş olmaqla, ümumilkdə 6800 (altı min səkkiz yüz) manat borc və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv olunaraq, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, o, ilkin olaraq cavabdehin əməlləri barədə polisə şikayət etmiş, həmin araşdırmalar zamanı da cavabdeh aldığ pulu tezliklə qaytaracağını öhdəsinə götürmüş, lakin yenə də onu aldatmış, pulunu qaytarmamış, məlumatı olsa da, rayon məhkəməsinə gəlməkdən yayınmış, hazırkı şikayəti də qəsdən, işi uzatmaq məqsədi ilə vermiş, lakin özü yenə də məhkəməyə gəlməmiş, ona görə də şikayətin təmin olumadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli, AA/35 saylı müqaviləyə əsasən İddiaçı investor olaraq icraçı tərəfə iş görülməsi üçün 5000 manat ödənişi müqavilə bağlanıldığı tarixdə verməyi öz öhdəsinə götürmüş, bunun müqabilində isə icraçı investora İmedia TV youtube kanalına maddi dəstəyi üçün ödəniş verildiyi tarixdən başlayaraq 30- 35-ci günləri arasında minimum 600 manat olmaqla ödəniş etməlidir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində Cavabdeh-nin verdiyi vədlərə əməl etmədiyi təqdirdə qarşı tərəf 30 gün öncədən yazılı xəbər verməklə müqavilənin ləğv olunmasını və müqavilədə göstərilən ödənişi geri istəyə bilər. Binəqədi RPİ-nin 4-cü PŞ-nə verdiyi izahatında "xxxx" MMC-nin diretoru Nümayəndə iddiaçıdan 5000 manat pul aldığını, işlərinin pis getməsi səbəbindən pulu vaxtında qaytara bilmədiyini, 2020-ci ilin mart ayının beşinə qədər qaytaracağına dair söz vermişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində ümumi xarakterli olmaqla ancaq qanunvericik normalarını sadalanmış, işin faktiki hallarına hər hansı münasibət bildirilməmiş, şikayətin yeganə konkret olan dəlili isə ondan ibarətdir ki, məhkəmə prosesi zamanı məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh MMC-nin direktoru (apellyasiya şikayətində qeyd etdiyi) Nümayəndə rəsmi qeydiyyatda olduğu ünvana birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişi göndərilmişdir (i/v 30). Bununla da, müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri açıq-aşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1412/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7041/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7041/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver