Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7046/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul olunması faktının müəyyən olunmas və s. tələbinə dair mülki iş üzrə şikayətin geri qaytarılmasına dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7259/2021 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul olunması faktının müəyyən olunmas və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 14, mənzil 161 ünvanında yerləşən mənzilin (mirasın) qəbul etməsi faktının müəyyən edilməsi, 18 saylı DNK xx.xx.2006-cı il tarixli 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən ləğv olunması və miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7259/2021 nömrəli, 17 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üçün qanunvericiliklə müəyyən olunmuş formada (elektron kabinet vasitəsilə verilmədiyindən) verilmədiyindən geri qaytarılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7259/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7259/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından vermiş olduğu şikayəti geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və həmin şikayət xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli qərardadından da şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7259/2021 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7259/2021 nömrəli 13 iyul 2022-ci il tarixli qərardadından vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan da İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(011)- 7259/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası MPM-də müəyyənləşdirilmiş forma və məzmununa riayət edərək şikayəti tərtib etmişdir. Məcəllədə mövcud olan “Əlavə 2”-yə uyğun tərtib edərək onu kağız daşıyıcısı vasitəsilə məhkəməyə təqdim etmiş, elektron məhkəmə vasitəsilə göndərmədiyi üçün, buna səbəb isə onun səhhətində bəzi problemlər olmuş və onun «asan imza»sı da olmamışdır. Onun açılması üçün hara getməyinə, uzun-uzadı yerlərə gedərək növbələrdə dayanmağına nə səhhəti yol verməmiş, nə də ümumiyyətlə imkanı olmamışdır. Qalır yalnız hər hansı bir vəkilə müraciət edib məcbur olaraq kimdənsə borc pul alaraq vəkillə müqavilə bağlayaraq, onun vasitəsilə elektron məhkəmə vasitəsi ilə özünün yazdığı şikayətləri orada yerləşdirmək. Belə çıxır ki, məhkəmə onu özünün məhkəmə müdafiəsi hüququndan yararlanmağa imkan vermir, buna maddi imkanı olmadığı halda isə ümumiyyətlə hər hansı vəkilə müraciət etmək istəmədiyi halda, onu məcburən vəkillə müqavilə bağlamağa vadar edir. Qeyd edir ki, onun apellyasiya şikayətinin elektron məhkəmə vasitəsilə verilməməsinin səbəbi işə baxılan zaman onun tərəf kimi elektron məhkəmədə girişi, eləcə də onun ümumiyyətlə «asan» və ya «elektron» imzasının olmamasıdır. Onun 47 yaşı var və təbii ki, müasir informasiya texnologiyalarından məlumatı və istifadə imkanları yoxdur. Yaranmış vəziyyətlə əlaqədar hazırda maddi imkanları çox aşağı olduğundan hər hansı bir ixğtiyarı vəkillə müqavilə bağlaya bilmir. Məhkəmənin bu qərardadı onun prosessual hüquqlarını kobud surətdə pozur və onu məhkəmə müdafiə hüququndan məhrum edir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İşdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün, təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. Həmçinin, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı hesab edir ki, bu dəlillər Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmuş şikayətin “Əlavə 2”-yə uyğun tərtib edərək onu kağız daşıyıcısı vasitəsilə məhkəməyə təqdim etməsi üçün əsas deyildir. Belə ki, qanunverici bu şikayətin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrə göndərilməsi, qəbulunu sözügedən sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsini imperativ olaraq göstərmiş, şikayət verən şəxsin «asan imza»sı olmaması, bunu əldə etməyə və ya şikayət verilməsi ilə bağlı hüquqi yardım üçün vəkillə müqavilə bağlanmasına görə maddi imkanın olmamasın ilə bağlı şikayətin göndərilməsinin digər qaydasını müəyyən etməmişdir. Beləliklə qeyd olunanlara əsaslanaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və mübahisələndirilən qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7259/2021 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7046/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7046/2022
18.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver