Məhkəmə qərarları › İş №2(103)-7049/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7049/2020

02.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7049/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Loğman Abdullayevin, Cavabdeh1 iştirakı ilə, İddiaçı Süleyman oğlunun Cavabdeh1, X1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev № 20-də yerləşən 24 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil əvvəlcə dövlət mənzil fonduna aid olub, iddiaçı mənzilin icarədarı olub, daha sonra mənzil özəlləşdirmə nəticəsində iddiaçının mülkiyyətinə keçib, xx.xx.2012-ci il tarixdə ilkin olaraq onun adına qeydə alınıb. Cavabdeh1 iddiaçının keçmiş arvadıdır. Onlar 2005-ci ildə ailə qurublar, iki uşaqları var, nikahının pozulması xx.xx.2016-cı il tarixdə qeydə alınıb. Cavabdeh 2005-cı ildə, yəni ailə qurduqdan sonra mənzilə gəlin köçüb, 2006-ci ildə mənzilə qeydiyyata alınıb (iş v. 56). Həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmaqla onun icarədarı iddiaçı (cavabdehin əri) olub. Daha sonra cavabdeh özəlləşdirmədə iştirak edib və xx.xx.2011-ci il tarixdə ərizə (iş v. 54) yazaraq mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq verib. Hazırda iddiaçı azadlıqdan məhrum etmə növündə cəza çəkir, Cavabdeh1 isə valideynlərinin evində yaşayır. Digər cavabdehlər Nurlan Məmmədov və Cavabdeh2 mənzildə qeydiyyatda olublar, onlar iddiaçının uzaq qohumlarıdır. Tələb və onun həlli: İddia ərizəsində və daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə (iş v. 33) tələb olunub ki, cavabdehlərin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamənin nəticə hissəsində qeyd olunub ki, qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnaməyə əsasən cavabdehlər mənzildən qeydiyyatdan çıxarılıb. Apelyasiya icraatında iştirak edən tərəflər məhkəməyə şifahi formada məlumat veriblər ki, cavabdehlər mənzildən qeydiyyatdan çıxarıldıqdan sonra mənzil başqa şəxsə satılıb. Lakin onlar alqı-satqını təsdiq edən sənədi məhkəməyə təqdim etməyiblər. Şikayət və izahatlar: Apelyasiya şikayətində xahiş olunub ki, qətnamə Cavabdeh1 aid hissədə ləğv edilsin və ya mənzildən qeydiyyadan çıxarılmasına görə Cavabdeh1 kompensasiya ödənilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, 2005-ci ildən 2015-ci ilin axırlarına qədər, yəni təxminən 10 il ərzində mənzildə fasiləsiz yaşayıb, xx.xx.2015-ci ildə mənzili tərk edərək valideynlərinin evənə gəlməyə məcbur olub. Belə ki, əri (iddiaçı) alkoqol aludəçisi olub, bir mənzildə yaşamaq ona təhlükə törədirdi. Mənzildən çıxdıqdan 1 həftə sonra valideynləri mənzildən ona aid olan əşyaların əsas hissəsini oradan çıxarıblar. Daha sonra əri qəsdən adam öldürdüyünə görə məhkum olunub. Mənzilin giriş qapısının açarı özündə olmadığına görə mənzilə qayıda bilməyib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Loğman Abdullayev bildirdlər ki, apelyasiya şikayəti əsassızdır, Cavabdeh1 özü etiraf edir ki, 2015-ci ildə mənzili tərk edərək gedib, daha sonra əri məhkum olunub, əgər həqiqətən cavabdehə mənzildə yaşamağa onun əri mane olurdusa cavabdeh ərinin həbs edilməsindən sonra mənzilə qayıda bilərdi, lakin ötən müddətdə mənzilə qayıtmağa təşəbbüs göstərməyib. Cavabdehlər Nurlan Məmmədov və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə mübahisələndirilən hissədə, yəni Cavabdeh1 aid hissədə ləğv edilməli və ona qarşı olan tələb rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddianın əsası ondan ibarətdir ki, Cavabdeh1 mənzildən istifadə hüququ əldə etməyib. Belə ki, iddia ərizəsində əvvəlcə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələb olunsa da, sonradan iddianın dəyişdirilməsi barədə ərizə (iş v. 33) verilib, həmin ərizədə “cavabdehlərin heç biri mənim mənzilimdən istifadə hüququ əldə etməyib” məzmunlu əsasa istinad olunub. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə iddia tələbinin əsası da nəzərdə tutulur, çünki iddianın əsası iddianın strukturuna daxil olan elementlərdən biridir. Məhkəmə mübahisəni həll edərkən iddianın əsasından kənara çıxa bilməz, Mülki-Prosessual Məcəllənin 53-cü maddəsində görə iddianının əsasını dəyişmək hüquq iddiaçıya aiddir. Ona görə də məhkəmə istifadə hüququna dair tələbi başqa əsasla təmin və ya rədd edə bilməz. Cavabdeh1 dövlət mənzil fonduna aid olan mənzilə 2005-ci ildə gəlin köçdüyündən, 2006-cı ildə mənzilə yaşayış yeri üzərə qeydiyyata alındığından və icarədarın ailə üzvü kimi onunla birlikdə mənzildə yaşadığından həmin zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən mənzildən istifadə hüququ əldə edib. Daha sonra 2012-ci ildə o, özəlləşdirmədə iştirak edərək mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq verib, özəlləşdirmə cavabdehin istifadə hüququnun (özəlləşdirməyə qədər yaranmış hüququn) xitamına səbəb olmayıb. Göründüyü kimi, Cavabdeh1 mənzildən istifadə hüququ əldə edib. Ona görə də iddiaçının “cavabdeh istifadə hüquuq əldə etməyib” əsası ilə irəli sürdüyü iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin iddianı başqa əsasla həll edib. Məhkəmə hesab edib ki, istifadə hüququ yaranıb, lakin xitam olunub, mövcud olmayan hüquqa isə məhkəmə qaydasında xitam verilə bilməz. Ona görə də məhkəmə iddianı rədd edib, eyni zamanda qət edib ki, qətnamə Cavabdeh1 mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə gəldiyi nəticəni qətnamədə belə əsaslandırıb ki, mənzillə bağlı hüquq münasibəti 2012-ci ildə yarandığından mübahisə həmin zaman qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin göstərişlərinə uyğun həll edilməlidir, yəni Cavabdeh1 ilə iddiaçının (mülkiyyətçinin) arasında ailə münasibətlərinə xitam verildiyindən həmin Məcəllənin 30.4-cü maddəsinə görə cavabdehin mənzildən istifadə hüququ xitam olunub. Lakin belə əsaslandırma irəli sürülən iddianın əsasına və işin hallarına uyğun deyil. Beləliklə, mənzildən istifadə hüququ müxtəlif əsaslarla xitam oluna bilər: kompensasiya ödənilməklə, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməklə və s. Hazırkı işdə əvvəlcə kompensasiya verilməklə hüquqa xitam verilməsi tələb olunub, daha sonra iddianın əsası dəyşdirilib, istifadə hüququnun əmələ gəlmədiyinə istinad olunub. Məhkəmə başqa əsasla (özünün müəyyən etdiyi əsasla) iddianı təmin və ya rədd edə bilməz. Müəyyən olunur ki, istifadə hüququ əmələ gəlib, ona görə də qətnamə mübahisləndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı Süleyman oğlunun Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasının rədd edilməsi və həmin qətnamənin Cavabdeh1 Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev № 20-də yerləşən 24 №-li mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasına aid hissədə ləğv edilsin. İddiaçı Süleyman oğlunun Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar