Məhkəmə qərarları › İş №2(103)-7052/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7052/2020

02.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7052/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, ASC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC tərəfindən tərtib edilmiş 161105 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona əsassız olaraq hesablanmış 4.777,78 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə Sahə adlandırılan ünvanda yerləşir. Ev cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və bununla bağlı olaraq evə aid olan hasarın küçəyə baxan tərəfində ASC tərəfindən elektrik sayğacı (sayğacın fərdi №: 371986M1104647) quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə ASC-nin əməkdaşları nə iddiaçıya, nə də ki, iddiaçının ailə üzvlərinə məlumat vermədən sayğaca baxış keçirmiş və sayğacda nasazlığın olmasından şübhələnərək sayğacı müvəqqəti sayğac ilə əvəz etmiş və əvvəlki sayğacı laboratoriyaya göndərmişlər. Laboratoriyada sayğaca baxış keçiriləndən sonra 161105 nömrəli akt tərtib edilmişdir ki, guya sayğacın qoruyucu möhüründə və alt qapağının qoruyucu möhüründə müdaxilə izləri var. Həmin akt əsasında tərtib olunmuş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” ******* nömrəli protokol ilə iddiaçının ünvanında yeni sayğac quraşdırılmışdır. Bir müddət sonra isə ASC-nin əməkdaşları iddiaçıya bildirmişlər ki, əvvəlki sayğaca müdaxilə olunduğu üçün iddiaçıya əlavə sərfiyyata görə 4.777,78 manat borc hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdeh ASC tərəfindən tərtib edilmiş 161105 saylı akt etibarsız hesab edilməli və akt əsasında ona əsassız olaraq hesablanmış həmin borc silinməlidir. Çünki, çıxarılıb aparılarkən sayğac işlək vəziyyətdə olmuş, sayğacda olan problem iddiaçıya göstərilməmişdir. O özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı alt qapaq və dövlət möhürünün pozulması aşkar olunmuş, bu barədə 161105 nömrəli xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş, sayğac çıxarılmış və həmin sayğacın laborator müayinəsi aparılmış, “Sayğacların və cərəyan transformatorların yoxlanılması” barədə xx.xx.2019-cu il tarixli protokolu ilə sayğacın alt qapaq və dövlət möhürünün pozulması, sayğacın daxilinə baxış zamanı isə daxili sxeminə müdaxilə olunması aşkar edilmiş, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Sonradan itirilmiş elektrik enerjisi 44.718 kvt/s müəyyən edilməklə, dəyəri 4.777,78 manat hesablanmışdır. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən yaşayış sahəsi cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilir. İstifadə olunmuş elektrik enerjisinin həcmi ASC tərəfindən həmin ünvanda quraşdırılmış sayğac vasitəsi ilə hesablanır. Sayğac yaşayış sahəsinin daxilində deyil, küçədə quraşdırılmışdır. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli aktdan görünür ki, istehlakçı olan iddiaçının ünvanında quraşdırılmış elektrik sayğacının alt qapağında olan dövlət möhüründə müdaxilə izləri aşkar olunmuşdur. ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli “Sayğacların və cərəyan transformatorların yoxlanması barədə protokoldan” görünür ki, iddiaçının ünvanında quraşdırılmış elektrik sayğacı laboratoriya yoxlanmasının obyekti olmuş və yoxlama nəticəsində sayğacın daxili sxeminə müdaxilə olunduğu aşkar olunmuşdur. İddiaçının adına olan “Abunə haqqı barədə arayışından” görünür ki, aşkar edilmiş müdaxilələrə görə, itirilmiş elektrik enerjisi olaraq iddiaçıya 44.718 kvt/s əlavə sərfiyyat hesablanmışdır ki, bunun də dəyəri 4.777,78 manat təşkil edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.17-ci görə, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qaydaların 8.34-cü bəndində görə, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qaydaların 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9-cu bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 9.1.). İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir (bənd 9.4.). Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh ASC-nin əməkdaşları iddiaçının ünvanında qurşadılmış sayğacı çıxarıb yoxlanılması üçün laboratoriyaya göndərərkən bu prosedurda hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bu baxımdan laboratoriya tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən akt etibarlı hesab edilə bilməz. Həmçinin normalardan görünür ki, fiziki şəxs olan istehlakçıların yaşayış və ya qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni indiki halda cavabdeh ASC daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşıya bilməz. Yuxarıda qeyd edilən “Aktda” göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun cavabdeh ASC tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktda” əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün “xxxx” ASC-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar