Məhkəmə qərarları › İş №2(103)-7054/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7054/2022

01.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7054/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(011)-685/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ünvan 1 ünvanı üzrə **********00040 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh tərəfindən həmin abunə koduna dair 2020-cı ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə 13 dəfə akt tərtib edilmiş, aktlarda kənar xətdən istifadə edilməsi qeyd edilərək, həmin aktlar üzrə, ümumilkdə 4226,40 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır.

3. iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/2204 saylı rəyinə əsasən, baxış zamanı ünvan 2 ünvanında təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları müəyyən edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmmədov küçəsi 4 saylı evin 4 saylı mənzilnə əsassız olaraq hesablanmış 4226,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yaşadığı ünvan 3mədov ev 4 mənzil ünvanda əsassız olaraq, «Təbii qazdan qeyri qanuni, sayğacdan kənar istifadə edlməsi aşkar olunmasına dair» xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı və xx.xx.2021-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş, göstərilən xronoloji ardıcıllığa uyğun olaraq: 885,6 manat, 194,4 manat, 194,4 manat, 194,4 manat, 295,2 manat, 295,2 manat, 396,0 manat, 396,0 manat, 396,0 manat 396,0 manat, 194,4 manat, 194,4 manat, 194,4 manat (cəmi 4226,40 manat məbləğdə) dəymiş ziyan hesablanmışdır. Qeyd edilən aktlar əsassız olduğundan hesablanmış borc məhkəmə qaydasında silinməlidir. Belə ki, qeyd olunan aktlara əlavə edilmiş fotoşəkillərdən də görünür ki, sayğaca baxışlar zamanı təbii qazın qeyri-qanuni, sayğacdan kənar istifadəsini təsdiq edən fakt mövcud deyildir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(011)-685/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbi təmin edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, borc məbləği iddiaçıya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə istifadə nəticəsində yazılmışdır. Faktla bağlı cavabdehin əməkdaşları tərəfindən «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğacdan kənar xəttdən istifadə etməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 4226,40 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. «Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə» 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildirirlər ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında akt iddiaçının qanunazidd hərəkətləri nətəcəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin akt əsasında tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 4226,40 manat təşkil etmişdir. Lakin, birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə cərimə borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. Mübahisələndirilən qətnamə ilə cavabdehdən təbii qazdan istifadəyə görə 4226,40 manat borcun silinməsi qət edilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Həmçinin, məhkəmə iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, saldoya nəzər saldıqda, abonentin ödənişlərinin demək olar ki olmadığı görünür. Borc məbləği sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə istifadə nəticəsində yaranmışdır. İddiaçı cavabdehi Cavabdeh kimi deyil, Azəriqaz SQC kimi qeyd edib. Cavabdeh düzgün qeyd edilməyib. Həmçinin tələb əsl cavabdeh olan Azəriqaz İB-dən deyil, Bakı Regional qazın satışı Departamentindən edilib. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı 10 Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

12. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

17. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları düzgün hüquqi qiymət verməmiş, mahiyyət etibarı ilə səhv nəticəyə gəlmiş, iddianı təmin etmişdir.

23. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq, onlara düzgün hüquqi qiymət vermiş və iddianın təmin edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Mövcud qanunvericiliyin tələblərinə əsasən, aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Həmçinin, cavabdeh tərəf qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsi üçün cavabdeh təşkilat istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün mütəmadi yoxlamalar həyata keçirməlidir. Göründüyü kimi, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini cavabdeh sübut edə bilməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndistexniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/2204 saylı rəyinə əsasən, baxış zamanı ünvan 2 ünvanında təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları müəyyən edilməmişdir.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-685/2022 saylı iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar