Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-706/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil və 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-4905/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4905/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 170k saylı ünvanda inşa etdiyi qanunsuz tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci iclas zamanı o tikilinin qanunsuz olduğunu etiraf etməmiş, sadəcə bildirmişdir ki, bir neçə qonşuda analoji tikililər inşa edilmişdir, onlarla bağlı niyə hər hansı tədbir görülmür. Hüquqi cəhətdən özünü tam müdafiə edə bilmədiyindən növbəti iclaslarda vəkil tutmuş, özü isə həmin iclada iştirak etməmişdir. Lakin məhkəmə heç bir sübuta əsaslanmadan onun birinci iclasda səsləndirdiyi fikirlərə əsaslanaraq işi tam və hərtərəfli araşdırmadan ekspertiza təyin etmədən əsassız qətnamə qəbul etmişdir. O, iddiaçının iddiasını etiraf etməmiş, səsləndirdiyi ifadənin iddianı etiraf kimi qiymətləndirilməsinə bu şikayətlə etiraz edir. Ən azından məhkəmə həmin tikiliyə baxış keçirməli, işin tam və obyektiv araşdırılması üçün ekspertiza təyin etməli idi. Halbuki, məhkəmə iş üzrə müddətin bitdiyini bildirərək işi yekunlaşdırmışdır. Tikintisi həyata keçirilən obyekt 12 metri aşmamış və şəhərin estetik görünüşünə heç bir xələl gətirməmişdir. X3 ərizəsinə əsasən iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, divarlar arasında bir maşının keçə biləcəyi qədər məsafə var, həmin tikiliX3na heç bir maneə yaratmır. Məhkəmə iclasında 3-cü şəxs X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin tikili evinin divarının üstündə tikilib, havanı, işığı kəsib, ekspertiza keçirilsə məlum olar. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İşdə olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən əraziyə baxış zamanı Rasim Səfərov küçəsi (köhnə Novruzov qardaşları) 170 “K” saylı ünvanda yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan tikinti işlərinin aşkar olunduğu, Rasim Səfərov küçəsi (köhnə Novruzov qardaşları) 170 “K” saylı ünvanın MKİS-də olan sənədlərə əsasən Cavabdeh istifadəsində olan bir mərtəbəli, həyət tipli, özəlləşdirilmiş özbaşına tikili kimi yaşayış evi olduğu, yerində yoxlama zamanı həmin ünvanda Cavabdeh tərəfindən yaşadığı mənzilin dam hissəsində qeyri-qanuni olaraq tikinti işlərinin aparıldığı məlum olmuşdur. 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh xx xxxx 2019cu il tarixli, 15 saylı xəbərdarlıq məktubu ilə onun aparmış olduğu qeyri-qanuni tikintini bir gün müddətində söküb əvvəlki vəziyyətə gətirməsi xahiş edilmiş, əks təqdirdə isə barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 76 saylı məktubda Nəsimi rayon 59 saylı MKİS tərəfindən əraziyə baxış keçirərkən Rasim Səfərov (köhnə Novruzov qardaşları) küçəsi 170K saylı ünvanda mənzilinin üst hissəsində heç bir müvafiq icazə sənədi olmadan qanunsuz tikili işinin aşkar edildiyi qeyd olunmuş, xx.xx.2019-cu il tarixdə həmin qanunsuz tikinti işi aparan Cavabdeh aparmış olduğu qanunsuz tikintinin sökülməsinə görə poçt vasitəsi ilə yazılı xəbərdarlıq göndərilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə x xxxxxxxx 2000-ci il tarixli, 160 nömrəli qərarının 1.1-ci, 1.2-ci, 3.2-ci, 3.3cü, 4.1-4.3-cü və 6-cı bəndlərinə əsasən, Respublika ərazisində yeni tikilən bina və qurğuların, mühəndis-nəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. Bu Qaydalar hüquqi və fiziki şəxslər tərəfindən əsassız olaraq və nəzarətsizlik şəraitində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin, binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının, ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin, tikinti normalarına əməl olunmadan qəbul edilən ixtiyarı yenidənqurma həllərinin... qarşısının alınması məqsədini daşıyır. Mövcud bina və ya qurğunun ilkin layihə sənədlərinin müəllifindən onlarda dəyişikliklərin aparılması barədə müvafiq razılıq alınmalı və dəyişikliklər ediləcək işlər üçün hazırlanmış layihə həmin müəllif ilə razılaşdırılmalıdır. Dəyişikliklər ediləcək sahənin layihə sənədlərini hazırlayarkən memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri mütləq nəzərə alınmalıdır. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 3 saylı ünvanda inşa edilmiş tikinti özbaşına tikili və dəyişiklikdir. Cavabdeh öz hesabına qanunsuz olaraq tikinti apardığı Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 170k saylı ünvanda inşa etdiyi qanunsuz tikili Cavabdeh öz vəsaiti hesabına sökülməli və həmin ərazi cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 4 saylı ünvanda yerləşən Cavabdeh inşa etdiyi əlavə tikilinin şəhərsalma və tikinti normalarının tələblərinə uyğun inşa edilibedilməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərova ünvanlanmış Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 03/Bİ/387 saylı məktubunun surətindən görünür ki, Novruzov qardaşları küçəsi 170 ünvanındakı evinin divarının üzərində qeyri-qanuni 2-ci mərtəbə inşa edilməsi nəticəsində hava axınının və günəş şüalarının qarşısının kəsilməsindən narazılığını bildirən X2 Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə ünvanlanmış xx.xx.2019-cu il daxilolma tarixli müraciətinə baxılmış, yerində baxış zamanı müəyyən edilmişdir ki, əvvəllər özbaşına inşa edilmiş tikililərin yerləşdiyi ərazidə, Novruzov qardaşları 170 ünvanında, X1 yaşadığı evlə qonşu evin arasındakı hasarın üzərində, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə, eləcə də tikinti norma və qaydalarına zidd olaraq 70 kv.m.-dən artıq sahədə əlavə 2-ci mərtəbənin qeyri-qanuni tikintisi aparılmış və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)- 4905/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-706/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-706/2020
10.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver