Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7061/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Fərid Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi tələbinə dair” 2(006)-2550/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanda quraşdırılmış **********60224 abonent kodlu işıq sayğacına əsassız olaraq hesablanmış 3200 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanda quraşdırılmış işıq sayğacına onun xəbəri olmadan baxış keçirilmiş və guya sayğacdan kənar xətt aşkarlanmışdır. Bunun əsasında iddiaçıya ümumilikdə 3200 manat məbləğində borc yazılmışdır. Bu barədə iddiaçıya heç bir rəsmi bildiriş göndərilməmişdir. İddiaçı yalnız borca görə tutulmalar aparıldıqda bu barədə şifahi olaraq məlumatlandırılmışdır. İddiaçı onun iştirakı olmadan keçirilmiş baxışla və onun nəticələri ilə razı deyil. İddiaçıya məxsus sayğacda heç vaxt kənar xətdən istifadə edilməmişdir. Sayğac çöldə quraşdırıldığı üçün "xxxx" ASC-nin əməkdaşları iddiaçıdan xəbərsiz sayğaca baxış keçirmişlər. Lakin bu baxışın necə aparılması, onun nəticələri və akt tərtib olunub-olunmaması ilə bağlı iddiaçının xəbəri olmamışdır. Belə ki, bundan sonrakı dövrdə yazılan borclar haqqında da ona xəbərdarlıq edilməmiş, o yalnız şifahi olaraq 3200 manat məbləğində borcunun olduğunu öyrənmişdir. Lakin bu məbləğdə borcun yazılmasına heç bir əsas olmamışdır. İddiaçı artıq uzun illərdir ki, işıq enerjisindən istifadə edir və bunun qarşılığında istehlak dəyərini vaxtlı-vaxtında ödəyir. Bu qədər borcun birdən-birə yaranması tamamilə absurddur. Hal-hazırda da sayğaca baxdıqda onun yaxşı vəziyyətdə, tam qaydasında olduğu və sayğaca qoşulmuş heç bir kənar xəttin mövcud olmadığı açıq-aşkar görünür. İddiaçı heç vaxt kənar xətdən istifadə etməmişdir. Bundan əlavə, iddiaçı "xxxx" ASC-nin binasına yaxınlaşaraq bu borcların hüquqi əsasını, yəni müvafiq aktları tələb etsə də, bir vətəndaş olaraq onun müraciətinə lazımi cavab verilməmiş və aktların təqdim edilməsindən imtina edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3114,06 manat borcun İddiaçı **********60224 nömrəli abunə hesabından silinməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutları - akt, abunə haqqında məlumatın qiymətləndirilməsini düzgün aparmamış və bu hal nəticə etibarı ilə məhkəmə tərəfindən əsassız qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə həmçinin hər iki akta əsasən hesablanmış 1101,53 manat məbləğdən əlavə iddiaçının sərf etdiyi (limitdən artıq sərfiyyat daxil olmaqla) elektrik enerjisinin dəyəri olan 2012,53 manat borcun hansı əsasla silinməsini əsaslandırmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın qismən təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 04.06.2020-ci il tarixli, R 185848 saylı akt aktda "xxxx" ASC əməkdaşları tərəfindən həmin tarixdə iddiaçıya məxsus ünvanda (abunə kodu - **********60224) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması, baxış keçirən zaman abonentin SMART tipli sayğacının TM 1292-dən qidalandığı, abonentin həyət evinin arxa tərəfindən birbaşa xətt götürərək elektrik enerjisindən istifadə etməsinin məlum olması, kənar xəttin ampermaşa ilə ölçülməsi qeyd edilmişdir. "xxxx" ASC-nin 18.06.2020-ci il tarixli icra vərəqinə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar ünvanda (abunə kodu - **********60224) sayğacdan kənar istifadəyə görə istehlakçıya 1,188 kvt x 24 saat x 0,7 x 540 gün = 10777 kvts hesablanması və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. 25.02.2020-ci il tarixli, R 195491 saylı aktda qeyd olunmuşdur ki, abonentin ərizəsinə əsasən həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvana (abunə kodu - **********60224) baxış keçirən zaman elektrik sayğacının yanaraq sıradan çıxdığı, abonentin SMART tipli sayğacının TM 1292-dən qidalandığı, abonentin həyət evinin arxa tərəfindən birbaşa xətt götürərək elektrik enerjisindən istifadə etdiyinin məlum olması, kənar xəttin ampermaşa ilə ölçülməsi qeyd olunmuşdur. "xxxx" ASC-nin 04.05.2020-ci il tarixli icra vərəqinə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar ünvanda (abunə kodu - **********60224) elekrik sayğacı yandığı üçün istehlakçıya 1,144 kvt x 24 saat x 0,7 x 38 gün = 730 kvts hesablanması və elekrik sayğacının yenisi ilə əvəz olunması qərara alınmışdır. Abunə kodu **********60224 olan abunə haqqında sənəddə İddiaçı 3.114,06 manat borc hesablandığı qeyd edilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot vənəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, təqdim edilmiş 25.02.2020-ci il tarixli, R 195491 saylı və 04.06.2020-ci il tarixli, R 185848 saylı aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət edilmədən tərtib edilmişdir. Çünki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilmir. Həmçinin, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğaca kənar xəttin daxil olması da sübut edilmir. Birinci instansiya məhkəməsi sayğacın hasarda quraşdırılmasını göstərərək, haqlı olaraq qeyd etmişdir ki, «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş aktlar etibarlı deyildir və onların əsasında hesablanmış borc silinməlidir. Birinci instansiya məhkəməsi hazırkı iddia üzrə silinməsi tələb olunan məbləğə münasibətdə tam və hərtərəfli araşdırma apararaq, bu məqama da müvafiq hüquqi qiymət vermiş və göstərmişdir ki, iddiaçı iddia tələbində 3200 manat borcun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçıya cəmi 3114,06 manat borcun əsassız olaraq hesablandığı müəyyən edildiyindən, iddia qismən təmin edilməli, 3114,06 manat borc İddiaçı **********60224 nömrəli abunə hesabından silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(006)- 2550/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7061/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7061/2021
28.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver