Məhkəmə qərarları › İş №2(103)-7068/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7068/2021

25.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7068/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və onun vəkili X5 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(003)-1436/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 750 km.m torpaq sahəsindən ona miras pay kimi çatmalı olan 1/3 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbini üzrlü sayılaraq uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 750 km.m torpaq sahəsi mərhum atası X7 məxsus olmuş və onun 07 iyun 2010-cu il tarixdə vəfatından sonra onun üç övladı olmaqla miras əmlak kimi onlara keçmişdir. O, bacısı X8 və qardaşı X11 vərəsə olaraq mirası faktiki qəbul etsələr də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Lakin sonradan bacısı X8 miras əmlakın ona və digər vərəsəyə çatan hissəsindən istifadə etməklərinə mane olmuşdur. Buna görə də aralarında miras əmlakla bağlı mübahisə yaranmışdır. Belə ki, o, mirası qəbul etmək üçün qanunda müddətin nəzərdə tutulduğunu heç vaxt bilməmişdir. Həmçinin miras əmlakla bağlı atasının vərəsələri olan övladları arasında əvvəllər mübahisə və ya anlaşılmazlıq olmamışdır. Lakin sonradan bacısı X8 atasından qalan miras əmlakın ona çatan hissəsinə də iddia irəli sürmüş və buna görə də miras əmlakla bağlı mübahisə yaranmışdır. Gecikdirilmiş müddətin uzadılması üçün Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət etsə də, müddətin uzadılmasından imtina oldunmuşdur. Qeyd edir ki, atasından miras qalan əmlakda olan onun payının qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(003)-1436/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atası X12 07 iyun 2010-cu ildə vəfat etmişdir. O vəfat etdikdən sonra onun adına fərdi yaşayış sahəsinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 750 kv.m-lik 3/626C saylı sahə qalmışdır. Qalmış sahəyə görə hər hansı mübahisə olmamışdır. Belə ki, iddiaçı əvvəldən vərəsələr olaraq əmlakın hər üç nəfər arasında bərabər şəkildə bölünəcəyini bilmişdir. Lakin, 2020-ci ilin sonlarında ona məlum olmuşdur ki, bacısı X8 gizli şəkildə torpaq sahəsini bütövlükdə öz adına keçirmək və satmaq üçün 7 saylı notariat kontoruna müraciət etmişdir. İddiaçının müraciətin vaxtı ilə bağlı heç bir məlumatı olmamış və vərəsəliklə bağlı Notariat kontorundan ona bildiriş göndərilməmişdir. Bu səbəbdən iddiaçı məsələdən xəbərdar olan kimi 7 saylı Notariat kontoruna gələrək, vərəsə olmasını, payına düşən miras əmlakı qəbul etmək istədiyini bildirsə də,notarius ona hansısa sənədlərə imza etdirmiş və məsləhət verərək bildirmişdir ki, o, müddəti ötürmüşdür, bu səbəbdən də müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayəti təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətini əsassız hesab etdi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(003)-1436/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edərək, izahatında qeyd etdi ki, mərhum atası X12 ölən günədək onunla birlikdə yaşamışdır. Qardaşı miras əmlakdan onun xeyrinə imtina etmişdir. İddiaçının uzun müddət idi ki, atası ilə münasibətləri pis idi. Ümumiyyətlə iddiaçı atasının mülkiyyətində torpaq sahəsinin olmasını bilirdi. Lakin o bu müdət ərzində həmin torpaq sahəsinə gəlməmişdir. İddiaçı özü də bilirdi ki, qeyd olunan torpaq sahəsi ataları tərəfindən qeyri-rəsmi olaraq ona verilmişdir. O, həmin torpaq sahəsinə mütəmadi gedib gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 vəkili X13 apellyasiya şikayətini əsassız hesab edərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 aprel 2021ci il tarixli, 2(003)-1436/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçını, 3-cü şəxsi və onun vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(003)- 1436/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası X10r. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Asəf X1 arasında 28.09.1990-cı ildə nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada Zeynalova soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 07 iyun 2010cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 11.02.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,3/626C saylı sahə xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun İddiaçı ünvanlanmış məktubundan aydın olur ki, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisi İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, 07.06.2010-cu il tarixdə ölmüş mərhum X7 ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 750 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 750 km.m torpaq sahəsi iddiaçının atası X7 məxsus olmuşdur. İddiaçının atası X12 07 iyun 2010-cu il tarixdə vəfat etmişdir. X6 07 iyun 2010-cu il tarixdə ölməsi ilə həmin torpağa dair vərəsəlik açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-nin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. İş materiallarından görünür ki, iddiaçının atası iddia tələbində qeyd edilən ünvan 4 ünvanında torpaq sahəsi ilə bağlı mülki hüquqlar sonuncunun adına dövlət reystrində qeydiyyata alınmışdır. İddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də, bu müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının miras kimi qəbul etmək istədiyi torpaq sahəsinin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən və iddiaçı bü müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilməməlidir. Bundan başqa, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi –əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçı isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məсəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(003)- 1436/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar