Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7079/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı "xxxx" Lizing Şirkəti QSC) nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(011)-65/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 34883,73 ABŞ dolları əsas, 17560 ABŞ dolları mükafat, 1228 ABŞ dolları məbləğində dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lizinq şirkəti mülkiyyətində olan 2013-cü il buraxılışlı, “XCMG ZL50G” markalı tikinti texnikasını 29.12.2013-cü il tarixli, 1847T/13/B saylı X11 Müqaviləsinə əsasən Cavabdeh1 müvəqqəti istifadəsinə və sahibliyinə vermişdir. Bununla da, Cavabdeh1 53537,28 ABŞ dolları məbləğində borcu illik 22% olmaqla 36 ay müddətinə Lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər lizinq müqaviləsinin 1 saylı Əlavəsində (lizinq ödəniş cədvəli) göstərilən aylıq ödənişlə bağlı müqavilə şərtini pozaraq dövrü olaraq ödəməli olduqları məbləği ödəməmiş və bununla da öhdəliklərini vaxtında icra etməmişlər. Cavabdeh1 lizinq obyektini Lizinq şirkətinə 06.11.2017-ci il tarixdə təhvil vermişdir. Nəticədə cavabdehlərin lizinq obyekti təhvil verilən 06.11.2017-ci il tarixinə 34883,73 ABŞ dolları əsas, 17560 ABŞ dolları mükafat, 1228 ABŞ dolları məbləğində dəbbə pulu borcu yaranmışdır. Eyni zamanda, Lizinq şirkəti ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər öhdəliklərini tam və vaxtında icra etmədikləri üçün yaranmış borcla bağlı dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq borclarını ödəməmişlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(011)-65/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 29.12.2013-cü il tarixli, 1847T/13/B saylı X11i müqaviləsinə görə 23907,49 manat əsas, 4680,42 manat mükafat, 100 manat dəbbə pulu olmaqla, cəmi 28687,91 manat məbləğində pulun və 9 manat məbləğində dövlət rüsumunun, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-yə, ekspertiza tədqiqatının dəyəri - 145 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi "xxxx" MMC-dən, 45 manat hissəsinin isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(011)-65/2020 saylı qətnaməsinin qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın həmin hissədə tam şəkildə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırır ki, qətnamə iş üzrə müəyyən edilmiş dəlillərə zidd olduğundan, qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, cavabdeh tərəfindən 29 dekabr 2013cü il tarixdən başlayaraq, Lizinq şirkətinə ödəməli olan məbləği hər ay 04 mart 2015-ci il tarixədək ödəmişdir. Bundan sonra, Lizinq Şirkətinin razılığı ilə 04 mart 2015-ci il tarixli avtomobilin alğısatqısına dair müqavilə əsasında, “XCMG ZL50G” markalı frontal yükləyici olan tikinti texnikasını X1 istifadəsinə verilmişdir. Qeyd edilməlidir ki, tikinti texnikası Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli əmri əsasında 06 noyabr 2017-ci il tarixdə lizinq şirkətinə qaytarılmışdır. Məhkəmə əmrinin gec icra olmasına səbəb isə, cavabdehin qeyd olunan məhkəmə əmrindən məlumatsız olması olmuşdur. Yuxarıda qeyd olunanlar məhkəmənin qətnaməsində müəyyən olunmuşdur. Lakin məhkəmə cavabdeh tərəfindən lizinq şirkətinə nəqədər pulun ödənilməsi, tikinti texnikasının lizinq şirkətinin razılığı ilə üçüncü səxsin istifadəsinə verilməsini və tikinti texnikası məhkəmə əmrinin əsasında lizinq şirkətinə verilməsini nəzərə almamışdır. Belə olan halda, lizinq predmetinin dəyərinin cavabdehdən tutulmasi qanunsuz və ədalətsizlikdir. Göründüyü kimi lizinq müqaviləsinin predmeti olan “XCMG ZL50G” markalı frontal yükləyicinin lizinqə verilməsi ilə bağlı münasibətlər ardıcıl olaraq üç şəxs arasında dörv etmişdir. 1- Lizinq verən şirkət, 2- ilkin lizinq alan (cavabdeh) və cavabdehə zamin duran Cavabdeh2, 3- sonrakı liziq alan X5. Bu münasibətlər tərəflərin hər biri üçün ayrı-ayrılıqda hüquq, vəzifələr və öhdəliklər yaratmışdır. Belə ki, mülkiyyətçi olan ilə Lizinq verən şirkət həmin əmlaka sərəncam vermə daxil hüquqlu şəxsdir. Lizing alan olaraq, həmin əmlak cavabdehə təhvil verildiyi 29 dekabr 2013-cü il tarixdən onun əmlak üzərində gələcəkdə mülkiyyət hüququnu əldə etmək şərti ilə istifadə hüququ və eyni zamanda da əmlakın dəyərindən və lizinq haqqı (mükafat) ödənişlə bağlı öhdəlikləri yaranmışdır. Həmin lizinq əmlakı mülkiyyətçi olan lizinq verənin razılığı ilə (əks təqdirdə bu mümkün deyildi) sonrakı lizinq alan X2r. Bu münasibətlər lizing alan hər biri üçün müxtəlif vaxtlarda ayrı-ayrı öhdəliklər yaratmışdır. Lakin eyni vaxtda hər ikisi üçün eyni öhdəlik yaratması mümkün olmadığı bəllidir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Belə ki, lizinq obyekti 14 mart 2015-ci il tarixdə alğı-satqı ilə rəsmiləşdirilərək, X3 təhvil verildiyindən, həmin tarixdə liziq əmlakına dair gələcəkdə mülkiyyət hüququnun əldə etməklə istifadə hüququ ilə yanaşı, eyni zamanda lizigə görə ödənişlə bağlı öhdəliklər də ona keçmiş olur. Məhkəmə adı çəkilən lizin əmlakının cavabdehin mülkiyyətniyə qaytarılması barədə Nizami rayon Məhkəməsinin 24.11.2014-cü il tarixli Əmri olduğuna istinad etmiş və hazırkı iş üzrə produsiallığına işarə etmişdir. Halbuki, məhkəmə həmin əmrdən sonra rəsmilərdirilmiş alğı-satqının mövcud olduğuna diqqət edib, əmlakda dair hüquqla bağlı vəziyyətin dəyişdiyini nəzərə almalı idi. Bundan başqa həmçinin məhkəmə müəyyən etmişdir ki, liziq əmlakı geri qaytarılmış və sonradan da başqa birisinə lizinqə verilmişdir. Eyni zamanda lizinq haqqından (mükafat) başqa, əmlakın dəyərinə görə cavabdehin ödədiyi məbləğ də lizinq verəndə qalmışdır. Ona görə də, adı çəkilən lizinq əmlakı ilə bağlı cavabdehdən və həmçinin zamindən əlavə ödənişlərin tələb edilməsi yol verilməzdir. Çünki məhkəmənin belə bir qənaəti əsassız olaraq cavabdehin üzərinə əlavə öhdəliklərin qoyulması, Lizinq şirkətinin isə əsassız varlanmasına xidmət edir. Bu da məhkəmə müdafiə hüququna və qanuna zidd, yol verilməz pozuntudur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)- 7498/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(011)-65/2020 saylı qətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının həmin hissədə də rədd olunması qət olunmuşdur. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli, 2(102)-2760/2021 saylı qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)- 7498/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Lizing Şirkəti QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(011)-65/2020 saylı qətnaməsisinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin və 3-cü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdeh olan zamin Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" MMC "xxxx" Lizing Şirkəti QSC-nin (bundan sonra – Lizinq şirkəti) hüquqi varisidir. 29.12.2013-cü il tarixdə Lizinq şirkəti ilə Cavabdeh1 arasında 1847T/13/B saylı X11i müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən Lizinq şirkəti mülkiyyətində olan “XCMG ZL50G” markalı frontal yükləyici olan tikinti texnikasını (bundan sonra - Tikinti texnikası) illik 22 % olmaqla, aylıq 2044,61 manat ödəmək şərti ilə, 36 ay müddətinə Cavabdeh1 lizinqə verilmişdir. Müqavilənin qiyməti 42077 manat müəyyən edilmişdir. Bundan başqa, Lizinq şirkəti ilə cavabdehlər arasında 29.12.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Lizinq müqaviləsindən irəli gələn öhdəliklərin digər cavabdeh tərəfindən icra edilmədiyi təqdirdə Lizinq müqaviləsi üzrə öhdəliklərin tamamilə icrasını öz üzərinə götürmüşdür. Tikinti texnikası 23.12.2013-cü il tarixdə Lizinq şirkəti tərəfindən Cavabdeh1 təhvil verilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24.11.2014-cü il tarixli əmri əsasında 06.11.2017-ci il tarixdə Lizinq şirkətinə qaytarılmış, daha sonra 19.01.2018-ci il tarixli, 3021T/18/B saylı X11i müqaviləsi əsasında başqa bir şəxsə lizinqə verilmişdir. İddiaçının verdiyi 11.09.2018-ci il tarixli Maliyyə arayışında 06.11.2017-ci il tarixə Cavabdeh1 34883,73 ABŞ dolları əsas, 17560 ABŞ dolları mükafat, 1228 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 53671,73 ABŞ dolları məbləğində, 02.04.2019-cu il tarixli Maliyyə arayışına görə isə 25711 manat əsas, 5253 manat faiz (lizinq mükafatı), 4630 manat dəbbə pulu olmaqla, cəmi 35594 manat borcunun olması göstərilmişdir. Birinci instansiya məhkəməsində iştirak edən iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, Tikinti texnikasını Cavabdeh1 almış və pulun bir hissəsini də ona ödəmişdir. Sonradan işləri olmadığı üçün texnikanın pulunu ödəyə bilməmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi, hazırki iddia tələbinin faktiki əsasının tələbin qanuni əsasının şərtləri ilə uzlaşmadığı, bu səbəbdən də birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığı, habelə lizinq obyekti cavabdeh tərəfindən saz vəziyyətdə iddiaçıya geri qaytarıldığı və sonradan iddiaçı tərəfindən artıq qiymətlə, yəni 44.140 manata üçüncü şəxsə lizinqə verildiyi üçün, iddiaçının lizinq obyektinə görə icra olunmamış bütün ödənişləri cavabdehdən geri tələb etməkdə haqlı olmadığı və onun belə bir hüququnun yaranmadığı qənatinə gələrkən, tərəflər arasında bağlanmış 29 dekabr 2013-cü il tarixli “X11i müqaviləsi” nin şərtlərini pozub. Həmin Müqavilənin 2.2-ci bəndində göstərilir ki, lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan “Lizinq ödənişləri cədvəli”nə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürüb. Lizinq ödənişləri cədvəlində isə cəmi lizinq ödənişləri 76.756,24 ABŞ dolları, lizinq obyektinin bazar dəyəri 53.635,44 ABŞ dolları, avans məbləği 98,15 ABŞ dolları, son ödəniş 0,00 ABŞ dolları, lizinq müddəti 36 ay, ödəniş sayı isə 12 dəfə müəyyən edilib. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, lizinq müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra, lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə 15 iş günü müddətində mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürüb. Həmin Müqavilənin 2.6-cı bəndinə görə, lizinq müddəti bitdikdən sonra lizinq alan bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərcləri lizinq alanın ödəməsi şərtilə lizinq alana keçir. Eyni zamanda Mülki Məcəllənin 748-2.5-ci maddəsində göstərilir ki, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Maddənin mənasına görə, müqavilə müddəti başa çatmazdan əvvəl lizinq obyekti o vaxt lizinq alanının mülkiyyətinə keçir ki, maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmasın və bütün lizinq ödənişləri lizinq alan tərəfindən tam məbləğdə ödənilmiş olsun. Apelyasiya instansiyası məhkəməsi, tərəflər arasında bağlanmış “X11i müqaviləsi”nin şərtlərini, o cümlədən qeyd olunan maddənin tələblərini pozaraq, lizinq müddətinin bitməməsinə, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə və lizinq ödənişlərinin onun tərəfindən tam məbləğdə ödənilməməsinə və müqavilənin şərtlərinin məhz cavabdeh tərəfindən pozulmasına diqqət yetirmədən və beləliklə də iddiaçının lizinq obyektini mübahisəsiz qaydada cavabdehdən geri almaq hüququnun əmələ gəlməsini nəzərə almadan, iddianı rədd etməklə əslində lizinq obyektindən istifadəyə görə tələb olunan haqqı, lizinq ödənişlərini cavabdehin xeyrinə güzəştə getmişdir. Halbuki, “Müqavilə”nin 13-cü bəndinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddəti üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə; lizinq ödənişlərini lizinq ödənişləri cədvəlinə uyğun olaraq ödəmirsə və sair hallarda lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır. Eyni zamanda həmin “Müqavilə”nin 13.3-cü bəndində göstərilir ki, lizinq obyektinin qeyd olunan əsaslar üzrə geri alınması lizinq alanı bu müqavilə üzrə öhdəliklərin icrasından, dəbbə pulunun (cərimə) ödənilməsi, lizinq obyektinə və lizinq verənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsindən azad etmir. Lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər geri qaytarılmır. Apelyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərinə uyğun olaraq sözügedən müqavilənin şərtlərini təfsir etmədən, iddia olunan məbləğin lizinq obyektindən istifadə üçün haqq olmaqla lizinq obyektinin cavabdehin istifadəsində olduğu müddət üçün hesablandığını və lizinq obyektinin cavabdehdən 06 noyabr 2017-ci il tarixdə geri alındığını, lizinq obyektinin qeyd olunan əsasla geri alınması cavabdehi müqavilə üzrə öhdəliklərin icrası vəzifəsindən azad etmədiyini nəzərə almadan, faktiki ödənilmiş lizinq ödənişlərini və lizinq obyekitinin 44.140 manata üçüncü şəxsə lizinqə verilməsini əsas tutub iddianı rədd etməklə, sözügedən müqavilənin şərtlərini pozub. Halbuki, işdən, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, hazırda iddia olan lizinq ödənişi, haqqı lizinq obyekti cavabdehdən geri alınanadək hesablanıb. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, lizinq obyektinin lizinq alandan geri aılnması və sonradan həmin lizinq obyektinin müqavilə üzrə üçüncü şəxsə artıq qiymətlə lizinqə verilməsi, lizinq alanı müqavilə üzrə öhdəliklərin icrası vəzifəsindən azad etmir. Lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər, qalıq borcu ilə əvəzləşdirilə, kompensasiya edilə bilməz və nəzərə alınmalıdır ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı yalnız öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz (Mülki Məcəllənin 750-ci maddəsi). Hazırki halda isə, müqaviləyə lizinq verənin, yəni iddiaçının təqsiri üzündən vaxtından əvvəl xitam verilməsi halı mülki iş materialları ilə istisna olunur. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən bir daha tələblər müəyyənləşdərilməli, lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmaqla iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini və apellyasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd olunan maddi hüquq normasında lizinq müqaviləsinin tərəflərinin öhdəlikləri konkret olaraq göstərilmişdir. İşin halları ilə müəyyən edilir ki, Lizin şirkəti lizinq obyektini Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Cavabdeh1 lizinq obyekti olan Tikinti texnikasını istifadə etməklə bağlı hüququndan istifadə etmiş, lakin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini vaxtında qaytarmaq vəzifəsini pozaraq öhdəliyini tam yerinə yetirməmişdir. Lizinq şirkəti ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsinin 2.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini qəbul etməyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. İddiaçının lizinq obyektini üçüncü şəxsə satdığından iddia tələbinin ona yönəldilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının bu dəlilinin heç bir hüquqi əsası yoxdur. Belə ki, lizinq müqaviləsinin anlayışını nəzərdə tutan MM-nin 747.1-ci maddəsində lizinq obyekti barəsində lizinq alanın hüququ yalnız lizinq obyektindən istifadə ilə məhdudlaşdırılmışdır. Həmçinin, MM-nin 748-2.1-ci maddəsində qeyd edilir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ isə - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanları kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 152.2 və 152.3-cü maddələri). Eləcə də, Lizinq şirkəti ilə Cavabdeh1 arasında bağlanmış Lizinq müqaviləsinin 2.1-ci maddəsində də nəzərdə tutulmuşdur ki, lizinq obyektinə mülkiyyət hüququ bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq verənə məxsusdur. Lizinq obyektinin mülkiyyət hüququnun başqasına keçməsi bu müqavilənin dəyişdirilməsinə və ya ləğvinə səbəb olmur. Şərh edilənlərdən də göründüyü kimi, cavabdeh Cavabdeh1 lizinq ödənişlərini tam ödəməyərək, eləcə də buna hüququ olmadığı halda lizinq obyektini üçüncü şəxsə satmaqla müqavilə üzrə öhdəliyini pozmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MM-nin 385.1-ci maddəsinə əsasən, cavabdeh müqavilə şərtlərinə əsasən lizinq ödənişlərini yerinə yetirməli olduğundan, iddia tələbi lizinq məbləği və faiz (mükafat) məbləğinin tələb edilməsi hissəsində əsaslıdır. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olsa da, tələb əsas, faiz və dəbbə pulu hissəsində qismən təmin edilməli, habelə təmin edilmiş həm əsas, həm faiz, həm də dəbbə pulu cavabdehlərdən manatla tutulmalıdır. Belə ki, iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 19256 saylı, 25.11.2019-cu il tarixli rəyinə əsasən Lizinq müqaviləsi üzrə 06.11.2017-ci il tarixə Cavabdeh1 əsas borcu 23907,49 manat, faiz borcu isə 5699,80 manat təşkil edir. İşin mübahisəsiz halından da göründüyü kimi, Lizinq müqaviləsi 29.12.2013-cü il tarixdə 36 ay müddətinə, yəni 29.12.2016-cı il tarixədək bağlanmışdır. Ekspert rəyində də Lizinq müqaviləsinin qüvvədə olduğu son müddətə, yəni 29.12.2016-cı il tarixə əsas borcun 23907,49 manat, faiz borcunun isə 4680,42 manat olması ilə bağlı hesabat tərtib edilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş 29.12.2016-cı il tarixə əsas borca görə 23907,49 manat, faiz borcuna görə isə 4680,42 manat pulun tutulması hissəsində iddia təmin edilməlidir. Göründüyü kimi, hətta məhkəmə lizinq obyektinin qaytarıldığı 06.11.2017-ci il tarixə kimi olan ödənişləri deyil, müqavilə müddətinin sonu olan 29.12.2016-cı il tarixə kimi ödənilməmiş lizinq ödənişlərini cavabdehdən tutmuşdur. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab etmişdir. Azərbaycan Republikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində də müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Müqavilənin 8.3-cü bəndində deyilir ki, tərəflər razılaşırlar ki, müqavilənin valyutası AZN-dir. Bu müqavilənin 1 saylı Əlavəsində qiymətlər USD ilə ifadə olunacaq. X12 ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manatla aparılır. Həmçinin, məhkəmə hesab etmişdir ki, cavabdehlərdən pul məbləği ABŞ dolları ilə deyil, manatla tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir...Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Kollegiya hesab edir ki, məhkəmə MM-nin 462.1 və 467-ci maddələrinə istinad edərək, tənasübsüz surətdə yüksək olan dəbbə pulu məbləğini azaltmaqla düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(011)- 65/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-7079/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7079/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver