Məhkəmə qərarları › İş №2(103)-7080/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7080/2021

19.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7080/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X5, Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı 08 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı MTK-nın nümayəndəsi X7 iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin cavabdehlərə verilməsi haqqında 06.05.2010-cu il tarixli, 04.10.2012-ci il tarixli, 24.10.2012-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin guya cavabdehlərə pul müqabilində verilməsi haqqında müqavilələr aşkar edilmiş, müqavilələrdə və maliyyə arayışlarında İddiaçı MTK adından sədri Şahid adı yazılsa da, müqavilələrdəki imzalar ona məxsus deyil. “NUR" MTK nə cavabdehlərlə həmin mənzilə dair müqavilə bağlamamış, nə də ki həmin müqavilələr üzrə mənzil dəyəri kimi cavabdehlər tərəfindən İddiaçı MTK- nın hesabına hər hansı vəsait mədaxil edilməmişdir.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız sayılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

4. Həmin qətnamədən İddiaçı MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilsin xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının tələblərinə uyğun olmadığına görə ləğv edilməlidir və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki,müqavilələrdə və maliyyə arayışlarında İddiaçı MTK adından sədri Şahid adı yazılsa da, müqavilələrdəki imzalar ona məxsus deyildir. İddiaçı MTK nə cavabdehlərlə həmin mənzilə dair müqavilə bağlamamış, nə də ki, həmin müqavilələr üzrə mənzil dəyəri kimi cavabdehlər tərəfindən İddiaçı MTK-nın xəzinəsinə (hesabına) hər hansı vəsait mədaxil edilməmişdir. İddianı təmin etməyən məhkəmə, bunu onunla əsaslandırmışdır ki, iddiaçı müqavilələrdəki imzaların Şahid Qürbət oğluna məxsus olmamasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, iddiaçı həmin müqavilələrdə İddiaçı MTK-nın təmsilçisi kimi sədri Şahid adından olan imzaların həqiqətən də ona məxsus olub-olmamasının, habelə möhürün qanuni təmsilçidəki möhür olub-olmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi, həmçinin MPM-nin 78.2-ci maddəsinə əsasən, məhkəmədə şahid kimi ifadə verməsi, habelə müvafiq ekspertiza üçün imza və yazı nümunələrinin alınması üçün İddiaçı MTK - nın qanuni təmsilçisi olmuş Şahid məhkəmə iclasında iştirak etməsi üçün müvafiq prossesual tədbirlər görməyi məhkəmədən xahiş edən vəsatətlər verməsinə baxmayaraq, məhkəmə vəsatətləri təmin etməmiş, bu isə məhkəmənin düzgün olmayan nətuicəyə gəlməsində əhəmiyyətli rol oynamışdır. İkincisi isə, iddiaçı tərəf Şahid sənədlərə imza etmədiyini bildirdiyi, Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə verdiyi izahatı məhkəməyə təqdim etsə də bunaqiymət verməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4472/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı 08 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Azad İmzanov).

7. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

8. Ali Məhkəmənin 2(102)-1781/2021 saylı, 05.05.2021-ci il tarixli qərarı ilə, iddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4472/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Zaur Əliyev). Tərəflərin izahatları:

9. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

10. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Ə.Sultanzadə və Cavabdeh3 nümayəndəsi S.Hüseynova iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

11. Kollegiya iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

13. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

14. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində bina inşa ediləndən sonra kooperativin təmsilçilərindən (cəmi beş nəfər) birinin binada səlahiyyətli nümayəndəsi kimi çalışdığını, yeni sakinlər binaya gələndə təqdim etdikləri müqavilələrin yoxlanılması məqsədi ilə İddiaçı MTK-nın ofisi ilə telefon əlaqəsi saxlanıldığını və müsbət cavab alınandan sonra həmin şəxslərin mənzilə buraxılıb onlara təmir işlərin aparılması və yaşaması üçün icazə verilirdiyini bildirmişdir. Bununla yanaşı o, qeyd etmişdir ki, Cavabdeh2 63 nömrəli mənzili kooperativdən almasaydı, evində təmir işləri apara bilməzdi, çünki onunla yanaşı kənar şəxslərin mənzillərə daxil olmasına digər təmsilçilərin nümayəndələri də nəzarət edirdilər.

15. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində İddiaçı MTKnın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində bina inşa ediləndən sonra “Nərimanov” metrosunun yaxınlığında yerləşən İddiaçı MTK-nın ofisində işlədiyini, Şahid ofisdə daimi oturmadığını, hər hansı bir mənzili alan ilk sakinin pulu kooperativə ödədiyini, sakinlərin arasında növbəti alqı- satqılarla bağlı pulların ödənilməsini aralarında həll etdiklərini, kooperativin isə sadəcə olaraq yeni sakin ilə təzə müqavilənin bağlanılmasını həyata keçirdiyini bildirmişdir.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində İddiaçı MTKnın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində inşa etdiyi binanın 63-cü nömrəli təmirsiz mənzilini təxminən 2010-cu ildə aldığını, lakin bina onun xoşuna gəlmədiyinə görə mənzili hazırda adı yadında qalmayan şəxsə satdığını, pulu alandan sonra “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək özünə aid olan müqaviləni təhvil verdiyini bildirmişdir.

17. İş materiallarında olan “06” V 2010-cu tarixli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küşəsi 63 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh2 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

18. İş materiallarında olan “04” oktyabr 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, kooperativ ünvan 4 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh3 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadn müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

19. İş materiallarında olan “24” oktyabr 2012-ci tarixli müqavilənin surətindən görünür ki, kooperativ ünvan 4 ünvanında İddiaçı MTKnıntikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh1 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Hüquqi dəyərləndirmə:

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

22. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

23. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

24. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, «... mübahisələndirilən müqavilələrin səlahiyyətli şəxs tərəfindən bağlanıb-bağlanmaması ilə bağlı yuxarıda qeyd edilən, habelə əhəmiyyət kəsb edən digər hallar araşdırılmalı, məhkəmə işdəki sübutları prosessual qanunvericiliyə uyğun qiymətləndirməklə həmin xüsusatla bağlı bəlli bir nəticəyə gəlməlidir.»

25. İşə yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı iş üzrə kompleks məhkəmə-xəttəşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspert qarşısıda 06.05.2010, 04.10.2012 və 24.10.2014-cü il tarixli (i.v.4,6,8) müqavilələrdə istifadə edilən möhürün İddiaçı MTK-ya məxsus olub-olmaması və 06.05.2010, 04.10.2012 və 24.10.2014-cü il tarixli (i.v.4,6,8) müqavilələrdəki imzanın Şahlarov.H.Q adlı şəxs tərəfindən icra edilib-edilməməsi ilə bağlı suallar qoyulmuşdur.

26. Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş 07 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, 06.05.2010, 04.10.2012 və 24.10.2014-cü il tarixli (i.v.4,6,8) İddiaçı kooperativ binada mənzil tikintisi haqqında müqavilələrin reproqrafik surətlərinin üzərində olan möhür əksləri reproqrafik surət olub, surətçıxaran aparat vasitəsilə sənədlərin üzərinə köçürülmüşdürlər.

27. Məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi üçün isə tədqiqat obyekti olan 06.05.2010-cu il tarixliŞ 04.10.2012-ci il tarixli və 24.10.2014-cü il tarixli müqavilələrin əsillərinin və Şahid 3-5 sənəddə sərbəst və 57 vərəqdə eksperimental imza nümunələrinin ekspertə təqdim edilməsi məqsədilə İddiaçı MTK-ya 03.09.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məktubda ekspert vəsatətində qeyd edilən müvafiq nümunələrin məhkəməyə təqdim edilməsi tələb edilmişdir.

28. Buna baxmayaraq, iddiaçı 27.09.2021-ci il tarixində məhkəməyə məktub ünvanlayaraq MTK-da olan müqavilələrin məhkəməyə göndərilməsini, 2010-2014-cü illərdə işlədilən möhürün hal-hazırda Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən araşdırma predmeti kimi görürülməsini, Şahid telefonlara cavab verməməsinə görə imza nümunələrinin götürülməsini təmin edə bilməməsini, arxivdəki imzası olan sənədlərin əsillərinin məhkəməyə göndərilməsini bildirmişdir.

29. Ekspert vəsatətində qeyd edilən müvafiq nümunələr iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə-xəttşünaslıq ekspertizası üzrə tədqiqatın aparılması mümkün olmamışdır.

30. Kollegiya sadalanan hallara münasibət bildirərək qeyd edir ki, Ali Məhkəmənin göstərişlərinə müvafiq olaraq məhkəmə müqavilənin səlahiyyətli şəxs tərəfindən bağlanıbbağlanmaması hallarının araşdırılması üçün müvafiq ekspertiza təyin edilməsinə baxmayaraq, iddiaçı tərəfindən tələb olunan nümunələr məhkəməyə təqdim edilmədiyindən iddianın əsaslı olması öz təsdiqini tapmamışdır. İşin hallarından göründüyü kimi, iddiaçıya öz tələbini əsaslandırması üçün kifayət qədər imkan yaradılmış, lakin iddiaçı müvafiq imza nümunələrini məhkəməyə təqdim etməmklə ekspertizanın keçirilməsinə mane olmuşdur.

31. İş materiallarından müəyyən olunur ki, İddiaçı MTK-nın ofisi Nərimanov metrosunun yaxınlığında yerləşləsə də, yaşayış binası Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilmiş və həmin vaxt İddiaçı MTK-nın sədri Şahid olmuşdur. İddiaçı öz tələbində İddiaçı MTK-nın binsında 63 nömrəli mənzilin kooperativ tərəfindən heç kimə satılmadığı və məhkəməyə təqdim olunan müqavilələrdə imzaların MTK-nın sədri Şahid məxsus olmadığına görə həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir (halbuki iddiaçı Şahid imzalarının mübahisələndirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir).

32. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəməyə təqdim olunan müqavilələrin əsli olmamış, məhkəmə iclaslarında isə müəyyən edilmişdir ki, mənzili satan əvvəlki sakin köhnə müqaviləni İddiaçı MTKya geri qaytarmış, kooperativ isə yeni sakin ilə təzə müqavilə bağlayırmış. Bununla yanaşı məhkəmə haqlı olaraq hesab etmişdir ki, bina kooperativ təmsilçilərinin beş nümayəndəsinin nəzarəti altında olduğuna görə kənar şəxslərin 63 nömrəli mənzildə təmir işləri aparması və yaşaması qeyri-mümkündür.

33. Həmçinin, iş materiallarından müəyyən edilir ki, İddiaçı MTK-da mənzillərin satılması ilə bağlı lazımi qaydada kargüzarlıq işləri aparılmamış və həmin müqavilələr mövcud olan reyesterdən qeydiyyatdan keçirilməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ardıcıl birbirinə mübahisəli mənzili satmışlar və yeni alıcılar məhz “Nərimanov” metrosunun yaxınlığında yerləşən İddiaçı MTK-nın ofisində isə yeni müqavilə (ikisi köhnə alıcı tərəfindən ofisə təhvil verilib) almışlar. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüquqlarını əldə etməsələr də, 63 nömrəli mənzilə mövcud dövrlərdə gözlənilən mülkiyyət hüquqları var idi (Cavabdeh1 hal-hazırda da var) və onlar vicdanlı alıcılardır. Həmçinin, İddiaçı MTK-nın ofisində Şahid əvəzində üçüncü şəxslərin imza etməklərinə görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdehlik daşıya bilməzlər.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

40. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

41. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

42. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

43. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

44. Kollegiya həmçinin qeyd edir ki, hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Qeyd olunan hal öz möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən müqaviləni bəyənmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi X6 öz izahatında bildirmişdir ki, müqaviləni İddiaçı MTK-nın ofisində bağlamışdır. Bu hal bir daha təsdiq edir ki, iddiaçının həmin müqavilələri mübahisələndirərək, müqavilədəki imzaların onun səlahiyyətli nümayəndəsinə aid olmamasını bildirməsi, ona aid imza nümunələrini ekspert tədqiqatına təqdim etməməsi müqavilənin MTK tərəfindən bağlanmadığını sübuta yetirmir.

45. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir.

46. Beləliklə, hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz.

47. Kollegiya Ali Məhkəmənin göstərişlərinə, işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələri imzalamış şəxsin imza nümunələrinin təqdim edilməməsi tərəflər arasında bağlanmış müqavilənin iddiaçı tərəfindən təsdiq edilməməsi kimi qiymətləndirmək üçün əsas deyildir.

48. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci intansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

51. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat məbləğində pul İddiaçı MTK-dan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar