Məhkəmə qərarları › İş №2(103)-7081/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7081/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7081/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərə görə sığorta haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 902/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərə görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Volkswagen Tiguan» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2000 manat zərərin, vermiş olduğu 400 manat pulun, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün 850 manat pulun, mənəvi zərər kimi isə 10,000 manat pulun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-902/2024 saylı 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(009)- 902/2024 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli 2(009)-902/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş və apellyasiya şikayətinin baxılması üçün 2(009)-902/2024 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə cavabdeh "xxxx" şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-902/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı özü də ərizədə etiraf edir ki, qətnamə 3 oktyabr tarixində elektron sistemə yerləşdirilmişdir. Bundan 2 gün sonra iddiaçının işi ilə əlaqədar rayona ezam olunmasını müddətin axımının dayandırılması üçün üzrlü səbəb hesab etmirlər. İddiaçının əlavə etdiyi ezamiyyət əmrindən aydın olur ki, 05.10.24- 24.10.24-cü il tarixlərində, yəni qətnamə elektron kabinetə yerləşdirildikdən 2 gün sonra rayona ezam olunmuş, apellyasiya şikayəti verilməsi müddətinin bitməsinə 10 gün qalmış ezamiyyətdən qayıtmışdır. Baxılan halda iddiaçının qətnamə ilə tanış olub, apellyasiya şikayəti verə bilməsi üçün kifayət qədər vaxtı olmuşdur. Dolayısı ilə, iddiaçının qətnamə elektron kabinetə yükləndikdən 2 gün sonra rayona ezam olunması, müddətin bitməsinə 10 gün qalmış ezamiyyətdən qayıtdığına görə “ezamiyyətdə olması və internetin sürətinin zəif olması” barədə qeyd etdiyi səbəbləri üzrlü hesab etmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-902/2024 saylı, 2 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Müəyyən edildiyi kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-902/2024 saylı, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi İddiaçı elektron kabinetinə 3 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, iddiaçı 4 oktyabr 2024-cü il tarixli ezamiyyət əmrinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Kəlbəcər rayonuna ezam olunmuşdur. Hazırkı apellyasiya şikayəti iddiaçı tərəfindən məhkəməyə 8 noyabr 2024-cü il tarixdə təqdim edilmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçinin prosessual müddətin bərpa olunması barədə vəsatətə əlavə etdiyi sübutlara əsasən onun vaxtında şikayət verə bilməməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. Bu baxımdan iddiaçının hazırkı şikayətində göstərilənlər mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-902/2024 saylı 20 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-902/2024 saylı 20 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar