Məhkəmə qərarları › İş №2(103)-7085/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7085/2025

02.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7085/2025 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC-yə qarşı mülki iş (Açar sözlər: «ödənilməmiş kommunal xərcləri») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh5 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2025 saylı, 16 sentyabr 2025ci il tarixli qətnaməsindən İddiaçı MMMC və Cavabdeh5 apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binada:  178.18 kv.m ümumi, 100.16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1;  giriş 3, 173.2 kv. m sahəsi olan 120 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh5;  107.31 kv.m ümumi, 84.31 kv.m əsas, 23 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin;  4-cü giriş, 14-cü mərtəbə, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 165a nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2;  ümumi sahəsi 81.95 kv. metr olan, 166a nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2;  ümumi sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC-yə qarşı ödənilməmiş kommunal xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Məhəmməd oğlundan -1282,94 manat, Cavabdeh2 2 mənzilə görə (2920,50+1445,22) 4365,72 manat, Cavabdeh3 1464 manat, Cavabdeh4 1566,50 manat, Cavabdeh5 1254,88 və Cavabdeh6 MMC-dən 7549 manat və ödənilmiş 150 manat dövlət rüsumuna görə xərcin əvəzi iddia tələblərinin məbləğlərindən asılı olaraq proporsional qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edib.

3. İddiada göstərilib ki, iddiaçının xidmət göstərdiyi kompleksin sakinlərinin böyük əksəriyyəti İddiaçı idarə heyyətinin müəyyən olunmuş idarəçilik və kommunal xidmət xərclərlə bağlı ödəniş tələblərinə vaxtlı-vaxtında əməl edir. Təəssüf ki, cavabdehlər qismində cəlb edilən mülkiyyət sahibləri 2021-2024-cü illər arası dövrdə kommunal xərclərin ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışlar. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq öz mülkiyyət paylarına uyğun onlara təqdim edilmiş ödəniş tələblərini ödəməkdən boyun qaçırır. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməklə sakinlərdən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə borclu olduqları kommunal və digər xidmətlər müqabilində ödəmədikləri məbləğlərin ödənilməsini məhkəmə yolu ilə tələb etmək məcburiyyətində qalır. Cavabdehlər binanın saxlanması xərclərindən yayınmaqla digər sakinlərin hüquqlarını pozur, idarəçiliyi çətinləşdirir, əngəllər yaradırlar. İddiaçı binanın saxlanma və idarə olunmasına ən ucuz qiymətlər müəyyən etmişlər. Ümumi xərclərlə bağlı 2022-ci il üçün xərclər cədvəlindən göründüyü kimi bu xərclər hər ay üçün orta hesabla 25-30 min təşkil edir ki, bu məbləğ də paylarına müvafiq olaraq sakinlər tərəfindən ödənilməlidir. İstifadə edilmiş xərclər vaxtında ödənilmədiyi halda iddiaçıya xidmət edən təşkilatlar xidməti dayandırır ki, bu da ümumi narazılığa və narahatçılığa səbəb olur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh6 MMC-dən 1.322,66 (bir min üç yüz iyirmi iki manat, altmış altı qəpik) manat, Cavabdeh4 495,60 (dörd yüz doxsan beş manat, altmış qəpik) manat, Cavabdeh3 232 (iki yüz otuz iki) manat, Cavabdeh1 1282,94 (bir min iki yüz səksən iki manat, doxsan dörd qəpik) manat, Cavabdeh5 500 (beş yüz) manat, Cavabdeh2 4365,72 (dörd min üç yüz altmış beş manat, yetmiş iki qəpik) manat alınaraq İddiaçınə ödənilməsi; ödənilmiş dövlət rüsumunun 66.8 manatının 10.8 (on manat, səksən qəpik) manatı Cavabdeh6 MMC-dən, 4.03 (dörd manat, üç qəpik) manatının Cavabdeh4, 1.9 (bir manat, doxsan qəpik) manatı Cavabdeh3, 10.5 (on manat, əlli qəpik) manatın Cavabdeh1, 4.07 (dörd manat, yeddi qəpik) manatın Cavabdeh5, 35.6 (otuz beş manat, altmış qəpik) manatın Cavabdeh2 alınaraq İddiaçınə verilməsi; ödənilmiş dövlət rüsumunun 83.2 (səksən üç manat, iyirmi qəpik) manatın iddiaçıya aid edilməsi; iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ilə cavabdehlər arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə dair birbaşa müqavilə bağlanmasa belə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üçün tələb olunan xərclərin və kommunal xidmət haqlarının ödənilməsindən azad edilmir. Yaşayış sahəsinin mülkiyyətçisi kimi cavabdehlər bina idarəçiliyinin, ümumi əmlakın saxlanmasının, cari və əsaslı təmirin və kommunal xidmətlərin ödənilməsinə görə məsuliyyət daşıyırlar və müvafiq haqqı ödəməlidirlər. Bununla belə, qeyd olunan binanın sahə mülkiyyətçiləri öz paylarına düşən idarəçilik və kommunal xidmət xərclərini - mülkiyyət payına uyğun olaraq - 2021–2024-cü illər ərzində vaxtında ödəməmiş, iddiaçının verilən xəbərdarlıqlara və ödəniş tələbnamələrinə baxmayaraq cavabdehlər borclarını yerinə yetirməmişlər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə vəzifələrini yerinə yetirmədikdə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mütləq ödəniş və haqların məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Bu nəzərə alınaraq, “Nəsimi11” MMМC cari iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş materiallarını, o cümlədən iddiaçı tərəfindən məhkəmə iclasında verilmiş izahatları hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, çoxmənzilli binanın ümumi yığıncağının sonuncu protokoluna əsasən, iştirak edən mənzil sahibləri səs çoxluğu ilə binanın idarə edilməsi və kommunal xidmət xərclərinin hər kvadrat metrə görə 1 (bir) manat məbləğində müəyyən edilməsini təklif etmişlər. Lakin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarına görə, çoxmənzilli binanın idarə edilməsi üsulu, ümumi əmlakın saxlanması və təmiri ilə bağlı ödənişlərin miqdarı və qaydası yalnız ümumi yığıncağın qəbul etdiyi qərar əsasında müəyyən oluna bilər. Qanunvericiliyə görə, belə qərar bütün sahə mülkiyyətçiləri üçün məcburidir, yəni binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin sahibləri yığıncağın müəyyən etdiyi idarəçilik formasına və tarifə riayət etməyə borcludurlar. Ümumi yığıncaq qərarı ilə protokol qeydləri arasında hüquqi baxımdan fərq mövcuddur: protokol sadəcə yığıncaqda aparılan müzakirələrin və səslərin nəticəsinin texniki təsviridir, lakin qanunvericilikdə nəzərdə tutulan formada qəbul edilmiş, imzalanmış və qüvvəyə minmiş qərarın funksiyasını daşımır. Qanunun tələb etdiyi şəkildə qəbul edilmiş qərarın mövcudluğunu və onun məcburiliyini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən, məhkəmə bu məsələni hüquqi qüvvəyə malik ümumi qərar kimi qiymətləndirə bilməz. Məhkəmə bu nəticəyə gəlir ki, əgər çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri üçün məcburi olan idarəçilik və xidmət haqları barədə ümumi yığıncağın etibarlı qərarı təqdim edilməyibsə, o halda məhkəmə yalnız təqdim olunmuş protokolların məzmununa və orada göstərilən tariflərin nəzərdən keçirilmiş və müzakirə olunmuş variantlarına istinad edə bilər. Bu sənədlərin təhlili göstərir ki, müxtəlif illərdə fərqli tariflər müəyyən edilməsinə baxmayaraq, onların heç biri qanunun tələb etdiyi formada qəbul edilmiş yekun qərarla rəsmiləşdirilməmişdir. Buna görə də, məhkəmə mövcud vəziyyətdə ədalətlilik və nisbətlilik prinsiplərini rəhbər tutaraq, təqdim olunmuş protokollar arasında ən aşağı tarif olan xx.xx.2018-ci il tarixli protokolda göstərilmiş 0,40 manat/kv.m məbləğini əsas götürür. Məhkəmənin qənaətinə görə, bu yanaşma həm mülkiyyətçilərin bərabər hüquqluluğu prinsipinə, həm də idarəetmə xərclərinin proporsional bölünməsi tələbinə uyğun gəlir. Əks halda, hüquqi qüvvəyə malik qərar olmadan, sonrakı illərdə ayrı-ayrı şəxslər tərəfindən təklif edilmiş və ya müvəqqəti razılaşdırılmış tariflərin tətbiqi qanunilik prinsipini pozar, mübahisə doğurar və cavabdehlərin üzərinə əsassız maliyyə öhdəliyi qoyulmuş olardı. Beləliklə, ümumi yığıncağın qərarı ilə təsdiqlənməmiş tariflər əsasında borcun hesablanması mümkün deyil və iş üzrə yalnız xx.xx.2018-ci il tarixli protokolda göstərilən 0,40 manat/kv.m məbləği hüquqi baxımdan əsas götürülməlidir. Məhkəmə müəyyən edib ki, hazırki iş üzrə altı cavabdeh – Cavabdeh1 Məhəmməd oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC – çoxmənzilli binada ayrı-ayrı mənzil və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçiləridir. Onların hər biri ümumi əmlakın saxlanması və idarə olunması ilə bağlı xərclərdə öz sahə payına mütənasib olaraq iştirak etməyə borcludur. Tarif hər kv. metr üçün 0,40 manat müəyyən olunduğuna görə, borc məbləği hər cavabdeh üzrə ayrıca hesablanmalıdır. Bu səbəbdən, iddiaçının təqdim etdiyi ümumi hesablamanı həmin tarifə uyğunlaşdıraraq hər bir cavabdeh barəsində ayrıca qiymətləndirmə aparılması zəruridir. Cavabdeh6 MMC tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş, həmin ərizədə göstərilmişdir ki, iddiaçı tərəfindən tələb edilən kommunal ödənişlər 2017-ci ildən etibarən hesablanmış, lakin bu tələblər üzrə qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddəti artıq başa çatmışdır. İddia müddətinin tətbiqi barədə cavabdehin mövqeyi qismən əsaslıdır. Belə ki, kommunal ödənişlər dövri xarakter daşıyır və hər bir ay üzrə yaranan öhdəlik üçün iddia müddəti ayrıca hesablanır. Bu səbəbdən, məhkəmə nəticəyə gəlir ki, 2017-ci ildən bu günədək olan bütün dövrlər üzrə borcun tam məbləğdə tutulması mümkün deyildir və yalnız son üç il ərzində yaranmış borc məhkəmə tərəfindən nəzərə alına bilər. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən Cavabdeh6 MMC-yə məxsus qeyriyaşayış sahəsinin ümumi sahəsi 107,31 kvadrat metr təşkil edir, yuxarıda göstərilən məhkəmə mövqeyinə əsasən isə tarif 0,40 manat kimi müəyyən edilmişdir. Ödənilməli olan borc bu sahəyə və son üç il (36 ay) üzrə hesablandıqda ümumi məbləğ aşağıdakı kimi formalaşır: 107,31 kv.m × 0,40 manat × 36 ay = 1.545,26 manat. Lakin cavabdeh artıq 222,6 manat ödəmişdir. Bu ödəniş ümumi məbləğdən çıxıldıqda, Cavabdeh6 MMCnin son üç il üzrə kommunal xidmətlər üzrə qalan borcu 1.322,66 (bir min üç yüz iyirmi iki manat, almış altı qəpik) manat təşkil edir. Məhkəmə Cavabdeh4 münasibətdə qeyd edib ki, Cavabdeh4 barəsində iddiaçı yalnız son dövrdə yaranmış borcun ödənilməsini tələb edə bilər. Belə ki, iş materiallarından, o cümlədən mülkiyyət sənədlərindən məlum olur ki, cavabdeh mənzilin mülkiyyətini xx.xx.2024-cü il tarixində əldə etmişdir (əksini iddiaçı sübuta yetirə bilməmişdir). Buna görə də, iddiaçı yalnız 2024-cü ilin iyun- dekabr aylarını əhatə edən dövr üzrə borcun ödənilməsini tələb edə bilər, yəni mülkiyyət əldə edilməmiş dövrlər üzrə tələblər qanunvericiliyə uyğun deyil. Cavabdehə aid mənzil sahəsi 177 kv. metr təşkil edir və Mənzil Məcəlləsi və məhkəmə təcrübəsinə uyğun olaraq, ödənilməli olan kommunal xidmət haqqı mənzil sahəsinə və müəyyən edilmiş tarifə görə hesablanmalıdır. Buna əsaslanaraq, cavabdeh üçün ödənilməli borc məbləği aşağıdakı qaydada hesablanır: 177 kv.m × 0,40 manat/kvm × 7 ay = 495,60 manat. Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh4 2024-cü ilin iyun–dekabr ayları üzrə kommunal xidmətlər üzrə borcu 495,60 manatdır. Bundan artıq dövrlər üzrə tələbin təmin edilməsinə əsas olmamışdır, çünki mülkiyyət həmin dövrlərdə cavabdehin nəzarətinə verilməmişdir (sübutlara münasibətdə). Məhkəmə Cavabdeh3 münasibətdə qeyd edib ki, iş materiallarına əsasən Cavabdeh3 2023-cü ilədək kommunal ödənişlər üzrə borcu 648 manat təşkil edir. 2024-cü il üzrə ödənilməli borcun məbləği cavabdehin mənzil sahəsinə əsaslanaraq müəyyən edilir. İş materiallarından məlum olur ki, cavabdehə aid mənzil sahəsi 80 kvadrat metr təşkil edir və məhkəmənin müəyyən etdiyi tarif 0,40 manat/kv.mdir. Buna əsaslanaraq 2024-cü ilin 12 ayı üçün ödənilməli məbləğ aşağıdakı kimi hesablanır: 80 kv.m × 0,40 manat/kvm × 12 ay = 384 manat. Beləliklə, 2023-cü ilədək olan borc ilə 2024-cü ilin ödənişləri cəmləndikdə, cavabdehin ümumi borcu 1.032,00 manat təşkil edir. Lakin iş materiallarından, o cümlədən təqdim olunmuş çek və ödəniş sənədlərindən göründüyü kimi, cavabdeh artıq 800 manat ödəmişdir. Bu məbləğ ümumi borcdan çıxıldıqda, Cavabdeh3 2024-cü ilin sonuna olan qalan borcu 232 (iki yüz otuz iki) manat təşkil edir. Məhkəmə Cavabdeh1 Məhəmməd oğluna münasibətdə qeyd edib ki, Cavabdeh1 Məhəmməd oğlu barəsində iş materiallarından və iddiaçı tərəfindən təqdim olunmuş tələbnamədən aydın olur ki, 2019–2024-cü illər ərzində cavabdeh 22 ay üzrə kommunal ödənişləri vaxtında yerinə yetirməmişdir. Cavabdehə aid mənzil sahəsi 178,18 kvadrat metr təşkil edir və məhkəmənin müəyyən etdiyi tarif 0,40 manat/kvmdir. Ödənilməli olan məbləğ aşağıdakı kimi hesablanır: 178,18 kv.m × 0,40 manat/kvm × 22 ay = 1.567,98 manat. Bu isə iddiaçının iddia tələbindən artıq olmaqla kənara çıxmadır ki, bunada məhkəmənin hüquqi qiymət verərək artıq məbləğin tutulması hüquqa ziddir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh1 Məhəmməd oğlunun 2019-2024-cü illər üzrə ödənilməli olan kommunal borcu 1282,94 manatdır. Cavabdeh5 barəsində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(103)-1249/2023 saylı qərarına əsasən, 2017-2021-ci illər üzrə 3741,00 manat borc hesablanmış və Nəsimi rayon İcra və Probasiya şöbəsinə icraata yönləndirilmişdir. İcra prosesi nəticəsində dekabr 2024-cü ildə 1709,44 manat, yanvar 2025-ci ildə isə 278,94 manat əmək haqqından tutulmaqla, ümumilikdə 1988,38 manat İddiaçı hesabına ödənilmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etmiş, əlavə izahatında bildirmişdir ki, ona təxminən 1200 manat borc tələb olunmuş, ilkin 500 manat, daha sonra 754 manat ödəniş etməklə borcunu bağlamış, 2023–2024-cü illər üzrə əlavə borcu olmadığını, 2020–2021-ci illərə aid borcun isə icra şöbəsi tərəfindən artıq tələb olunduğunu və ödənildiyini, 2022-ci ildən etibarən kommunal ödənişlərin miqdarını bilmədiyini və hazırda qəbzlərin yanında olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını və təqdim olunmuş ödəniş sənədlərini təhlil edərək müəyyən etmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər əsasən keçmiş illərin borclarına yönəldilmişdir. Hazırki iş üzrə təqdim olunmuş çeklər və digər sənədlər göstərir ki, Cavabdeh5 kommunal xidmətlər üzrə ödənilməli borcu hazırda 500 manat təşkil edir. Cavabdeh2 barəsində iş materiallarından və İddiaçı MMMC-nin hüquq təmsilçisi İ.A.Tunc tərəfindən ünvanlanmış tələbnamələrdən aydın olur ki, cavabdehə aid iki mənzil mövcuddur: 166a və 165a saylı mənzillər. İş materiallarına əsasən: 166a mənzil üzrə: 2018-ci il üzrə 215,28 manat, 2019-cu il üzrə 430,56 manat, 2020-ci il üzrə 430,56 manat, 2021-ci il üzrə 368,82 manat, ümumi 1 yanvar 2023-cü il tarixinə 1.445,22 manat borc yaranmışdır. 165a mənzil üzrə: 2018-ci il üzrə 424,80 manat, 2019-cu il üzrə 849,60 manat, 2020-ci il üzrə 849,60 manat, 2021-ci il üzrə 796,50 manat, ümumi 1 yanvar 2023cü il tarixinə 2.920,50 manat borc yaranmışdır. Bundan əlavə 2024-cü il üzrə ödənişlər isə mənzil sahəsinə əsaslanaraq hesablanmalıdır: 1. 165a mənzil: sahəsi 177 kvadrat metr, tarif 0,40 manat/kvm, 12 ay üçün: 177 × 0,40 × 12 = 849,60 manat. 2. 166a mənzil: sahəsi 81,95 kvadrat metr, tarif 0,40 manat/kvm, 12 ay üçün: 81,95 × 0,40 × 12 = 394,00 manat. Məhkəmə qeyd edib ki, əgər 2024-cü ilin ödənişlərini tələbnamədə göstərilmiş borcla toplasa, bu məbləğ iddiaçının iddia tələbindən artıq olmaqla kənara çıxmadır ki, bunada məhkəmənin hüquqi qiymət verərək artıq məbləğin tutulması hüquqa ziddir. Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh2 2019-2024-cü illər üzrə ödənilməli olan kommunal borcu 4365,72 manatdır. Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

6. Qətnamədən İddiaçı MMMC və Cavabdeh5 apellyasiya şikayətləri vermişdir.

7. İddiaçı MMMC (nümayəndəsi və vəkili Nümayəndə2) apellyasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, qətnamədən də göründüyü kimi, məhkəmə iddia tələbini qismən təmin edərkən başlıca olaraq belə bir fakta əsaslanır ki, cəmiyyət üzrə müəyyən edilmiş kommunal tariflərinin müəyyən olunduğu iclaslardan çıxarışlar və orada qəbul olunmuş qərar ayrıca sənəd kimi qəbul olunmalı idi. Yəni, tariflərlə bağlı qəbul edilmiş qərarın əks olunduğu iclas protokolundan çıxarış məhkəmə tərəfindən səlahiyyətli sənəd kimi nəzərə alınmamışdır. Belə olan halda, məhkəmənin daha əvvəl 2018-ci ildə qəbul edilmiş tariflər üzrə iddianı qismən təmin etməsi də əsaslı sayıla bilməz. İddiaçı MMMC-nin qərarları cəmiyyətin üzvlərinin ümumi yığıncağında qəbul edilir və iclas protokolundan çıxarış kimi sənəd şəklində mövcud olur. Qərarın ayrıca vərəqdə çap olunmasına ehtiyac qalmır. Başlıca fakt ondan ibarətdir ki, Bakı şəhərində hündür mərtəbəli binaların mülkiyyətçiləri üçün kommunal qiymətlər demək olar ki, eynidir və 1 manat civarındadır. Qeyri-yaşayış sahələri üçün isə 1.20 manat civarında müəyyənləşdirilmişdir. Ödənişlər məhz bu tariflər əsasında həyata keçirilməlidir. Bu tariflər əsasında kommunal xidmət haqlarını ödəyirlər. O cümlədən, cavabdehlər də ayrı-ayrı aylarda bu tariflər üzrə kommunal xərcləri ödəmişlər. Hal-hazırda cavabdehlərin müəssisəyə borclu olmalarına dair mübahisə heç də tarif qiymətləri ilə bağlı deyil. Bütün sakinlər bu qiymətləri qəbul etmiş və onlara əməl edərək istifadə etdikləri kommunal xidmətlərin haqqını ödəyirlər. Cavabdehlər kimi cəlb etdiyi sakinlər isə sadəcə bu və ya digər bəhanələrlə kommunal xidmət haqlarını ödəməkdən boyun qaçırır. Onların heç birinin kommunal xidmətlərə dair qiymətlə bağlı tələbi yoxdur. Çünki bu qiymətlər bütün sakinlər üçün müəyyən olunub və ayrı-ayrı sakinlərin heç bir əsas göstərmədən bu qiymətlərlə razılaşmaması hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə kommunal xidmətlərin qiyməti ilə bağlı məsələyə müdaxilə etməkdə haqlı deyildir. Çünki bu məsələ mübahisə predmetinə daxil deyildir. Məhkəmə nədənsə hal-hazırda mövcud olan hər kv.m üçün 1 manat ödəniş məbləğinə deyil, 40 qəpik tarifinə əsaslanmaqla iddia tələbini qismən, yəni 40% həcmində təmin etmişdir. Bu o deməkdir ki, cavabdeh olan sakinlər istifadə etdikləri kommunal xidmət borclarını digər sakinlər və cəmiyyətin hesabına olmaqla ödəməkdən azad olunmuşlar. Məhkəmənin iddia tələbini cavabdehlərdən “Fidan Sığortaya” münasibətdə qismən təmin edərkən istinad etdiyi ikinci əsas, iddia müddəti ilə bağlı olmuşdur. Lakin qəribədir ki məhkəmə bu zaman Mülki Məcəllənin iddia müddəti tətbiq edən 373-cü maddəsinin müvafiq normasına istinad etməmişdir. Cavabdehlərdən "xxxx" isə kommunal xidmət haqlarını ödəməkdən müxtəlif bəhanələrlə, o cümlədən iddia müddətinin keçməsi ilə haqq qazandırmağa çalışmışdır. Təəssüf ki, onların bu bəhanəsinə haqq qazandırmış və uzun müddətdən bəri kommunal xərcləri ödəməkdən boyun qaçıran "xxxx"ya qarşı iddianı bu hissədə rədd etmiş və yalnız sonuncu 3 il üçün sadəcə olaraq hər kv.m üçün 40 qəpik olmaqla ödənişə cəlb etmişdir. Ayrı-ayrı hallarda bütöv bu dövr ərzində “FidanSığorta” kommunal xidmət haqlarını ödəmişdir. Bu da o deməkdir ki, iddia müddətinin axını kəsilmişdir. Bu hal borclunun borcu etiraf etməsini göstərən hərəkətlər kimi qiymətləndirilməli idi. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, əvvəllərdə "xxxx"ya və bu qeyri yaşayış sahəsinin mülkiyyətçisinə qarşı kommunal xərclərdən boyun qaçırmaqla bağlı iddialar irəli sürmüşdü. Cavabdehlərdən "xxxx"nın iddia müddətini ötməsinə dair bəhanələri əsassızdır. Mülki Məcəllənin 380-ci maddəsində deyilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

8. Cavabdeh5 apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, qətnamə faktiki hallar və təqdim edilmiş dəlillər tam araşdırılmadan qəbul edilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi hesablamalarda buraxılmış səhvləri, tarif tətbiqində uyğunsuzluğu və cavabdeh tərəfindən edilən ödənişləri nəzərə almamışdır. Xüsusilə, 500 manatlıq ödəniş komendantın razılığı ilə 2024-cü ilin borcuna yönəldilmiş, ümumilikdə 3379,68 manat rəsmi qaydada ödənilmişdir. Bundan əlavə, 2017-2021-ci illərə aid 3741 manat əsas borc və 7% əlavə ödəniş əmək haqqından tutulma vasitəsilə tam icra edilmişdir. Məhkəmə bu halları nəzərə almadan, əsassız və qeyri-obyektiv qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2, 135.2.3 və 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün -mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Maddə 136.2, 136.2.1 və 136.2.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh5 apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsasdır, lakin İddiaçı MMMC-nin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. İddiaçı MMMC-nin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın tam təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Cavabdeh5 şikayətin məzmunundan görünür ki, əslində onun şikayətinin obyektini də qətnamənin bir hissəsi, yəni ona aid hissədə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, Cavabdeh5 aid hissədə idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin ona aid iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmamışdır. Lakin iddianın təmin edilməyən hissəsində iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları Cavabdeh5 aid hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik onun etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından ona aid hissədə haqlı sayılmır.

21. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Əvvəla, Cavabdeh5 apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, apellyasiya baxışı zamanı təqdim etdiyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 saylı Xidmət və Əməliyyat Mərkəzinin 13 yanvar 2026-cı il tarixli 451 nömrəli arayışından bəlli olur ki, Nəsimi rayon İcra şöbəsindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli e114379/2023-5-33 nömrəli məktubuna əsasən icra sənədində göstərilmiş 3741 manat və həmin məbləğin 7 faizi 261.87 manat tam tutulmuşdur və qərarda qeyd olunan hesaba köçürülmüşdür, hal-hazırda borcu yoxdur. Cavabdeh5 təqdim etdiyi digər 3 qəbzdə isə onun tərəfindən ayrı-ayrılıqda 500 manat, 700 manat və 54.88 manat cari hesabına mədaxil edilmişdir. Demək ki, Cavabdeh5 tələb edilən məbləğin tam ödənilməsi təsdiq olunduğundan ona münasibətdə iddia rədd edilməli di. Ancaq birinci instansiya məhkəməsi onun tərəfindən edilmiş ödənişlərin əsasən keçmiş illərin borclarına yönəldildiyini əsas gətirib hazırda borcunun 500 manat təşkil etdiyi qənaətinə gələrək ona aid hissədə iddianı qismən təmin etməklə yanlış nəticəyə gəlmişdir. Ona görə də Cavabdeh5 münasibətdə qətnamə ləğv edilməli və iddia ona aid hissədə təmin edilməməlidir.

24. Bundan əlavə, iddiaçının apellyasiya şikayəti ilə əlaqədar qeyd olunur ki, Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Göründüyü kimi, normanın məzmunundan da aydın görünür ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə məhz Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburi hesab edilir. Ancaq iddiaçı tərəfindən kommunal qiymətlərin artırılmasına dair Mənzil Məcəlləsində müəyyən edilmiş qaydada qəbul edilmiş qərar barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilmədi. Bakı şəhərindəki çoxmənzilli yaşayış binalarının sahə mülkiyyətçiləri üçün kommunal qiymətlərin demək olar ki, eyni olması, yəni 1 kv.m üçün 1 manat, qeyri-yaşayış sahəsinin 1 kv. metri üçün isə 1.20 manat müəyyənləşdirilməsi ilə bağlı dəlillər isə mülahizə xarakterli dəlil olduğundan mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

25. Bundan başqa, Cavabdeh6 MMC-yə aid hissədə iddianı qismən təmin edərkən də məhkəmə səhvə yol verməyib. Çünki iddiaçı tərəfindən əvvəlki illərə dair vaxtaşırı icra edilməli olan ödənişlər zamanında tələb edilmədiyindən və Cavabdeh6 MMC isə iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən məhkəmə də haqlı olaraq son 36 ay üçün müəyyən edilmiş kommunal xərclərin ödənilməsini qət etmişdir. Bununla yanaşı, iddiaçı iddia müddətinin kəsildiyinə, eləcə də borclu şəxsin borcu etiraf etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərfindən Mülki Məcəllənin 373-cü maddəsinin müvafiq normasına istinad edilməməsi də iddia müddətinin tətbiqini əsassız etmir. Çünki Mülki Məcəllənin 373.3-cü maddəsində vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il olması təsbit olunub.

26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh5 apellyasiya şikayəti isə təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh5 aid təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh5 apellyasiya şikayəti isə təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh5 aid təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində İddiaçı Cavabdeh6 MMC-yə aid hissədə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar