Məhkəmə qərarları › İş №2(103)-7092/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7092/2023

27.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7092/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan görünür ki, abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir.

2. Abonentin saldosundan görünür ki, abonentə 2947,32 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçı küçəsi, ev 56 ünvanında yerləşən evinə (abonent kodu **********00000) hesablanmış 2947,32 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda o, ancaq ailəsi ilə birlikdə 3 ay yayı yaşayır, qış aylarında isə hərdən bir gəlib baxıb gedir. Bu ünvana cavabdeh təşkilat tərəfindən müqavilə əsasında qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Evdə yay aylarında ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişlər. Cavabdeh təşkilatla bağladığı müqavilə əsasında qazdan istifadə edir. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixdə akt tərtib etmiş və aktda qeyd edilir ki, guya sayğaza müdaxilə edilmiş, kənar xətt aşkar edilmişdir. Ona görə də onların 2947,32 manat borcu vardır. Onu da qeyd etmişdir ki, sözügedən sayğacı təxminən 2022-ci ilin iyul aylarında quraşdırılmışdır. Borcu əsassız hesab edir və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır.

5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 2947,32 manat məbləğində manat məbləğində borcun silinməsi, Cavabdehndən 49,47 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Birliyə müvafiq qaydada məlumat verilmişdir) və həmin halların mövcüdluğu müəyyən edilməmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, iddiaçının ünvanında olan sayğac (xx.xx.2023-cü il tarixli akta əsasən) giriş borusunun deşici alətlə deşilməsi səbəbindən yenisi ilə əvəzlənmişdir. Bundan sonra cavabdeh Birliyinin ******* saylı aktına əsasən xx.xx.2023-cü il tarixdə iddiaçının ünvanına baxış keçirilməsi və həmin baxış zamanı ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi halı aşkar edilməsi səbəbindən 90 gün müddətində itirilmiş qazın həcmi müəyyən edilməklə iddiaçının abonent hesabına 2947,32 manat borc hesablanmışdır. Eyni zamanda ******* saylı akta əlavə edilmiş fotoşəkillərdə isə hər hansı bir qeyri-qanuni xətt olması deyil, yalnız sayğacın fotoşəkilləri əks olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçının yaşadığı ünvanın abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların ( müqavilə və qanunvericilik normalarının tələblərinə uyğun olmayan) iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, bununla da iddiaçının abonent hesabına hesablanan borc məbləğinin əsaslı olması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddia tələbi təmin olunmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20, 21.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.5-4, 6.5-2, 6.5-3, 6.7, bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.4, 218.3, 216-220,360 maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci, 8.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlaratətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəfimizdən təqdimolunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyimiz sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işiaraşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır.Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Göründüyü ki, məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, borc əsassız olaraq yazılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamasını xahiş edir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Mülki Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

16. 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

17. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. 6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə,qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə,yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. İddiaçı ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 2947,32 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir..

26. "Azəriqaz” İstehsalat Birliyi qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus sayğaca müdaxilə edildiyi, sayğacın hesablama mexanizminin dayandırılması halı aşkar edilmiş, 2947,32 manat borc itirilmiş qazın dəyəri olaraq hesablanmışdır.

27. Məhkəmə kollegiyası istehsalat birliyinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, "Azəriqaz” İstehsalat Birliyinin istinad etdiyi akt qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, İddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, İstehsalat Birliyinin nümayəndələri tərəfindən akt tərtib edilərkən “Qaz təchizatı haqqında” Qanunun və “Qazdan istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız istehsalat birliyinin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. Digər tərəfdən yoxlamanın qanunvericiliyin tələbinə uyğun keçirilməsi, aktın əsaslı olması barədə video-görüntülər və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir.

28. Bundan başqa, “Qazdan istifadə Qaydaları”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işçi vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı – İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar