Məhkəmə qərarları › İş №2(103)-7093/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7093/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7093/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1861/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən ona vurulmuş 3495 manatdan 2155 manat sığorta məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı **-DG-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Golf” markalı avtomobiliyyat vasitəsi ona məxsus **-CM-*** dövlət qeydiyyat nişanlı, “Vaz 11183” minik markalı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və **-CM-*** dövlət qeydiyyat nişanlı, “Vaz 11183” minik markalı avtomobilə 3495 manat zərər yetirmişdir. Dediklərinin həqiqət olmasını iddia ərizəsinə əlavə etdiyi "xxxx" Gəncə müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktı bir daha təsdiq edir. O, "xxxx" ASC-də sığortalıdır, yəni aralarında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsi vardır. Cavabdeh "xxxx" ASC tərəfindən ona vurulmuş 3495 manatdan 1340 manat sığorta pulu ödənilmişdir. 2155 manat sığorta məbləğinin ödənilməsindən imtina edilir.

3. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh2 ikinci cavabdeh qismində işə cəlb edilməsini, 2155 manat sığorta məbləğinin hər iki cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1861/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş 41.55 (qırx bir manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi, 300 (üç yüz) manat qiymətləndirmə xərcinin İddiaçı tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilməsi qərara alınmışdır.

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə "xxxx" ASC tərəfindən onun aldadılaraq ərizəni imzalamasını, həmin ərizədəki qeydin əsaslığını yoxlamamışdır. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi, eyni zamanda da bildirdi ki, həmin vaxt özü qarşı tərəflə zərərin məbləği barədə razılaşaraq ərizə yazmış və 1340 manat pul vəsaitini də almışdır, lakin sonradan ona məlum olmuşdur ki, avtomobilinin təmirinə daha çox vəsait lazımdır.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı zərər aktı ilə tanış olmuş, müəyyənləşdirilən məbləğlə razılaşmış, bank rekvizitlərini təqdim edərək, 1340 manatı qəbul etmişdir. Eyni zamanda iddiaçı imzaladığı ərizə ilə sığortaçıya qarşı hər hansı iddia və ya tələb irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Hesab edir ki, iddiaçı daha çox pul almaq məqsədilə hazırkı iddianı irəli sürmüşdür. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi.

9. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və teleqram vasitəsilə Gəncə şəhərində yaşadığını, maddi imkanı olmadığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra - Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

11. 19.03.2024-cü il tarixli, PPA********** nömrəli icbari sığorta müqaviləsinə dair çıxarışdan görünür ki, İddiaçı (sığortalı) məxsus, buraxılış ili 2008-ci il olan, “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2024 – xx.xx.2025-ci il tarixlərini əhatə edən dövr ərzində (sığorta müddətində) əmlaka vurulan zərərə görə 5000 (beş min) manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 (beş min) manat, bir hadisə üzrə 50000 (əlli min) manat məbləğində icbari qaydada sığortalanmışdır.

12. "xxxx" Gəncə müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş akt-rəydən görünür ki, “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 3495 manat məbləğində qiymətləndirilmişdir.

13. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, “Vaz 11183” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə zərərə məruz qalması bildirilmiş və bu hadisə ilə əlaqədar sığorta ödənişinin verilməsinə göstəriş verilməsi xahiş edilmişdir.

14. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 336523 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, buraxılış ili 2008-ci il olan, “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri (390 manat) + işçilik (950 manat)) 1340 manat məbləğində qiymətləndirilmişdir.

15. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sığorta İddiaları Departamentinin rəhbərinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, sərəncamında olan “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olduğunu bildirmiş və ödəniləcək 1340 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsilə həyata keçirilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir (Ərizənin qeyd hissəsində göstərmişdir ki: “Razılaşıram ki, sığortaçı sığorta ödənişini həyata keçirməklə sığorta hadisəsi üzrə bütün öhdəliklərini tam və əskiksiz şəkildə icra etmiş hesab edilir və cari sığorta hadisəsi üzrə gələcəkdə sığortaçıya qarşı hər hansı bir iddia və ya sığorta tələbi irəli sürülməyəcəkdir”).

16. 14.11.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “SİGORTA ODENİSHİ CCL-Z 19411/2024VAZ 11183 20CM935 HABİBLİ SAMİR CHİNGİZ OGLU ********************” təyinatı üzrə 1340 manat məbləğində sığorta ödənişi İddiaçı məxsus AZ23AİİB******************** nömrəli bank hesabına mədaxil edilmişdir.

17. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MB-18/0772 nömrəli qiymətləndirmə hesabatından görünür ki, xx.xx.2024-cü il tarixdə “Vaz 11183” minik markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobillə “Volkswagen Golf” markalı, **-DG-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə iş materiallarına əlavə edilmiş "xxxx" Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən məbləğdə ziyan dəyməmişdir. “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnən detallarının orta bazar qiyməti 1793 manat, həmçinin avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün işçi haqqı 1450 manat təşkil edir. xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə dəymiş zərərin məbləği (ehtiyat hissələrinin dəyəri və işçilik nəzərə alınmaqla) 3243 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 883.1. sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.1. sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Maddə 897.1. icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 922.1. sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Maddə 925-1.2. müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Maddə 925-1.3. sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Maddə 925-1.4. müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Maddə 925-1.5. müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Maddə 933.1. sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə 934.1. bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Maddə 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Qanun: Maddə 16.2. sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1- ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 16.3. sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Maddə 16.4. sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. Maddə 18.1. Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Maddə 52–1.1. aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 52–1.3-cü maddəsinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir. Maddə 56.1. üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

24. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

29. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. İddiaçının iddia ərizəsinin əsas tələbi "xxxx" Gəncə müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən avtomobilə vurulan zərərin məbləği 3495 manat müəyyən edildiyindən "xxxx" ASC tərəfindən ona 1340 manat ödənildiyindən, çatışmayan 2155 (3495-1340) manatın ödənilməsi tələbidir.

38. Hazırkı işin hallarından müəyyən olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə ərizə ünvanlayaraq, “Vaz 11183” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə zərərə məruz qalmasını bildirmiş və bu hadisə ilə əlaqədar sığorta ödənişinin verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən icbari qaydada sığortalanmış nəqliyyat vasitəsinə dəyən zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmiş və hesabat tərtib edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 336523 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, buraxılış ili 2008-ci il olan, “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 1340 manat məbləğində qiymətləndirilmişdir. Daha sonra İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sığorta İddiaları Departamentinin rəhbərinə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, sərəncamında olan “Vaz 11183” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olduğunu bildirmiş və ödəniləcək 1340 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsilə həyata keçirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Ərizənin qeyd olunmuşdur ki: “Razılaşıram ki, sığortaçı sığorta ödənişini həyata keçirməklə sığorta hadisəsi üzrə bütün öhdəliklərini tam və əskiksiz şəkildə icra etmiş hesab edilir və cari sığorta hadisəsi üzrə gələcəkdə sığortaçıya qarşı hər hansı bir iddia və ya sığorta tələbi irəli sürülməyəcəkdir”.

39. 14.11.2024-cü il tarixli ödəniş tapşırığı ilə müəyyən olur ki, "xxxx" ASC tərəfindən “SİGORTA ODENİSHİ CCL-Z 19411/2024VAZ 11183 20CM935 HABİBLİ SAMİR CHİNGİZ OGLU ********************” təyinatı üzrə 1340 manat məbləğində sığorta ödənişi İddiaçı məxsus AZ23AİİB******************** nömrəli bank hesabına mədaxil edilmişdir

40. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, ərizənin onun daha şikayət və tələbinin olmayacağı barədə qeyd hissəsi sonradan yazılmışdır, qeydin əsaslılığı rayon məhkəməsi tərəfindən yoxlanılmamışdır. İddiaçı bu halı təsdiq edən əsaslı sübutlar təqdim etməmişdir.

41. Məhkəmə qeyd edir ki, mülki iş materiallarından da görünür ki, iddiaçı özü zərər aktı ilə tanış olmuş, zərərin miqdarı ilə razılaşmış, bank rekvizitlərini sığortaçı şirkətə təqdim etmiş və 1340 manat məbləğində pul onun bank hesabına mədaxil edilmişdir. Göründüyü kimi, iddiaçı həmin məbləğlə razılaşıb onu qəbul etmişdir. İddiaçı xx.xx.2024cü il tarixli ərizə ilə cavabdehin sığorta işi üzrə qeyd edilən sığorta ödənişini verdikdən sonra öhdəliyini tam şəkildə icra etməsini təsdiq etmiş və sonuncuya qarşı hər hansı iddia və ya tələb irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür.

42. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının digər Cavabdeh2 qarşı iddia irəli sürməsi və avtomobilə dəyən zərərin hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb etməsi də əsassız olmuşdur. Belə ki, iddiaçıya dəyən zərərin ümumi məbləği sığorta təminatını – 5000 manatı aşmırsa, həmin zərərin tam ödənilməsi yalnız sığortaçının vəzifəsidir. İddiaçının tələb etdiyi 2155 manat isə sığorta təminatı həddini keçmədiyinə görə hazırkı halda avtomobilə zərər vuran şəxsdən həmin məbləği tələb edə bilməz.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

44. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

46. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

47. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

48. Qeyd olunanlara əsasən, Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

52. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

53. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

54. Hazırkı iş üzrə iddianın qiyməti 2155 manat olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1861/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar