Məhkəmə qərarları › İş №2(103)-710/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-710/2022

09.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-710/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh, onun vəkili X1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X11”-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-121/2021 saylı iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində özbaşına və qanunsuz tikililərin sökülməsi, orada təmir və tamamlama işlərinin dayandırılması və özbaşına zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsindən 13 iyul 2007-ci il tarixdə alqı-satqı yolu ilə Binəqədi qəsəbəsi ərazisindən 300 kv.metr torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsi sədrinin 13 iyul 2007-ci il tarixli 1121 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin onun mülkiyyətinə verilməsi Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Torpaq Məcəlləsinin "Bələdiyyələrin statusu haqqında" Qanunun 16-cı maddəsinin 3-cü, 4-cü bəndlərinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun, bir sözlə bütün hüquq prosedur qaydalarına əməl edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin razılığına, X2 Nizamnaməsinə uyğun olaraq sənədləşdirilmişdir. Sərəncamda göstərilmişdir ki. ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə binanın eskizi rayon memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra fərdi yaşayış evi tikmək olar. Bir sözlə, torpaq sahəsinin qanuni mülkiyyətçisi və sahibidir. 2019-cu ilin sentyabr ayının əvvəlində Cavabdeh tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsi, əlavə olaraq bələdiyyə torpağından da təxminən 100 kv.metr torpaq sahəsi özbaşına zəbt edilərək yüksək gərginlikli elektrik xətti altında eyni vaxtda 3 evin tikintisinə başlanmışdır. Qonşuların torpaq sahəsinin ona məxsus olmasını demələrinə baxmayaraq, o, tikintini davam etdirmişdir. Qonşular bu barədə telefonla ona məlumat verdikdən sonra oraya gedib torpağa aid sənədləri göstərib bildirmişdir ki, həmin torpaq sahəsi qanuni sənədlərlə ona məxsusdur, onun mülkiyyətindədir, bu səbəbdən də tikintini dərhal dayandırmalıdır. Lakin o, yenə də tikintini davam etdirmişdir. Bildirmişdir ki, o ev tikəndən sonra onu heç kəs sökdürə bilməz, evləri tikib satacaqdır. Onun mülkiyyətində olan torpaq sahəsində özbaşına qanunsuz fərdi yaşayış evləri tikilərkən Cavabdeh heç bir inşaat norma və qaydalarına əməl etməmiş, qanunları kobud şəkildə pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-121/2021 saylı iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli ) manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Cavabdehin təqdim etdiyi sxemdə göstərilən torpaq sahəsinə uyğun gəlmir. Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı ilə cavabdehə ayrılmış torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək olmur. Məhkəmə konkret olaraq torpaq sahəsinin kimə məxsus olması sualını qoyub cavab almaq əvəzinə heç bir əhəmiyyəti olmayan mütəxəssis rəyi almışdır. Torpaq sahəsinin üst-üstə düşməməsi onun iddiaçıya məxsus olmasını inkar etmir. Amma Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehin təqdim etdiyi sxemdə göstərilən torpaq sahəsi deyil. Yəni o, iddiaçının mülkiyyətimdə olan torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə mübahisəli torpaq sahəsinin ona məxsus olmasının sübuta yetdiyini görüb başqa varianta əl atmışdır. Torpaq sahəsinin bələdiyyə mülkiyyətinə deyil, “X12”-yə, dövlət mülkiyyətinə məxsus olması qərarına gəlmişdir. Əgər mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid deyilsə, dövlət mülkiyyətinə aiddirsə, nə üçün məhkəmə “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 N-li qərarının 3-cü bəndinin, “Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli 3 N-li qərarının tələblərini pozaraq ilk növbədə mübahisəli torpağın statusunu müəyyən etmədən işə baxmış və torpaq sahəsinin bələdiyyə tərəfindən cavabdehə yox, onun mülkiyyətinə verildiyi sübuta yetdiyini görüb, işi iki il süründürəndən sonra öz təşəbbüsü ilə “X13”nin hüquqşünasını dəvət edib mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması qərarına gəlmişdir, qanunsuz verilmiş sərəncamların ləğvi, özbaşına tutulmuş torpaq sahəsindən cavabdehin çıxarılması, özbaşına tikilinin sökülməsi barədə qətnaməsində bir kəlmə də yazmayaraq özbaşına tutulmuş torpaq sahəsinin, özbaşına tikilinin cavabdehdə qalmasını təmin etmişdir. İki il sürən məhkəmə başa çatana qədər Cavabdeh onun mülkiyyətinə verilmiş torpaq sahəsindən də əlavə 60 kvadrat torpaq sahəsini də özbaşına tutaraq, eyni zamanda mübahisəli torpaq sahəsində üç ev tikərək satmışdır. Məhkəmədə cavabdeh tərəfindən bələdiyyənin onun mülkiyyətinə verdiyi torpaq sahəsinin zəbt edilməsi, hətta əlavə də 60 kvadrat metr torpaq sahəsini zəbt edib, müvafiq icazə almadan yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında özbaşına tikinti işləri aparması, bununla da Azərbaycan Respublikası CM-nin 188, 222-2-ci maddələrində göstərilən cinayəti törətməsi sübut olsa da, məhkəmə bu faktların da üstündən sükutla keçib bu barədə xüsusi qərardad çıxarıb əlaqədar təşkilatların diqqətini bu qanunsuzluğa cəlb etməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, onun iddia vermək üçün subyektiv hüququ yoxdur. “Daşınmaz əmlakın Dövlət Reyesteri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə qərarı daşınmaz əmlakın qeydə alınması üçün əsasdır. Məhkəmə bələdiyyənin sərəncamları ləğv edilmədən mənim iddiamı təmin etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinə əsasən iddia müddəti on ildir. Torpaq sahəsi isə 14 ildir ki, onun mülkiyyətinə verilib. Odur ki, həmin torpaq sahəsi ondan geri tələb edilə bilməz. Məhkəmə buna görə də qəsdən mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən kimə verilməsinə qiymət verməmişdir. Həmçinin onun məhkəmədə qanuni şəkildə verdiyi vəsatətlərin heç biri araşdırılmamışdır. Belə ki, vəsatət versə də, məhkəmə bələdiyyənin əməkdaşlarını dəvət edib sonradan həmin ərazinin bələdiyyə mülkiyyətinə verilibverilməməsini, ümumiyyətlə həmin torpaq sahəsinin cavabdehə aid olub-olmamasını, cavabdehin təqdim etdiyi sənəddə göstərilən torpaq sahəsinin harada yerləşməsini də aydınlaşdırmamışdır. Hətta ekspert qarşısında da bu barədə qəsdən sual qoymamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili X6 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi sənaye təyinatlıdır və cavabdehin tikinti işlərinin aparıldığı torpaq sahəsinin iddiaçının qeyd etdiyi torpaq sahəsinə aidiyyəti yoxdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X11”-nin nümayəndəsi X8 izahatında bildirdi ki, tərəflərindən araşdırma aparılır və bundan sonra mübahisəsi gedən torpaq sahəsinin onlara məxsus olması müəyyən edildikdən sonra iddiaçının adına verilmiş sərəncam mübahisələndirilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış – apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, izahatları dinləyib işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)- 121/2021saylı iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan torpaqların alqı-satqısına dair sərəncamdan görünür ki, 13.07.2007-ci il tarixdə alqı-satqı yolu ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri X2 13 iyul 2007-ci il tarixli sərəncamı ilə İddiaçı mülkiyyətinə verilmiş Binəqədi qəsəbə ərazisində yerləşən 300 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair sərəncamdan görünür ki, 20.11.2005-ci il tarixdə alqı-satqı yolu ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair 19.10.2019-cu il tarixli aktdan görünür ki, 20.11.2005-ci il tarixdə alqı-satqı yolu ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsini Cavabdeh Kapital bankın 1 saylı hesabına ******* manat haqq ödəməklə almışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu, X2 10.09.2009-cu il tarixli arayışından görünür ki, X2 20.11.2005-ci il tarixli, 1619/1 saylı qərarı ilə Cavabdeh mükiyyətinə 300 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən məlum olur ki, İddiaçı və Cavabdeh ayrılmış torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, İddiaçı ayrılmış torpaq sahəsi ilə Cavabdeh ayrılmış torpaq sahəsi hal-hazırda üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və Cavabdeh ayrılmış torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, Bakı şəhəri Binəqədi rayonu X2 13 iyul 2007-ci il tarixli, 1121 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Ölçülən mübahisəli ərazi dövlət mülkiyyəti olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən məlum olur ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iş materiallarında olan Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilmiş “Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskizi” və “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı” (səh.38; səh.66) sənədlərində göstərilən yollar, yaşayış evlərinin yerləşdiyi ərazilər, elektrik xətləri, Elektrostansiya, Beton zavod, avtopark və.s. mübahisəli torpaq sahəsi ilə naturada müqayisə olunarkən müəyyən olunmuşdur ki, iş materiallarında olan (səh.38) sxemdə göstərilən İddiaçı ayrılmış torpaq sahəsi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi ilə uyğun gəlir. Mübahisəli torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir, lakin həmin torpaq sahəsi mülki iş materiallarında olan “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı” sənədində göstərilən ərazi ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən ölçülən mübahisəli ərazi Dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandэrmэюdэr ki, mübahisəli torpaq sahəsinin iş üzrə İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan torpaqların alqı-satqısına dair sərəncamdan görünür ki, 13.07.2007-ci il tarixdə alqı-satqı yolu ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən məlum olur ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iş materiallarında olan Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilmiş “Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskizi” və “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı” (səh.38; səh.66) sənədlərində göstərilən yollar, yaşayış evlərinin yerləşdiyi ərazilər, elektrik xətləri, Elektrostansiya, Beton zavod, avtopark və.s. mübahisəli torpaq sahəsi ilə naturada müqayisə olunarkən müəyyən olunmuşdur ki, iş materiallarında olan (səh.38) sxemdə göstərilən İddiaçı ayrılmış torpaq sahəsi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi ilə uyğun gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Göründüyü kimi Məmmədov X5 Zakir Nuru oğluna Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən istifadə etməklə tikili inşa etmişdir ki, bununla da iddiaçının ona 13.07.2007-ci il tarixli Binəqədi rayonu X2 sərəncamı ilə ayrılmış torpaq sahəsindən istifadə etməsinə maneəçilik yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da həmin torpaq sahəsi məhz 13.07.2007-ci il tarixli Binəqədi rayonu X2 sərəncamı ilə iddiaçıya alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən həmçinin mübahisəli torpaq sahəsinin Dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aid olması göstərilsə də hazırki vəziyyətdə həmin hal mübahisə edilmir, belə ki, iddiaçı ona qüvvədə olan sərəncamla ayrılmış torpaq sahəsinə dair mübahisə qaldırmışdır və həmin mübahisə fiziki şəxslər arasında olmuşdur ki, həmin halın mövcudluğu hazırki vəziyyətdə iddia tələbinin təmin edilməməsi üçün əsas olmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şiakyəti təmin eidlməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməklə, 13.07.2007-ci il tarixli Binəqədi rayonu X2 sərəncamına əsasən İddiaçı ayrılmış Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər sökülməli, orada təmir və tamamlama işləri dayandırılmalı və Cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi cavabdehdən alınaraq ona ödənilməli, ekspert tədqiqatlarının dəyəri isə cavabdehdən tutularaq müvafiq hesablara köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-121/2021 saylı iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 13.07.2007-ci il tarixli Binəqədi rayonu X2 sərəncamına əsasən İddiaçı ayrılmış Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər sökülsün, təmir və tamamlama işləri dayandırılsın və Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınıb dövlət büdcəsinə dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar