Məhkəmə qərarları › İş №2(103)-710/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-710/2023

26.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-710/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya vermədən xitam verilməsi və mənzilə hüququn itirilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya vermədən xitam verilməsi və mənzilə hüququn itirilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X7, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2205/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya vermədən xitam verilməsi və mənzilə hüququn itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- Yaqubova X1 verilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzilə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirlilmişdir).

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2205/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi (hakim Fərid Əyyubov) ilə iddia tələbi rədd edilmişdir.

3. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlara obyektiv qiymət verilməmiş, cavabdeh onun qızıdır, o, xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, əri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və formal olaraq iddiaçının mənzilində qeydiyyatdadır. Beləliklə, iddiaçı keçmiş ailə üzvünün mənzildən istifadə hüququna müvafiq kompensasiya verilmədən xitam verilməsinə qanuni əsasın yarandığından qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7034/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2205/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh Yaqubova X1 verilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə Cavabdeh Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır qərara alınmışdır.

5. Həmin qiyabi qətnamədən cavabdeh tərəfindən verilmiş ərizə əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7034/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7034/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün təzələnmişdir.

6. İşə baxılarkən mənzilin hazırkı mülkiyyətçisi F.Yaqubov müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək bildirdi ki, cavabdeh onun qızıdır, qızı xx.xx.2019-cu il tarixdən ailə qurmuş, daha sonra əri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır və mənzilə ehtiyacı aradan qalxmış, faktiki həmin ünvanda yaşamadığından hazırkı iddia tələbi ilə o, məhkəməyə müraciət etmişdir. Həmçinin bildirdi ki, keçmiş əri, yəni cavabdehin atası Mir Ələsgər iş adamıdır, bir neçə evi var, cavabdehi evlə də təmin edə bilər, onun qeydiyyat məsələsini də həll edə bilər, sadəcə olaraq onunla ədavət aparır, bu mübahisə də onun zəmnində yaranmışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. İddiaçının nümayəndəsi və vəkili Q.Məmmədov apellyasiya şikayətini müdafiə edərək və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinad edərək, cavabdehin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun həmin mənzilə olan istifadə hüququna xitam verilməsinin kompensasiya ödəmədən mümkün olduğunu bildirdi. Həmçinin mənzilin artıq özgəninkiləşdirildiyini bildirdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, xx.xx.2019-cu il tarixdən ailə qurmuş, daha sonra əri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır, lakin xx.xx.2022-ci il tarixdə nikahları pozulmuşdur, hazırda ona sadəcə qeydiyyat lazımdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki cavabdehin istifadə hüququna ona kompenasiya verilməklə xitam verilə bilər.

11. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

13. Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM №188328 seriyalı Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə reyestr kitabında xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.

14. Mülki işdə olan 347037 seriyalı nikah haqqındakı şəhadətnamənin surətindən müəyyən olunur ki, cavabdeh Yaqubova X3 Vüqar Vətən oğlu ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur.

15. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2004-cü il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bundan əlavə mübahisəli mənzildə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh da qeydiyyatdadır.

16. Bakı şəhəri Yasamal rayonu 24 saylı Mənzil Kommunal İstismar sahəsinin işçiləri Q.Kərimov, A.Həsənova, T.Məmmədova, İ.Quliyev, F.Quliyeva tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh 2019-cu ildən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilində yaşamır.

17. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon MənzilKommunal Təsərrüfat Birliyinə ünvanlamış sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilində yaşamadığından bildirişin çatdırılması mümkün olmamışdır.

18. Mülki iş materillarında olan AZEMİS elektron məhkəmə çıxarışına əsasən müəyyən edilir ki, Cavabdeh adına heç bir əmlak mövcud deyildir.

19. Cavabdeh tərəfindən təqdim olunmuş nikahın pozulması haqqında xx.xx.2022-ci il tarixli, 423992 saylı şəhadətnamədən məlum olur ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah tərəflərin ərizəsi əsasında pozulmuşdur.

20. İddiaçının təqdim etdiyi çıxarışdan məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

21. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

22. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında götərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

37. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

40. Hazırkı iddia tələbini təmin etməyən rayon məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, cavabdehin mənzilə istifadə hüququnun yaranması vaxtı müəyyən olunmadığından, istifadə hüququnun yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə mübahisəli hüquq münasibətinin yaranması vaxtını və buna uyğun tətbiq edilməli olan maddi hüquq normasını müəyyən edə bilmir.

41. Bununla bağlı, Kollegiya qeyd edir ki, rayon məhkəməsinin həmin yanaşması əsassız olmaqla, həm də qəbuledilən deyildir.

42. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2004-cü il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bundan əlavə mübahisəli mənzildə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh da qeydiyyatdadır.

43. Rayon məhkəməsi həmçinin göstərir ki, iddiaçı cavabdehin ailə həyatı quraraq ünvan 3 ünvanında öz ailəsi ilə birlikdə yaşadığını qeyd etsə də, şəxsi servitit zərurətinin aradan qaldırılmasına dair hər hansı mötəbər sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir.

44. Mülki işdə olan 347037 seriyalı nikah haqqındakı şəhadətnamənin surətindən müəyyən olunur ki, cavabdeh Yaqubova X3 Vüqar Vətən oğlu ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur.

45. Cavabdeh tərəfindən təqdim olunmuş nikahın pozulması haqqında xx.xx.2022-ci il tarixli, 423992 saylı şəhadətnamədən məlum olur ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah tərəflərin ərizəsi əsasında pozulmuşdur.

46. Eyni zamanda, mülki işdə olan, Bakı şəhəri Yasamal rayonu 24 saylı Mənzil Kommunal İstismar sahəsinin işçiləri Q.Kərimov, A.Həsənova, T.Məmmədova, İ.Quliyev, F.Quliyeva tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh 2019-cu ildən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilində yaşamır.

47. Cavabdehin həmin mənzilə istifadə hüququnun olması, daha sonra nikaha girərək ər evinə köçməsi ilə artıq həmin mənzildə yaşamadığı hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.

48. Göründüyü kimi, bu hala dair də rayon məhkəməsi iş üzrə mövcud sübutlara düzgün qiymət verə bilməmişdir.

49. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında götərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

50. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd etdiyi istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsinin hər iki halı, yəni cavabdehin nikaha daxil olaraq ər evinə köçməsi və uzun müddət ərzində və davamlı olaraq mənzilə olan istifadə hüququndan istifadə edilməməsi faktı təsdiq olunduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir.

51. Cavabdeh məhkəmə iclasında ona sadəcə mənzilə qeydiyyatın lazım olduğunu bildirmişdir.

52. Kollegiya bununla bağlı bildirir ki, hazırda mənzil F.Yaqubovun xüsusi mülkiyyətində olduğundan cavabdehin həmin mənzilə qeydiyyata düşməsi də mülkiyyətçinin razılığı ilə mümkündür.

53. Bu məqsədlə, o, yeni mülkiyyətçiyə (qardaşı Yaqubov Fəridə) müraciət edə bilər.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

55. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

56. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

57. Beləliklə, iddiaçının apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilməli, iş üzrə qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh- Yaqubova X1 verilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir.

58. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-2205/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh Yaqubova X1 verilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar