Məhkəmə qərarları › İş №2(103)-710/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-710/2025

17.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-710/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: icarə müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-3295/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 50 saylı, 123,1 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi İddiaçı və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh2 birgə mülkiyyətdə olan 123,1 kv.m. ölçüdə qeyriyaşayış sahəsini icarə haqqı 1.000 manat olmaqla xx.xx.2025-ci il tarixədək Cavabdeh1 icarəyə vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ünvan 1 ünvanında yerləşən 123.1 kv.m qeyriyaşayış sahəsində təmir-tikinti işlərinin aparılması Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-252/2024 saylı xx.xx.2024cü il tarixli qərardadına əsasən ərizəçi İddiaçı həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 və digər şəxslərin giriş-çıxışının qadağan edilməsi növündə müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış ünvan 2 ünvanda yerləşən 123.1 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətdən istifadə və sahiblik hüququna yaradılan maneənin cavabdehlərə qadağan edilməsi, Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən, 123.1 kv.m qeyri-yaşayış sahəsi onunla Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. O, cavabdehə dəfələrlə şifahi şəkildə ümumi birgə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin naturada bölünməsi təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Hətta hazırda onun razılığı olmadan başqa şəxslərlə əlbir olub, mülkiyyətini özünün istəyi kimi təmir və bölməyə çalışdığına görə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Eyni zamanda müvəqqəti təminat tədbirləri haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin olunmuşdur. Qərardadın icrası ilə bağlı qeyri-yaşayış sahəsində olanda məlum olmuşdur ki, Cavabdeh2 onun razılığı və məlumatı olmadan sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlamışdır. Hazırda cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsində meyvə satışı ilə məşğuldurlar, mülkiyyətinə giriş-çıxışını və mülkiyyətindən istifadə etməyi qeyri-mümkün ediblər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, o, heç kimlə əlbir olmamışdır. İddiaçının buna dair hər hansı bir sübutu varsa, məhkəməyə təqdim etsin. Onlar qeyri-yaşayış sahəsini alanda sütun və divarlardan başqa heç nə yox idi, təmirə ehtiyac var idi. Dəfələrlə iddiaçıya şifahi şəkildə oranı təmir edib, ya özlərinin istifadə etməsi ya da başqa şəxslərə kirayə verməyi təklif etmişdir. Lakin o, hər dəfə bir bəhanə taparaq müraciətindən yayınmışdır. Neçə illərdir ki, birgə mülkiyyətində olan 123.1 kv.m qeyri-yaşayış sahəsi istifadəsiz qalmışdır. Məcburiyyət qarşısında qalaraq, iddiaçı ölkə xaricində olduğu üçün, onun valideyni ilə qohumluq əlaqəsi olduğuna görə anasına müraciət edərək, oğlunun gəlib bu işlərə köməklik göstərməsini xahiş etmişdir. Bir neçə dəfə belə müraciətləri olmuşdur, cavabında “bizim sözümüzə qulaq asmır, özünüz bilərsiz” demişdir. Məcburiyyət qarşısında qalaraq obyekti kirayə vermək məcburiyyətində qalmışdır. Müştəri tapıb, ayda 1.000 manat olmaqla müqavilə bağlamışdır. Aldığı kirayədən iddiaçının payına düşən, kirayə haqqını onun üçün ayırmışdır. Kirayədə olan, Cavabdeh1 ilə obyekti təmir etdirməklə işə başlamağa razılaşmışlar. Odur ki, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3295/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X5).

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırkı işdə mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsızlıq halı müəyyən edilməmişdir. Mülki Məcəllənin “birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi” ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə söhbət sərəncamçılıqdan deyil, birgə mülkiyyətdə olan əmlakdan istifadədən və ona sahiblikdən gedir ki, qanunvericiliyə əsasən əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Nəzərə alınmalıdır ki, icarə müqaviləsinin predmeti əşya olsa da, icarə müqaviləsi ilə əşya barəsində “sərəncam” verilmir. Bu baxımdan, məhz icarəçinin əşyadan istifadə hüququ mahiyyət etibarilə əşya hüququ deyil, tələb hüququdur. Sərəncam hüququ isə mülkiyyətdə olan əmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur. Beləliklə, icarə müqaviləsi ilə ötürülən hüquqlar əşya hüququna deyil, tələb hüququna aid olduğundan Mülki Məcəllədə əmlakı icarəyə verərkən birgə mülkiyyətçilərin razılığının alınmasına dair imperativ norma mövcud deyildir və belə olan halda iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə hesab etmişdir ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməməlidir.

7. Məhkəmə iddianın qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, bu tələblər icarə müqaviləsinin etibarsızlığı tələbi ilə bağlıdır və məhkəmə həmin tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamış, çünki icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.

8. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçı birgə mülkiyyətçi kimi icarə müqaviləsinin bağlandığı tarixdən sonrakı dövrlər üçün ödənilmiş icarə haqqının yarısını (əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa) Cavabdeh2 ayrıca məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Eyni zamanda birgə mülkiyyətdə olan əmlakdan istifadə, sahibliklə bağlı mübahisə olduğu təqdirdə, iddiaçının ümumi əşyanın bölünməsi və ya mülkiyyətçilərdən birinin payının ayrılmasını tələb etmək hüququ da vardır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya dair 1 saylı protokolun 1-ci, Mülki Məcəllənin 5.3-cü,157.8-ci, 222-ci, 324-cü, 337-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77-ci, 88-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq eyd etmişdir ki, Cavabdeh2 onun razılığı və xəbəri olmadan, iradəsinə zidd qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 ilə icarə müqaviləsi bağlamış, həmin qeyriyaşayış sahəsini Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh1 da, əmlakın birgə mülkiyyətdə olduğunu, mülkiyyətçilər arasında mübahisə olduğunu, onun əmlakı icarəyə vermək istəmədiyini və əmlakı satmaq istədiyini bilirdi. Cavabdehlər arasında bağlanmış əqd Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Ona görə də həmin əqd etibarsız hesab edilməlidir. Cavabdehlər tərəfindən onun təqdim etdiyi sübutları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, hətta məhkəmə iclasında belə iştirak etməmişlər. Belə ki, mübahisəyə məhkəmə MM-nin 222.2-ci maddəsini tətbiq etmiş və hesab etmişdir ki, cavabdeh əmlakı icarəyə verərkən onun razılığını almamalı və o, buna etiraz etsə də belə, yenə də onun razılığını almamalı idi. Birinci instansiya məhkəməsi bilərəkdən MM-nin 222.2-ci maddəsinin dispozisiyası ilə kifayətlənmiş və MMnin 222.3-cü maddəsinin tələbini nəzərə almamışdır.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir; 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın hər hansı formada təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 50 saylı, 123,1 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi İddiaçı və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh2 birgə mülkiyyətdə olan 123,1 kv.m. ölçüdə qeyri-yaşayış sahəsini icarə haqqı 1.000 manat olmaqla xx.xx.2025-ci il tarixədək Cavabdeh1 icarəyə vermişdir.

22. Hazırda iddiaçı ümumi birgə mülkiyyətdə olan əmlakla bağlı onun razılığı və xəbəri olmadan, iradəsinə zidd olaraq icarə müqaviləsinin bağlandığını, nəticədə əmlakın Cavabdeh1 istifadəsinə verildiyini, Cavabdeh1 bu müqaviləni mülkiyyətçilər arasında mübahisə olması, onun əmlakı icarəyə vermək istəməməsi və əmlakı satmaq niyyətində olması barədə məlumatlı olmasına baxmayaraq bağladığını, bununla da mülki qanunvericiliyin tələblərinin pozulduğunu iddia edir və həmin müqavilənin etibarsız hesab edilməsini, mülkiyyətdən istifadə və sahibliyə yaradılan maneənin qadağan edilməsini, cavabdehin (icarəçinin) əmlakdan çıxarılmasını və boşaldılaraq, ona təhvil verilməsini tələb edir.

23. Cavabdeh2 iddianı qəbul etmir, ümumi birgə mülkiyyətdə olan əmlakın xeyli müddətdir ki, istifadəsiz qaldığını, həmin əmlakdan istifadə edilməsi, habelə onun icarəyə verilməsi təkliflərindən iddiaçının yayındığını, icarə haqqının iddiaçının payına düşən hissəsinin ona verilməsinə razı olduğunu, həmin payı ayırdığını bildirir və iddianın rədd edilməsini tələb edir.

24. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarını rəhbər tutub qeyd edir ki, iddia, habelə apellyasiya şikayəti üzrə irəli sürülmüş dəlillər mövcud vəziyyətdə cavabdehlər arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yaratmır.

25. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, mübahisələndirilən icarə müqaviləsi ilə onun predmetini təşkil edən əmlaka sərəncam verilməmiş, əmlak icarəçinin müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. İcarə öz hüquqi təbiətinə görə öhdəlik hüquq münasibəti xarakteri daşıdığından bu müqavilə icarəçinin həmin əmlaka əşya hüququnu yaratmamışdır.

26. İddiaçı xx.xx.2018-ci il tarixdən ümumi birgə mülkiyyətdə olan həmin əmlakın mülkiyyətçisidir. Bu mövqedən çıxış etsə də, icarəçinin həmin müqavilənin bağlanması ilə bağlı onun razılığının olmadığını bildiyini və ya bilməli olduğunu sübuta yetirə bilmir. İddiaçının icarə müqaviləsi üzrə müəyyən edilmiş 1.000 manat məbləğində icarə haqqının payına düşən hissəsini əldə etmək niyyəti də müəyyən edilmir. Halbuki, əmlakın digər mülkiyyətçisi olan cavabdeh icarə haqqının yarısının ona ödənilməsindən imtina etmir, əksinə onun payını ayırdığını bildirir. Eyni zamanda, iddiaçı mülkiyyətçi olduğu dövrdən etibarən bu əmlakdan daha səmərəli istifadə etmək, o cümlədən daha yüksək gəlir (fayda) əldə etmək üçün tədbirlər görməsi, bununla bağlı digər mülkiyyətçiyə təkliflər etməsi müəyyən edilmir. Nə birinci, nə də ki, apellyasiya instansiya məhkəməsində bu əmlakın daha yüksək qiymətə icarəyə verilməsinin mümkünlüyünü, habelə əmlakın real olaraq satmaq niyyətində olmasını, belə bir cəhd etməsini təsdiq edən hər hansı sübut da onun tərəfindən təqdim edilmir.

27. Bu baxımdan mövcud vəziyyətdə cavabdehlər arasında bağlanmış icarə müqaviləsi ilə iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilmir ki, müqavilənin etibarsız hesab edilməsi ilə həmin hüquq bərpa edilmiş olsun. Belə olan halda, bu müqavilənin etibarsız hesab edilməsi həm əmlakın digər mülkiyyətçisi olan Cavabdeh2, həm də icarəçi Cavabdeh1 hər hansı əsas olmadan yaranmış icarə münasibətlərindən faydalanmaq (gəlir əldə etmək) imkanından məhrum etməklə onların hüquqlarının pozulmasına səbəb olacaqdır.

28. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, alternativ faydalanmaq imkanlarının müəyyən edilmədiyi bir halda, hazırki iddianı irəli sürməklə və mövcud icarə münasibətlərindən faydalanmaq imkanından imtina etməklə iddiaçı özünün mülkiyyət hüququndan hər hansı əsas olmadan icarəçinin bu əmlaka yaranmış hüquqlarından (istifadə və sair) məhrum etmək, nəticə etibarı ilə ona, xüsusilə də əmlakın digər mülkiyyətçisi olan Cavabdeh2 ziyan vurmaq niyyəti ilə istifadə edir. Hüquqi nəticə etibarı ilə iddiaçı mövcud vəziyyətdə müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən (ümumiyyətlə pozulmayan) hüququn həyata keçirilməsini tələb edir ki, onun bu hərəkətləri də hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

29. Qeyd edilənlər öz növbəsində icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının dəlillərinin əsassız olduğunu təsdiq edir və onun bu tələbinin təmin edilməsini hüquqi baxımdan qeyri-mümkün edir.

30. Məhkəmə kollegiyası iddiaçının bu tələbinin əsas tələb olduğunu, onun təmin edilməməsi qənaətinə gəldiyini, iddia üzrə “icarəçinin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq ona təhvil verilməsi” tələbinin törəmə tələb olduğunu və törəmə tələbin təmin edilib-edilməməsinin də bilavasitə əsas tələbin təmin edilib-edilməməsindən asılı olduğunu nəzərə alıb, törəmə tələblərin də əsassız olması qənaətinə gəlir.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehlər arasında yaranmış icarə münasibətləri iddiaçının ümumi birgə mülkiyyətdə olan əmlakdan istifadə və sahiblik hüququna hər hansı qanunsuz və əsassız maneə yaratmış olmur. Bu da öz növbəsində onun bu tələbinin də rədd edilməsini şərtləndirir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3295/2024 nömrəli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar