Məhkəmə qərarları › İş №2(103)-7103/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7103/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7103/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3219/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən **-CS-*** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtomobilə dəymiş ziyana görə İ-MİC- 7450/20 saylı sığorta müqaviləsi və zərər aktına əsasən 1.884 (min səkkiz yüz səksən dörd) manat məbləğində sığorta ödənişi, ödənilmiş 38.84 (otuz səkkiz manat, səksən dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət xərci alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3219/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1.644 (min altı yüz qırx dörd) manat məbləğində sığorta ödənişi, ödənilmiş 38.84 (otuz səkkiz manat, səksən dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət xərci alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayəti mülki iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, avtomobilə dəymiş ziyan zərər aktına əsasən 1884 manat müəyyən olunmuşdur. Sığorta müqaviləsinə əsasən şərtsiz azadolma məbləği isə 100 manat müəyyən edilmişdir. Rayon məhkəməsinin hakimi isə səhvən şərtsiz azadolma məbləğini qətnamədə 240 manat olaraq qeyd edərək dəymiş ziyan məbləğindən (1884 manat) çıxmışdır. Halbuki sığorta müqaviləsində 240 manat sığorta haqqı olaraq göstərilmişdir. Şərtsiz azadolma məbləğinin 100 manat olması qətnamənin “müəyyən etdi” hissəsində də göstərilmişdir. Lakin hakim riyazi hesablamada səhvə yol verərək qətnamənin “qət etdi” hissəsində dəymiş ziyandan (1884 manat) 240 manat çıxmışdır. Halbuki dəymiş ziyandan (1884 manat) 100 manat şərtsiz azadolma məbləği çıxılmalı idi və mənim xeyrimə 1784 manat ( 1884 manat - 100 manat = 1784 manat) sığorta ödənişinin ödənilməsi haqqında qərar verilməli idi. Belə olan halda aydın olur ki, iddiaçı rayon məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının tətbiqində baş verən pozuntuya əsaslanmamış, sadəcə olaraq hesablamada səhv olduğunu qeyd etmiş və buna əsaslanıb apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda tərəf rayon məhkəməsinə apellyasiya şikayəti ilə deyil, hesabda baş vermiş səhvlərlə əlaqədar yanlışlıq qərardadının qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etməli idi. MPM-in 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilməli, apellyatora qətnamədə yanlışlığın aradan qaldırılması barədə ərizə ilə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nəsimi Rayon Məhkəməsinin 2(006)-3219/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-3219/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsində baş verən yanlışlığın aradan qaldırılması ilə bağlı ərizə ilə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. . Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar