Məhkəmə qərarları › İş №2(103)-7105/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7105/2021

28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7105/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Cavabdeh X3 nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-2202/2021 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən qanunsuz olaraq Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi döngə 2 ev 1 B (abonent kodu: **********00000) ünvanına hesablanmış 329,40 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi döngə 2 ev 1 B (abonent kodu: **********00000) ünvanında yaşayır. Həmin ünvanda Azəriqaz İB tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni smartkart tipli qaz sayğacı quraşdırılmışdır. Azəriqaz İB-nin işçiləri özləri sayğacın plombunu qırıb qaz sayğacını dəyişmişlər. Sonradan sayğacın hesablama mexanizminin göy plastmas örtüyünün üzərinə vurulan plombun rənginin hesablama mexanizminin göy örtüyünün rəngindən cüzi fərqli olması barədə akt tərtib olunmuşdur. Qaz sayğacı bayırda quraşdırıldığından o, qaz sayğacını yad müdaxilələrdən qoruya bilməz. Azəriqaz İB-nin əməkdaşları sayğacın plombunu özləri qırıb sayğacı dəyişmiş, amma ona sonradan müdaxiləyə görə akt tərtib edib 329,40 manat borc yazmışlar. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-2202/2021 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş X3 İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 329,40 manat borcun silinmiş və X2 dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulmuşdur. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaların böyük əksəriyyətində qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması “Azəriqaz”İB-nin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil, təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılamsının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş 30.07.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilən zaman sayğacın hesablama mexanizminin göy plastmas örtüyünün üzərinə vurulan plombun rənginin hesablama mexanizminin qoruyucu örtüyünün rəngindən cuzi fərqli olması aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan X3 30.07.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 30.07.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 10 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 3294 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Azəriqaz İB-nin tərtib etdiyi 26.01.2021-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı 329,40 manat borc vardır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 329,40 manat borc hesablamışdır. Ona görə də iddia ərizəsi əsaslıdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 329,40 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə) Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan Kollegiya bildirir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi Aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə olan halda kollegiya akta əsasən hesablanmış 329.40 manat borcun tələb edilməsini əsaslı hesab etmir. MPM-nin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. MPM-nin 404-1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-2202/2021 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar