Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7107/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X2, Cavabdeh1 BOKT QSC və Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 BOKT QSC, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” haqqında ilkin, Cavabdeh1 BOKT QSC-nin İddiaçı qarşı “kredit borcunun qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə arasında bağlanılmış xx.xx.2014cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə borclu olması barədə qeydin Cavabdeh3 silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 BOKT QSC, qarşılıqlı iddia verərək, İddiaçı əsas borc üzrə 1.005.037 manat, faiz borcu üzrə 127.304,69 manat olmaqla, cəmi 1.132.341,69 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilkin iddia və qarşılıqlı iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın rədd olunması hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən götürülmüş pulun qaytarılmasına görə qanuni qüvvəsini almış məhkəmə hökmü ilə X4 və X5 öhdəlik daşıyırlar. Həmin hökmdən sonra onun kredit reyestrində sözügedən kredit müqaviləsinə görə borclu kimi göstərilməsi hüquqi baxımından mümkün deyil. Rayon məhkəməsi isə maddi və prosessual hüquq normlarını pozmuş, iş üçün əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır. Cavabdeh1 BOKT QSC də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi MPM-in 14.1-ci maddəsinin tələblərini pozmaqla işə baxmışdır. Belə ki, işdən göründür ki, İddiaçı həmin cinayət iş üzrə zərərçəkmiş kimi deyil, şahid qismində iştirak etməsi sübut olunmuş, onun adına yazılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qarşılıqlı iddia tələbində göstərilən məbləğdə kredit borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili, özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, Cavabdeh1 BOKT QSC-nin şikayətinin isə rədd olunmasını xahiş etdilər. Cavabdeh1 BOKT QSC-nin, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi isə, öz apellyasiya şikayətlərini müdafiə edərək, onun təmin, İddiaçı şikayətin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı şikayəti təmin, Cavabdeh1 BOKT QSC-nin şikayəti isə rədd olunmalıdır. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11355 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 12% dərəcəsi ilə 60 ay müddətinə 1.005.037 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş və həmin tarixli kassa-məxaric orderinə əsasən, İddiaçı Bankdan 1.000.036 manat pul götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dəymiş ümumilikdə 211.549.433 manat maddi ziyanla bağlı qaldırılmış mülki iddia qismən təmin edilmişdir. Hökmdə qeyd olunmuşdur ki, ...“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin göstərişi əsasında müxtəlif vaxtlarda və tarixlərdə 37 nəfər işçisinin adlarına ümumilikdə 29.713.191,52 manat məbləğində kredit rəsmiləşdirilmişdir. ...Bankın “Nəqliyyat” filialından fiziki şəxs İddiaçı verilmiş kredit vəsaiti üzrə kreditin tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, verilmiş kreditin şərtləri müəyyən edilmədən kreditin rəsmiləşdirilməsi həyata keçirildiyinə görə və istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərildiyi kimi pul vəsaitinin Bank tərəfindən İddiaçı adına açılmış kredit üzrə əməliyyatların qeyri-qanuni olaraq həyata keçirildiyi nəzərə alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə vurulmuş ziyanın məbləği azərbaycan manatında açılmış kredit üzrə 1.000.036,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh1 QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair SFK-28 nömrəli, xx.xx.2017-ci il tarixli aktda, eyni zamanda, Cavabdeh3 MMC-nin xx.xx.2019-cu il tarixli, SF-115 saylı Cavabdeh3 çıxarışda isə, İddiaçı qarşılıqlı iddia tələbində qeyd olunan məbləğlərdə borcunun olduğu göstərilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarxili kredit müqaviləsi üzrə İddiaçı adına açılmış kredit üzrə əməliyyatların qeyri-qanuni olaraq həyata keçirildiyi, həmin kredit məbləğinin onun tərəfindən götürülmədiyi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təsdiqlənmişdir. Odur ki, bu hal tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh1 BOKT QSC isə, sözügedən kredit müqaviləsi üzrə tələbdə qeyd olunan məbləğlərdə borcun İddiaçı tutulmasını tələb etsə də, nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016cı il tarixli qərarları). Belə olan halda, Kollegiya, Cavabdeh1 BOKT QSC-nin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin rədd olunması barədə qənaətini əsaslı sayır. Bununla belə, Kollegiya, İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və yuxarıda göstərilən halları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında tərtib edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsi qarşılıqlı hüquq və öhdəlik yaratmağa yönəlmiş iradə ifadələri olmamaqla, görünüş üçün bağlanmış uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Birinci instansiya məhkəməsi isə ilkin iddianı rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin faktiki hallarından aydın olur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasındakı kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Eyni zamanda, qeyd edilən kredit müqaviləsi bağlanan zaman İddiaçı, "xxxxxxxxxxxxxxx" MMC-də mühafizəçi işləyirmiş və cəmiyyətin rəhbəri İbrahim Hüseynovun göstərişinə əsasən o da daxil olmaqla bir neçə işçi Bankıın “Nəqliyyat” filialına gedərək şəxsiyyət vəsiqəsini verib bilmədiyi bəzi sənədlərə qol çəkmişdir. Sonradan o, istintaqa çağırılanda bilmişdir ki, imza çəkmiş olduğu sənədlər 1.005.037 manat məbləğində kredit müqaviləsidir. Göründüyü kimi, ilkin iddiaçı imza çəkdiyi sənədlərin kredit müqaviləsi olmasını cinayət işinin istintaqı zamanı bilmiş, həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü isə xx.xx.2016-cı il tarixdə çıxarılmışdır. İlkin iddiaçı isə kredit müqaviləsinin etibarsızlığı barədə iddianı qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürməklə vermişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən isə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, həmin müddət əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmuş müddətdir. Çünki, əhəmiyyətsiz əqdlər məhkəmədə iddia qaldırmadan özü-özlüyündə etibarsız olan əqdlərdir (MM, maddə 337.3). Yuxarıda qeyd edildiyi kimi, belə əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürməyə gərək yoxdur. İddia irəli sürməyə ehtiyac olmadığı halda, belə tələb üçün müddət də nəzərdə tutulmaz. Odur ki, həmin müddəa əvəzedilən əşyaların verilməsi nəticəsində müqavilənin qarşı tərəfi əsassız varlandığı halda əqdin etibarsızlığının nəticələrinin tətbiqinə (pul və ya digər əvəzedilən əşyaların geri qaytarılmasına) dair iddia müddətidir. Çünki, bu xarakterli əşyalar əqdin qarşı tərəfinə verildiyi andan təqdim edənin onlar üzərindəki mülkiyyət hüququ aradan qalxır, əldə edənin mülkiyyətinə keçir. Əşyanın keçməsinin hüquqi əsası olmadığı (əqd əhəmiyyətsiz olduğu) üçün əldə edən əsassız varlanmış sayılır. Bu səbəbdən, belə tələblərə “mülkiyyətin müdafiəsinə iddia müddəti tətbiq olunmaz” qaydası nəzərə alınmır və qanunverici bir illik müddət müəyyən edir. Kollegiya onu da vurğulayır ki, baxılan iş üzrə mübahisə predmeti olan xx.xx.2014cü il tarixli kredit müqaviləsi uydurma əqd olduğu üçün əqdin etibarsızlığının nəticələrinin tətbiqinə dair Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi mümkün deyil. Eyni zamanda, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət kəsici müddət yox, iddia müddətidir. Çünki, etibarsız əqd üzrə icra hərəkətləri nəticəsində əsassız varlanma halı yarandığı təqdirdə tələb hüququ əmələ gəlir ki, bu hüquqa tətbiq olunan müddət iddia müddətidir. İddia müddətinin ötürülmüş olmasını isə məhkəmələr öz-özlüyündə nəzərə ala bilməzlər. Belə ki, Mülki Məcəllənin 375.1-ci və 375.2-ci maddələrinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə işdə isə ilkin iddia üzrə cavabdehlərdən heç birinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi yoxdur. Belə olan halda, rayon məhkəməsinin bu müddəti kəsici müddət hesab edib, öz təşəbbüsü ilə tətbiq etməsi qanunsuz olmuşdur. Kollegiya, ilkin iddianın “İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə borclu olması barədə qeydin Cavabdeh3 silinməsi” hissəsinə münasibətdə isə bildirir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC qarşısında borc öhdəliyinin olmamasına baxmayaraq, İddiaçı adına hesablanmış borcun silinməsindən cavabdehlərin imtinası, onun hüquqlarını əsassız şəkildə məhdudlaşdıran hüquqdan sui-istifadədir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu, yaxud qorunmağa layiq əsaslı mənafeyi olmadığı halda hüququnu həyata keçirməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz. Hazırkı işdə ilkin iddia üzrə cavabdehlərin qanuni qüvvəsini almış məhkəmə hökmü ilə İddiaçı bank qarşısında borc öhdəliyinin olmamasının təsdiqlənməsinə baxmayaraq, sonuncunun adına hesablanmış borcun silinməsindən imtina etməkdə qorunmağa layiq haqlı mənafeyi yoxdur. Başqa sözlə, cavabdehlərin bu hərkətsizliyi qanunla qadağan edilməklə yolverilməz sayılır. Məhkəmə, hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.3-cü maddələrinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və ya müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsihüquqdan hüquqdan sui-istifadədir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd olunması hissəsində ləğv olunaraq, ilkin iddia təmin edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 BOKT QSC-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-969/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilkin iddianın rədd olunması hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilsin. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 11355 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə 1.132.341,69 manat borcunun olması barədə qeyd Cavabdeh3 silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7107/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7107/2020
30.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver