Məhkəmə qərarları › İş №2(103)-7110/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7110/2025

05.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7110/2025 05.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti, "V.Y.Axundov Adına X1 İnstitutu" publik hüquqi şəxsi və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1108/2025 nömrəli qətnaməsindən maraqlı şəxs "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, faciəli surətdə dünyasını dəyişmiş mərhum şəhid həkimterapevt X2 istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişinin ailəsi tərəfindən alınması üçün onun məhz peşəsi ilə məşğul olduğu vaxt (ezamiyyətdə olduğu zaman) kəskin peşə xəstəliyinə tutularaq, sağlamlığının qəflətən və kəskin pozulmasını nəzərə alaraq, bu ölüm hadisəsinin istehsalatda baş verən bədbəxt hadisə olması barədə məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 1108/2025 nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) ərizə qismən təmin edilmiş, 21 may 1965-ci il təvəllüdlü X2 22 iyul 2020-ci il tarixdə Bakı şəhərində peşə xəstəliyi (COVİD-19) nəticəsində vəfat etməsi faktının müəyyən edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

3. Həmin qətnamədən maraqlı şəxs "xxxx" Sığorta Şirkəti ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-7110/2025 nömrəli qərardad qəbul edilmişdir.

4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1108/2025 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduğundan mülki işin Xətai Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-7110/2025 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.

7. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-7110/2025 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1108/2025 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar