Məhkəmə qərarları › İş №2(103)-5119/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5119/2023

08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5119/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 və SOCAR-ın Nəqliyyat idarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti olmaqla, məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə X1 ölümü ilə nəticələnən hadisənin istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsini xahiş etmişdir.

2. Ərizənin məzmunu ondan ibarətdir ki, ərizəçinin bildirdiyinə əsasən onu həyat yoldaşı X2 rəsmi olaraq ezamiyyətdə olduğu və işə gedərkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi istehsalatda baş verən bədbəxt hadisə kimi araşdırılmalı və bununla əlaqədar İZ firmalı akt tərtib edilməli idi. Lakin, bədbəxt hadisə ilə əlaqədar işəgöteürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilməmişdir.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (X6) ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 və SOCAR-ın Nəqliyyat idarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti olmaqla, xx.xx.2022-ci il tarixdə X1 ölümü ilə nəticələnən hadisənin istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmışdır.

4. Bundan sonra həmin qərardaddan ərizəçinin verdiyi şikayət Məhkəmənin eyni saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, rayon məhkəməsi qeyd etdiyi kimi, ərizəyə əlavə edilmiş SOCAR-ın Nəqliyyat idarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin sorğuya cavab məktubundan müəyyən edilir ki, idarənin maşinisti mərhum X2 "xxxx" MMC-nin M10\001 saylı, xx.xx.2022ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istehsal zərurəti ilə əlaqədar Biləsuvar rayonuna ezam olunmuş, baş vermiş hadisə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 hadisənin araşdırılması üçün məlumat verilmiş, X4 tərəfindən cavab olaraq bildirilmişdir ki, baş vermiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş stehsalatda baş verən bədbəxt hadisənin təhqiqi və uçota alınması qaydalarının 1.2-ci bəndində göstərilən hallara uyğun olmadığından hadisə təhqiq edilmir. Başqa sözlə, ərizəçi hazırkı xahişlə müvafiq orqana müraciət etmiş, orqan ərizəçinin xahişini qanunvericiliyə zidd hesab etmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

10. Kollegiya qeyd edir ki, hazırkı işdə ərizəçinin eyni xahişinə inzibati orqan tərəfindən imtina verilmişdir. Belə olan halda, eyni halın hüquq əhəmiyyətli hal kimi təsdiq edilməsi barədə mülki mühakimə icraatı qaydasında müraciət edilməsi yolverilməzdir.

11. Birinci instansiya məhkəməsi tərəfindən ərizəçiyə inzibati orqanın imtina cavabından inzibati məhkəməyə müraciət etməsi bildirilmişdir.

12. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

14. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

15. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

16. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar