Məhkəmə qərarları › İş №2(3-9)-151/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-151/2026

22.04.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-151/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi nümayəndə1, Maraqlı şəxslər maraqlı şəxs3, həmçinin AR DNŞ-nin “X4” trestinin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Ərizəçi Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.1966-cı il təvəllüdlü X8 ##.##.2025-ci il tarixdə vəfat etməsinin istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, X8 onun həyat yoldaşıdır. Mərhum həyat yoldaşı X8 04.02.2014cü il tarixdə “SOCAR”-ın KQIT-nin X9 ** saylı briqadasında böyük mexanik vəzifəsində işə qəbul olunmuşdur. ## ##### 2025-ci il tarixdə, saat 10 radələrində “SOCAR X4 X10 Bölümü” ndə böyük müxanik vəzifəsində işləyən ##.##.1966-cı il təvəllüdlü X8, qazmaçı köməkçisi vəzifəsinə işləyən ##.##.1962-ci il təvəllüdlü X2, maşınçı vəzifəsində işləyən ##.##.1970-ci il təvəllüdlü X1 idarə etdiyi göy rəngli “VAZ 21074" markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedərkən Şabran rayonu Xəlfələr kəndi ərazisində hərəkətdə olan zaman yağış sularının normadan artıq yağması və Şabran çayının Xəlfələr kəndi ərazisindən keçən hissəsinin daşaraq quru asfalt örtüyünün yağış suları altında qalması nəticəsində həmin nəqliyyat vasitəsi çaya aşmış, X1 olduğu yer müəyyən edilərək Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, X8 və X2 isə meyitləri aşkar edilmişdir. Hadisə baş verən zaman “SOCAR”-ın KQIT-nin X9 Siyəzən sahəsinin Zağlı-Zeyvə sahəsi, **** saylı buruğun işçilərinin 2025-ci ilin aprel ayı qrafikindən görünür ki, X1, X8 və X2 ##.##.2025-ci il tarixdən etibarən növbədə olmuşlar. Baş vermiş bədbəxt hadisə ilə əlaqədar Şabran rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, ## ##### 2025-ci il tarixdə, saat 10 radələrində “SOCAR X4 X10 Bölümü” nün ** saylı briqadasında böyük mexanik vəzifəsində işləyən Sabirabad rayon sakini ##.##.1966-cı il təvəllüdlü X8, həmin Bölümün * saylı briqadasında neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi vəzifəsində işləyən Salyan rayon sakini ##.##.1962-ci il təvəllüdlü X2, ** saylı briqadada qazma qurğusunun maşinisti vəzifəsində işləyən Neftçala rayon sakini ##.##.1970-ci il təvəllüdlü X1 idarə etdiyi göy rəngli “VAZ21074” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedərkən Şabran rayonu Xəlfələr kəndi ərazisində hərəkətdə olan zaman yağış sularının normadan artıq yağması və Şabran çayının Xəlfələr kəndi ərazisindən keçən hissəsinin daşaraq quru asfalt örtüyünün yağış suları altında qalması nəticəsində həmin nəqliyyat vasitəsi çaya aşmış, nəticədə X1 hər iki ayağın üst və alt səthinin 1-2-ci dərəcəli donması və hər iki baldır nahiyəsinin qançırları və sıyrılmış yaraları ilə müşayiət edilən yüngül dərəcəli bədən xəsarəti almış, X8 hər iki baldır nahiyələrinin və sağ əlin 3-4-cü barmaqlarının çoxsaylı qançırlarından ibarət bədən xəsarətləri, X2 isə sağ bud nahiyəsinin qançırları və sağ əlin 1-4-cü barmaqlarının çoxsaylı sıyrıqlarından ibarət bədən xəsarətləri ilə müşayiət edilən tənəffüs yollarının maye ilə tutulması nəticəsində baş verən mexaniki asfiksiya-suda boğulma nəticəsində ölmüşlər. Odur ki, aparılmış araşdırma nəticəsində ## ##### 2025-ci il tarixdə X1 yüngül dərəcəli bədən xəsarəti alması, habelə X8 və X2 ölümü ilə nəticələnən hadisə ilə əlaqədar toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. O, mərhum həyat yoldaşı X8 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etdiyindən sığorta ödənişinin verilməsini xahiş etsə də SOCAR-dan onun müraciətinə cavab olaraq bildirmişlər ki, “mərhum həyat yoldaşınız X8 vəfatı istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilmədiyi üçün sığortaçı tərəfindən sığorta ödənişi verilməsi nəzərdə tutulmamışdır.” Baş vermiş bədbəxt hadisə ilə əlaqədar Şabran rayon prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mərhum həyat yoldaşı X8 ölümü iş vaxtı, yəni işə gedərkən baş vermişdir. Ona görə də mərhum həyat yoldaşı X8 ölümü istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilməlidir. Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim: Aydan Məmmədli) ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışında iştirak edən ərizəçinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən maraqlı şəxslər maraqlı şəxs3, həmçinin AR DNŞ-nin “X4” trestinin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 387.2.-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti araşdıraraq, təqdim olunmuş sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət verməklə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Ilk olaraq qeyd edilməlidir ki, MPM-in normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki,hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə irəli sürülmüş tələbin mülki məhkəmə icraatı qaydasında baxılması yolverilən tələb olmamışdır. Iş materiallarından müəyyən olunur ki, ərizəçi məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X8 ölümünün istehsalatda baş vermiş bədbəxt hadisə faktı kimi müəyyən edilməsini xahiş etmişdir. Ərizənin məzmunu və əsaslandırılmasından aydın olur ki, bu tələbin irəli sürülməsində əsas məqsəd həmin hadisənin istehsalatla əlaqəli hesab olunması yolu ilə müvafiq sığorta ödənişinin əldə edilməsidir. Birinci instansiya məhkəməsi ərizəyə maiyyəti üzrə baxaraq təmin etməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə tərəfindən iş üzrə düzgün prosessual yanaşma seçilməmişdir. Belə ki, işin mahiyyəti üzrə müəyyən olunur ki, irəli sürülmüş tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələblər kateqoriyasına aid deyildir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir ki, bu da prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Kollegiya qeyd edir ki, hazırkı halda məhkəmə tərəfindən ərizənin təmin edilib-edilməməsi məsələsinin həllinə keçilməzdən əvvəl ilkin olaraq iş üzrə icraatın mümkünlüyü, yəni mübahisənin mülki məhkəmə icraatına aidiyyəti məsələsi araşdırılmalı idi. Çünki prosessual hüququn ümumi prinsiplərinə görə məhkəmə hər hansı iş üzrə mahiyyəti üzrə baxışa yalnız o halda keçə bilər ki, həmin işin məhz seçilmiş məhkəmə icraatı formasında baxılması qanunvericiliklə yolverilən olsun. Əks yanaşma, yəni aidiyyət və yolverilənlik məsələləri araşdırılmadan işin mahiyyəti üzrə baxılması prosessual qənaət prinsipinə, eləcə də hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinə zidd olmaqla məhkəmə fəaliyyətinin düzgün həyata keçirilməsini istisna edir. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi institutu mübahisəsiz icraat növü kimi yalnız subsidiar xarakter daşıyır və bu institutun tətbiqi yalnız o hallarla məhdudlaşır ki, ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməsin və ya belə sənədlərin bərpası mümkün olmasın. Əgər hüquq münasibəti üzrə artıq səlahiyyətli orqan tərəfindən araşdırma aparılmış və müvafiq hüquqi qiymətləndirmə verilmişdirsə, bu halda həmin qiymətləndirmənin düzgünlüyü ilə bağlı yaranan narazılıq hüquqi faktın müəyyən edilməsi qaydasında deyil, mübahisə icraatı və ya inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mahiyyəti üzrə baxılması üçün zəruri olan prosessual ilkin şərtlər araşdırılmamış, xüsusilə də işin mülki məhkəmə icraatına aidiyyəti və tələbin yolverilənliyi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir. Halbuki işin faktiki halları göstərir ki, ərizəçinin irəli sürdüyü tələb mübahisəli hüquq münasibətindən irəli gəlir və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi predmetinə daxil deyildir. Belə olan halda məhkəmə tərəfindən işə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilən olmamışdır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin imperativ tələbinə uyğun olaraq iş üzrə icraata xitam verilməli idi. Birinci instansiya məhkəməsi bu prosessual normanın tətbiqindən yayınaraq işə mahiyyəti üzrə baxmış, bununla da prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Kollegiya ilk növbədə mübahisənin hüquqi mahiyyətinin düzgün müəyyən edilməsini zəruri hesab edir. Çünki işin düzgün hüquqi qiymətləndirməsi tətbiq ediləcək hüquq normalarının seçilməsini və nəticə etibarilə qəbul ediləcək məhkəmə aktının qanuniliyini müəyyən edir. Ərizəçi tərəfindən irəli sürülmüş tələb formal olaraq hüquqi əhəmiyyəti olan faktın, yəni istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi kimi təqdim edilmişdir. Lakin işin faktiki halları və ərizənin məzmunu göstərir ki, ərizəçi əslində mövcud faktın “müəyyən edilməsinə” deyil, həmin faktın hüquqi qiymətləndirilməsinə və artıq səlahiyyətli orqan tərəfindən verilmiş qiymətləndirmənin dəyişdirilməsinə nail olmağa çalışır. Belə ki, ərizəçinin məqsədi konkret olaraq hadisənin istehsalatla əlaqəli sayılması və bunun nəticəsində sığorta ödənişi hüququnun əldə edilməsidir. Bu isə artıq hüquqi faktın müəyyən edilməsi deyil, maddi hüquq münasibətindən irəli gələn mübahisənin həllinə yönəlmiş tələbdir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları yalnız o hallarda müəyyən edir ki, həmin faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olsun. MPM-nin 307.2.7-ci maddəsində isə bədbəxt hadisə faktının müəyyən edilməsi üzrə işlərə baxılması nəzərdə tutulmuşdur. Lakin bu normalar sistemli şəkildə MPM-nin 308-ci maddəsi ilə birlikdə tətbiq edilməlidir. Həmin maddəyə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları yalnız o halda müəyyən edə bilər ki, ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməsin və ya belə sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 1.2-ci bəndinə məhkəmələrə izah olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.7-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyətli faktın - yəni bədbəxt hadisə faktının müəyyən edilməsi ilə əlaqədar işlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209-cu maddəsinin 1-ci hissəsinin 13 və 14-cü abzaslarının, eləcə də 217-ci maddəsinin və digər normativ hüquqi aktların tələbləri əsas götürülməlidir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, bədbəxt hadisə faktını o halda müəyyən edə bilərlər ki, ərizəçi həmin faktı təsdiq edən sənədi (təhqiqat aktını) başqa qaydada ala bilməsin və yaxud belə sənədi itirdiyindən onun bərpası mümkün olmasın. Kollegiya qeyd edir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi institutu öz hüquqi təbiətinə görə subsidiar xarakter daşıyır. Yəni bu institut yalnız o hallarda tətbiq olunur ki, müvafiq hüquqi faktın müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər prosedurlar mövcud olmasın və ya həmin prosedurlar obyektiv səbəblərdən həyata keçirilə bilməsin. Bədbəxt hadisələrin istehsalatla əlaqəliliyinin müəyyən edilməsi xüsusi hüquqi prosedur çərçivəsində həyata keçirilir. Bu sahədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209-cu maddəsinin 1-ci hissəsinin 13 və 14-cü abzasları, 217-ci maddəsi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” tətbiq olunur . Həmin normativ aktlar istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması, onların səbəblərinin müəyyən edilməsi, hüquqi qiymət verilməsi və nəticələrin rəsmiləşdirilməsi üçün xüsusi mexanizm müəyyən edir. Bu mexanizm çərçivəsində müvafiq dövlət orqanları tərəfindən araşdırma aparılır və nəticə etibarilə hadisənin istehsalatla əlaqəli olub-olmaması barədə qərar qəbul edilir. Iş materiallarından müəyyən olunur ki, mərhumun ölümü ilə bağlı müvafiq dövlət orqanı tərəfindən araşdırma aparılmış və nəticə olaraq hadisənin istehsalatla əlaqəli olmadığı müəyyən edilmişdir. Bununla artıq sübut olunur ki, ərizəçinin istinad etdiyi fakt üzrə araşdırma aparılmışdır, zəruri sənədlər mövcuddur və həmin sənədlər əsasında hüquqi nəticə çıxarılmışdır. Belə olan halda, ərizəçinin məhkəməyə müraciəti faktın müəyyən edilməsinin mümkünsüzlüyü ilə deyil, həmin fakt üzrə verilmiş hüquqi qiymətləndirmə ilə razılaşmaması ilə bağlıdır ki, bu hal artıq hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi institutu çərçivəsində deyil, mübahisəli hüquq münasibətinin həlli qaydasında baxılmalı olan məsələdir. MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş əsas şərt, yəni faktı təsdiq edən sənədin başqa qaydada əldə edilməsinin mümkünsüzlüyü hazırkı işdə mövcud deyildir. Əksinə, iş materialları göstərir ki, müvafiq sənədlər mövcuddur və həmin sənədlər əsasında dövlət orqanı tərəfindən hüquqi mövqe formalaşdırılmışdır. Beləliklə, ərizəçinin seçdiyi müdafiə üsulu qanunvericiliyin tələblərinə uyğun deyildir və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qaydasında baxılması yolverilən hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda məhkəmə iş üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə tam hüquqlu məhkəmə kimi baxır və iş üzrə təqdim olunmuş sübutları yenidən araşdırmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Lakin mübahisənin predmeti bölünməz xarakter daşıdıqda məhkəmə qətnaməni tam həcmdə yoxlamaq səlahiyyətinə malikdir. MPM-in 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına əməl edib-etmədiyini yoxlamalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti məsələsi düzgün müəyyən edilməmiş və nəticədə işə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Apellyasiya instansiyası məhkəməsi MPM-in 372.1-ci maddəsinə uyğun olaraq işə tam hüquqlu məhkəmə kimi baxaraq, iş üzrə mövcud olan və əlavə təqdim edilmiş sübutları hərtərəfli araşdırmışdır. MPM-in 372.6-cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə, eyni zamanda mübahisənin predmeti bölünməz xarakter daşıdığından tam həcmdə yoxlanılmışdır. Bununla yanaşı, MPM-in 372.7-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına əməl edib-etmədiyi ayrıca qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, ərizəçiyə izah olunmalıdır ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi institutu mübahisəli hüquq münasibətlərinin həlli üçün nəzərdə tutulmamışdır. Ərizəçi hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada, o cümlədən müvafiq inzibati orqanın qərarından inzibati məhkəmə icraatı qaydasında şikayət vermək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 391-ci və 400, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Ərizəçi “##.##.1966-cı il təvəllüdlü X8 ##.##.2025-ci il tarixdə vəfat etməsinin istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar