Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7149/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun xx.xx.2006-cı il tarixində xidmətdə xəsarət alması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsasnamənin 11-ci bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab verən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müddətli müqavilə əsasında qəbul edilə bilərlər. Müddətli müqavilənin forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir “Polis haqqında” Qanunun 1-ci maddəsinə əsasən polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenum Qərarının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.7-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyətli faktın - yəni bədbəxt hadisə faktının müəyyən edilməsi ilə əlaqədar işlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209-cu maddəsinin 1-ci hissəsinin 13 və 14-cü abzaslarının, eləcə də 217-ci maddəsinin və digər normativ hüquqi aktların tələbləri əsas götürülməlidir. X1 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, bədbəxt hadisə faktını o halda müəyyən edə bilərlər ki, ərizəçi həmin faktı təsdiq edən sənədi (təhqiqat aktını) başqa qaydada ala bilməsin və yaxud belə sənədi itirdiyindən onun bərpası mümkün olmasın. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 1.8-ci bəndində qeyd edilmişdir ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Həmin Qərarın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Ərizədən aydın olur ki, ərizəçi inzibati orqan olan Bakı Metropoliteninin Polis Şöbəsində xidmət edərkən xəsarət aldığını müəyyən edilməsini xahiş etmişdir. Halbuki ərizəçi barəsində İZ formalı aktın tərtib edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu məhkəmə tərəfindən geri qaytarılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:**********) özünə qaytarılsın. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər Ərizəçi rəsmi qaydada verilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-7149/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:00-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 11:15-də qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7149/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7149/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver