Məhkəmə qərarları › İş №2(103)-7119/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7119/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7119/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəf olan fiziki şəxslərin özlərinin və iş üzrə cavabdehlərdən biri olan MMC-nin nümayəndəsi X4 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin predmeti olan və ünvan 1 ünvanda MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 14 saylı mənzilə dair cavabdeh MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-yə ödədiyi pul vəsaitinin MMC-dən alınaraq Cavabdeh2 qaytarılması, həmin mənzilə onun (iddiaçının) sahiblik və istifadə hüququnun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən ünvanda inşa edilmiş 20 saylı yaşayış binası MMC tərəfindən inşa edilmişdir. Həmin binanın 2-ci mərtəbəsində yerləşən 14 saylı (mübahisəli) mənzil uzun illərdir ki, iddiaçının sahiblik və istifadəsindədir. Mənzil cavabdeh MMC tərəfindən iddiaçıya təxminən 10 il bundan təhvil verilmiş və iddiaçı mənzili təmir etdirərək, ailəsi ilə birlikdə mənzildə yaşayır, baxmayaraq ki, mənzilə dair müqavilə iddiaçı ilə MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və mənzilin dəyərinin ödənilməsi barədə MMC tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya "xxxx" verilmişdir. Belə ki, həmin mənzil əvvəldən faktiki olaraq iddiaçının olsa da, iddiaçı həmin vaxt MMC ilə öz adından müqavilə bağlamış, MMC ilə müqaviləni xx.xx.2011-ci il tarixdə iddiaçının qohumu X3 bağlamışdır. İddiaçı mənzilin dəyərini MMC-yə ödəmiş və bununla bağlı MMC tərəfindən Ramin İsmayılovun adına, MMC-nin təsisçisi X1 imzası ilə təsdiqlənmiş xx.xx.2011-ci il tarixli "xxxx" verilmişdir. Bunlara baxmayaraq, Cavabdeh2, onunla MMC arasında guya xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsaslanaraq mənzilin ona məxsus olduğunu bildirir və iddiaçıya, habelə iddiaçının qohumu Ramin İsmayılova qarşı müxtəlif iddialar irəli sürmüşdür. İddiaçı qeyd edir ki, o, onun özü və qohumu Ramin İsmayılov ilə bağlı mülki işlərin baxılmasında (cavabdeh və ya Ramin İsmayılovun nümayəndəsi qismində) iştirak etsə də mənzilə dair hüquqlarının yaranmasını təsdiq edən müqavilələri və digər sübutları məhkəmələrə onun hüquqi savadı olmadığından təqdim etməmişdir. Buna görə də, Cavabdeh2 həmin iddiaların baxılması zamanı məhkəmələr onun (hazırki iş üzrə iddiaçının) və Ramin İsmayılovun mübahisəli mənzildən çıxarılmasını qət etmişlər. Buna baxmayaraq Cavabdeh2 mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması barədə təbi rədd edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh2 mənzil üzərində sahiblik və istifadə hüquqları yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh MMC-nin təsisçisi olan sabiq sədri X1 və başqalarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313 və sair maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli hökmü (İş № 1(101)-65/2014) ilə müəyyən edilmişdir ki, mənzil hazırki iş üzrə iddiaçıya məxsusdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona məxsus mənzilə dair cavabdeh MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə etibarsız hesab edilməli, həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-yə ödədiyi pul vəsaiti MMC-dən alınaraq Cavabdeh2 qaytarılmalı, həmin mənzilə onun (iddiaçının) sahiblik və istifadə hüququnun tanınması vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır.

b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə iddianın “mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-yə ödədiyi pul vəsaitinin MMC-dən alınaraq Cavabdeh2 qaytarılması” hissəsi üzrə işin icraatına xitam vermişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddianın qeyd edilən hissəsi başqa mülki işin baxışı predmeti olmuş, həmin iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həmin tələbə artıq hüquqi qiymət verilmişdir.

4. Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qalan hissəsinin, yəni “mübahisəli mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə” hissəsinin təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə qətnamələri ilə mübahisəli mənzilin Cavabdeh2 verilməsi, habelə iddiaçının həmin mənzildən çıxarılması qət edilmişdir.

c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh MMC-nin rəhbərliyi və əməkdaşları barədə istintaq hərəkətləri aparılarkən Cavabdeh2 cinayət işi üzrə cəlb olunmamış, mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Cavabdeh2 istintaq hərəkətlərində bilərəkdən iştirak etməmiş və onda olan sənədləri təqdim etməmişdir. Mülki mübahisələr Cavabdeh2 ilə iddiaçının qohumu İddiaçı arasında baş vermişdir. Lakin müqavilə tərəfi olan MMC məhkəmə araşdırılmasına cəlb edilməmiş və nəticədə xx.xx.2019-cu il tarixli müqavilənin mövcudluğu və onun əsasında mübahisəli mənzildə ailə üzvləri ilə yaşamağına baxmayaraq hüquqi qiymət verilməmişdir. Cavabdeh2 heç vaxt həmin mənzilə gəlməmişdir. Rayon Məhkəməsi digər mülki işlər üzrə qəbul edilmiş qətnamələri ilə müəyyən edilmiş halları hazırki mülki iş üzrə mübahisəsiz sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2019cu il tarixdə mənzilə dair müqavilənin bağlanması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun xx.xx.2016-cı il tarixli məktubuna əsasən təsdiq olunur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, Rayon Məhkəməsinin istinad etdiyi və digər mülki işlər üzrə qəbul edilmiş qətnamələr ilə mənzil üzərində Cavabdeh2 sahiblik və istifadə hüquqları tanınmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu da nəzərə almamışdır.

d) apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

6. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

7. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin və iddia ərizəsinin əsaslı, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin isə əsassız olduğunu bildirdi. MMC-nin nümayəndəsi Məhkəməyə verdiyi izahatında göstərdi ki, mübahisəli mənzil 2012-ci ildə iddiaçıya satılmışdır. Həmin vaxtdan iddiaçı mənzili təmir edərək, ailə üzvləri ilə birlikdə orada yaşayır. Lakin buna baxmayaraq onunla müqavilə MMC-yə yeni direktor təyin edildikdən sonra, yəni 2019-cu ildə bağlanmışdır. MMC-nin əvvəlki rəhbərliyinin Cavabdeh2la mübahisəli mənzilə görə 2005-ci ildə hansı əsasa görə müqavilə bağlanması barədə MMC-nin hazırki rəhbərliyin məlumatı yoxdur. Cavabdeh2la iddiaçının qohumu İddiaçı arasında olmuş əvvəlki məhkəmə işlərindən MMC-nin məlumatı olmamış, həmin işlərin baxılması zamanı MMC işə cəlb olunmamışdır. Halbuki həmin işlər MMC-nin maraqlarına toxunurdu. Göstərilənlərə əsasən MMC hesab edir ki, hazırki iş üzrə iddiaçının mövqeyi haqlıdır.

8. Apellyasiya baxışı iclasında iştirak edən digər Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. O, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisənin predmeti olan mənzili, MMC ilə xx.xx.2005-ci il tarixdə müqavilə bağlamaqla və mənzilin tam dəyərini MMC-yə hissə-hissə ödəməklə almışdır. Lakin MMC iddiaçı ilə əlbir olaraq mənzili iddiaçıya təhvil vermişdir. Uzun surən məhkəmə çəkişmələri nəticəsində məhkəmələr müəyyən etmişlər ki, mənzil iddiaçıya deyil, ona məxsusdur. Buna görə də, məhkəmələr qərara almışlar ki, mənzil ona verilməli, habelə iddiaçı və iddiaçının qohumu Ramin İsmayılov mənzildən çıxarılmalıdırlar.

e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi; məhkəmənin mövqeyi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, MMC, iddia ərizəsində göstərilən ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşən iki otaqlı, sahəsi 86,8 kv.metr olan 14 №-li mənzili iddiaçıya vermək, iddiaçı isə mənzilin dəyərini MMC-yə ödəmək barədə üzərilərinə öhdəlik götürmüşlər. Müqavilənin 3-cü bəndindən görünür ki, mənzilin dəyəri hər 1 kv.metr üçün 250 manat təşkil edir. Mənzilin dəyəri (250 manat x 86,8 kv.m =) 21.700 manat MMC-yə ödənilmişdir.

11. MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli "xxxx" görünür ki, MMC, Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarını, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünü, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun xx.xx.2016cı il tarixli məktubunu, MMC-nin təsisçisi X1 imzası ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli “Maliyyə arayışını” nəzərə alaraq bildirir ki, hazırki iş üzrə iddiaçı mübahisəli mənzilin dəyəri olan 21.700 manat məbləğində pulu MMC-yə ödəmişdir və onun MMC-yə borcu yoxdur.

12. MMC ilə Cavabdeh2 arasında bağlamış xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, MMC, iddia ərizəsində göstərilən ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşən iki otaqlı, sahəsi 86,7 kv.metr olan 14 №-li mənzili Cavabdeh2 vermək, Cavabdeh2 isə mənzilin dəyərini MMC-yə ödəmək barədə üzərilərinə öhdəlik götürmüşlər. Müqavilənin 3-cü bəndindən görünür ki, mənzilin dəyəri hər 1 kv.metr üçün 300 ABŞ manat təşkil edir. Mənzilin dəyəri (300 ABŞ dolları x 86,7 kv.m =) 26.000 ABŞ dolları MMC-yə ödənilmişdir.

13. Qeyd edilən həmin müqavilənin MMC-nin möhürü ilə təsdiq edilmiş nüsxəsi baxış keçirilməsi üçün Cavabdeh2 tərəfindən apellyasiya icraatı zamanı Məhkəməyə təqdim edilmişdir.

14. Apellyasiya icraatı zamanı Cavabdeh2 tərəfindən Məhkəməyə baxış keçirilməsi üçün təqdim edilmiş xx.xx.2006-cı il, xx.xx.2006-cı il, xx.xx.2006-cı il, xx.xx.2006-cı il, xx.xx.2006-cı il, xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixli "xxxx" görünür ki, Cavabdeh2 tərəfindən MMC-yə hissə-hissə 21.303 manat (həmin dövrdə olan məzənnəyə uyğun olaraq təxminən 26.600 ABŞ dolları) məbləğində pul ödənilmişdir.

15. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-531/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamənin dəyişdirilmədən, həmin qətnamədən X2 verdiyi kassasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarından (İş № 2(102)-2153/2014) görünür ki, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 cavabdeh (özü hazırki iş üzrə tərəf olmayan, lakin hazırki iş üzrə iddiaçının qohumu) Ramin İsmayılova qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək mübahisəli mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi, Ramin İsmayılovun isə həmin mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnamə (İş № 2(011)-4618/2012) ilə iddianın təmin edilməsini qət etmiş, Ramin İsmayılovun həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə (İş № 2(103)-531/2014) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Xətai Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni Cavabdeh2 mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməsini, həmin tələbin təmin edilməməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını qət etmişdir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Ramin İsmayılov ona qarşı iddiaçı Cavabdeh2 tərəfindən irəli sürülmüş iddianın “mübahisəli mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması barədə” hissəsinə cavab verməli olan şəxs deyil, buna görə də Xətai Rayon Məhkəməsi həmin tələbi təmin etməkdə səhv nəticəyə gəlmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası isə həmin tələbi rədd etməkdə haqlı olmuşdur. Bundan başqa, Xətai Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçı Cavabdeh2 tərəfindən cavabdeh Ramin İsmayılova qarşı irəli sürülmüş iddianın “cavabdeh Ramin İsmayılovun mübahisəli mənzildən çıxarılması barədə” hissəsini əsaslı hesab etməkdə haqlı olmuşlar. Çünki Cavabdeh2, onunla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli "xxxx" üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirmiş, müqavilənin predmeti olan mənzilin dəyərini MMC-yə tam olaraq ödəmişdır. Həmin mənzilə dair sonradan MMC ilə Ramin İsmayılov arasında xx.xx.2011-ci il tarixdə "xxxx" bağlasa da, Cavabdeh2, onunla MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə əsasında mənzil üzərində bütün hüquqları əldə etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Ramin İsmayılov mənzilə dair onunla MMC arasında bağlanmış müqaviləyə əsaslanaraq MMC-nin daha əvvəl Cavabdeh2 ilə bağladığı müqavilənin etibarsız hesab edilməsi barədə MMC-yə qarşı iddia irəli sürsə də, həmin mülki iş üzrə qəbul edilmiş xx.xx.2012-ci il tarixli yekun məhkəmə qətnaməsi ilə həmin iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamə qanunu qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzil Cavabdeh2 satıldığı halda, sonradan MMC həmin mənzili xx.xx.2011-ci il tarixli müqavilə ilə Ramin İsmayılova satmış, bununla da Cavabdeh2 qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur.

16. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8193/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamənin dəyişdirilmədən, həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından (İş № 2(102)-1439/2022) görünür ki, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək İddiaçı mübahisəli mənzildən çıxarılması, vurulmuş maddi zərərin əvəzi olaraq 15.000 manat məbləğində pulun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, İddiaçı mübahisəli mənzilindən çıxarılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmiş, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-8193/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Xətai Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını qət etmişdir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Xətai Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı mübahisəli mənzilindən çıxarılması barədə iddia tələbinin əsaslı olması barədə iş üzrə nəticəyə gəlməkdə haqlı olmuşlar, çünki qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş (bax: hazırki qətnamənin yuxarıda qeyd edilən 15-ci bəndinə) hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır.

17. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsində deyilir ki, məhkəmə qərarının icra olunmaması müəyyən edilmiş məsuliyyətə səbəb olur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.). Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir (maddə 15.4.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.).

19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. MPM-nin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

20. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə yuxarıda göstərilən faktlar hazırki iş üzrə iddiaçı üçün məcburi xarakter daşıyır və o, həmin faktları yenidən mübahisələndirmək hüququna malik deyil.

21. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

22. İddiaçı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü (İş № 1(101)-65/2014) ilə mübahisəli mənzilə dair onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə həmin mənzilə dair onun hüquqlarının təsdiq olunduğunu bildirsə də, həmin hökmdən görünür ki, iddiaçının mübahisəli mənzilə hüquqları ilə bağlı hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən heç bir hal müəyyən olunmamışdır. Hökmdən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olmuş hazırki iş üzrə iddiaçı mənzillə təmin olunduğu üçün onun həmin iş üzrə təqsiriləndirilən şəxslərə qarşı şikayətinin olmamasını cinayət işinə baxmış məhkəməyə bildirmişdir.

23. Bu baxımdan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

f) apellyasiya baxışının nəticəsi

24. Beləliklə Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən və qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən hesab edilməlidir ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və qohumu Ramin İsmayılov ilə MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilələrə istinadən mübahisəli mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması tələb etməkdə haqlı deyil. Rayon Məhkəməsi həmin tələbi təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar