Məhkəmə qərarları › İş №2(103)-7121/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7121/2020

02.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7121/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhəri Cavabdeh2ə, Cavabdeh3, Cavabdeh5 və X2 qarşı “əqdlərin etibarsız elan edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödəməyə məcbur edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi ondan ibarətdir ki, cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 34 (indiki 62) ünvanında törətdiyi dağıntı-söküntü və qazıntı-tikinti işlərinin qanuna zidd hərəkətlər hesab edilməsi, payçılarla imzaladığı müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh2in hərəkətsizliyinə hüquqi qiymət verilməsi, ona qarşı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 71-ci maddələrinin tələblərinin pozulmasının müəyyən edilməsi, sökülən “A” və “V” tikililərində iddiaçının 13/256 hissə payının da söküldüyü və mülkiyyət hüququnun pozulduğunun müəyyən edilməsi və cavabdeh MMC-dən bunun əvəzinin tələb edilməsi, cavabdeh MMC ilə qanuna zidd sövdələşmələrə gedən payçıların məsuliyyətlərinin müəyyən edilməsi, iddiaçının 13/256 hissə payının olduğu “A”, “V” və sair tikililərin sökülməsi, iddiaçıya psixoloji təzyiq göstərilməsi üçün əlbir olduqlarına görə iddiaçının pozulan mülkiyyət hüququnun (13/256 hissə) əvəzinin cavabdehlərdən tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ünvanda 522,5 kv.metrlik həyətyanı torpaq sahəsi üzərində yerləşən 6 nəfər hüquq sahibindən ibarət birmərtəbəli fərdi yaşayış evi ümumi mülkiyyətdə olan və payları müəyyənləşdirilməyən birgə mülkiyyətdir. Hüquq sahiblərinə təqdim edilən dövlət reyestrindən çıxarış və qeydiyyat vəsiqələrində qeyd edilən riyazi rəqəmlərdən ibarət pay hissələri reallığa, əmlakdan real istifadəyə qəti uyğun deyildir. Məsələn: ona verilmiş dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa görə pay hissəsi 13/256 hissə olaraq müəyyənləşdirilmişdir ki, “A” və “B” tikililərin ümumi 229,9 kv.metrlik sahəsinə nisbətdə bu 11,3 kv.metr tikili sahəsidir. Halbuki, 1974-cü ildən o, 49,8 kv.metrlik iki yataq otaqlı mənzilin sahibidir və istifadəçisidir. Cavabdeh5 mirasqoyan atasına M.B.Mövlamova, xx.xx.1968-ci il tarixli əqd ilə cəmi 38,6 kv.metrlik sahəsi (iki otaq) bağışlanmasına baxmayaraq, ona verilmiş xx xxxxxx 2010-cu il tarixli çıxarışda tikilinin 16/32 hissəsinin yarısına, yəni 112,05 kv.metr tikili hissəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alındığı qeyd edilmişdir ki, bu da əqddə (1968) göstərildiyindən üç dəfəyədək çoxdur. Bundan əlavə, payçılar olan cavabdehlər Cavabdeh5 və Cavabdeh3 mənzilləri “A” tikilisində, iddiaçının və bacısı G.İbrahimova mənzilləri isə “B” tikilisinə aid olduqları halda sözügedən və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli (İş № 2(005)-6812017) qətnaməsi ilə etibarsız elan edilən çıxarışlarda (Cavabdeh3 xx.xx.2004cü il, Cavabdeh5 xx.xx.2010-cu il, İddiaçı xx.xx.2014-cü il) qeyri-müəyyən rəqəmli pay hissələri, mübahisəli ünvanında yerləşən bütün tikililərə, həm “A”, həm “B”, həm də “V” tikililərinə aid olaraq qeydə alınmışdır. Bundan əlavə torpaq üzərində (həyətyanı) mülkiyyət hüquqları qeyd olunan sənədlərdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və qanunlara zidd olaraq, dövlətin mülkiyyətində qeydə alınmışdır. Bunun əksini sübut etmək üçün əlində kifayət qədər hüquqi əsas var. Cavabdeh Nərimanov RİHyə dəfələrlə yazılı müraciətlər edib, tikili və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair 2015-ci ildən başlanan və davam edən (süründürülən) məhkəmə mübahisəsinin olduğunu və bunlara dair iki hüquqi nəticə gözləntisi olduğunu yazılı olaraq bildirməyinə baxmayaraq, Nərimanov RİH-nin qanunsuz havadarlıq etdiyi məhdud məsuliyyətli cəmiyyətlər (“xxx Group” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) tikintidə təhlükəsizlik qaydalarını kobud pozaraq, ətrafındakı ünvanlarda-Təbriz 36, Əlizadə 25 kimi ünvanlarda söküntü-tikinti işləri apararaq, onlara kommunal problemlər, toz və səs-küy yaradaraq, onlarla müqavilə imzalayıb köçməyə məcbur etməyə cəhd etmişlər. Qaz, işıq və telefon xətləri kəsilmiş, kanalizasiya borusu qəsdən Təbriz 36 ünvanında lyükun üzərinə torpaq tökülərək tutulmuş, çirkab su mənzilin altına sızmış, evi üfunət iyi bürümüş və divarlar kif bağlamışdır. Gecələr səs-küy içərisində betonun tökülməsi, gündüzlər də müxtəlif konstruktiv işlərin aparılması nəticəsində əmələ gələn səs-küyə dözməyən həyat yoldaşı (iş üzrə tərəf olmayan) Mövlamova Rəna İskəndər qızı xx.xx.2019-cu il tarixdə beyin insultu keçirmiş, xəstəxanaya yerləşdirilmiş və hələ də müalicə olunmaqdadır. Mübahisəli ünvanda “A”, “B” və “V” tikililəri ümumi birgə mülkiyyət olmasına və bu barədə cavabdehlər olan Nərimanov RİH-yə və MMC-yə dəfələrlə yazılı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh MMC müəyyənləşdirilmiş fəaliyyət məqsədinə zidd olaraq, hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxaraq, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü və 215.5-ci bəndlərinin tələblərini pozaraq, (iş üzrə digər cavabdeh) Cavabdeh3 ilə müqavilə imzalayıb, onu 2019-cu ilin aprel ayından şirnikləndirici təkliflərlə kirayəyə göndərilmişdir. Cavabdeh3 dəfələrlə cavabdeh MMC ilə bağladığı əqdin bağlandığı andan etibarsız, qanuna və konstitusiyaya zidd olmasına dair şifahi və telefon ilə məlumatlar verilmişdir. Cavabdeh MMC-nin (iş üzrə tərəf olmayan) “xxx” MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilədə ona sökülmüş sahədə tikinti-inşaat işləri aparmaq öhdəliyi verilmişdir. Həmçinin, “xxx” MMC-nin Nərimanov RİH ilə imzaladığı müqavilədə RİH-nin xx.xx.2017-ci il tarixli sərəncamında da sonuncuya boş torpaq üzərində hündürmərtəbəli binalar inşa etmək tapşırılmışdır. Bundan əlavə, məhdud məsuliyyətli cəmiyyətin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarında da evləri söküləcək sakinlərdən mülkiyyəti dövlət məqsədləri üçün qəbul edəcək dövlət orqanının hansısa məhdud məsuliyyətli cəmiyyətlər deyil, məhz yerli icra hakimiyyəti orqanlarının olduğu qeyd edilmişdir. Qeyd edilənləri pozaraq, cavabdeh MMC iş üzrə digər Cavabdeh3 ilə şirnikdirici təkliflərlə qanunsuz imzaladığı əqd üçüncü şəxslərə, yəni digər payçılara qarşı yönəlmişdir. Məqsəd- mübahisəli ünvana müdaxilə edib, Təbriz 36 və Ə.Əlizadə 23 ünvanlarında törətdikləri problemləri bu dəfə yaxın ünvanda, yəni Təbriz 34 ünvanında onlara qarşı törətmək və onları analoji müqavilələr imzalamağa məcbur etməkdir. Bu cavabdeh MMCnin rəhbəri olan Sahib Cavadovun vicdansız və ləyaqətsiz hərəkətidir. Ona yaratdığı süni problemlərlə əlaqədar şikayət üçün etdiyi hər bir müraciətinə cavabı “Niyə bizimlə müqavilə imzalamırsınız?” olmuşdur. Qeyd etdikləri azmış kimi onun ilə danışıq apardığı ərəfədə Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldırılmış və iddia tələbi rədd edilmişdir. Nərimanov RİH Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İ hissəsinin tələblərini pozmuşdur. Özbaşınalıq edərək, onun mülkiyyət və dövlət hakimiyyəti orqanlarının vətəndaşa münasibətdə vicdanlı münasibət hüququnu pozmuşdur. RİH konstitusion vəzifə borcunu icra etməmiş və icra başçısı Abiddin Fərzəliyevə məxsus olduğu bildirilən cavabdeh MMC-yə və iş üzrə tərəf olmayan “xxx” MMC-yə havadarlıq edərək, onlara qarşı özbaşınalıq etmişlər. RİH-nin və qeyd edilən məhdud məsuliyyətli cəmiyyətlərinin özbaşınalıqları nəticəsində İ dərəcəli əlil, otaq xəstəsi, 69 yaşlı yoldaşının beyninə qan sızmış, insult keçirmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir, cavabdehlər Cavabdeh3, Cavabdeh5 ilə cavabdeh MMC arasında bağlanmış əqdlər etibarsızdır və həmin əqdlərə istinad edən MMC-nin hərəkətləri qanunsuzdur. Belə ki, əqdlərin imzalanma tarixləri sonraya göstərilməklə saxtalaşdırılmışdır. Həmçinin müqavilənin predmeti olan əmlakların ölçüləri də səhv göstərilmişdir. Müqavilədə göstərilən ölçülər çıxarışla cavabdehlərə məxsus olan ölçülərdən qat-qat çoxdur. İşə baxmış Rayon Məhkəməsi paylı mülkiyyətə dair maddi hüquq normalarının tələblərini də pozmuşdur. Belə ki, müqavilələr bağlanılan zaman digər mülkiyyətçilərin razılığı tələb olunmamış, onun üstünlük hüququnun olması da nəzərə alınmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, MMC, mübahisəli ünvanda yaşayan bəzi sakinlər ilə razılığa gələrək, əmlakı almış və söküntü işlərini də aldıqları ərazidə aparmışlar. Lakin həmin ərazidə yaşayan bəzi şəxslər, o cümlədən iddiaçı, MMC ilə razılığa gəlməmiş, buna görə də, onların tikililərini sökməmişlər. Bu səbəbdən də, həmin ərazidə planlaşdırılmış ölçüdən da kiçik ölçüdə bina inşa olunmuşdur. Razılığa gələn sakinlər ilə müqavilə bağlanmamışdan əvvəl razılığa gəlməyən sakinlərə müqavilə bağlanacağı və müəyyən olunmuş müddətə öz üstünlük hüquqlarından istifadə edə biləcəkləri barədə məlumat verilmişdir. Müddət bildikdən sonra isə sakinlər tərəfindən hər hansı bir formada cavab verilmədiyi üçün qeyd olunan müqavilələr bağlanmışdır. Həmçinin tikinti işləri aparılan zaman üçüncü şəxslərin hüquqları pozulmamış, tikinti işləri qanunvericiliyin tələbləri əsasında həyata keçirilmiş və digər sakinlərin yaşayış sahələrinə münasibətdə söküntü tikinti işləri aparılmamışdır. Bununla bağlı xx.xx.2020-ci il tarixli Akt tərtib olunmuşdur. İş üzrə iddiaçı və digər cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olaraq, 16/32 hissə Cavabdeh5, 30/256 hissə açıq saxlanılmaqla Mövlamova Sitarə Qulam qızına, 1/32 hissə Cavabdeh4, 13/256 hissə Mövlamov Xosrov Murtuz oğluna, 8/32 hissə Cavabdeh3 və 13/256 hissə İddiaçı məxsusdur. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 nömrəli sərəncamının surətindən görünür ki, RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilərək, Nərimanov rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 104A nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, MMC Təbriz küçəsi, ev 34 ünvanında yerləşən qəzalı vəziyyətdə olan mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin ünvanda Cavabdeh3 söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan beş otaqlı, 155 kv.metr sahəsi olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli iki oraqlı çöldən-çölə 64,40 kv.metr sahəsi olan mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə iki otaqlı mənzil üçün aylıq 400 manat məbləğində kirayə haqqı ödənilir. Cavabdeh MMC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 108 nömrəli müqavilənin surətindən görünür ki, MMC mübahisəli ünvanda yerləşən qəzalı vəziyyətdə olan mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin ünvanda Cavabdeh5 söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan üç otaqlı, 119,3 kv.metr sahəsi olan mənzilin əvəzinə inşa edəcəyi “B” binasında tam təmirli yaşayışa yararlı iki mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə üç otaqlı mənzil üçün aylıq 500 manat məbləğində kirayə haqqı ödənilir. Nərimanov Rayon Polis İdarəsinin tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Müqavilələrin etibarsızlığı barədə iddia tələbinin əsaslandığı hallardan biri müqavilənin məzmunun həqiqəti əks etdirməməsi ilə bağlıdır. İddiaçı bildirir ki, yuxarıda qeyd olunan müqavilələrin tarixi saxtalaşdırılmış, müqavilə predmetinin ölçüləri real ölçülərdən dəfələrlə çox göstərilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli və apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). İşə baxan Rayon Məhkəməsi iddiaçının müqavilə tərəfi olmamasına istinad edərək, hesab etmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə işə baxan Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər üzrə müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürmək hüququ müqavilə tərəflərinə məxsusdur. İddiaçı yuxarıda qeyd olunan müqavilə üzrə tərəf olmadığı üçün müqavilənin məzmunundan çıxış edərək, həmin müqavilələrin etibarlılığını mübahisələndirməyə iddiaçının subyektiv hüququ yoxdur. Qeyd olunan müqavilələrin etibarsızlığı ilə bağlı iddiaçının tələbini əsaslandırdığı hallardan biri də ondan ibarətdir ki, müqavilələrin predmeti olmuş əmlak paylı mülkiyyətdə olduğu üçün alqı-satqı zamanı digər mülkiyyətçilərin də razılığı tələb olunmalı, onların üstünlük hüququ nəzərə alınmalı idi. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 218-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər (maddə 218.1.). Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər (maddə 218.2.). Məcəllənin 218.3-cü maddəsinə görə, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Məhkəmə qeyd edir ki, cavabdehlər yaşayış sahəsindəki payını özgəninkiləşdirən zaman paylı mülkiyyətdə olan əmlaka sərəncam verilməsinə dair maddi hüquq normalarının tələblərinə riayət etmişlər. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən İddiaçı göndərilmiş bildirişlərin surətindən görünür ki, onlar mübahisəli yaşayış sahəsindəki paylarını iddiaçıya təklif etmiş, 5 gün müddətində cavab verilmədiyi təqdirdə paylarını digər şəxslərə satacaqlarını bildirmişdir. Lakin iddiaçı qeyd olunan müddətdə həmin payları almamışdır. Bu halda cavabdehlər hazırki iş üzrə digər cavabdeh olan MMC ilə alğı-satqı müqaviləsi bağlamaqda haqlı olmuşlar. Bundan başqa, yuxarıda qeyd olunan maddi hüquq normasının mənasından göründüyü kimi, paylı mülkiyyətə sərəncam verilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu halda üstünlük hüququ olan mülkiyyətçi alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb edə bilər. Lakin hazırda iddiaçının digər mülkiyyətçilərin paylarını almaq niyyəti yoxdur, iddiaçının tələbi həmin müqavilələrin etibarsız hesab edilməsindən ibarətdir. İddiaçının başqa tələbi – cavabdeh MMC-nin həmin ərazidə apardığı tikinti işlərinin qanunsuz hesab edilməsi və qanunsuz tikinti işlərinin aparılması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Məhkəmə iddiaçının bu tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, bu tələblər sübuta söykənməməsi əsası ilə əsaslı hesab edilə bilməz. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh MMC mübahisəli ərazidə söküntü-tikinti işlərini qanuni əsaslarla həyata keçirmişdir. İş materiallarından görünür ki, mübahisəli əmlakların yerləşdiyi ərazidə 0,884 ha torpaq sahəsi Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə binaların tikintisinin aparılması məqsədilə cavabdeh MMC-nin daimi istifadəsinə verilmiş, həmçinin orda yerləşən yaşayış sahələrinin bəzi mülkiyyətçiləri ilə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə cavabdeh MMC qəzalı vəziyyətdə olan mülkiyyətçilərə məxsus mənzillərin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, həmin ünvanda yeni mənzilləri mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrin etibarsızlığı məhkəmə araşdırması öz təsdiqini tapmamış, müqavilə tərəfləri həmin müqavilə ilə razılaşaraq hər hansı bir tələb irəli sürməmişlər. Belə olan halda Məhkəmə qeyd edir ki, cavabdeh MMC tərəfindən aparılmış söküntü tikinti işləri tam qanuni əsaslarla həyata keçirilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həmin akt Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin baş məsləhətçisi Samir Cabbarov, “xxxxxxxxx” MMC-nin direktoru vəzifəsini icra edən Əsəd Məmmədov, Nərimanov RİH-nin baş məsləhətçisi Azər Gülənmədov, Nərimanov Rayon Polis İdarəsinin ərazi üzrə sahə müvəkkili Babək Abbasov, Nərimanov Rayon 37 saylı MKİS-nin rəisi Elxan Abdullayev, mübahisəli olan və Təbriz küçəsi 34 ünvanda yerləşən evin paylı mülkiyyətçiləri Cavabdeh5 və Cavabdeh3 tərəfindən imzalanmışdır və həmin aktdan görünür ki, “xxxxxxxxx” MMC tərəfindən tikinti aparılan ərazisinin bir hissəsi Təbriz küçəsi 34 ünvanını əhatə etsə də, həmin ünvanın hamısı deyil, yalnız bir hissəsi tikinti-layihə sənədlərinin təsiri altına düşmədiyindən Təbriz küçəsi 34 ünvanında digər sakinlərin yaşayış sahələrinə münasibətdə hər hansı söküntü və tikinti işləri aparılmamışdır. Bununla da, müəyyən edilir ki, cavabdeh MMC-nin maddi hüquq pozuntusundan irəli gələn tikinti fəaliyyəti aparması barədə iddiaçının dəlilləri əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar