Məhkəmə qərarları › İş №2(103)-7122/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7122/2022

19.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7122/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı Maraqlı şəxs1 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi Dairəsi maraqlı şəxslər olmaqla “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3920/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs1 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi Dairəsi maraqlı şəxslər olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105,40 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə xahiş etmişdir. Eyni zamanda müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alana kimi Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105,4 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi, eyni zamanda Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, 1030- cu məhəllə ünvanında yerləşən, sahəsi 105,4 kv.m qeyri-yaşayış sahəsindən İddiaçı və onun qanuni əsaslarla istifadə və icarəyə verdiyi digər şəxslərin istifadə etməsinə maneələrin yaradılmasının cavabdehlər və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3920/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu, X1 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən 105,40 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh1 və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və materialı araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunla MPM-ə geniş həcmdə mühüm əlavə və dəyişikliklər edilmiş, dəyişikliklərin əhəmiyyətli hissəsi bir sıra vacib məsələlərə yeni konseptual yanaşmanın qəbul edilməsi ilə əlaqədar olmuş, sözügedən yanaşma həm də müvəqqəti təminat tədbirləri ilə bağlı məsələləri əhatə etmiş, yeni yanaşmanın təməlində ədalət mühakiməsinin səmərəliliyini təmin etmək, mülki məhkəmə icraatının xüsusiyyətləri nəzərə alınmaqla tərəflərin hüquqlarının balanslaşdırılmış müdafiəsinə nail olmaq və müvəqqəti təminat tədbirlərinin tətbiqi əsaslarını aydın şəkildə tənzimləmək məqsədi durmuşdur. Sözügedən dəyişikliklə gətirilmiş mühüm yeniliklərdən biri də ondan ibarətdir ki, artıq müvəqqəti təminat tədbirləri ilə bağlı ərizəyə ayrıca icraatda baxılmalıdır – lakin məhkəmə prosessual qanunvericiliyin bu tələbini nəzərə almayaraq iddiaçının müvafiq ərizəsinə icraatında olan mülki işlə birlikdə baxmış, bununla həm də müvafiq dəyişikliklə nail olunmasına çalışılan məqsədin - müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair icraatın əsas iddia üzrə icraatdan asılılığının aradan qaldırılması prinsipinin - pozulmasına şərait yaratmışdır. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi müvəqqəti təminat tədbirlərinin hansı məqsədlər naminə tətbiq edilməli olduğunu təsbit edir; buna görə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məcəllənin 157.5-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Yeni normalara görə ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz. Ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər - ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Beləliklə qanunverici tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır. Digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Beləliklə, qanunverici “kifayət qədər” ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, məhkəmələr ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidirlər. İşdən görünür ki, məhkəmə yuxarıda şərh olunan meyarları ümumiyyətlə araşdırmamış, heç bir əsaslandırma aparmadan müvafiq nəticəyə gəlmişdir. Halbuki, MPM-in 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3920/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş, müvəqqəti təminat tədbirinin görülməsinə dair İddiaçı ərizəsinə bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla qanunvericiliklə müəyyənləşdirilmiş qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar