Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-713/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər X8, Cavabdeh2 İsmayil qızna qarşı "mənzilə köçürülmə və cavabdehlərin mənzildən çıxarılması"tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1438/2020 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı mənzilə köçürülmə və cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2000-ci il tarixdə X9 ilə ailə qurmuşdur. Bu nikahdan 4 övladları doğulmuşdur. Böyük oğlu X10 xx.xx.2018-ci il tarixdə dünyasını dəyişmişdir. Rəhimov Etibar ruhi əsəb xəstəliyindən - şizofreniyadan əziyyət çəkmiş və dəfələrlə 1 saylı X12 müalicə almasına baxmayaraq, son vaxtlar xəstəliyi kəskinləşmişdir. Ona və uşaqlara qarşı aqressiv münasibəti və zorakı hərəkətləri onlara eyni evdə yaşamağa imkan verməmişdir. İddiaçı məcbur olub Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarı ilə xx xxxxxx 2019-cu il tarixdə boşanmışlar. Məhkəmənin qərarı ilə uşaqlar onun himayəsində qalmışlar. Uşaqları ilə birgə xx xxxx 2019-cu il tarixdə yaşadıqları evi tərk etmişdir. Həmin evi Rəhimov Etibar İ qrup əlil olduğu üçün dövlət onlara vermişdir. Sonradan bir müddət Xırdalan qəsəbəsində olan uçuq-sökük, şəraitsiz evlərində yaşamışlar. xx xxxx 2019-cu il tarixdə eşitmişdir ki, keçmiş həyat yoldaşı Etibar intihar etmişdir. Uşaqları dəfn mərasiminə aparmaq istəsə də, qohumları buna icazə verməmişlər. Bu hadisə uşaqların psixologiyasına çox pis təsir etmişdir. Elə həmin vaxtdan keçmiş qaynanası Cavabdeh2 və qayını X1 qəsəbəsində Dövlət Qaçqınlar Komitəsi tərəfindən tikilib onlara verilən 4 otaqlı evləri ola-ola onların evini zəbt etmişlər. Yuxarıda qeyd etdiyi kimi Xırdalanda yerləşən ev yaşayış üçün yararsız olduğundan neçə vaxtdır Kürdəxanıda bibisigildə qalırlar. Qeyd edilənləri nəzərə alaraq, onun 3 yetkinlik yaşına çatmayan uşağı ilə birgə Nərimanov rayonu F.Yusifov 188 mənzil 102 ünvanına köçürülməyi və cavabdehlərin həmin ünvandan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1438/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı uşaqları - X6, X13 və X7 ilə birlikdə ünvan 2 ünvana köçürülməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli qətnaməsindən cavabdeh X8 apellyasiya şikayəti verərək, qətnamənin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mübahisəli mənzili X5 gözdən əlilliyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən verilmişdir. Rəhimov Etibar həmin mənzilə köçdüyü gündən onlar Etibarla həmin mənzildə yaşamışlar. Ona daimi qulluq etmişlər, anası və o, həmişə Etibarın yanında olmuşlar. Xırdalan şəhəri Masazır kəndi Sarı Aşıq küçəsində onların 6 sot torpaqda 10 otaqlı fərdi yaşayış evləri vardır. Etibarın arvadı Almazın təkidi ilə həmin evi Almaza və uşaqlarına vermişlər. Razılığa əsasən Etibara verilmiş mənzildə isə Etibar, anası və o yaşamışlar. Nərimanov rayon məhkəməsi iddia tələbini təmin edərkən iddiaçıların həmin mənzildə qeydiyyatda olmasına əsaslanmışdır. Lakin şəxsin yaşayış yeri qanuna əsasən qeydiyyatı ilə deyil, adətən yaşadığı yerə görə müəyyən edilməlidir. Məhkəmə iclasında cavabdeh X8 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, o, mərhum Etibar Rəhimovla boşandıqdan sonra uşaqları ilə birlikdə Masazır qəsəbəsində əvvəllər yaşadıqları həyət evinə köçüb bir müddət orada yaşamışlar. Keçmiş əri Etibar isə mübahisəli mənzildə yaşamağa davam etmişdir. Lakin onun uşaqları Nərimanov rayonu ərazisində məktəbə getdiklərindən və Masazır qəsəbəsindən hər gün dərsə gəlib getmək çətinlik yaratdığından, o, hazırda müvəqqəti olaraq Kürdəxanı qəsəbəsində yaşayan bibisinin evində yaşayır. Hesab edir ki, onun iddiası əsaslı olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq onun iddiasını təmin etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AZ-İ 323865 saylı, xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə nikah pozulmuş və bu barədə 175 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan AZ-İ 914830 saylı, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ 050701 saylı, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 893286 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 204548 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 624162 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X7, X13 və X6 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsində yerləşən 188 saylı evin 102 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan məlumatdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərdən aşağıda qeyd olunan imtiyazlı vətəndaş - X5 Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli, 132 mənzilli yaşayış evindən mənzil verilmişdir. Qeyd: ev Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx xxxxxx 2011-ci il tarixli 379 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa edilmişdir. Növbəlik siyahısı AR Mənzil Məcəlləsinə uyğun olaraq araşdırılmış və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan gözdən əlil şəxslər növbəliliklə mənzillə təmin edilmişlər. Beləliklə, mülki işin araşdırılmış halları ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının mərhum əri Etibar Rəhimova dövlət tərəfindən 2016-cı il tarixdə əvəzsiz olaraq verilmiş, iddiaçı uşaqları ilə birlikdə həmin mənzildə bir müddət yaşamış və ora pasport qeydiyyatına alınmış, lakin sonradan onun keçmiş əri ilə ailə münasibətləri kəskinləşmiş və 2019-cu ildə onların nikahları məhkəmə qaydasında pozulmuş, nikah pozulduqdan sonra uşaqların analarının yanında qalması müəyyən edilmiş, bundan sonra iddiaçı uşaqları ilə birlikdə yaşadıqları evi könüllü surətdə tərk edərək onlara məxsus olan Masazır qəsəbəsində yerləşən evə köçərək orada yaşamağa başlamış, mərhum Etibar Rəhimov isə cavabdehlərlə birlikdə mübahisəli mənzildə yaşamışdır. Etibar Rəhimov xx.xx.2019-cu il tarixdə yaşadığı mənzildə intihar edərək ölmüşdür. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə hansı hüquq normalarının tətbiq edilməli olması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən Mülki Məcəllənin 152ci və 228-ci maddələrinin tələblərinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş üzrə iddiaçının mübahisəli mənzillə bağlı hüquqları həmin mənzilin onun keçmiş əri olan mərhum Etibar Rəhimova verildiyi 2016-cı il tarixdən yarandığından, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyinə uyğun olaraq, hazırkı mübahisə Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. İşin hallarından görünüdüyü kimi, mübahisəli mənzil mərhum Etibar Rəhimova gözdən əlil şəxs kimi mənzil növbəsində olduğu üçün əvəzsiz olaraq verilmiş, həmin vaxt o, hazırkı İddiaçı ilə rəsmi nikahda olmuşlar. Ərlə arvadın əmlak münasibətlərini tənzimləyən Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İşin hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən müəyyən edilir ki, mübahisəli mənzil iddiaçı ilə onun keçmiş ərinin ümumi birgə mülkiyyəti hesab edilmir. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mənzil qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən müəyyən olunur ki, İddiaçı mərhum E.Rəhmovla birgə nkiahda olduğu müddətdə həmin mənzildən istifadə hüququ əldə etmiş, lakin onların nikahları 2019-cu ildə pozulduqdan sonra həmin mənzilə istifadə huququnu itirmişdir. Kollegiya iddiaçının və onun uşaqlarının mübahisəli ünvanda qeydiyyatda olmaları ilə bağlı qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması onun həmin mənzildən istifadə hüququnun mövcud olmasını ehtiva etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda keçmiş əri E.Rəhimova məxsus olmuş mübahisəli mənzilə köçürülməsinə dair iddia tələbinin hüquqi əsası mövcud deyildir. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı uşaqları ilə birlikdə mənzilə köçürülməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı apellyasiya baxışının predmeti olan hissədə təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə həmin hissədə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddiaçının uşaqları ilə birlikdə mənzilə köçürülməsinə dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(005)- 1438/2020 nömrəli qətnaməsi apellyasiya baxışınin predmeti olan hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı 3 yetkinlik yaşına çatmayan uşağı ilə birgə Nərimanov rayonu F.Yusifov küçəsi 188 mənzil 102 ünvanına köçürülməsinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-713/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-713/2021
04.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver