Məhkəmə qərarları › İş №2(103)-7130/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7130/2022

22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7130/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair 2(011)-3125/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir. Həmin sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, mənzildə və istixanada təbii qazdan qeyriqanuni istifadə edilməsi əsası ilə xx.xx.2022-ci il tarixdə inventar aktı tərtib edilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə abonentin sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edilməsi əsası ilə ******* saylı akt tərtib olunmuş, 2022-ci ilin fevral ayında **********01710 saylı abonent hesabına 2540,16 manat borc yazılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **********01710 abonent kodlu “Zenner G-4” markalı mexaniki **********5 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış 2540,16 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 2 nömrəli sahədə yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının yoxlanması üçün Cavabdeh İB-nin əməkdaşları “İtron” tipli, “Zenner G-4” markalı mexaniki **********5 saylı qaz sayğacına baxış keçirib sayğacdan kənar qeyriqanuni olaraq təbii qazdan istifadə edildiyi üçün ******* saylı akt tərtib etmiş və ona 2540,16 manat ziyan hesablamışlar. Cavabdeh təşkilatın əməkdaşlarının bildirməsinə görə iddiaçıya məxsus həyətdə yerləşən istixanada qanunsuz olaraq sayğacdan kənar təbii qazdan istifadə olunmuşdur. Halbuki, istixanada yalnız odun sobası quraşdırılmış, orada təbii qazdan yox, taxta yonqarından istifadə olunmuşdur. İddiaçı istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, satğacdan kənar təbii qazdan istifadə hallarına yol verilməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(011)- 3125/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim Şəhriyar Əliyev)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi, onun həcmi nəzərə alınmaqla təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********01710) itirilmiş qazın bərpası məqsədilə hesablanmış 2540,16 manat məbləğində borc silinməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 7.Cavabdeh İB apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında akt iddiaçının qanunazidd hərəkətləri barədə tərtib edilmişdir. Daha sonra həmin akt əsasında tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 2540,16 manat təşkil etmişdir. Lakin birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “cərimə” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. Məhkəmə iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salınsa görmək olar ki, abonentin ödənişləri demək olar ki yoxdur. Borc məbləği sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə istifadə nəticəsində, həmçinin istifadə edilən təbii qaza görə müntəzəm ödənişlərin aparılmamasına görə yaranmışdır. Məhkəmə qeyd edilənləri nəzərə almadan və işin hallarını tam araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Republikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2 Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab olunur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə iddianı təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, X1 məxsus evin həyətində 3 ədəd istixana mövcuddur. İstixanada gül əkilmişdir. Həmin istixanada təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Aktı iddiaçının ailə üzvü Ağayev Ziyad da imzalamışdır. İddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il tarixli akt tərtib edilmiş, iddiaçı həmin aktı məhkəmədə mübahisələndirməmişdir. Bundan başqa, abonentin saldosundan görünür ki, 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədər iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə cəmi 210,9 manat pul ödənilmişdir.

15. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarına düzgün qiymət verməyərək, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qeyriqanuni xəttə qoşulması halının öz təsdiqini tapmamasını qeyd etmişdir.

16. Halbuki işin qeyd olunan halları ilə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır.

17. İddia rədd olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilməlidir.

18. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (2540,16 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(011)- 3125/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı alınıb Cavabdeh İB-yə verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar