Məhkəmə qərarları › İş №2(103)-7141/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7141/2021

23.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7141/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-108/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu **********00100) əsassız olaraq yazılmış 216 manat borcun «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri ünvan 1 ünvanında qeydiyyatdadırlar. Həmin ünvan abonent kodu **********00100 olmaqla, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qazla təmin olunmuşdur. 21 sentyabr 2020-ci il tarixdə mənzilində quraşdırılmış 64 markalı, mexaniki tipli ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün “Sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilərək sayğac quraşdırıldığı yerdən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün sonradan Azərbaycan Respublikası DNŞ-nin Metrologiya Departamentinə göndərilmişdir. Metrologiya Departamentində sayğaca baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmişdir. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Sifarişi olmadan sayğacın dəyişdirilməsi zamanı onun və ya ailə üzvlərinin iştirakı olmamışdır və həmin aktın tərtib olunmasında da iştirak etməmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sayğacın çıxarılması, əvəzlənməsi barədə də ona bildiriş verilməmişdir. Dekabr ayında qaz sərfiyyatı üçün yazılan vəsaiti (bildirişdə qeyd olunan yekun borc 10 manat) ödəmək istədikdə 226 manat borcun yazıldığı məlum olmuşdur. O, bununla əlaqədar «Azəriqaz» İstehsalat Birliyinə müraciət etmiş, orada ona guya sayğaca müdaxilə olunduğu üçün 216 manat borc yazıldığı bildirilmişdir. Hesab edir ki, həmin borc qanunsuz və əsassız olaraq yazılmışdır. Belə ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Mənzilində qaz sərfiyyatının az hesablanması şübhə doğurursa, bildirir ki, hazırda işi ilə əlaqədar Bakı şəhərində kirayədə yaşayır və həftə sonları mənzilinə gəlir, bəzən hava şəraiti ilə əlaqədar qış aylarında da gələ bilmir. Yalnız yay aylarında məzuniyyət dövründə mənzilinə gəlmək imkanı olur. Göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Onun müdaxilə etdiyi qeyd edilən sayğac mülkiyyətində olan həyətin çöl hissəsində quraşdırılmışdır və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməsi qeydi-mümkündür. Sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Müdaxilənin məhz onun və ya ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Azərbaycan Respublikası DNŞ-nin Metrologiya Departamentinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca onun və ya ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olunmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-108/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ünvan 2 ünvanına dair (abonent kodu **********00100) təbii qazdan istifadə ilə bağlı əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi, borcun silinməsi vəzifəsinin «Azəriqaz» İstehsalat Birliyinə həvalə edilməsi, cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Əkrəm Qəhrəmanov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-108/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı "qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar isthlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb; ikincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısınm nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxararıda qeyd ediyimiz kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi, iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ-hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məhkəmə qətnaməsində qeyd edir ki, “Azəriqaz” İB inzibati orqan olmadığı üçün cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Eləcə də itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması hər hansı qanun və ya qayda ilə tənzimlənmədiyi üçün iddiaçının iddia tələbi təmin olunmalıdır. Sahə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, (bundan sonra Qanunda) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 12 may 2011 -ci il tarixli, 80 nömrəli Qərarilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarfnda (bundan sonra Qaydalarda) və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamışdır. Sahə üzrə münasibətlərin tənzimlənməsində yaranmış boşluğu, lakin bu münasibətlərin nizamlanması zərurətini, maliyyə-iqtisadi və ictimai əhəmiyyətini nəzərə alaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.1 maddəsindən (konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər) irəli gələrək, boşluğun aradan qaldırılması məqsədilə, SOCAR qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində tətbiqi məcburi xarakter dasıvan daxili normativ sənəd qəbul etmişdir. SOCAR-ın Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş bu sənəd ad və məzmunca Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 31 yanvar 2011 -ci il tarixli, 8 nömrəli əmri ilə qüvvədən düşmüş qaydaları təkrar etməsinə baxmayaraq, bu sənədin tənzimləyici statusu müvafiq dövlət hakimiyyət orqanları tərəfindən əsassız olaraq tanınmır. Belə ki, Nizamnaməsi üzrə müəyyən olunmuş səlahiyyətlərindən irəli gələrək SOCAR-ın sahə üzrə münasibətləri tənzimləyən nortmativ sənədin qəbul edilməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 16-ci maddəsində sadalanan, hüququn analogiyasından və va qanunun analogiyasından istifadə olunmasını istisna edən hallara (qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, normativ tənzimləmə mövcud olduqda) aid deyil. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli, 258 nömrəli Fərmanı (258 nömrəli Fərman) ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişikliklərə görə, istehsalın səmərəliliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həvata keçirilməsi, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi (2.3-cü bənd) müəyyən edilmişdir. Fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi üçün isə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına əsasən, Nizamnaməsinin 2.4-cü bəndində “vanacaq- enerii resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 21.10.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəaların əsas götürülməsi” tapşırılmışdır. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyqun olaraq. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Beləliklə, sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”n və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır. Məhkəmə qətnaməsində göstərilir ki, istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirini təsdiq edən hər hansı sübut “Azəriqaz” İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçının iddia tələbi təmin olunmalıdır. Bildiririk ki, məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin. Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə ki, iddialarımızn böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz pavlavıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması “Azəriqaz” İstehsalat Birliyinin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmis (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz pavlavıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X3”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarsı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ç.Dibirov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21.09.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğac yeni sayğacla əvəzlənmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 216 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd edilən hüquq normalarının da tələblərindən görünür ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı (iddiaçı) deyil, qaz paylayıcı (cavabdeh) özü daşıyır. Bununla yanaşı, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən iş materialları ilə müəyyən edilmir. Hazırkı iş üzrə sayğaca müdaxilənin (təqsirin) mövcudluğunu sübut etmək vəzifəsi bu faktı təsdiq edən aktı qəbul etmiş orqan kimi cavabdehin üzərinə düşsə də, həmin orqan tərəfindən bu hal sübuta yetirilmədiyindən dəymiş zərər kimi hesablanmış qazın dəyərini qaz paylayıcısı (cavabdeh) istehlakçı (iddiaçı) tərəfindən ödənilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərək, borcun silinməsinə dair qətnaməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-108/2021 saylı, 06.04.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə biməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar