Məhkəmə qərarları › İş №2(103)-7143/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7143/2021

16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7143/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-83/2021 saylı 06.04.2021-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilərək, İddiaçı ünvan 1 ünvanına dair (abonent kodu **********00010) təbii qazdan istifadə ilə bağlı əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına (abonent kodu **********00010) əsassız olaraq yazılmış 216 manat borcun «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xocalı rayonu Kərkicahan qəsəbəsindən məcburi köçkün kimi müvəqqəti olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvan abonent kodu **********00010 olmaqla, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı pul ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. 2020-ci ilin 21 may tarixində «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları onun ünvanına gələrək sayğac ilişərək işlədiyi üçün onun dəyişdirilməli olduğunu bildirmişlər. Buna görə də sayğac onun iştirakı ilə dəyişdirilmiş və akt tərtib edilmişdir. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Bundan sonra 27 oktyabr 2020-ci il tarixdə götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur ki, guya sayğaca müdaxilə nəticəsində sayğacın çıxış plastmas borusu deşildiyi üçün 216 manat borc yazılmışdır. Guya onun həmin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Həmin akta əsas kimi «Azəriqaz» İstehsalat Birliyinin rəyinə istinad olunmuşdur. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 216 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman X1 əməkdaşları tərəfindən ona müdaxilə olunması faktı aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan «Azəriqaz» İstehsalat Birliyinin rəyi ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 216 manatın «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Onun müdaxilə etdiyi qeyd edilən sayğac faktiki mülkiyyətində olan ərazidə yox, hasarın bayır tərəfində quraşdırılmışdır və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməsi qeydi-mümkündür. Müdaxilənin məhz onun və ya ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə X1 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə «Azəriqaz» İstehsalat Birliyinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca onun və ya ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-83/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsindən "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayəti ilə razılaşmayaraq rədd olunmaasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Xəz Pirallahı rayon Məhkəməsinin 2(094)-83/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş «Azəriqaz» İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21.05.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğac yeni sayğacla əvəzlənmişdir. Həmin aktda sayğacın ilişərək işlədiyi göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 216 manat borc hesablanmışdır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat tələb edilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməməlidir. Hazırkı iş üzrə sayğaca müdaxilənin (təqsirin) mövcudluğunu sübut etmək vəzifəsi bu faktı təsdiq edən aktı qəbul etmiş orqan kimi cavabdehin üzərinə düşsə də, həmin orqan tərəfindən bu hal sübuta yetirilmədiyindən dəymiş zərər kimi hesablanmış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3 və 560.3.5.2.-ci maddələrinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə sayğaca müdaxilə edilməsində iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçıya həmin akta əsasən əlavə pul hesablanması yolverilməzdir və cavabdeh təşkilatın əməkdaşları iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-83/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar