Məhkəmə qərarları › İş №2(103)-715/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-715/2021

02.06.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-715/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-322/2020 saylı 17 iyun 2020-ci il il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi üzrə cavabdehdən 23.384.43 ABŞ dolları məbləğində əsas borc, 32.535.43 ABŞ dolları məbləğində faiz borcu, 52.293.54 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 108.213.4 ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prossesində olan İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsini, borcun əvəzi olaraq ipoteka predmeti kimi 40000 manata qiymətləndirilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085ci məhəllədə 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyatindəki 29.11 kv.m yaşayış, 19.6 kv.m yardımçı, 48.71 kv.m ümumi sahədən ibarət 2 otaqlı 58 saylı mənzilə yönəldilsin və mənzil açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 29.11 kv.m yaşayış, 19.6 kv.m yardımçı, 48.71 kv.m ümumi sahədən ibarət 2 otaqlı 58 saylı mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 23 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu borcun təmini olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 29.11 kv.m yaşayış, 19.6 kv.m yardımçı, 48.71 kv.m ümumi sahədən ibarət 2 otaqlı 58 saylı mənzil 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş mənzilin hazırki bazar qiyməti 40.000 manat müəyyən edilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin ASC-yə 07.04.2016-cı ilədək 23384,43 ABŞ dolları məbləğində əsas borc, 32535,43 ABŞ dolları məbləğində faiz borcu, 52293,54 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 108213,40 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-322/2020 saylı 17 iyun 2020-ci il il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 205/15/NF/PB saylı 23 iyun 2015-ci il tarixli müqavilənin müddətinin bitmə sonuna olan 25000,00 ABŞ dolları məbləğində əsas borc, 13158,97 ABŞ dolları məbləğində faiz borcu, 5000 manat məbləğində cərimə borcu pul məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1-ə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışından əldə olunan vəsatin hesabına borcun ödənilməsinin təmin edilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2, mənzil 58-də yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzili boşaltmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-322/2020 saylı mülki iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə əsassızdır, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır, işin hallarına uyğun gəlmir, ona görə də iddia tələbinin təmin edilmiş hissəsində də rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İş materiallarından da göründüyü kimi, onunla bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmişdir. Bank bağlanma ərəfəsində olduğundan onu məhkəməyə vermişdir. Sonradan da baş vermiş devalvasiyanın nəticəsində ümumi problemlər yaşanmış və ödəmələr həyata keçirilə bilməmişdi. Bank olduğu dövrdə də ona verdiyi manatı dollarla rəsmiləşdirmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsində yaranmış müvəqqəti çətinlik ümumi respublikada yaranmış maliyyə bazarı problemləri ilə bağlıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş 26 fevral 2020-ci il tarixli ekspert rəyinə görə, 205/15/NF/PB saylı 23 iyun 2018-ci il tarixə (müqavilənin müddətinin bitmə sonuna) olan 25.000,00 ABŞ dolları məbləğində əsas borc, 13.158,97 ABŞ dolları məbləğində faiz borcu, 17.01,2019-cu il tarixə də 25.000,00 USD məbləğində əsas borc, 13.158,97 ABŞ dolları məbləğində faiz borcu vardır. Ekspert iş materiallarını, iddia tələblərini oxusaydı, bilərdi ki, artıq əsas borc heç bir halda 25000 dollar ola bilməzdi. Ona görə də, ekspertin rəyi sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən məhkəmənin 5000 manat cərimə tətbiq etməsi də qaranlıq razılaşmaları əks etdirir. Hətta məhkəmələrin təcrübədə formalaşmış cərimə məbləğləri vardır. Məhkəmə daşınmaz əmlakın qətnamənin çıxarıldığı gün üçün likvid qiymətini də müəyyən etməyib. Hazırda onun mənzilinin dəyəri ən azından 120000 manat təşkil edir. Məhkəmədə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi və ya qiymətləndirmə aparıması barədə müraciətləri eşidilməmişdir. Digər tərəfdən, iddia tələblərində daşınmaz əmlakın satılmasından sonra orada yaşayanların mənzildən çıxarılması bərədə qətnamə çıxararkən, məhkəmə əmlakdan çıxarılmanın ancaq mülkiyyətçinin subektiv hüququ olması məsələsini nəzərə almamışdır. Hazırda isə iddiaçı mülkiyyətçi deyil və bu tələbi qaldıra bilməz. . Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin müdafiə etdiyini bildirərək təmin edilməsini və qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, bilavasitə qanunun tələbi olmasına baxmayaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə natamam qiymət verilmişdir; halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 5000 manat dəbbə pulunun tutulması hissəsində də qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, iddiaçı iddia tələbində dəbbə pulunu ABŞ dolları ilə tələb etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq dəbbə pulunu manatla ifadə etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən daha bir prosessual pozuntuya yol vermişdir. Belə ki, 05 mart 2020-ci il iclas protokolu nə məhkəmə iclas katibi, nə də sədrlik edən hakim tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.7-ci maddəsinə əsasən işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.3-cü maddəsinə əsasən bu Məcəllənin 387.2.1—387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlilini bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-322/2020 saylı 17 iyun 2020-ci il il tarixli qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apelyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi üzrə cavabdehə illik 23 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallara əlavə edilmiş 17.01.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı BOKT ASC-yə 24.10.2019-cu il tarixinə 23.384,43 ABŞ dolları məbləğində əsas borcu, 32.535,43 ABŞ dolları faiz borcu, 52.293,54 ABŞ dolları məbləğində cərimə üzrə, cəmi 108.213,40 ABŞ dolları borcu var. İş materiallara əlavə edilmiş 24.06.2015-ci il məxaric orderinə əsasən Cavabdeh1 25.000 ABŞ dolları verilmişdir. İşdə olan 205/15/NF/PB-i saylı 23.06.2015-ci il tarixli İpoteka müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 29.11 kv.m yaşayış, 19.6 kv.m yardımçı, 48.71 kv.m ümumi sahədən ibarət 2 otaqlı 58 saylı mənzil ipoteka yüklü edilmişdir. Müstəqil qiymətləndiricinin rəyinə əsasən ipotekanın predmeti 40000 manat qiymətləndirilmişdir. İşdə olan məhkəməyə verilməsi üçün əmlakın qiymətləndirilməsi barədə 01.03.2016cı il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 29.11 kv.m yaşayış, 19.6 kv.m yardımçı, 48.71 kv.m ümumi sahədən ibarət 2 otaqlı 58 saylı mənzilin girov dəyəri 40.000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu MKTB 47 saylı MKİS-in arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 29.11 kv.m yaşayış, 19.6 kv.m yardımçı, 48.71 kv.m ümumi sahədən ibarət 2 otaqlı 58 saylı mənzildə X2, Cavabdeh2, Cavabdeh3, X4 və X5 daimi qeydiyyatdadırlar. İş materiallara əlavə edilmiş AR ƏMDK yanında DƏDRX-in ******* saylı çıxarışına əsasən ünvan 2 X1 tam mülkiyyətindədir. İş materiallarında olan 01.12.1992-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X2 arasında nikah 01.12.1992-ci il tarixdə pozulmuşdur. Kişiyə İsmayılov, qadına Nəcəfova soyadı verilmişdir. İş materiallara əlavə edilmiş Cavabdeh3 tərəfindən verilmiş ərizədən görünür ki, anası Cavabdeh1 məxsus ünvan 2 girova qoyulmasına razı olmuşdur. Girova qoyulmuş əmlakın ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcək. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, anası Cavabdeh1 məxsus ünvan 2-in girova qoyulmasına etirazı olmamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, ona məxsus ünvan 2-in girova qoyulmasına razı olmuşdur. Girova qoyulmuş əmlakın ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcək. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyesrindən arayışa əsasən ünvan 1 ünvanıda yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1370 nömrəli reyestr kitabının 125263 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 26 fevral 2020-ci il tarixli 1897 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi üzrə 23.06.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 25.000 USD əsas borcu, 13.158,97 USD faiz borcu, 17.01.2019-cu il tarixə (maliyyə arayışının tarixinə) 25.000 USD əsas borcu, 13.867,30 USD faiz borcu vardır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının cavabdehə qarşı yönəlmiş ümumilikdə 108.213,4 ABŞ Dolları borcun tutulması tələbi qismən təmin olunmalı, iddiaçı bankın xeyrinə cavabdehdən 25.000,00 ABŞ dolları əsas, 13.158,97 ABŞ dolları faiz, 1000,00 ABŞ dolları cərimə, olmaqla cəmi 39.158,97 (otuz doqquz min yüz əlli səkkiz dollar doxsan yeddi sent) ABŞ dolları tutulmalıdır. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun apelyasiya şikayətində irəli sürülən, borc məbləğlərinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişlər. Əksinə Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2020-ci il tarixli 1897 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 23 iyun 2015-ci il tarixli 205/15/NF/PB saylı kredit müqaviləsi üzrə 23.06.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 25.000 USD əsas borcu, 13.158,97 USD faiz borcu, 17.01.2019-cu il tarixə (maliyyə arayışının tarixinə) 25.000 USD əsas borcu, 13.867,30 USD faiz borcu vardır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiyanın qənaətinə görə borcalanın 25.000,00 ABŞ dolları əsas borcuna münasibətdə ondan 52.293,54 ABŞ dollarıcərimə tutulması əsaslı hesab oluna bilməz. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1000 (min) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qanunvericilik yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kollegiya iddianın, “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 2-də yerləşən 58 saylı mənzilə yönəldilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 59.3.1-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 2 saylı evin yerləşən 58 saylı mənzilinə yönəldilməli, həmin əmlak hərracda satılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə apelyasiya icraatı zamanı iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, MB-14/0172 saylı rəydə Cavabdeh1 məxsus ünvan 2 ünvanının likvid dəyəri 75.000 manat, bazar dəyəri isə 81.000 manat müəyyən edilmişdir.. Kollegiya həmin rəyi əsas götürərək Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 2 saylı evin 58 nömrəli mənzilinin ilkin satış qiymətinin 75 000 (yetmiş beş min) manat məbləğində müəyyənləşdirilməli olduğu qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı BOKT ASC iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 200 manat təşkil edir. İş materiallarında olan “xxxx” Qiymətləndirmə Şirkətinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 200 (iki yüz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, və Mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1 tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-322/2020 saylı 17 iyun 2020-ci il il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 205/15/NF/PB saylı 23 iyun 2015-ci il tarixli müqaviləsi üzrə 25.000,00 ABŞ Dolları məbləğində əsas borc, 13.158,97 ABŞ Dolları məbləğində faiz borcu, 1000 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 39.158,97 ABŞ Dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla) və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli, tutma kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2, mənzil 58-ə yönəldilməli, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2, mənzil 58-in hərracdan ilkin satış qiyməti 75000 manat müəyyən edilməli, həmin mənzil açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılmaqla mənzil boşaldılmalı, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601000 **********4 SWİFT BİK CTREAZ 22) köçürülməli, tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində ekspertiza xərci Cavabdeh1dan alınaraq “xxxx” MMC-nin hesabına (hesab: “xxxx” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ VÖEN **********, “xxxx” ASC Yasamal filialı, KOD 805562 VÖEN ********** Müxbir hesab AZ 03NABZ******************** SWİFT BİK İBAZAZ2X) keçirilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-322/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 205/15/NF/PB saylı 23 iyun 2015-ci il tarixli müqaviləsi üzrə 25.000,00 ABŞ Dolları məbləğində əsas borc, 13.158,97 ABŞ Dolları məbləğində faiz borcu, 1000 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 39.158,97 ABŞ Dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla) və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Tutma kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2, mənzil 58-ə yönəldilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2, mənzil 58-in hərracdan ilkin satış qiyməti 75000 manat müəyyən edilsin. Həmin mənzil açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılmaqla mənzil boşaldılsın. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601000**********4 SWİFT BİK CTREAZ 22) köçürülsün. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində ekspertiza xərci Cavabdeh1dan alınaraq “xxxx” MMC-nin hesabına (hesab: “xxxx” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ VÖEN **********, “xxxx” ASC Yasamal filialı, KOD 805562 VÖEN ********** Müxbir hesab AZ 03NABZ******************** SWİFT BİK İBAZAZ2X) keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar