Məhkəmə qərarları › İş №2(103)-7152/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7152/2023

04.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7152/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Heydər Əliyev adına X9”nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı “Heydər Əliyev adına X9”nun nümayəndəsi Vəkil2 Raqif oğlu, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı “Heydər Əliyev adına X9”nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10833/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iddiaçı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində neft boru kəmərlərinin mühafizə zonasında yerləşən sahəsi 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinin Cavabdeh2 ayrılmasına dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının ləğv olması” barədə tələbinə dair iddiası mümkün sayılmamışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4398 nömrəli ekspertiza rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin daxilində mövcud olan tikililər ilə Heydər Əliyev adına X8a məxsus Dş 250 mm-lik nafta xətti arasındakı məsafələr müəyyən edilmişdir. İddia olunan torpaq sahəsində 23 kv.m və 24 kv.m hissələrində mövcud köməkçi tikililər (23 kv.m və 24 kv.m) ilə nafta xətti arasındakı məsafə 11 metr və 27 metr, fərdi yaşayış evi (143 kv.m) ilə nafta xətti arasındakı məsafə 19 metr təşkil edir və iddia olunan torpaq sahəsində inşa olunan tikililər Heydər Əliyev adına X8a məxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “Heydər Əliyev adına X9”nun Cavabdeh1 qarşı- “Heydər Əliyev adına X9”na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində , kəmərdən təqribən 15 metr aralı məsafədə vətəndaş Cavabdeh1 tərəfindən aparılan tikilinin özbaşına tikili hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı “Heydər Əliyev adına X9”nun ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh2 mülki iş üzər cavabdeh qismində cəlb edilmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X7 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına NEZ-ə məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissesində, kəmərdən təqribən 15 metr aralı məsafədə, vətəndaş Cavabdeh1 tərəfindən köhnədən hasara alınmış həyətyanı sahədə 7X10 metr ölçülərdə 18 mişar daşı hündürlüyündə tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bu fakt aşkar olunduqdan sonra əməkdaşlar tərəfindən akt tərtib edilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olması barədə vətəndaş Cavabdeh1 rəsmi qaydada xəbərdarlıq edilmişdir. Cavabdehə tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunsuz olaraq tikintini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidertinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.

7. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçı “Heydər Əliyev adına X9”nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” barədə iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti “Heydər Əliyev adına X8”dan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mövcud iddia tələbini qeyd edilən tikilinin özbaşına tikili olması ilə əsaslandırmışdır. Lakin, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ərazidə 0,0511 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq olaraq qeyd edilmişdir. İş materiallarında olan etibarnamədən göründüyü kimi, Cavabdeh2 mülkiyyətində olan əmlakın idarə edilməsi barədə Cavabdeh1 etbarnamə vermişdir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab etmişdir ki, Cavabdeh2 yaşayış məntəqələri üçün nəzərdə tutulan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunuğundan, iddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir. Sadalanan qanunvericilik aktı normalarına və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış qeyd edilən torpaq sahəsində inşa edilən tikilinin mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili olması müəyyən edilmədiyindən, mövcud iddia tələbi əsassızdır. Belə ki, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində tikiləcək tikintilərə “qanuni gözləntisi” var. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə hesab etmişdir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Əksinə həmin tikilinin sökülməsi cavabdehlərin fərdi yaşayış evindən istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaradır. İddiaçı tərəfindən hazırki iddianın qaldırılmasının əsas məqsədi boru kəmərləri və neft məhsulları anbarlarında hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün təhlükə törətməsinin qarşısını almaqdır. Buna görə də bu münasibətlərə iddia müddəti tətbiq edilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəlləsinin 140, 152, 180.1, 180.2, 240.2-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarı, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı “Heydər Əliyev adına X9” apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, mühafizə zonasında bina və qurğuların tikilməsini qanunvericilik qadağan etdiyindən Cavabdeh2 tərəfindən mühafizə zonasında həyata keçirilən tikinti işlərinin qarşısının alınması üçün tərəfimizdən müvafiq tədbirlərin görülməsi məqsədilə “özbaşına tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri, yəni mühafizə zonasından 50 metrlik məsafədə bina və qurğuların tikintisinin qadağan olmasına əhəmiyyət verilməmiş, tikinti aparılan torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olması əsas götürülərək, mühafizə zonasında tikilməsinə baxmayaraq aparılan tikinti işlərinin qanuni olması qənaətinə gəlinmişdir. Halbuki, mövcud Qaydalarda da birbaşa göstəriş mövcuddur ki, mühafizə zonasında tikinti işləri həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin və Energetika Nazirliyinin icazəsinin tələb olunması mütləqdir. Cavabdeh tərəfindən tikinti işlərinin həyata keçirilməsi üçün Qaydalarda nəzərdə tutulan razılığın alınmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Cavabdeh2 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 331 nömrəli, xx.xx.1999-cu il Sərəncamı ilə ayrılmış torpaq sahəsi fərdi ev tikintisi üçün nəzərdə tutulmuş olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4398 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, iddia olunan torpaq sahəsində inşa olunan tikililər Heydər Əliyev adına X8aməxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, ekspertizanın rəyində tikintinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi göstərilmiş, bu hal həmin tikilinin özbaşına tikili hesab edilməsi üçün əsasdır. Lakin Məhkəmə ekspert rəyinə bir sübut kimi ümumiyyətlə qiymət verməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, NEZ-ə məxsus Z.Yusifov küçəsinin yaxınlığında yerləşən müvafiq qurum dörd bir tərəfdən hündür daş hasarlarla hörülmüş, hətta üzərindən tikanlı məftillər də çəkilmişdir. Bundan başqa SOCAR-ın müvafiq qurumu ilə onun evi arasında asfalt yol vardır. NEZ-ə məxsus boru xəttləri Bakı şəhərində müxtəlif yerlərdən, o cümlədən NZS qəsəbəsinin demək olar ki, hər yerindən keçir. Onda bu əsasla gərək Bakı şəhərinin bir hissəsi iddiaçının tələbi ilə sökülə... Habelə, Bakı şəhərinin avtomagistral yolları ilə dəfələrlə kəsişən bu boruların hər-hansı bir təhlükəsi mövcud deyildir. Göründüyü kimi işin faktiki və hüquqi hallarına əsasən iddiaçının heç bir hüququ pozulmamışdır.Onlar məsələni şişirtməklə vətəndaşlara problem yaratmaq və öz məqsədlərinə çatmaq istəyirlər. Bundan başqa tikintinin NEZ-ə məxsus sexin fəaliyyətinə necə maneçilik törətməsi qeyd edilməmiş, iddia ilə bağlı hüquq müəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Bundan başqa, iddiaçı ötən 23 il ərzində daşınmaz əmlaka dair hər hansı iddia qaldırmamışdır. İddiaçı eyni məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə də müraciət etdiyindən və iş üzrə yekun qərar qəbul edildiyindən təkrar müraciət yolverilməzdir. Ümumiyyətlə ərizəçinin məhkəmədə bu cür iddia qaldırmağa subyektiv hüququ belə yoxdur.

Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iddiaçı “Heydər Əliyev adına X9”nun nümayəndəsi Vəkil2 Raqif oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsində hansı maddi hüquq normalarının pozulduğunu və hansı hüquqi maddələrin tətbiq edilmədiyini göstərib. Nazirlər Kabinetinin 167 nömrəli 2004-cü il tarixli Qərarına görə neft boru xətlərindən 50 metr mühafizə zonası qeyd edilib. Həmin qaydaların 6.1-ci maddəsində göstərilir ki, orada hər hansı bir tikinti işlərinin aparılması qadağandır, yalnız müvafiq orqanların və ictimai təşkilatın rəyi əsasında tikinti aparıla bilər. Bu səbəbdən tikili qanunsuz hesab olunmalı və sökülməlidir. Sərəncam,çıxarış verilməsi mühafizə zonasında tikili tikilməsinə əsas vermir. Məlumatlandırma icraatında olsa da belə, icazə alınmamışdır.Sübut olunmur ki, İcra Hakimiyyətinə müraciət olunub və onlardan razılıq alınıb. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən neft emalı zavodu stratejik obyekt hesab olunur və mühafizə zonasında ətraf mühitin, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə də orada tikinti işləri aparılmasına icazə yoxdur.Sənədlərdən də görünür ki, 1999-cu ildə sərəncam verilib, sərəncamın özündə də iki il müddətinə hansı qaydada və kimlə razılaşaraq tikinti aparılması göstərilib. Qarşı tərəf 2000-ci ildə orada ev tikdiyini bildirir, onlar 2001-ci ildə oraya boru çəkilməsi haqqında sənədləri məhkəməyə təqdim ediblər. Onlar boru xəttlərinin haradan keçməsi ilə bağlı məhkəməyə sənəd də təqdim ediblər. Sübut varsa, cavabdeh məhkəməyə təqdim etsin ki,digər orqanlarla razılaşdırılmış bir şəkildə orada tikinti işləri aparılmışdır.Sübut təqdim edə bilmirlər.Cavabdehin niyyəti ev tikməkdir. Cavabdehin müraciətinin düzgünlüyü şübhə doğurur. Ona görə ki, müraciətdə başqa soyadlı şəxs tərəfindən guya ki, ərizə qəbul olunub,amma ərizəyə hansı sənədlər təqdim edildiyi göstərilməyib. Tikinti aparılanda müəyyən layihə əlavə edilməli idi. Məlumatlandırma ilə bağlı Rayon İcra Hakimiyyətinə müracit olunması sübut edilməyib. Orada qanunsuz olaraq tikinti işləri aparılıb. Ona görə onlar onu qanunsuz hesab edir ki,baxmayaraq ki,vətəndaşa sərəncam verilib. İcra Hakimiyyətinin də işə cəlb edilməsini xahiş edir. Orada hər hansı bir tikinti işləri hazırda getmir. Kimsə orada ev tikməyə başlayanda Təhlükəsizlik İdarəsinin polisi dərhal ora müdaxilə edir. Torpağa sərəncam verilməsini tikinti işləri aparılana qədər bilə bilməzdilər. Onlar orada 50 metr ətrafında mühafizə zonası yaradıblar, orada heç kəsin qanuni evi yoxdur. Məhkəmə 1999-cu ildən sərancamın olmasına istinad edərək iddianı mümkünsüz sayıb. Ekspert rəyində də tikintinin mühafizə zonasında aparılması görünür. Tərəf sübut edə bilmir ki,tikintidən əvvəl orada hər hansı bir tikinti aparıb. Cavabdeh sərəncam veriləndə evi sənədləşdirərdi.Əhalinin təhlükəsizliyi ilə bağlı və boru xəttinə,boru kəmərinə vaxtında qulluq etmək,baş verəcək təhlükənin qarşısını almaq üçün bu iddianı qaldırıblar ki, orada tikinti olmasın. Onlar qanunsuz tikili aparıldıqda 5 müxtəlif orqana məktub yazıblar ki, onların məktublarına cavab olaraq sərəncəma istinad edilmişdir ki, hasarlama işləri aparılmışdır.

14. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, orada yüzlərlə tikili var.Əgər iddiaçının iddiasına qalsa,gərək orada olan bütün tikililər sökülsün. Hətta, 2-3 ay bundan öncə zavoda bitişik bir ev də tikildi. Bu necə ola bilər ki, onlar tikinti edə bilir, onun sənədi ola-ola tikə bilmir.Orada olan yerlərin çoxusu sənədsizdir. Onun sənədli yerində tikilini tikməyə imkan vermirlər. Digər cavabdehin kürəkənidir.

15. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətini qəbul etmir və məhkəmədən şikayətin təmin edilməməsi haqqında qətnamə qəbul etməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri, iddianın özü əsassız və qanunsuzdur. Mübahisəli sahə onların mülkiyyətindədir və həmin sahəyə çıxarış verilib. İddia predmeti baxımından həmin çıxarış ləğv edilməlidir ki, onların torpaq sahəsindən çıxarılma məsələsi həll olunsun. İddiaçı 2004-cü ildə qəbul edilmiş qərarlara istinad edib. 1999-cu ildə bu qanunlar olmayıb. Əmtəə və neft məhsullarının saxlanılması və nəqli üzrə 2 nömrəli stansiya 2000-ci ilin sonlarında təşkil edilib. İddiaçı onların evinin sökülməyini tələb edirsə kompensasiya ödəməlidir. 1999-cı ildə orada məskunlaşaraq ev tikiblər, ondan sonra iddiaçı o sahəyə gəlib və öz hüdudlarını müəyyən edərək hasar çəkiblər. Orada hasarın üzərindən tikanlı məftillər də keçir. Böyük bir ərazidir. Orada müəyyən yerlərdən boru xəttləri də keçir. Bakı şəhərinin Xətai, Nizami rayonları, NZS qəsəbəsində bu borular çoxdur. Bakı-Tbilisi- Ceyhan, TAP-TANAB xəttləri var ki, həmin xəttlər bu qədər mühafizə edilmir, hər iki tərəfdən 5-10 metr şumlanmış yer saxlanılır. O məsafədən edilməsi ilə bağlı hər hansı bir qadağa qoyulmayıb. İddiaçının dəlillərinin qanuni və əsaslı olmadığını hesab edir. Xətai rayon Məhkəməsində icraatın dayandırılması barəsində vəsatət verilib və MPM-nin 261-ci maddəsinə istinad edib ki, iş dayandırılmadığı təqdirdə MPM-nin 261-ci maddəsi ilə işə xitam verilə bilər. Bu iddia əsassızdır. Rayon İcra Hakimiyyətinin sərəncamı ilə yazılıb ki, ev tikmək məqsədi ilə vətəndaşa torpaq sahəsi ayrılsın. Onlar nümayəndənin iştirakı ilə gedib baxıblar ki, köhnə evdir, hətta 2000-ci ildə inşa olduğunu yazılıb. Onların orada gördüyü tikinti işi hasarlama işi olub. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən belə işlərə icazə tələb olunmur. Bu icazə tələb olunmayan işdir, buna baxmayaraq məlumatlandırma icraatı edilmişdir. Onlar o icazəni Rayon İcra Hakimiyyətinə təqdim ediblər. Rayon İcra Hakimiyyətinin buna rəsmi X7 cavabı var. Orada yazılıb ki, onlar məlumatlıdırlar. Bakı İnzibati Məhkəməsində cavabdeh Rayon İcra Hakimiyyəti olub. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Rayon İcra Hakimiyyətinə müraciət edilib, əgər etiraz edilmirsə, vətəndaş tikinti edə bilər.İcra Hakimiyyəti bildirmişdir ki, etiraz edilmir. Artıq təsdiqini tapır ki, İcra Hakimiyyəti məlumatlı olub. İş materiallarında da var ki,Neft Emalı zavodu xəttlərin 2011-ci ildə çəkilməsi barəsində sənəd təqdim edib. İddiaçı iddianı və cavabdehi yanlış qoyub. Evin 2002-ci ildə tikildiyinə dair fotoşəkillər təqdim ediblər. Onlarda telefonda çəkilişlər də var və videosunu da təqdim ediblər. 2008-ci ildən sonra tikintiyə başlanıldığı görünür. İcra Hakimiyyətinə notarial ərizə ilə müraciət ediblər. Tikintinin təyinatı və məqsədi barədə suala cavab verməkdən imtina edir. Rayon İcra Hakimiyyətinə müraciətlə bağlı ərizəni iş materiallarına əlavə ediblər. Rayon İcra Hakimiyyəti cavabı iddiaçıya yazıb. Rayon İcra Hakimiyyətinin iddiaçıya yazdığı məktubu iddiaçı özü təqdim edib.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

18. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iddiaçı hazırkı iddia tələbində Heydər Əliyev adına X9”-na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə aparılan tikilinin özbaşına tikili hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ərazidə 0,0511 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq olaraq qeyd edilmişdir. Cavabdeh2 mülkiyyətində olan əmlakın idarə edilməsi barədə Cavabdeh1 etbarnamə vermişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 yaşayış məntəqələri üçün nəzərdə tutulan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunuğundan, iddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları qeyd edilmişdir.

27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10833/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iddiaçı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində neft boru kəmərlərinin mühafizə zonasında yerləşən sahəsi 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinin Cavabdeh2 ayrılmasına dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının ləğv olması” barədə tələbinə dair iddiası mümkün sayılmamışdır.

28. Bundan əlavə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Zakir Yusifov küçəsində vətəndaş Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 22.09,2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay hüququ ilə mülkiyyətində olan torpaq sahəsində hasara alınması işləri aparılmışdır.

29. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı “Heydər Əliyev adına X9”nun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar