Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7155/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maliyyə arayışının etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 310/2022 saylı qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 11 sentyabr 2004cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.
2. Birgə nikah dövründə "xxxx" Firmasının direktoru (İcraçı) X1 ilə İddiaçı (sifarişçi) arasında xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi İİ məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, 10 mərtəbəli, şərti olaraq «___» binasında İİİ mərtəbədə 1 otaqlı, ümumi yaşayış sahəsi 52 kv.m olan 12 saylı izolə olunmuş mənzilin satılması və bunun müqabilində mənzilin hər 1 kv.m-nin dəyərini razılaşdırılmış qiymətlərlə, müqaviləyə 1 saylı əlavəyə əsasən qrafik üzrə ödənilməsi barədə razılaşmışlar.
3. xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən mənzilə görə 14.040 manat məbləğində pul "xxxx" Firmasına ödənilmişdir.
4. İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 arasında olan nikah qeydi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir.
5. 04 iyul 2019-cu il tarixli maliyyə arayışında "xxxx" Firması tərəfindən qeyd olunmuşdur ki, mübahisə predmeti olan mənzil üçün Cavabdeh2 11.310 manat ödəniş etmişdir.
6. "xxxx" Firması ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə ilə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Əliyar Gülbabayev küçəsi 30C saylı evin 12 saylı mənzili sonuncuya satılmışdır.
7. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Əliyar Gülbabayev küçəsi 30C saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3099 nömrəli reyestr kitabının 289420 saylı vərəqində qeydiyyata alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş mənzildə payların müəyyən olunması, həmin mənzilin iddiaçıların payına düşən ½ hissəsinin dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzilin Cavabdeh2 adına qeydiyyata alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış 31 iyul 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Firması tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzilin alğı-satqısına dair Cavabdeh2 verilmiş yeni müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında göstərilən mənzilin Cavabdeh2 adına qeydiyyata alınması barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış 31 iyul 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 11 sentyabr 2004-cü il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə yaşayış dövründə onların 2006-cı ildə iki uşaqları doğulmuşdur. Evləndikdən sonra, 29 avqust 2005-ci il tarixdə, birgə nikah dövründə "xxxx" Firması ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzil alınmışdır. Həmin mənzilin alınması barədə "xxxx" Firması ilə 29 avqust 2005-ci il tarixdə müqavilə onunla bağlanmış, onun tərəfindən imzalanmış və mənzilin dəyəri onun tərəfindən ödənilmişdir. "xxxx" Firmasının 20 dekabr 2008-ci il tarixli maliyyə arayışı da onun adına yazılmışdır. Cavabdeh2 ilə bir müddət bir yerdə yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli, 2(002)-629/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh2 nikah qeydi ləğv edilmişdir. 2020-ci ildə onun Cavabdeh2 qarşı əmlak bölgüsü barədə iddia ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılarkən məlum olmuşdur ki, Cavabdeh2 cavabdeh "xxxx" Firması vasitəsilə bütün sənədləri onun adına qeydiyyata alınmış göstərilən mübahisəli mənzili qanunsuz olaraq öz adına rəsmiləşdirmiş və 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Yuxarıda göstərildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzilin alınması barədə "xxxx" Firması ilə 29 avqust 2005-ci il tarixli müqavilə onunla bağlanmış, onun tərəfindən imzalanmış və mənzilin dəyəri onun tərəfindən ödənilmişdir.
12. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 İddiaçı iddia ərizəsinə dair etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı çıxarışın ləğvinə dair iddia tələbi tam əsassız və yanlış iddia tələbidir. Belə ki, iddiaçının bundan əvvəl sözügedən mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsinə dair iddia tələbinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılıb hüquqi qiymət verilmişdir. Hər iki Məhkəmə Kollegiyasının mövqeyi belə olmuşdur ki, iddiaçı ona qarşı əmlakın bölgüsü tələbi üzrə sözügedən müdahisəli mənzilə iddia etmək üçün 3 illik iddia müddətini ötürmüşdür və həmin mənzilə iddia etmək hüququnu itirmişdir. Belə ki, həmin mübahisəyə baxılan zaman İddiaçı işə baxan məhkəmə tərkibini yanıldaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair işin baxılmamış saxlanması barədə» qərardadını məhkəmə tərkibindən gizlətmiş və bununla da məhkəmə tərkibinin iddia müddətinin axımını düzgün müəyyən edə bilməməsinə nail olmuşdur. Lakin onlar tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli qərardadı Ali Məhkəməyə təqdim edildikdən sonra, Ali Məhkəmə ədalətli və obyektiv qərar qəbul edərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etmişdir. O cümlədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da Ali Məhkəmənin qərarındakı göstərişlərə riayət edərək, İddiaçı birgə nikah dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi, həmin mənzildən iddiaçının payına düşən 1/2 hissəsinin dəyərinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Bu səbəbdən hesab edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək sözügedən mübahisəli mənzilə hazırkı iddiaçının payının müəyyən olunmaması barədə məhkəmə qərarları olduğu halda iddiaçının bu cür iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməsi məhkəmənin boşuna vaxtını almaqdan başqa bir şey deyil. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti isə hazırkı iddia tələbi üçün görünüş yaratmaqdan başqa bir şey deyil. Adi insan məntiqi yetər anlasın ki, Azərbaycan Respublikası Ali Məhkəməsi bir mübahisə üzrə iki fərqli mövqe nümayiş etdirməz. Bunu anlamaq üçün nə hüquqşünas, nə də vəkil olmağa ehtiyac yoxdur. Sonda qeyd edir ki, iddiaçı məcburi şəkildə uşaqlarına ödədiyi 600 manat alimentdən onun imtina etməsi üçün 3 ildir ki, bu cür əsassız iddialarla çıxış edib məhkəmələrə və vəkillərə xərclədiyi pulu alimentə ödəsə idi, hazırda aliment vermək öhdəliyindən azad olardı. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 310/2022 saylı qətnaməsi ilə (hakim K.Əsədov) iddia təmin edilmiş, "xxxx" Firması ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə və mənzilə görə təyin olunmuş məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi qeyd olunmuş 04 iyul 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş 31 iyul 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" Firması ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə və mənzilə görə təyin olunmuş məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi qeyd olunmuş 04 iyul 2019-cu il tarixli maliyyə arayışı birmənalı şəkildə etibarsızdır. Üçüncü şəxs Cavabdeh2 "xxxx" Firmasına öz maraqlarının təmin edilməsi üçün yalan məlumat verməklə, bağlandığı andan etibarsız olan müqavilənin bağlanmasına və maliyyə arayışı almasına nail olmuşdur. Cavabdeh "xxxx" Firması üçüncü şəxsin verdiyi məlumata inanaraq, iddiaçı ilə əlaqə saxlamadan, üçüncü şəxsin verdiyi məlumatları yoxlamaq imkanı olmasına baxmayaraq, üçüncü şəxsin verdiyi yanlış məlumat əsasında etibarsız müqavilə bağlamış, üçüncü şəxs pulunu ödəmədiyi halda mənzilin pulunun üçüncü şəxs tərəfindən ödənilməsinə dair etibarsız maliyyə arayışı vermişdir. Cavabdeh Firma qeyd olunanları etiraf etmişdir.
15. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 337-ci maddəsinə və Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə İddiaçılə arasında bu mübahisənin predmeti olan mənzilin birgə nikah dövründə əldə olunması ilə əlaqədar əmlak bölgüsünə dair iş olmuşdur. Həmin iş üzrə də İddiaçı ona qarşı əmlak bölgüsü tələbi irəli sürərək mənzilə ½ payının tanınması və payına uyğun olaraq 20.000 manatın ona tutulub verilməsini tələb etmişdir. Həmin vaxt da işə Qaradağ rayon Məhkəməsində hakim Kamran Əsədov baxıb iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Baxmayaraq ki, o, iddia müddətinin tətbiqi barədə ərizə vermişdir və nikahlarının ləğvindən artıq 5 ilin keçdiyini bildirmişdir. Həmin işin nəticəsi qısa olaraq belə olmuşdur ki, yuxarı instansiya məhkəmələri Qaradağ rayon məhkəməsinin qətnaməsini qanunsuz hesab edərək İddiaçı iddiasının təmin edilməməsi barədə qərar vermişlər. Onu da qeyd edir ki, həmin vaxt İddiaçı (o cümlədən, elə hakim Kamran Əsədov) onun mənzilə dair çıxarışı 2019-cu ildə aldığını nəzərə alaraq iddia edirdi ki, hüququnun pozulduğunu 2019-cu ildə bilib, ona görə indi məhkəməyə müraciət edir. Bununla belə, iddiaçı tərəfindən əqdin etibarsızlığı tələbi qoyulmamışdır. İşə yuxarı məhkəmə instansiyaları tərəfindən baxılıb yekun qiymət verilmiş, İddiaçı əmlak tələbi rədd edilmişdir. Yəni hazırda Ali Məhkəmənin Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən, 14 iyun 2022-ci il tarixdə qəbul etdiyi 02/2022 saylı Qərardadının 54, 55 və 56-cı maddələrinə əsasən hazırkı işə xitam verilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
21. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" Firmasının və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
27. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
28. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
31. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
32. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
34. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır:
41. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 11 sentyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikah dövründə "xxxx" Firmasının direktoru (İcraçı) X1 ilə İddiaçı (sifarişçi) xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən tərəflər Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi İİ məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, 10 mərtəbəli, şərti olaraq «A» binasında İİİ mərtəbədə 1 otaqlı, ümumi yaşayış sahəsi 52 kv.m olan 12 saylı izolə olunmuş mənzilin satılması və bunun müqabilində mənzilin hər 1 kv.m-nin dəyərini razılaşdırılmış qiymətlərlə, müqaviləyə 1 saylı əlavəyə əsasən qrafik üzrə ödənilməsi barədə razılaşmışlar. Müqavilə üzrə nəzərdə tutulan 15.600 ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən "xxxx" Firmasına ödənilmişdir. İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 arasında olan nikah qeydi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. 04 iyul 2019-cu il tarixdə İddiaçı razılığı və xəbəri olmadan cavabdeh "xxxx" Firması tərəfindən həmin mənzilə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ilə yeni müqavilə bağlanmış və sonuncu tərəfindən 11.310 manat ödəniş edilməsinə dair maliyyə arayışı tərtib edilmişdir. Həmin müqavilənin əsasında Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Əliyar Gülbabayev küçəsi 30C saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
42. Cavabdeh "xxxx" Firmasının məhkəməyə yazılı şəkildə təqdim etdiyi ərizədə mənzilə dair müqavilənin "xxxx" Firması ilə İddiaçı arasında hələ xx.xx.2005-ci il tarixdə bağlanması, mənzilə görə müəyyən olunmuş 14.040 manat pul vəsaitinin İddiaçı tərəfindən "xxxx" Firmasına ödənilməsi, buna dair iddiaçıya xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilməsi, üçüncü şəxs Cavabdeh2 Firmaya verdiyi həqiqətə uyğun olmayan məlumatlara inanaraq iddiaçı ilə bağlanmış müqavilənin üçüncü şəxslə bağlanması, üçüncü şəxs Cavabdeh2 Firmaya hər hansı ödəniş etməməsi, üçüncü şəxsə maliyyə arayışının iddiaçı tərəfindən edilmiş ödənişlərə istinad olunaraq verilməsi və s. xüsusatlar etiraf olunur.
43. Qeyd edilən halları iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 da təkzib etməmiş, həmin mənzilə dair müqavilənin onun keçmiş əri ilə bağlandığını, sonradan ərinin razılığı olmadan müqavilənin onun adına dəyişdirildiyini o da etiraf etmişdir.
44. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin predmeti mənzilin “İcraçı” "xxxx" Firması tərəfindən “Sifarişçi” İddiaçı satılması kimi göstərilsə də, müqavilənin məzmunu və tərəflərin müqavilə üzrə nəzərdə tutulan öhdəlikləri onu deməyə əsas verir ki, onların arasında faktiki olaraq inşa edilən çoxmənzilli yaşayış binasında izolə edilmiş mənzilin tikintisinə dair podrat münasibətləri mövcud olmuşdur. Bu səbəbdən də həmin müqavilə podrat müqaviləsi kimi qiymətləndirilməklə, yaranmış mübahisənin həlli zamanı podrat hüquq münasibətlərinə dair normalara istinad olunmalıdır.
45. Bu mənada qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin şərtləri hər iki müqavilə subyekti tərəfindən icra edilmişdir. Yəni, “İcraçı” adlanan podratçı hazırlanmış məmulatı (mübahisəli mənzili) inşa edərək “Sifarişçi” adlanan podratçıya təhvil vermiş, sonuncu isə görülmüş işin dəyərini (şərtləşdirilmiş muzdu) tam olaraq ödəmişdir.
46. Bununla da, podrat münasibətlərinin tələblərinə uyğun olaraq cavabdeh "xxxx" Firması mübahisəli əmlaka - Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Əliyar Gülbabayev küçəsi 30C saylı evin 12 saylı mənzilə mülkiyyəti İddiaçı vermişdir.
47. Başqa sözlə, müqavilənin icra edilməsi ilə əlaqədar cavabdeh "xxxx" Firması həmin mənzilə dair hüquqlarını itirmişdir.
48. Lakin buna baxmayaraq, cavabdeh "xxxx" Firması mənzilin qanuni sahibi olan iddiaçının iradə ifadəsi olmadan, həmin mənzilə dair iddianın keçmiş arvadı olan iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ilə yeni müqavilə bağlamışdır.
49. Kollegiya hesab edir ki, cavabdeh "xxxx" Firmasının bu hərəkətləri mülki qanunvericiliyin tələbləri baxımından qanunsuz olmuş, onun həmin mənzil üzərində sərəncam vermək səlahiyyəti olmamışdır.
50. Kollegiya qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamına yönəlmiş razılaşma olduğundan, onun bağlanması zamanı əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlərə əməl edilməlidir. Yalnız bu şərtlərə əməl edilməklə bağlanmış əqd etibarlı hesab oluna və onun tərəfləri üçün hüquqi nəticələr yarada bilər.
51. Əqdin etibarlılığına dair bu tələb həm mülki qanunvericiliyin normalarından (MM-nin 324-cü maddəsi), həm də Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında (Məs. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli Qərar) formalaşdırdığı hüquqi mövqedən irəli gəlir.
52. Hazırkı işin araşdırılan hallarından görünür ki, cavabdeh "xxxx" Firmasının iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə qeyd edilən tələblərə cavab verməmiş, bu müqavilə səlahiyyəti olmayan subyekt tərəfindən bağlanmış və mübahisəli mənzilə dair həqiqi hüquq sahibi olan iddiaçının iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə uyğun olmamışdır.
53. Buna görə də həmin müqavilə bağlandığı andan etibarsız olmuşdur. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
54. Qətnamədən apellyasiya şikayəti vermiş üçüncü şəxs onunla iddiaçının arasında baş tutmuş məhkəmə mübahisələri üzrə qüvvədə olan qətnamələrin olmasına, həmin qətnamə ilə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsinə istinad etsə də, kollegiya bu dəlilləri əsassız hesab edir.
55. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinin təmin edilməsinə dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Məhkəmə öz gəldiyi nəticəni iddiaçı tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə nəzərdə tutulmuş 3 illik iddia müddətinin iddiaçı tərəfindən üzrlü səbəblər olmadan buraxılması ilə əsaslandırmışdır. Bu maddənin tələbinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
56. Kollegiya hesab edir ki, həmin qətnamə ilə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən və iddianın təmin edilməsinə mane olan hər hansı hal müəyyən edilməmişdir.
57. Belə ki, qeyd edilən mübahisə ərlə arvadın ailə-hüquq münasibətlərindən irəli gəlməklə, onların birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlakının bölünməsi ilə bağlı olmuşdur.
58. Hazırkı mübahisə isə iddiaçı ilə cavabdeh arasında yaranmış müqavilə-hüquq münasibətlərindən irəli gəlməklə, onların bağlamış olduğu podrat müqaviləsi əsasında iddiaçının əldə etdiyi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlıdır.
59. Ona görə də, iddiaçı ilə üçüncü şəxs arasında olan mübahisə ilə bağlı qətnamənin mövcudluğu hazırkı mülki mübahisənin mahiyyəti üzrə baxılaraq həll edilməsinə mane olmur.
60. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
61. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-310/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.