Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7159/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Mirşüa qızının cavabdehlər X2 və Cavabdeh2 MK-ya qarşı “kirayə haqqının 1/3 hissəsinin ödənilməsinin cavabdehlərə həvalə edilməsi” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “kirayə haqqının 1/3 hissəsinin ödənilməsinin cavabdehlərə həvalə edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakları ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-2893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının 1/3 hissəsinin ödənilməsi vəzifəsini cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2021-ci il tarixdən başlayaraq təmirli mənzil verildiyi günədək müvəqqəti kirayə mənzildə yerləşmələri üçün verilən aylıq 400 manat kirayə haqqının 1/3 hissəsinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi vəzifəsini cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı 9 saylı mənzilə məhkəmə qətnaməsi əsasında iddiaçıların hüquqları tanınınmışdır. Bundan sonra mənzildən istifadə,qaydaları müəyyən edilərək, kommunal xidmətlər ümumi istifadə saxlanılmaqla sahəsi 19,96 kv.m olan otaq iddiaçıların istifadəsinə verilmişdir. 18 sentyabr 2021-ci il tarixdə cababdeh Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə digər Cavabdeh1 arasında 2 saylı əvəzləmə müqaviləsi bağlanılaraq binanın söküntüsünə qərar verilmişdir. Mənzilin mülkiyyətçisi Cavabdeh1 binanın tikintisi tam başa çatana və təmirli mənzil verildiyi günədək aktla müəyyən edilən məbləğdə hər ay 400 (dörd yüz) manat məbləğində sabit kirayə haqqı ödənilir, lakin, yaşayış sahəsindən istifadə hüququ olan iddiaçıların hüqüqları cavabdehlər tərəfindən pozularaq köçürülmüş kirayə haqqından onlara ödənilmir.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı1 apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, işin hallarından göründüyü kimi, onların mənzildən istifadə hüququ olduğundan, həmin mənzilin sökülməsi nəticəsində yeni mənzil istifadəyə verilənədək, onlar kirayə haqqının 1/3-i verilməlidir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, ona kirayə haqqı kimi 400 manat verilir, hazırda həmin pula iki otaqlı mənzil kirayələmişdir, hazırda kirayə qiymətləri qalxmışdır, buna görə də həmin məbləğin 1/3-ini versə qalan pula mənzil tapa bilməyəcək, indi tutduğu mənzilin ən böyük otağını da iddiaçılar üçün ayırıb, dəfələrlə onlara həmin mənzildə gəlib qalmağı təklif edib, lakin iddiaçılar razı olmurlar. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı F.Merdiyeva da apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi:
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı arayışın surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 və X1 ünvan 2 ünvanında qeydiyyatdadırlar.
9. Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2 saylı çoxmənzilli yaşayış binasında yaşayış sahəsinin əvəzləmə müqaviləsi bağlanmışdır.
10. Həmin müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, “Bu Müqavilə üzrə “İ Tərəf’ (Cavabdeh1) AR.ƏMDX yanında DƏDRX tərəfindən xx.xx.2021 -ci il tarixində verilmiş **********98-05101 093013 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxus ünvan 3 ünvanında yerləşən yerləşən 9 № -11, ümumi sahəsi 59.11 kv.m yaşayış sahəsini “İİ Tərəf’-ə (Cavabdeh2 Mənzil Tikinti Kooperati) təhvil verməyi, “İİ Tərəf’ (Cavabdeh2 Mənzil Tikinti Kooperati) isə həmin yaşayış sahəsinin müqabilində Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan yaşayış sahəsini “1 Tərəfə (Cavabdeh1) təqdim elməyi öhdəsin”.
11. Həmin müqavilənin 1.4-ci bəndində qeyd olunur ki, “İİ Tərəf “Yaşayış sahəsi tam təmirli təhvil təhvil verilənədək “İ Tərəfin təqdim etdiyi bank hesabına hər ay hazırki Müqaviləyə əlavə hesab edilən Razılaşdirma Protokolu və ya Aktla müəyyən edilən məbləğdə sabit kirayə haqqını köçürmə yolu ilə ödəyəcəkdir. Kirayə haqqının ödənilməsi tərəflər arasında yaşayış sahəsinin təhvil verilməsinə dair təhvil-təslim aktı təsdiqlənənədək davam edəcəkdir. “İ Tərəf’ qəsdən təhvil-təslim aktını təsdiqlətməməsi kirayə haqqı ödənişinin dayandırılması üçün əsasdır.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir, xx.xx.2023-cü il tarixədək qüvvədədir.
13. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 20 saylı evin 9 saylı mənzili Cavabdeh1 adına qeydiyyata alınmışdır.
14. Sabunçu Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 4 ünvanındakı sahəsi 19,96 kv.m olan otaqdan İddiaçı1 bir uşağı ilə istifadə qaydası müəyyən edilmişdir.
15. Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ ЖГ 331083 saylı boşanma haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış nikah 05 yanvar 1999-cu ildə pozulmuşdur.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4212/2020 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüququqlarının olmaması barədə iddiası təmin olunmamışdır.
17. Mülki il materiallarına əlavə olunmuş İddiaçı1 müxtəlif məzmunlu ərizələrindən görünür ki, ünvan 4 saylı mənzilində yaşamır, lakin həmin mənzilə köçürülmək üçün müraiətlər edir Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
18. Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29 İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsi
20. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
24. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı1 şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçılar Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında rəsmi qeydiyyatdadılar və məhkəmənin qətnaməsi ilə həmin evdən istifadə qaydaları müəyyən edilib. Hazırkı mülki işdən məlum olur ki, həmin mənzil sökülmüşdür və məhz bu əsasla da cavabdehlər arasında mənzilə dair əvəzlənmə müqaviləsi bağlanmışdır. Eyni zamanda, cavabdehə mənzil təhvil verilənə kimi MTK tərəfindən 400 manat kirayə haqqı ödənilir.
40. Hazırda iddiaçılar sökülmüş mənzildə istifadə haqqı olduğuna görə, həmin mənzilin sökülməsinə görə verilən 400 manat kirayə haqqının 1/3-ini tələb edir.
41. Məhkəmə Kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, ona kirayə haqqı kimi 400 manat verilir, hazırda həmin pula iki otaqlı mənzil kirayələmişdir, hazırda kirayə qiymətləri qalxmışdır, buna görə də həmin məbləğin 1/3-ini versə qalan pula mənzil tapa bilməyəcək, indi tutduğu mənzilin ən böyük otağını iddiaçılar üçün ayırmış, onlara gəlib həmin mənzildə yaşamağı təklif etmiş, lakin onlar onun bu təklifi ilə razılaşmır, ondan pul tələb edirlər.
42. Kollegiya tərəfindən müəyyən olunmuşdur ki, iddiaçılar kirayə haqqının 1/3 hissəsini məhz cavabdehin mülkiyyətində olmuş və hazırda sökülmüş mənzilə istifadə hüquqları olduğuna görə tələb edir, cavabdeh də həmin pula kirayələdiyi mənzilin bir otağını iddiaçılar üçün ayıraraq, onlara kirayələdiyi həmin mənzilin bir otağında yaşamağı təklif edir, lakin iddiaçılar bu hüquqlarından istifadə etmirlər.
43. Belə olan halda iddiaçıların istifadə hüququ olan hazırda sökülmüş mənzilin təhvil verilməsinə qədər cavabdehə ödənilən 400 manat pulla kirayə tutulmuş mənzilin daha böyük olan otağında iddiaçılara yaşamağı təklif etdiyindən, iddiaçılar isə bu hüquqlarından istifadə etməyərək, məhz kirayə haqqının 1/3 hissəsini tələb etdiklərindən, rayon məhkəməsi hazırkı iddia tələbini təmin etməməkdə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir, çünki cavabdehin iddiaçıları mənzildən istifadə hüququ ilə təmin etmək öhdəliyi mövcuddur, iddiaçıların bunun müqabilində cavabdehdən pul tələb etməsinin qanuni əsası yoxdur.
44. Beləliklə də məlum olur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
45. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı1 aid edilməlidir.
47. Hazırkı halda MTK ilə cavabdeh arında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir, xx.xx.2023-cü il tarixədək qüvvədədir. Belə olan halda müqavilənin müddəti 28 ay hesablanmaqla (400/3=133x28=3724) iddiaçının tələb etdiyi məbləğ 3724 manat təşkil etdiyindən, MPM-in 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev