Məhkəmə qərarları › İş №2(103)-7161/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7161/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7161/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh, Tərcüməçi X1 qızının iştirakları ilə İddiaçı Cavabdeh qarşı "müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50%-nin ödənilməsi" tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2645/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 17 dekabr 2017-ci il tarixli müqavilə şərtlərindən irəli gələn, onun ünvan 1 ünvanında yerləşən evin satılaraq, ona çatacaq satış məbləğinin 50%-nin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh barəsində olan mülki iş ilə əlaqədar olan məhkəmə mübahisələrinin həlli üzrə onunla bağladığı 17 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən göstərdiyi hüquqi yardım öhdəliyini yerinə yetirdikdən sonra onun ünvan 1də yerləşən evin satılaraq pulun 50%-ni ona verəcəyi barədə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etdiyi üçün bu barədə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Lakin bu mübahisənin məhkəmə baxışı zamanı uzana biləcəyini və bu müddət ərzində Cavabdeh həmin mənzili satmaq ehtimalının olduğunu nəzərə alaraq iddianın icrasının gələcəkdə təmin etmək üçün tədbirlərin alınması məqsədi ilə, ünvan 1-də yerləşən evin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2645/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin dəlillərinə uyğun izahat verməklə, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmə tədbirinə dair ərizəni təmin etməməkdə haqlı olmuşdur. Xüsusilə nəzərə allınmalıdır ki, hazırda iddiaçının təmin tədbirinin görülməsinə dair iddiası iddia tələbinə və cavabdehin qanunla qorunan hüquqlarına qeyri-mütənasibdir. Belə ki, baxılan iş üzrə iddia tələbi «müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50%-nin ödənilməsi»ndən ibarətdir. Ərizədə eləcə də şikayətdə iddianı təmin tədbiri ilə gələcəkdə qəbul ediləcək qətnamənin icrası arasında hər hansı əlaqənin olduğu əsaslandırılmamışdır. Digər tərəfdən, tətbiq edilmiş iddianı təmin tədbiri nəticə etibarilə cavabdehin əmlak hüquqlarının pozulmasına səbəb olmaqla həmin şəxsin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2645/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar