Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7163/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və "xxxx" ASC-nin Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(011)- 1700/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçının mənzildə yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı “sayğacın sxemi pozularaq xüsusi açar vasitəsilə dövrdən kənarlaşdırılıb, 0 xətti vasitəsilə elektron sayğacı dövrdən kənarlaşdırılıb” qüsuru qeyd edilməklə, eyni tarixli R 281981 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 1345,24 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcu mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 281981 saylı aktı etibarsız hesab edilməsini və aktın əsasında ona müəyyən edilmiş 1348,14 manat cəriməni ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə yazılı ərizə təqdim edərək, "xxxx" ASC-ni tərəf – cavabdeh olaraq cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Xətai rayon Enerji təchizatı və Satışı İdarəsinin işçiləri 281981 saylı akt tərtib etmişlər, tərtib edilmiş aktın əsasında 1348,14 manat cərimə müəyyən edilmişdir, dekabr ayında evə yanğınla əlaqədar gecə vaxtı ünvana gəlmiş yanğınsöndürənlər alovu söndürməmişdən öncə mənzilə gələn elektrik xəttini küçə dirəyi ilə sayğac arasında məsafədən kəsmişlər və yanğını söndürmüşlər, Xətai rayon Enerji təchizatı və Satışı İdarəsinin işçiləri sonradan elektrik xəttini bərpa etmişlər, həmin vaxtdan elektrik enejisindən lazımi qaydada istifadə etmişlər, səfiyyatla əlaqədar hər ay vaxt-vaxtında ödənişləri etmişdirlər, işıq dirəyindən sayğaca qədər məsafədə yanğın söndürənlərin elektrik xəttini kəsməsi, sonradan elektrik naqillərinin fərqli bağlamaları ilə əlaqədar özünün heç bir təqsiri yoxdur, akt əsassızdır, ona yazılmış cərimə ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(011)-1700/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********50533 saylı abonent koduna hesablanmış borc məbləğindən 1278 (min iki yüz yetmiş səkkiz) manat 52 (əlli iki) qəpik borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 32 (otuz iki) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçının sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, Xətai, NZS, A.Qurban 25, 553 ünvanında yerləşən mənzilə itirilmiş elektrik enerjisi sərfiyyatının bərpası məqsədilə hesablanmış 1345,24 manat məbləğə münasibətdə qeyd etmişdir ki, elektrik sayğacı fərdi yaşayış evindən kənarda quraşdırıldığından onun işlək vəziyyətdə saxlanması vəzifəsi abonentin deyil, cavabdehin üzərinə düşür ki, bu da onda həmin ünvan üzrə elektrik sayğacına mütəmadi nəzarət etmək öhdəliyi yaradır. Belə olan halda, əlavə hesablaşmanın 250 gün, yəni 8 ay 10 gün müddətinə hər gün 24 saat olmaqla aparılması, həmin ünvanda elektrik enerjisinin itirilmiş məbləğinə mütənasib hesab oluna bilməz. Elektrik sayğacına kənar müdaxilə edilməsi səbəbindən abonentə itirilmiş elektrik enerji sərfiyyatına görə hesablanmış məbləğ elektrik avadanlıqlarının gücünə görə 250 gün, hər gün 24 saat üçün istifadə edilə biləcək elektrik enerjisi miqdarında deyil, iddiaçının əvvəlki aylarda elektrik enerji sərfiyyatı nəzərə alınmaqla 3 ay (90 gün) müddətinə, hər ay 4 saat həddində hesablanmalıdır. Məhkəmə, 1 aylıq itirilmiş elektrik enerjisi sərfiyyatına münasibətdə qeyd etmişdir ki, sərfiyyat qərarda göstərilmiş düstura müvafiq olaraq 30 gün üzrə hesablanmalı, bu zaman cari ayın sərfiyyatı nəzərə alınmalıdır. Belə olan halda, akta görə hesablanmış məbləğ 66,72 manat (11,2 kvt x 0.22 x 4 saat x 0,7 x 90 gün)- üç aylıq sərfiyyat olan 620,928 kvts; həmin sərfiyyatın limit həddi 200 kvts təşkil edir ki, bu da Azərbaycan Respublikası Tarif Şurasının qüvvədə olan xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına əsasən 200 kVts-a qədər 0,08 manatdan hesablandıqda 16 manat, 200 kVts-dan 300 kVts-a qədər olan 100 kVts sərfiyyat üçün 0,09 manatdan hesablanmaqla 9 manat, 300 kVts-dan çox olan 320,928 kvt sərfiyyat isə 0,13 manatdan hesablanmaqla 41,72 manat, ümumilikdə isə 66,72 manat) həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hesablanmış 1345,24 manat borcdan 1278,52 manat (1345,24– 66,72) silinməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu, 7.11-ci, 8.16-cı maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci, Azərbaycan Respublikası Tarif Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent X3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına (abonent kodu **********50533) baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinə sayğacın sxeminin pozularaq xüsusi açar vasitəsilə dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı tərəflərindən R № 281981 saylı akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. "xxxx" ASC-nin akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 1345.24 manat məbləğində müəyyən edilməklə abonentin **********50533 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Lakin məhkəmə itirilmiş elektrik enerjisinin dəyərini hesablayarkən EEİQ-nın 8.16-cı bəndini əsas gətirərək hesabat dövrünü 1 ay qəbul etməklə itirilmiş elektrik enerjisinin dəyərinin 66.72 AZN təşkil etməsi qənaətinə gəlmişdir. Halbuki qeyd edilən bənd abonentin təqsiri olmadan uçotun müvəqqəti pozulmasına görə elektrik enerjisinin dəyərinin hesablanmasını özündə əks etdirir. Hazirki iş üzrə isə abonentin kənar xətdən istifadə etməsi halı aşkar olunduğu üçün tərəflərindən qanunvericiliyin tələblərinə tam uyğun olaraq EEİQ-nın 8.17-ci bəndini tətbiq edilmişdir. Məhkəmə həmçinin itirilmiş elektrik enerjsinin dəyərini hesablayarkən məişət abonentinə münasibətdə EEİQ-da nəzərdə tutulmuş sutkanın 24 saatını yox 4 saatını nəzərə almaqla hesablamanı düzgün aparmamış və nəticə etibarilə maddi hüquq normasını səhv tətbiq etmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, lakin məhkəmə tərəfindən qeyd edilən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda-binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu:
11. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli R 281981 nömrəli aktdan görünür ki, İddiaçı abonent olduğu Xətai, NZS, A.Qurban 25, 553 ünvanında yerləşən evə (**********50533) quraşdırılmış sayğaca baxış zamanı sayğacın sxemi pozularaq xüsusi açar vasitəsilə dövrədən kənarlaşdırılıb, 0 (sıfır) xətti vasitəsilə elektron sayğacı dövrədən kənarlaşdırılıb, sayğacdan kənar naqillərdən axan yük ölçüldüyü qeyd olunmuş, sayğacın sxeminin bərpa edilməsi tələb olunmuşdur. Akt abonent tərəfindən imzalanmamışdır. İş materiallarında olan "xxxx" ASC Bildirişindən görünür ki, Xətai, NZS, A.Qurban 25, 553 ünvanı (**********50533) üzrə ödəniləcək məbləğ 1348,14 manatdır. İş materiallarında olan R 281981 nömrəli akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, “kənar xətt” qüsuru qeyd edilməklə, (11,2A x 0,22 x 24 x 0,7 x 250 gün = 10348 kvts) cəmi 1345,24 manat cərimə məbləği hesablanmışdır. İş materiallarında olan İddiaçı Xətai, NZS, A.Qurban 25, 553 ünvanı üzrə “Abunə haqqı” barədə çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixi üzrə 1345,24 manat məbləğdə borc yazılmışdır. İddiaçı tələbində qeyd etmişdir ki, ünvanda əlavə xətt olmamışdır, yazılan borc tamamilə əsassızdır. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, hazirki iş üzrə isə abonentin kənar xətdən istifadə etməsi halı aşkar olunduğu üçün tərəflərindən qanunvericiliyin tələblərinə tam uyğun olaraq EEİQ-nın 8.17-ci bəndini tətbiq edilmişdir Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya borcun hesablanmasına əsas olmuş xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsi zamanı ev sahibinin iştirakı təmin edilməmiş, sayğac sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Həmçinin də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilində quraşdırdığı sayğacdan abonentin kənar xətdən istifadə etməsi halını sübuta yetirmədən məhz “kənar xətt” qüsuru qeyd istinad edilməklə, (11,2A x 0,22 x 24 x 0,7 x 250 gün = 10348 kvts) cəmi 1345,24 manat cərimə məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh tərəf akt tərtib edərkən, “kənar xətt” qüsuru olmasına istinad etsə də həmin halın sübut edilməsi barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir, həmçinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən “kənar xətt”dən istifadə etməsi halı müəyyən olunmamışdır. Hazirki iş üzrə isə abonentin kənar xətdən istifadə etməsi halı aşkar olunması öz təsdiqini tapmadığı üçün cavabehin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndini tətbiq etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin edərkən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, “elektrik sayğacı fərdi yaşayış evindən kənarda quraşdrıldığından onun işlək vəziyyətdə saxlanması vəzifəsi abonentin deyil, cavabdehin üzərinə düşür ki, bu da onda həmin ünvan üzrə elektrik sayğacına mütəmadi nəzarət etmək öhdəliyi yaradır. Əlavə hesablaşmanın 250 gün, yəni 8 ay 10 gün müddətinə hər gün 24 saat olmaqla aparılması, həmin ünvanda elektrik enerjisinin itirilmiş məbləğinə mütənasib hesab oluna bilməz. Elektrik sayğacına kənar müdaxilə edilməsi səbəbindən abonentə itirilmiş elektrik enerji sərfiyyatına görə hesablanmış məbləğ elektrik avadanlıqlarının gücünə görə 250 gün, hər gün 24 saat üçün istifadə edilə biləcək elektrik enerjisi miqdarında deyil, iddiaçının əvvəlki aylarda elektrik enerji sərfiyyatı nəzərə alınmaqla 3 ay (90 gün) müddətinə, hər ay 4 saat həddində hesablanmalıdır”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən hesablanmış borc iddiaçı tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin təmin edilən hissədə əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(011)-1700/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə