Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7164/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X1 qarşı iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1872/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. BB312364 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən “Changan UNİ-K” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı MMC-dir.
2. İddiaçı MMC ("Satıcı”) və Cavabdeh ("Alıcı”) arasında xx.xx.2024-cü il tarixində “Avtomobil alqı-satqısı”na dair B-241-AAE-24 saylı müqavilə bağlanmış, satıcı “Changan UNİ-K” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən, avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 96.048 manat müəyyən edilir, Cavabdeh 8.112 manat ilkin ödəniş edir, xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.832 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
4. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X4 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
5. Müqavilənin 3.2.2-ci, 3.2.5-ci və 3.2.6-cı maddələrinə əsasən müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Bu halda, Avtomobil, onun ani likvid dəyəri ilə Saticı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği "Alıcı"-nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ "Alıcı"-nın borcunu ödəmədiyi təqdirdə "Alıcı" qalıq borc məbləğini "Satıcı"-ya ödəməlidir.
6. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan UNİ-K” modelli, avtonəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir.
7. İddiaçının maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixindənək cavabdeh tərəfindən hər ay 1.832 manat ödənilməli olduğu halda yalnız sentyabr ayında 1.000 manat məbləğində ödəniş edilmişdir.
8. Cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilmişdir.
9. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli təmir aktından görünür ki, “Changan UNİ-K” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 612 manat, xidmət 1.977 manat, yekun məbləğ 2.589 manatdır. Görüləcək işlər: arxa sol, ön sağ və arxa sağ qapının sökülüb yığılması, rəngsiz təmiri, ümumi cilalanma, kimyəvi təmizləmə, mühərrikin yağının dəyişməsi və s.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı MMC Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, B-241-AAE-24 nömrəli alqı-satqı müqaviləsi üzrə 10.992 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 3.297,60 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-AB-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 2.589 manat olmaqla, ümumilikdə 16.878,60 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 339,88 manat pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 142,66 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-241- AAE-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-K” markalı, **-AB-*** d.q.n.-lı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2025-ci il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Qeyd olunan tarixdə keçirilmiş baxışa və tərtib olunmuş təmir aktına əsasən “Changan UNİ-K” markalı, **-AB-*** d.q.n.-lı avtomobilin təmirinə və bərpasına çəkiləcək xərclərin ümumi dəyəri 2589 manat təşkil etmişdir. Eyni zamanda, B-241-AAE-24 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2024-cü il tarixindən avtomobilin geri qaytarıldığı xx.xx.2024-cü il tarixinədək cavabdehin müqavilə üzrə ödənilməmiş 10.992 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 3.297,60 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-241- AAE-24 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X4 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
12. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, B-241-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 10.992 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2.748 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-AB-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 2.589 manat olmaqla, ümumilikdə 16.329 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 326,58 manat pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 142,66 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 1872/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, B-241-AAE-24 nömrəli alğısatqı müqaviləsi üzrə 9.992 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 300 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-AB-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 2.589 manat, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% -lə hesablanmış 326,58 manat, cəmi 13.207,58 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 129,62 manat hissəsinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə notarial qaydada təsdiqlənməmişdir – bu isə o deməkdir ki, əslində həmin müqaviləni etibarlı alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir.
15. Bununla yanaşı, hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, “Changan UNİ-K” modelli, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A8NA707173, tünd boz metal rəng) avtonəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il tarixli B-241-AAE-24 saylı müqaviləni imzaladıqlarını (bağladıqlarını) təsdiq edirlər və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmişdir.
16. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan məhkəmənin qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsa idi, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
17. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bu mənada məhkəmənin hesab etmişdir ki, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.
18. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur.
19. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh, müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz.
20. Bu kontekstdə məhkəmənin qənaətinə görə iddiaçının iddia tələbi qismən əsaslı hesab olunmalı, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə avtomobilin cavabdehdən alındığı 03 dekabr 2024-cü il tarixinə qədər ödəməli olduğu lakin ödənilməmiş ödənişlər ondan iddiaçının xeyrinə tutulmalıdır.
21. Tutulmalı məbləğin həcmi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan maliyyə cədvəlindən görünür ki, cabadeh sentyabr ayında 1000 manat ödəniş etmişdir.
22. Məhkəmə hesab etmişdir ki, həmin məbləğ nəzərə alınmalı və iddia əsas borcun ödənilməsi hissəsində qismən təmin edilməklə cəmi 9.992 (1832 x 6 ay=10.992- 1000) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə iddia ərizəsinin “2.748 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
24. Məhkəmə işin hallarını, müqavilədən irəli gələn 10.992 manat əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 2.748 manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 300 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir.
25. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli təmir aktından görünür ki, “Changan UNİ-K” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 612 manat, xidmət 1.977 manat, yekun məbləğ 2.589 manatdır.
26. Məhkəmə, təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan “Changan UNİ-K” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən zərər vurulması qənaətinə gələrək hesab etmişdir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdehdən İddiaçı MMC-nin xeyrinə 2.589 manat məbləğində pul vəsaiti tutulmalıdır.
27. Məhkəmə, iddia tələbinin “müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 326,58 manat pul vəsaiti”nin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 181.1, 181.2, 181.4, 337.5, 351.1, 351.3, 351.4, 351.5, 386.1, 390.1, 390.2, 394, 399.4, 406.1, 421.1, 421.2, 422.1, 423.1, 425, 467, 567, 600.1, 650, 747.1, 748-1.12.4, 748-10.2, 748-1.8, 748-2.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
29. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə ilkin olaraq avtomobilin satılması ilə bağlı sübut təqdim edilməmiş, borcun birbaşa olaraq cavabdehdən tutulması üçün məhkəməyə müraciət edilmişdir. Borcun birbaşa olaraq cavabdehdən tutulması tələbi göründüyü kimi tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərinə (3.2.6-ci maddə a. bəndi) ziddir. Avtomobilin satış dəyəri ilə cavabdehin borcu bağlanmalı idi. Məhkəmə (hakim) alqı-satqı müqaviləsinin 3.2.6-ci bəndini diqqətlə nəzərdən keçirməmiş, tərəflərin münasibətlərinə düzgün tətbiq etməmiş, nəticədə sadəcə olaraq iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir. Digər tərəfdən avtomobilə vurulmuş zərərin əvəzi kimi 2.589 manat məbləğin cavabdehdən tutulmasına dair iddia tələbini sübut edən yeganə sənəd, Təmir Aktı, iddiaçının öz servis mərkəzi tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu akt obyektiv və mötəbər sübut qismində qəbul edilə bilməzdi. Cavabdehin iştirakı olmadan keçirilən yoxlama əsasında zərərin əvəzinin tutulması Cavabdeh hüquqlarını pozur. Məhkəmə öz təşəbbüsü ilə vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün zərərin məbləğini müəyyən edəcək ekspertiza təyin etməli, ekspert rəyinə əsasən müəyyən məbləğin tutulmasını qət edə bilərdi. Qətnamə bu hissədə də ləğv edilməlidir. Digər tərəfdən Məhkəmə iddiaçının yalnız 9.992 manat əsas borcunu tam şəkildə təmin etsə belə, 300 manat məbləğində dəbbə pulu və eyni zamanda borcun ödənilməsinin gecikdirilməsi üçün 326,58 manat hesablanması mülki qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçının avtomobili geri alması və əsas borcun tutulması artıq onun zərərini minimuma endirir. Belə olan halda, 9.992 manat əsas borc və dəbbə pulunun məhkəmənin nəyə əsasən hesablayıb tutması da olduqca ziddiyyətlidir. Dəbbə pulunun məbləği iddiaçıya vurulmuş real zərərlə mütənasib formada olmamışdır və iddia tələbi bu hissədə də təmin edilməməli idi. Məhkəmə qeyd olunan halları ətraflı araşdırmamış və nəticədə sadəcə olaraq iddiaçının mövqeyindən çıxış edərək qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən avtomobilin ilkin olaraq satılması ilə bağlı heç bir sübut məhkəmə təqdim edilməmişdir. Müqavilə çərtlərinə baxmayaraq əsas borcun birbaşa olaraq cavabdehdən tutulması qanunsuzdur. Məhkəmə iddiaçıdan avtomobilin satış dəyəri barədə sübut tələb etməli olduğu halda bunu etməmişdir. Bu isə əslində borc məbləğinin mövcud olub-olmamasını şübhə altına qoyur. Bir daha qeyd edir ki, iş materiallarına əlavə edilmiş Təmir Aktından göründüyü kimi, vurulmuş zərərin əvəzini əks etdirən 2.589 manat məbləğ iddiaçının öz servis mərkəzi tərəfindən birtərəfli qaydada (cavabdehin iştirakı olmadan) tərtib edilmiş sənəddir. Məhkəmə tərəfindən sözügedən məbləğin təmin edilməsi üçün bilavasitə olaraq "çəkilmiş xərclərin real zərər olduğunu sübut etmək üçün müstəqil ekspertiza həyata keçirilməli olduğu halda keçirilməmiş, həmin akt əsasında vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Digər tərəfdən iddiaçı tərəfindən avtomobilin geri qaytarılması prosesinin uzadılması və avtomobilin vəziyyəti ilə bağlı cavabdehə vaxtında lazımi xəbərdarlıq edilməməsi zərərin əvəzinin artmasına şərait yaratmışdır ki, bu hallar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd etmək istərdi ki, iddiaçının avtomobili geri alması və əsas borcun tutulması artıq onun zərərini minimuma endirir. Məhkəmə dəbbə pulunu azaltmaqla onun tənasübsüz olduğunu qəbul etmişdir. Lakin məhkəmə həmin məbləğin məhz nəyə əsaslanaraq müəyyən edildiyini, yəni bu məbləğin hansı zərəri kompensasiya etdiyini (yaxud hansı əsasla hesablandığını) qətnamdə əsaslandırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə tam razıdır. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Qarşı tərəf ofisə müraciət edəndə bütün şərtlər ona ətraflı və hərtərəfli izah edilmişdir. Hətta iddiaçı MMC müştəri yönümlü şirkət olduğundan qarşı tərəf üçün uyğun kredit şərtəri müəyyənləşdirilir. Şikayətdə qeyd edir ki, təmir xərci ilə bağlı ekspertiza keçirilməli idi. İddiaçı MMC Çindən Azərbaycana gələn nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olan 7 şirkətdən biridir. Satılan avtomobillə bağlı hər hansı qüsur olduqda və ya qarşı tərəf ödənişləri ödəmədikdə, daxili diler müqaviləsinə görə həmin avtomobillər servis xidmətinə gəlir və təmir edilir. Qarşı tərəf bildirir ki, onun məlumatı olmadan avtomobil təmir edilib. Bu isə elə deyil.
33. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə təqdim edərək, səhhətində yaranan problemlə əlaqədar üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini, bu səbəbdən, işin tam və hərtərəfli araşdırılması üçün məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə qeyd olunanları təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
34. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 369.9. Əgər vaxt aylarla və ya illərlə, özü də elə tərzdə müəyyənləşdirilsə ki, onların birgə qurtarmasına zərurət yoxdur, onda ay otuz günlə, il isə üç yüz altmış beş günlə hesablanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Maddə 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir).
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
39. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.
40. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən mülkiyyətində olan “Changan UNİ-K” markalı nəqliyyat vasitəsi 8.112 manat ilkin ödəniş edilməklə, dəyəri tam ödənilənədək cavabdehin sahibliyi və istifadəsinə verilmiş, cavabdeh nəqliyyat vasitəsinin dəyərinin qalan hissəsini xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətinə, ayda 1.832 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür.
41. Birinci instansiya məhkəməsi tərəflər arasında olan müqavilə münasibətlərinə qiymət verərkən belə qənaətə gəlmişdir ki, notarial qaydada təsdiqlənmədiyinə görə tərəflər arasında bağlanmış müqaviləni etibarlı alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyil, buna görə mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.
42. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verir. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır.
43. Hazırki iş üzrə müqavilə isə üç subyekt arasında bağlanmamış, iddiaçı hər hansı satıcıdan nəqliyyat vasitəsini almamış, öz mülkiyyətində olan nəqliyyat vasitəsinə dair cavabdehlə nisyə-alqı satqı müqaviləsi bağlamış, cavabdeh tərəfindən alış qiyməti ödənilənədək iddiaçı nəqliyyat vasitəsinə mülkiyyət hüququnu özündə saxlamışdır.
44. Nəqliyyat vasitəsinin alış qiyməti cavabdeh tərəfindən iddiaçıya tam ödənildikdən sonra isə mülkiyyət hüququnun cavabdehə keçməsinin rəsmiləşdirilməsi artıq qanunvericilikdə bunun üçün nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.
45. Mülki Məcəllənin yuxarıda istinad olunan 606.1-ci maddəsinin tələblərinə əsasən alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
46. Hazırki işdən də müəyyən edilir ki, cavabdeh müqavilə bağlandığı xx.xx.2024cü il tarixindən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəqliyyat vasitəsinin alış qiymətinin hissə-hissə ödənilməsini gecikdirdiyinə görə iddiaçı tərəfindən müqavilə xx.xx.2025-ci il tarixində ləğv edilmişdir.
47. Belə ki, müqavilə üzrə aylıq ödəniş 1.832 manat təşkil etdiyi halda cavabdeh tərəfindən yalnız sentyabr ayında 1.000 manat məbləğində ödəniş edilmişdir. İddiaçının 10.992 manat məbləğində əsas borc tələbi 6 ay üçün ödənilməli olan məbləği təşkil edir.
48. Məhkəmə kollegiyası cavabdeh tərəfindən 1.000 manat məbləğində ödəniş edilidiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi müqavilə üzrə borcun tutulması hissəsində qismən əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 9.992 manat məbləğində borc tutulmalıdır.
49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqavilənin iddiaçı tərəfindən ləğv edilməsi həmin anadək yaranmış öhdəliklərin icra edilməsindən cavabdehi azad etmir. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi cavabdehin istifadəsində olmuş və o, nəqliyyat vasitəsinin faydalı xassələrindən yararlanmışdır.
50. Mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırda cavabdeh tərəfindən həmin ödənişlərin edilməsindən imtina edilməsi vicdanlıq prinsipi ilə də uzlaşmır.
51. Məhkəmə kollegiyası iddiaçının 2.748 manat məbləğində dəbbə pulu tələbi ilə bağlı hesab edir ki, həmin tələb qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində dəbbə pulu tutulmalıdır.
52. Mülki qanunvericiliyin tələblərinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
53. İşdən görünür ki, tərəflər arasında dəbbə pulu haqqında razılaşma mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada bağlanmış, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyi halda iddiaçıya dəbbə pulu ödəmək barədə üzərinə öhdəlik götürmüşdür.
54. Kollegiya hesab edir ki, 300 manat məbləğində dəbbə pulu işin hallarına uyğun olmaqla tənasübsüz surətdə yüksək deyil. Odur ki, kollegiya bu tələblə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
55. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının cavabdehdən “müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 326,58 manat pul vəsaiti” tutulması tələbi də qismən əsaslıdır.
56. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
57. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək (məhkəmə iddia verilən tarix) borcun ödənilməsinin gecikdirildiyi müddət 145 gün olmaqla, illik beş faiz uçot dərəcəsi hesablandığı təqdirdə cavabdehdən iddiaçının xeyrinə 198.5 manat (1 gün = 1.37 manat (9992 x 5% / 365 gün)) tutulmalıdır.
58. Məhkəmə kollegiyası iddiaçının nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2.589 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə tələbini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir.
59. Nəzərə alınmalıdır ki, avtomobil bir neçə ay cavabdehin istifadəsində olmuş və onun təyinatı üzrə istifadəsi nəticəsində salonunda və ya gövdəsində müəyyən qüsurların əmələ gəlməsi təbii haldır.
60. İddiaçı tərəfindən tərtib edilmiş akta əsasən nəqliyyat vasitəsi üzərində və salonunda kosmetik işlər həyata keçirilmiş (kimyəvi təmizləmə, cilalanma və s.), avtomobilin bir neçə hissələri (salon filtri və s.) və mayelər (mühərrik yağı, antifriz) dəyişdirilmişdir. Ən əsası isə, iddiaçının özü tərəfindən bu işlərin görülməsinə görə 1.977 manat məbləğində xərc hesablanmışdır.
61. Kollegiya hesab edir ki, qeyd olunanlar nəqliyyat vasitəsinə dəymiş zərər kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, müqavilə şərtlərinə görə müqavilə ləğv edildiyi təqdirdə nəqliyyat vasitəsi iddiaçı tərəfindən üçüncü şəxsə satılacaq və satış məbləği cavabdehin borcunu ödəmədiyi təqdirdə, sonuncu iddiaçıya qalan məbləği ödəməli olacaqdır. Yəni, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış zərəri bu formada tələb edəcəkdir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1872/2025 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, B-241-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 9.992 manat borc, 300 manat dəbbə pulu, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5%lə hesablanmış 198.5 manat və ödənilmiş dövlət rüsumunun 121,5 manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: