Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7166/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3515/2022 saylı, 24 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Abunə haqqında sənəddən görünür ki, Sumqayıt, St.Sumqayıt y/s, Ev (Bina): 0660, Mənzil: 2240 ünvanında yaşayan abonent İddiaçı (abunə kodu: **********02240) xx.xx.2022-ci il tarixinə - EİQ pozulması 0.13 - 5,244 kvt - 681,72 manat, EİQ pozulması 0.09 - 100 kvt - 9 manat olmaqla, cəmi 690,72 manat məbləğində borc hesablanmışdır.
2. Abonentin hərəkət cədvəlindən görünür ki, Sumqayıt, St.Sumqayıt y/s, Ev(Bina): 0660, Mənzil: 2240 ünvanında yaşayan abonent İddiaçı (abunə kodu: **********02240) 2016-cı il üzrə 88,82 manat, 2017-ci il üzrə 167,27 manat, 2019-cu il üzrə 2,96 manat, 2020-ci il üzrə 23,68 manat, 2021-ci il üzrə 12,51 manat, 2022-ci illər üzrə 522,93 manat məbləğində borcu olmuşdur.
3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlığından görünür ki, abonent İddiaçı (abunə kodu: **********02240) 700 (yeddi yüz) manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **********02240 abunə kodundan 708,29 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, o, Sumqayıt şəhəri, “Metallurq” Bağları ərazisi, 996a saylı bağ sahəsini 1 il əvvəl X2 alaraq həmin bağa köçmüş və hazırda orada yaşayır. İddiaçı bağ sahəsinə köçdükdən sonra işıqların tez-tez qısaqapanma nəticəsində sönüb-yanması səbəbindən həyətdən çöldəki dirəyə baxan zaman dirəkdən sayğaca gəlib birləşən naqillərin bəzilərinin əvvəllər qırıldığı üçün birləşdirilmiş, bəzilərinin isə üzərinin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra, iddiaçı “199” qaynar xəttinə və "xxxx" ASC-nin işçilərinə naqillərin tam olaraq bərpa edilməsi üçün müraciət etmişdir. Müraciətə cavab olaraq "xxxx" ASC-nin əməkdaşlarının tez bir zamanda yaxınlaşıb mövcud nasazlığı aradan qaldıracağı bildirilsə də, bir neçə ay keçməsinə baxmayaraq heç bir əməkdaş onun yaşadığı ünvana gəlib qeyd edilən problemlə maraqlanmamışdır. 2021-ci ilin dekabr ayında Tural adlı şəxs naqili düzəltmək üçün iddiaçıdan 50 manat pul istəmiş, lakin iddiaçı pulunun olmadığını bildirmişdir. Yanvar-mart ayları ərzində istifadə edilmiş işıq üçün iddiaçıya 77,37 manat borc hesablanmış, lakin həmin vaxt imkanı olmadığından iddiaçı borcunu ödəyə bilməmiş və işığı kəsmişlər. İddiaçı borcunu ödədikdən sonra "xxxx" ASCnin əməkdaşı dərhal gələrək işığın verilməsini bərpa etmiş, lakin sayğacda olan nasazlıq bu dəfə də aradan qaldırılmamışdır. 2022-ci ilin may ayında iddiaçıya xəbərdarlıq edilmədən sayğaca baxış keçirilmiş və guya sayğaca əlavə qoşulmuş naqil aşkar edilməsi səbəbindən ona cərimə borcu yazılmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixli xəbərdarlıqda 700 manat borc yazılsa da, xx.xx.2022-ci il tarixli xəbərdarlıqda isə 708,29 manat borc hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları olan Elvin və Tural adlı şəxslər borcunu ödəmədiyi təqdirdə işığının kəsiləcəyini bildirmişlər. Həmçinin, sahə rəisi olan Elvin iddiaçıya 350 manat pulu ona verəcəyi təqdirdə onun borcunu tam olaraq sildirə biləcəyini bildirmişdir. İddiaçı işığının kəsilməməsi üçün rəsmi olaraq 200 manat ödəniş etmişdir. Lakin Elvinə və Turala ödəniş etməsinə baxmayaraq, əsassız borc yazdıqları üçün iddiaçı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmin şəxslər iddiaçıya heç bir şey edə bilməyəcəyini, özünü boş yerə yormamasını, nə istəsələr edə biləcəklərini və onlara heç kimin heç nə deməyəcəyini bildirmişlər. İddiaçı qeyd olunan səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3515/2022 saylı, 24 avqust 2022ci il tarixli qətnaməsi (hakim Günay Abidova) ilə iddia tələbi qismən təmin edilmiş; İddiaçı hesablanmış 690,72 (altı yüz doxsan manat, yetmiş iki qəpik) manat borcun əsassız hesab edilərək iddiaçının **********02240 nömrəli abunə hesabından silinməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 2022-ci ilin may ayında iddiaçıya məxsus evə quraşdırılmış sayğaca iddiaçının iştirakı olmadan baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Belə ki, baxış zamanı sayğaca kənar müdaxilə edildiyi müəyyənləşdirildiyinə görə cavabdeh tərəfindən iddiaçıya həmin dövrlər üzrə borc məbləği hesablanmışdır. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 708,29 manat məbləğində hesablanmış borcun silinməsini tələb etsə də, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının enerjidən istifadə qaydalarının pozulmasına görə cavabdeh tərəfindən ona 690,72 manat məbləğində cərimə borcu hesablanmışdır. Lakin cavabdeh tərəfindən hesablanmış cərimə borcunun əsaslı olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, iddiaçıya məxsus abunə koduna hesablanmış 690,72 manat məbləğində borc silinməlidir. Mülki işin materiallarında olan 06 may 2022-ci il tarixli NDM 028745 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı (abunə kodu: **********02240) yaşadığı Sumayıt şəhəri, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən evində elektrik hesabat sayğacı həyətdən çöldə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımadığından, həmin akt əsasında enerjidən istifadə qaydalarının pozulmasına görə hesablanmış 690,72 manat məbləğində borc silinməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, 06 may 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Sumqayıt ş. "Metallurq" Bağları ərazisi, 996a saylı bağ sahəsinə (abunə kodu: **********02240) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının giriş faz xəttini zədələyərək çıxış faz xəttini giriş faz xəttinə qapamaqla sayğacın sxemdən kənarlaşdırılması aşkar edilmiş və müvafiq NDM 028745 saylı akt tərtib olunmuşdur. Aktın əsasında itirilmiş elektrik enerjinin bərpası məqsədi ilə abonentə 5.544kvts-707 manat hesabat təqdim edilmişdir. Kənar xəttin en kəsiyinin sahəsi 10 mm2 aliminium məftildən ibarətdir. Qoyuluş gücü p = 11 kvt. E E İQ-na uyğun olaraq kənar xəttin ləğv edilməsi, sayğacın sxeminin bərpa olunması qərara alınmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları R.Kərimov və H.Mehdiyev tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində "qapını açmadılar" qeyd edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən, 5.544 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 707(11 kvt x 24 saat x (0,7) x 30 gün = 5544 kvts, Tarif (0,08 man) - 200 kvts 0,08 man = 16 man, Tarif (0,09 man) - 100 kvts * 0,09 man = 9 man, Tarif (0,13 man) - 5244 kvts * 0,13 man = 681,7 man, cəmi 707 man) manat məbləğində müəyyən edilməklə abnentin **********02240 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. İddiaçı tərəfindən aktın əsasında yaranmış borcdan xx.xx.2022-ci il tarixdə 200 manat ödənilmişdir və xx.xx.2022-ci il tarixə **********02240 nömrəli abunə kodunda 522,93 manat ümumi borc qeyd edilmişdir. Hesab edirlər ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Maddə 17.1. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:
7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Belə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləyə əsasən, istehlak olunan elektrik enerjisinə görə iddiaçının silinən məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşdə olan akt isə borcun olduğunu təsdiq edən sübut kimi qəbul oluna bilməz. Çünki, həmin sənəddə göstərilənlər o məlumatların həqiqi olduğunu təsdiq etməməklə yanaşı borcun olması yaxud elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı deyildir. Maraqlı şəxs olaraq istənilən sayda mötəbərliliyi təsdiq olunmayan həmin aktı hazırlaya bilər.
23. Şikayətin yeganə dəlili ondan ibarətdir ki, 06 may 2022-ci il tarixdə "xxxx" ASCnin əməkdaşları abonent İddiaçı məxsus Sumqayıt ş. "Metallurq" Bağları ərazisi, 996a saylı bağ sahəsinə (abunə kodu: **********02240) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının giriş faz xəttini zədələyərək çıxış faz xəttini giriş faz xəttinə qapamaqla sayğacın sxemdən kənarlaşdırılması aşkar edilmiş və müvafiq NDM 028745 saylı akt tərtib olunmuşdur. Aktın əsasında itirilmiş elektrik enerjinin bərpası məqsədi ilə abonentə 5.544kvts-707 manat hesabat təqdim edilmişdir. Ancaq qeyd olunan aktın tərtib olunması iddiaçının həqiqətən sərf etdiyi elektrik enerjisiniə görə 707 manat borcunun olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz.
24. Elektrik enerjisindən istifadəyə görə əvəz ödəməsi istehlakçıların vaxtaşırı icra etməli olduğu öhdəlikləri olduğundan, cavabdeh qurumun da istifadə haqqını vaxtında tələb etmək vəzifəsi olmuşdur. Cavabdeh tərəf iddiaçının iddia ərizəsində göstərdiyi halları təkzib etmək üçün akt tərtib edilən tarixə qədər iddiaçının elektrik enerjisindən istifadəyə görə ödənişləri icra etməməsinə yaxud lazımınca icra etməməsinə dair məhkəməyə hansısa bir sənəd təqdim etməmişdir. Demək, iddiaçının cavabdehə elektrik enerjisindən sərfiyyata görə hansısa məbləğdə cari borcu da olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablama dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3515/2022 saylı, 24 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3515/2022 saylı, 24 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.