Məhkəmə qərarları › İş №2(103)-7167/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7167/2025

26.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7167/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin e-2(009)-1691/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, Müəyyən etdi :

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Xudabaxış qızı ilə Cavabdeh2 Firudun qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-644 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., A, məhəllə 528 ünvanında yerləşən ümumi sahəsi 560,5 kv.m olan qeyri-yaşayış sahəsinin 93,5 kv.m hissəsi əvvəlki hüquqi vəziyyətinə, yəni İddiaçı mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin e-2(009)-1691/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli 4Ə-644 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, b. A, məhəllə 528 ünvanında yerləşən ümumi sahəsi 560,50 kv.m olan qeyri-yaşayış sahəsinin 93,5 kv.m hissəsinin əvvəlki hüquqi vəziyyətinə, yəni İddiaçı mülkiyyətinə qaytarılması, cavabdehdən 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması mümkün olmadığından mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

5. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir.

6. Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

7. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

8. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (135.5)

9. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

10. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

11. Məcəllənin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

13. Mülki iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, mübahisələndirilən qətnamə Cavabdeh2 məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə, saat 14:35-də yerləşdirilmişdir (bax, iş vərəq 145). Qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin son günü - xx.xx.2025-ci il tarixi qeyri-iş gününə düşdüyündən, hazırkı halda şikayət vermənin son günü xx.xx.2025ci il tarixi olmuş, cavabdehin apellyasiya şikayəti isə elektron qaydada xx.xx.2025-ci il tarixdə verilmişdir (bax, iş vərəq 150).

14. Bununla da müəyyən olunur ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq şikayət vermə müddətini ötürmüş, müddətin bərpasına dair ərizə (vəsatət) təqdim etməmişdir.

15. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixində birinci instansiya məhkəməsinə etiraz ünvanlayaraq, cavabdeh tərəfindən apellyasiya şikayətinin prosessual müddət buraxılmaqla verildiyini bildirmiş və şikayətin geri qaytarılmalı olduğunu rayon məhkəməsinin diqqətinə çatdırmışdır.

16. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayətinin müddət ötürülməklə verilməsinə heç bir əhəmiyyət verməmiş və əsassız olaraq onu baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

17. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

18. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırda iş üzrə cavabdehin şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 130, 363 və 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: Səbail Rayon Məhkəməsinin e-2(009)-1691/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar