Məhkəmə qərarları › İş №2(103)-7168/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7168/2020

15.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7168/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1651/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadının ləğv edilərək işin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı tamamilə əsassız və qanunsuzdur. Belə ki, keçən müddət ərzində aramızdakı mübahisəyə aid əvvəlki məhkəmələrin qanunsuz tikili dediyi və heç bir hüququnun olmadığı dəhliz, mətbəx və sanitar qovşağına mülkiyyət hüququnu əldə etmiş və bu yeni çıxarış və texniki pasportda əksini tapmışdır. Deməli onun belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmışdır. Ona görə də hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və işin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-141/2019 saylı, xx xxxxxxxx 2019-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 8 saylı evin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililər sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 14405/2019 saylı, xx xxxxxx 2019-cü il tarixli qətnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-141/2019 saylı, xx xxxxxxxx 2019-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək İddiaçı iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən ünvana yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı özü tərəfindən otaqların pəncərələri qapılarla əvəz edilməklə və otaqların qarşısında qanunsuz dəhliz, mətbəx və sanitar qovşağı inşa edilməklə öz otaqlarına təbii işığın düşməsinə və hava axımına müəyyən maneə yaratmışdır. Həmçinin iddiaçının tikililərin tikilməsinə icazə sənədlərinin və yaxud mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənədi təqdim edə bilmədiyi üçün hazırkı tələblə çıxış etmək üçün subyektiv hüquqa məxsus olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)- 2946/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14405/2019 saylı, xx xxxxxx 2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh öz torpaq sahəsinin sərhədləri daxilində inşa etdiyi tikililər iddiaçının öz sahəsindən istifadə etməkdə elə bir maneçilik yaratmadığından və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozduğundan, o, oxşar amillərin öz sahəsinə təsirini cavabdehə qadağan edə bilməz və bu cür təsirlərə dözməyə borcludur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən məhkəmə qərarlarından da göründüyü kimi, İddiaçı özü tərəfindən inşa edilmiş tikililərə görə otaqlarına təbii işığın düşməsinə və hava axımına müəyyən maneə yaratması kimi tələbə artıq qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar