Məhkəmə qərarları › İş №2(103)-7172/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7172/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7172/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı «X5» MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-240/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «X5» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6501 manat əsas, 291 manat faiz, 13988 manat dəbbə borcu olmaqla ümumilikdə 20330 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun müştərək qaydada MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 oğlu arasında 19 mart 2015-ci il tarixdə 181 AL/NEO/ nömrəli daxili maliyyə icarəsi müqaviləsi bağlanmışdır. Həmin tarixli təhvil-təslim aktı ilə “Shacman" markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili lizinq alanın istifadəsinə verilmişdir. Lakin Cavabdeh1 müqavilə üzrə ödənişləri ilk ödəniş tarixindən etibarən ya gecikmələrlə ödəmiş, ya da ümumiyyətlə ödəməmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 ilə 19 mart 2015-ci il tarixdə 168 P/AL/QSA/ saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh öz öhdəliklərini icra etmədiyindən onun cəmiyyətə ümumilikdə 20330 manat borcu yaranmışdır. Binəqədi Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 mart 2015-ci il tarixli, 181 AL/NEO/ nömrəli müqavilə üzrə yaranmış 6051 manat əsas, 291 manat faiz borcu və 600 manat cərimə olmaqla, ümumilikdə 6942 manat pulun iddiaçının xeyrinə müştərək qaydada tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarının yeri və vaxtı haqqında heç bir bildiriş almamış, bunun nəticəsində cavabdeh kimi məhkəmə iclasında iştirak və öz hüquqlarını müdafiə etmək imkanlarından məhrum olmuşdur. Bundan başqa, cinayət işi başlanmasının rədd edilməsi haqqında Lənkəran ŞRPŞ-nin TB-nin 12 mart 2018-ci il tarixli qərarından da görünür ki, Şahmar Məlikovun və Rizvan Babayevin idarə etdikləri “Shacman” markalı yük avtomaşınlarının dövlət qeydiyyat nömrə nişanı dəyişdirilmişdir. Belə ki, Şahmar Məlikovun istifadəsində olan “Shacman” markalı, LZGCL2M45CX016986 şassi nömrəli, ** JG *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin dövlət nömrə nişanı Rizvan Babayevin istifadəsində olan “Shacman” markalı yük avtomobilinə bağlanmış, Rizvan Babayevin istifadəsində olan “Shacman” markalı, LZGCL2M43CX016985 şassi nömrəli, ** JG *** dövlət nömrə nişanlı yük avtomaşınının dövlət nömrə nişanı isə Şahmar Məlikovun istifadəsində olan “Shacman” markalı yük avtomaşınına bağlanmışdır. Bu səbəbdən də qəbul edilmiş qərarın surəti X2 və X3 əməllərində İXM-nin 342.7-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati tədbir görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilmişdir. Polis şöbəsindəki araşdırmadan sonra nömrələrdəki uyğunsuzluq aradan qaldırıldıqdan sonra 19 mart 2015ci il tarixli, 181 AL/NEO/ nömrəli müqavilə üzrə ona verilmiş avtomaşın əvvəlcə Lənkəran ŞRPŞ-nin duracağına gətirilmiş, oradan “X5” MMC-yə təhvil verilmiş, “X5” MMC isə həmin avtomobili ona deyil, X4 vermişdir. Göründüyü kimi, iddiaçının ona qarşı tələbinin heç bir əsası yoxdur. Onu da qeyd edir ki, polis şöbəsindəki araşdırmadan sonra o, “X5” MMC-nin ona qarşı hər hansı tələbi üçün əsas görmədiyindən həmin avtomobili geri tələb etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5346/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətini müdafiə etmiş, həmçinin, bildirmişdir ki, lizinq obyekti 05 dekabr 2017-ci il tarixədək onda olub, sonradan ondan alınıb. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və digər Cavabdeh1 səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Kollegiya göstərilənləri nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmişlər. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, “...Cavabdeh1 isə lizinq obyekti istifadəsində olduğu müddətdə iddiaçıya 1 il ərzində hər ay 1.600 manat olmaqla, cəmi 19.200 manat, 6 ay ərzində hər ay 970 manat olmaqla, cəmi 5.820 manat, bütövlükdə 25.020 manat ödəniş etdiyini, lizinq obyektinin ondan geri alındığını, bütövlükdə ödədiyi məbləğin düzgün hesablanmadığını göstərib iddiaya etiraz edir. Eyni zamanda işin 48-ci vərəqində olan sözügedən müqavilə üzrə iddiaçı tərəfindən verilmiş 19 mart 2015-ci ildən 26 fevral 2018-ci il tarixədək olan dövr üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə 17 oktyabr 2016-cı il tarixdə 1.000 manat olmaqla, cəmi 12.359 manat ödəniş edilib. Əvvəla işdə, lizinq obyektinin nə vaxt Cavabdeh1 geri alındığını, 07 yanvar 2019- cu il tarixədək onun tərəfindən iddiaçıya hansı məbləğdə ödəniş edilməsini, həmin tarixə müəyyən edilmiş 6.051 manat əsas, 291 manat faiz borcunun hansı qaydada hesablanmasını özündə ehtiva edən heç bir sübut növü yoxdur. Eyni zamanda, Cavabdeh1 iddia olunan məbləğlə razılaşmır və sözügedən müqavilə üzrə iddiaçıya bütövlükdə 25.020 manat ödəniş etdiyini göstərib iddiaya etiraz edir. Göründüyü kimi, tərəflər arasında sözügedən müqavilə üzrə aparılmış ödənişlərin məbləğlərinə dair açıqaşkar fikir ayrılığı vardır və onların iddia etdikləri məbləğlər kəskin şəkildə biri-birindən fərqlənir. Xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirilməsi üçün birinci instansiyası məhkəməsinin 18 avqust 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, işə baxan hakim öz qərarının icrasını təmin edib mübahisəli məsələyə dair əsaslandırılmış ekspert rəyi almadan, iddianı qismən yuxarıda göstərilən məbləğdə təmin etmişdir. Belə ki, işin 107-108-ci vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzə tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 22 noyabr 2018-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş suallara aydınlıq gətirilməsi üçün zəruri hesab edilən əlavə materiallar məhkəmə tərəfindən ekspertizaya təqdim edilmədiyi üçün ekspertizanın aparılmasından imtina edilərək, məhkəmənin qərarı icra edilmədən mülki iş materialları ilə birlikdə məhkəməyə geri qaytarılıb. ... Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə lizinq obyektinin nə vaxt Cavabdeh1 geri alındığı dəqiqləşdərilməli və xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, lizinq obyektinin Cavabdeh1 geri alındığı vaxtadək onun iddiaçıya ödədiyi və borclu qaldığı əsas və faiz borclarının məbləğinə dair əsaslandırılmış ekspert rəyi alınmalı və yalnız bundan sonra iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməlidir. Kasasiya instansiyası məhkəməsi eyni zamanda yuxarıda sadalanan normaların tələbləri baxımından hesab edir ki, lizinq obyektinin istifadəçisi (lizinq alan şəxs) lizinq obyektinin geri qaytarılması və ya lizinqdən istifadə münasibətlərinə xitam verilməsi halında o, lizinq obyektindən istifadə müddətində yaranan əsas və faiz borcunu və hesablanmış dəbbə pulunu ödəməyə borcludur.”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri (hüquqi mövqeyi) nəzərə alaraq, həmçinin izahatlara qiymət verərək, kollegiya hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallıarından görünür ki, iddiaçı və Cavabdeh1 arasında bağlanılmış 19 mart 2015-ci il tarixli, 181 AL/NEO/ nömrəli kredit müqaviləsinə əsasən, **-JG-*** dövlət qeydiyyat nişanlı, “Shacman” markalı yük avtomobili Cavabdeh1 istifadəsinə verilmiş, sonuncu isə avtomobilə görə lizing borcunu 21 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. «X5» MMC və Cavabdeh2 arasında bağlanılmış 19 mart 2015- ci il tarixli, 168/P/AL/QSA/ nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 tərəfindən lizinq müqaviləsindən irəli gələn öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə «X5» MMC qarşısında tam həcmdə cavabdehlik barədə zamin durmuşdur. İddiaçı «X5» MMC hazırkı mülki mübahisə üzrə iddia ərizəsində ilkin olaraq qeyd edilən lizing müqaviləsinə görə öhdəliyin tam icra olunmadığı üçün cavabdehlərdən 05.12.2017-ci il tarixə hesablanmış 6051 manat əsas, 291 manat faiz və 6025,34 manat cərimə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 07.01.2019-cu il tarixə hesablanmış 6051 manat əsas, 291 manat faiz və 13988 manat cərimə tələb etmişdir Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 mart 2015-ci il tarixli, 181 AL/NEO/ nömrəli müqavilə üzrə yaranmış 6051 manat əsas, 291 manat faiz borcu və 600 manat cərimə olmaqla, ümumilikdə 6942 manat pulun iddiaçının xeyrinə müştərək qaydada tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Kollegiya, təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri nəzərə alaraq Cavabdeh1 19 mart 2015-ci il tarixli lizinq müqaviləsi üzrə borcunun məbləğini müəyyən etmək məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 9/5792 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 iddiaçı “Nikoyl Lizing kompaniyası" MMC-yə 19 mart 2015-ci il tarixli 181 AL/NEO/ saylı Daxili lizinq müqaviləsinin qeyd olunan şərtləri üzrə sualda soruşulan tarixə, yəni 05 dekabr 2017-ci il tarixə 02 saylı əlavəyə əsasən qrafik üzrə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: gecikdirilmiş əsas lizinq məbləği üzrə - 6.051,00 manat, lizing faizi üzrə - 291,00 manat. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dəbbə pulunun tutulması hissəsində gəldiyi qənaəti qanuni və əsaslı hesab edir. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apelyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin Cavabdeh1 məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin və ya apelyatorun başqa ünvanda yaşamasının məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-240/2019 saylı, 12 fevral 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci qismində 145 (yüz qırx beş) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar