Məhkəmə qərarları › İş №2(103)-7175/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7175/2025

03.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7175/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı –İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “özbaşına tikilinin sökülməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5463/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 4-cü sahsində yerləşən 141599 saylı neft quyusunun mühafizə zolağında və Şirkətin saziş ərazisi hüdudları (1. 401219.379 4479494.330; 2. 401226. 794 4479496.732; 3. 401229.031 4479489.773; 4. 401221.658 4479487.370 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 25,42 manat mütəxəssis rayinin cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasınında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-in ortaq şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli qanuna əsasən Saziş qanun statusunu almışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqların daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin 5-ci Əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X4 şirkətləri arasında imzalanmış “Birgə Əməliyyat” Sazişinin 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış kontrakt sahəsində, əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təlimat və öhdəliklərinin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, neft-qaz əməliyyatları üçün podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh tərəfindən "X3" şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 4-cü sahəsində yerləşən 141599 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, iddiaçının qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5463/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Anar Rzayev) iddia tələbi təmin edilmiş, Cavabdeh 1 saylı mədənin 4-cü sahəsində yerləşən 141599 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 401219.379 4479494.330; 2. 401226.794 4479496.732; 3. 401229.031 4479489.773; 4. 401221.658 4479487.370 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, qətnamənin özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi, eləcə də mütəxəssis rəyinin alınması üçün ödənilmiş 25,42 (iyirmi beş manat qırx iki qəpik) manatın Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən müəyyən edilir ki, bir tərəf fərdi yaşayış evini (sözügedən özbaşına tikilini) tikmək, digər tərəf-sifarişçi (Cavabdeh) isə həmin fərdi yaşayış evini qəbul etməklə bağlı razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu iltarixli, AKX01713xx/xx-2019 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən edilir ki, “Azəriqaz” İB ilə Cavabdeh arasında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Göründüyü kimi, Cavabdeh xx.xx.2019-cu il tarixdə sözügedən özbaşına tikilidə inşa edilən evi almış və həmin tarixdən 1 ay sonra ailəsi ilə evə köçərək həmin evdə yaşamışlar. Rayon məhkəməsi təqdim edilmiş sübutlara obyektiv və tam baxmamış, həmin sübutlar məhkəmə tərəfindən araşdırılmamış və qətnamədə qiymət verilməmişdir, tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilib-edilmədiyini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.Cəfərov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi və bildirdi ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Sübutların tədqiqi:

8. 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasınında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-in ortaq şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli qanuna əsasən Saziş qanun statusunu almışdır.

9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqların daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin 5-ci Əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir.

10. “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan müəyyən edilir ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur.

11. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 3m- 2149/2011 saylı qərardadından müəyyən edilir ki, Dövlət Neft Şirkətinin Prezidenti R.Abdullayevin məhkəmə aktlarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə Ali Məhkəmənin MK-na təqdimat verilməsinə dair ərizəsi təmin edilməmişdir.

12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(102)- 1233/15 saylı qərarından müəyyən edilir ki, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1105/15 saylı xx.xx.2015-ci il tarixli qərarından cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1105/15 saylı xx.xx.2015-ci il tarixli qərarı ləğv edilərək İddiaçı şirkətinin iddiasının mümkün sayılmaması qərara alınmışdır.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1918/2025 nömrəli məktubuna əsasən müəyyən edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən cavabdehin istifadəsində olan sahə İddiaçı şirkətinin qanuni istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir.

14. 16.09.2025-ci il tarixli ərizəyə əlavə edilmiş məlumat vərəqindən müəyyən edilir ki, 33918 kadastr nömrəli tikili ilə ləğv olunan quyular arasındakı məsafə 142145 saylı quyu ilə 48 metr, 141554 saylı quyu ilə 15 metr, 142266 saylı quyu ilə 45 metr, 141599 saylı quyu ilə 1 metr təşkil edir.

15. Mülki iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən müəyyən edilir ki, bir tərəf fərdi yaşayış evini (sözügedən özbaşına tikilini) tikmək, digər tərəf-sifarişçi (Cavabdeh) isə həmin fərdi yaşayış evini qəbul etməklə bağlı razılığa gəlmişlər.

16. 15.10.2019-cu il tarixli Enerjitəchizati müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən "xxxx" ASC Enerji Satışı Departamentinin direktoru ilə Cavabdeh (abonent kodu **********38505) arasında elektrik enerjisinin alqı-satqısı müqavilə bağlanmışdır.

17. xx.xx.2019-cu il tarixli, AKX-01713xx/xx-2019 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən edilir ki, “Azəriqaz” İB ilə Cavabdeh arasında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır.

18. "xxxx" MMC tərəfindən Cavabdeh sifarışınə əsasən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 566 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəydən müəyyən edilir ki, qiymətləndirici mövcud qiymətləndirmə metodlarından tam və ya qismən istifadə etməklə apardığı araşdırmalar, təhlillər, təmirə dair hesablamalar nəticəsində belə qənaətə gəlmişdir ki, əmlakın mövcud vəziyyətdə və qiymətləndirmə tariixnə, yəni xx.xx.2019-cu il tarixə yekun bazar dəyəri 21000 (iyirmi bir min) manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

20. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

21. Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

22. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

23. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

24. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

25. 22.3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu:

26. Maddə 1. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

27. Maddə 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 14 oktyabr tarixli 150 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra "Hökumət təminatı" adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

28. Maddə 3. Sazişin əsas mətninə edilmiş doqquz (9) Əlavə və bir (1) Qoşma (bundan sonra "Əlavələr" adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

29. Maddə 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

30. Maddə 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neftqaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

31. Maddə 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin ) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

37. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

41. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

46. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı şirkətinə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü aparması üçün 2004-cü il tarixli sazişlə istifadəsinə torpaq sahəsi ayrılmışdır. Həmin saziş ərazisində fəaliyyət göstərən və ya göstərməyən neft quyuları vardır. 1 saylı mədənin 4-cü sahəsində yerləşən 141599 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 401219.379 4479494.330; 2. 401226.794 4479496.732; 3. 401229.031 4479489.773; 4. 401221.658 4479487.370 koordinatlar) daxilində cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evi dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

48. Cavabdeh apellyasiya şikayətində xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsaslanaraq, həmin evi aldığını və rayon məhkəməsi tərəfindən tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilib-edilmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməyini qeyd edərək qətnaməni mübahisələndirmiş, həmçinin rayon məhkəməsi tərəfindən təqdim etdiyi sübutlara obyektiv qiymət verilmədiyini qeyd etmişdir.

49. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən məhkəməyə ekspertiza keçirilməsi barədə vəsatət verilməmişdir. Hazırkı halda özbaşına tikili 2004-cü il tarixli sazişlə iddiaçının qanuni istifadəsinə verilən və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində lazımi icazələr alınmadan tikildiyindən, həmin tikilinin şəhərsalma və tikinti norma və qaydalarını da pozduğu aşkardır.

50. Mülki qanunvericiliyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

51. Mülki Məcəllənin yuxarıda istinad edilən 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

52. Həmçinin Torpaq Məcəlləsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Eyni zamanda sözügedən qanunvericiliyin tələbinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

53. Məhkəmə hesab edir ki, cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə özbaşına tikili olduğundan, cavabdehin apellyasiya şikayəti əsassızdır, mahiyyət etibarı ilə düzgün olan rayon məhkəməsi qətnaməsinin ləğvinə əsas ola bilməz. Xüsusən də nəzərə alınmalıdır ki, rayon məhkəməsi qətnaməsinin icrasını həmin ərazidə neft-qaz hasilatının başlanmasınadək təxirə salmışdır. Eyni zamnada iddiaçının nümayəndəsi də bildirmişdir ki, hazırkı vəziyyətdə oxşar işlər üzrə mövcud məhkəmə qətnamnələrinin icra olunması faktı mövcud deyildir.

54. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

55. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

56. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

58. Məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5463/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar