Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7176/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “bağ evinin alınmasına və təmirinə çəkilmiş xərclərin ödənilməsi” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “bağ evinin alınmasına və təmirinə çəkilmiş xərclərin ödənilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1602/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “bağ evinin alınmasına və təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1209 saylı bağ evinin (bundan sonra bağ evi) alınmasına və həmin evin təmirinə tərəfindən çəkilmiş 410000 (dörd yüz on min) manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-1602/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 77.1-ci maddəsinə istinad edərək, iddiaçının bağ evinin alınması üçün vəsaitin ona məxsus olmasına, evin onun tərəfindən təmir edilməsinə, evin alınması və təmiri üçün ayrı-ayrılıqda nə qədər vəsait sərf etməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. İddiaçının şikayətinə əsasən işə apellyasiya qaydasında baxılarkən X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Apellyasiya şikayəti iddia ərizəsində sadalanan hallara istinadən belə əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh onun qeyri-rəsmi həyat yoldaşı X1 anası, yəni qayınanasıdır. O, X6 ilə qeyri-rəsmi olaraq, yəni faktiki olaraq nikah münasibətində olmaqla ailə qurmuşdur. Bu nikahdan oğulları Osmanov X5 Federasiyasının Moskva şəhərində 2001-ci ildə anadan olmuşdur və oğlu Rusiya Federasiyasının vətəndaşıdır, o özü də Rusiya Federasiyasının vətəndaşıdır. O, Azərbaycanda olarkən yaşamaq və istirahət etmək məqsədi ilə özünə bağ evi almaq qərarına gəlmişdir. xx.xx.2004-cü ildə Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.m yaşayış, 131,42 kv.m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evini notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi ilə almış və evin dəyərini də özü ödəmiş, evi etibar etdiyi və qohumluq əlaqəsinə görə qeyri-rəsmi həyat yoldaşı X1 anası, yəni qaynanası Cavabdeh adına rəsmiləşdirmiş və onun adına reyestrdə qeydə alınmışdır.
7. Rayon məhkəməsində bağ evini özünə almasını təsdiq edən şahid ifadələrini də sübut kimi təqdim etmiş, buna baxmayaraq, məhkəmə qeyd edilən qənaətə gələrkən sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam tədqiq etməmiş, onlara (işdəki sübutlara) tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, mübahisə mövzusu bağ evinə dair alğı-satqı müqaviləsinin bağlanması zamanı alıcı tərəfindən nümayəndə qismində iddiaçının çıxış etdiyi mübahisə doğurmamış, işin qeyd edilən halı birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən də etiraf edilmişdir. Belə ki, o, məhkəməyə təqdim etdiyi yazılı etirazında mübahisəli əmlakın təmsil etdiyi şəxsin vəsaiti hesabına öz adına alındığını, iddiaçının isə etibarnamə əsasında onu (cavabdehi) nümayəndə kimi təmsil edərək sadəcə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaladığını irəli sürmüş, cavabdehin fiziki olaraq bilavasitə həmin işdə iştirak etməməsini onun Moskva şəhərində yaşaması, xəstəliyi ilə əlaqədar qızının yanında olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf Bakı şəhərində bağlanan müqavilə üzrə bağın dəyərini məhz özü ödəmiş olduğunu bildirirsə də, oradan pulu iddiaçıya hansı qaydada göndərdiyinə dair sübutları (pulun göndərildiyini təsdiq edən bank sənədləri və s.) məhkəməyə təqdim etməli idi. Birinci instansiya məhkəməsi isə sübutetmə yükünün bölüşdürülməsində kobud səhvə yol verərək iddiaçının irəli sürdüyü halları sübuta yetirmədiyinə əsaslanmaqla iddia tələbini təmin etməmişdir.
8. Cavabdehin nümayəndəsinin yazılı etirazından da göründüyü kimi, cavabdeh tərəf bağda iddiaçı tərəfindən bağ evinin yenidən qurulmasını və əlavə işlərin aparılmasını mübahisələndirməmiş, onun etirazı həmin işlərə görə çəkilən xərclərin məbləği ilə əlaqədar olmuşdur, halbuki tərəflər arasında həmin bağa dair qüvvədə olan başqa qətnamədə də mübahisəli əmlakın həqiqətən də iddiaçı tərəfindən alınması və sonradan həmin əmlaka dair təmirlə bağlı olan xərclərin onun tərəfindən çəkilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, bağ evində aparılan tikinti-bərpa işlərinin nələrdən ibarət olduğu araşdırılmalı, həmin işlərin dəyəri müəyyənləşdirilməli və qeyd edilən məbləğ iddiaçının xeyrinə tutulmalı idi. Həmin hissədə iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
9. Apellyator şikayətində rayon məhkəməsində iş üzrə maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək qeyd etdi ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilib, belə ki, iddiaçı Rusiya Federasiyası vətəndaşıdı, şirkət sahibi olaraq işləyir, cavabehin qızı Elnarə 1995-ci ildən onun şirkətində işləməyə başlayıb, sonra onlar 1999-cu ildən rəsmi nikah bağlamadan ailə quraraq (vətəndaş nikahında) yaşamağa başlayıblar, bir övladları da olub. İddiaçı yay aylarında dincəlmək üçün Bakıya gəlirdi, burada kirayə qaldığı mübahisəli bağı bəyənir, eşidib ki, kirayə qaldığı bağ satılır, bundan sonra o, bağın sahibi Rəna adlı xanmla görüşüb bağı almaq istədiyini bildirib, tərəflər belə razılaşırlar ki, iddiaçı özünəməxsus yeni bina evində olan mənzilini bağın sahibi Rəna xanımın adına keçirməyə, bunun müqabilində də Rəna xanım həmin bağ evini iddiaçıya verməyə (adına keçirməyə dair) dair qarşılıqlı öhdəlik götürürlər, tərəflər həmin razıllaşmaya əsasən belə də edirlər, həm iddiaçının yeni binadakı mənzili, həm də bağ evi rəsmi olaraq qeydiyyatdan keçmədiyindən mənzillə bağın əvəzləşdirilməsi mövcud qaydalara uyğun olaraq, yəni iddiaçının öz mənzilindən Rəna xanımın xeyrinə imtinası qaydasında rəsmiləşdirilir, bağı isə iddiaçı Rusiya vətəndaşı olduğundan iddiaçının yaxını kimi arvadının anasının- hazırkı cavabdehin adına formal alqı-satqı edilməklə rəsmiləşdirilir, çünki iddiaçı Rusiya vətəndaşı olduğundan onun Azərbaycanda torpaq mülkiyyətçisi olmasına qanunla icazə verilmir. Bütün bunları təsdiq edən yazılı sübutlar rayon məhkəməsinə təqdim edilmişdir və həmin sənədlərin həqiqiliyi hər hansı şübhə doğurmur. Bundan başqa, bağ sahəsi alınan vaxtdan halhazıradək məhz iddiaçının həmin bağ evində yaşaması, bağ evi alındıqdan sonra həmin bağda əsaslı təmir və tikinti işlərinin iddiaçı tərəfindən həyata keçirilməsi, eləcə də ilk gündən hal-hazıradək bağ evinin bütün kommunal xərclərinin iddiaçının adından və onun tərəfindən ödənilməsi də hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuş, eyni zamanda, işin bu halları hazırkı tərəflər arasındakı bağ evi ilə bağlı başqa bir mülki iş üzrə qüvvədə olan məhkəmə qətnaməsi ilə də müəyyən olunmuşdur. Bütün bunlara baxmayaraq, rayon məhkəməsi işin qeyd edilən faktiki hallarına düzgün qiymət verməmiş, habelə prosessual pozuntuya yol verərək tərəflər arasındakı hazırkı bağ evinə dair başqa işlə bağlı qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş halların bu iş üzrə preyudisiallığını nəzərə almamışdır. Həmin işdə məhkəmələr iddiaçının öz vəsaiti hesabına əldə etdiyi və tikdiyi bağ evinin onun adına keçirilməsindən imtina etmiş, lakin bununla belə, məhkəmələr həmin işdə bağ evinin iddiaçının vəsaiti hesabına özü üçün alınmasını və sonradan da onu əsaslı şəkildə yenidən inşa etməsini müəyyən etmişlər. Bu da öz növbəsində cavabdehin əsassız olaraq iddiaçının hesabına varlanması halını yaratmışdır, onlar bağ evini hazırkı dəyəri ilə bağlı məhkəmələrə iki rəy vermişlər, birinci rəydə bağın dəyəri 410.000 manat, ikinci rəydə isə 574.000 manat olduğu müəyyən olunmuşdur, əslində cavabdeh iddiaçıya ikinci rəyə görə pul ödəməlidir. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, iddiaya etirazın məzmununa uyğun izahat verdi, həmçinin də bildirdi ki, onun qızı Elnarə 1994-cü ildən Moskva şəhərində iddiaçıya məxsus şirkətdə işləməyə başlamış, sonradan onun qızı Elnarə iddiaçı ilə rəsmi nikah bağlamadan 1999-cu ildən ailə quraraq yaşamışlar, 2001-ci ildə onların bir uşağı olmuşdur, bağ evi alınarkən o Moskva şəhərində omuş, bağın sahibi Rəna xanımı heç vaxt görməmiş və onunla hər hansı ünsiyyətdə omamış, iddiaçıya etibarnamə vermiş, bağ evinin alınmasına və orada aparılmış təmir-tikinti işlərinə iddiaçı rəhbərlik etmiş, bağ evi ilə bağlı xərclərin müəyyən hissəsini də iddiaçı çəkmiş, bununla belə, bağ evi onun vəsaiti hesabına alınmış və oradakı təmir-tikinti işlərinin xərcini də o özü çəkmişdir, hazırda da bağ evində iddiaçı yaşayır, bağa evinə dair kommunal xərcləri də iddiaçı ödəyir, hazırda iddiaçı ilə qızının münasibətləri pozulmuş, onların ailəsi məhz iddiaçının ucbatından dağılmış, eyni zamanda göstərdi ki, iddiaçı bundan qabaq da həmin bağ evinin adına keçirilməsinə dair iddia qaldırmış, lakin onun iddası təmin olunmamışdır, çünki həmin bağ evi mülkiyyət hüququ əsasında ona məxsusdur.
12. Bununla belə cavabdeh bağ evinin alınması və tikinti-təmir işlərinə çəkilən xərclərlə bağlı məsələlər aydınlaşdırılarkən məhkəməyə doğru-dəqiq məlumat verə bilmədi. Belə ki, o ilkin olaraq bağ evinin alınması üçün pulu iddiaçıya şəxsən özü verdiyini, sonra bağ evinin alınması üçün pulu mərhum əri Nazimin verdiyini, daha sonra qızı Elnarənin vəsaiti hesabına alındığını, daha sonda isə bağın alınması və onun tikinti-təmirinə çəkilən xərclərin Moskvada iddiaçıya məxsus olan şirkətin gəlirləri hesabına əldə edildiyini, qızı Elnarənin də həmin şirkətin 25% payçısı olaraq həmin gəlirlərdə payı olduğunu, qızının da tikintiyə kömək etdiyini göstərdi, lakin konkret olaraq bunlara dair məhkəməyə hər hansı sübut verə bilməyəcəyini bildirmişdir.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin də göstərdi ki, bağ evinin alınması üçün pul cavabdeh və onun əri tərəfindən verilmişdir, bağ evi alınarkən iddiaçı alqı-satqıda yalnız nümayəndə kimi cavabdehi təmsil etmişdir, tikinti-təmirdə iddiaçı müəyyən xərclər çəkmişdir, bununla belə iddiaçının hazırkı tələbinə dair sübutları yoxdur, iddiaçı bağın təmiri ilə bağlı smeta sənədlərini və ustalarla bağladığı podrat müqaviləsini təqdim edə bilməmiş, bağ evinin dəyərinin 410.000 manat olması hələ o demək deyil ki, iddiaçı həmin məbləğdə xərci çəkmişdir, digər qətnamənin də bu işə təsiri ola bilməz, çünki həmin işdə tərəflər eyni olsa da, orada tələb başqa olmuşdur, rayon məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir.
14. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs R.Axundova bildirdi ki, həmin bağ order əsasında ona məxsus olmuş, o bağını yay aylarında kirayəyə verirdi, eyni zamanda da bağ evini satmaq istədiyini bağ qonşularına demiş, hazırkı iş üzrə iddiaçı Qamlet onun bağını kirayləmiş, sonradan Qamlet ona bağı almaq istədiyini demiş, onlar görüşüb bu məsələni müzakirə etmişlər, müzakirə zamanı Qamlet ona bağın əvəzində yeni tikilmiş binadakı mənzilini təklif etmiş, o da əri ilə birlikdə gedib həmin mənzilə baxmışlar və bundan sonra bağ evi ilə Qalmetin mənzilini barter etmək barədə razılığa gəlmişlər, bağla mənzili başabaş dəyişmişlər, tərəflər biri birinə əlavə pul ödəməmişlər, o, cavabdehi tanımır, onunla hər hansı formada ünsiyyətdə olmamış, bağı Qamletə satmış, bildiyi qədər də Qamlet bağı özü üçün almışdır, bağın başqa şəxs üçün alınmasını eşitməmişdir, aradan 20 ilə yaxın vaxt keçdiyindən sənədləşməni dəqiq xatırlamır, ancaq yadında qalan odur ki, o, Qamletə etibarnamə vermişdir özü sənədləşməni aparsın, notariatda hansısa sənədlərə qol çəkmişdir, bağa dair alqı-satqı və orada hansısa məbləğin göstərilməsi tam formal olmuşdur, çünki onlar əslində barter etmişlər, bağa görə Qamlet ona hər hansı pul ödəməli deyildir və ödəməmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
15. X9 ilə Cavabdeh arasında 04 mart 2004-cü il tarixdə Bakı şəhəri 7-ci dövlət notariat kontorunda bağlanaraq reyestrdə 4Ə/İ 98 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, X9 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir. Daşımaz əmlak 245.000.000 manata satılmışdır;
16. Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 saylı bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabında 2801 nömrəli vərəqində qeydiyyata alınmışdır;
17. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləsinin surətindən görünür ki, kooperativ ünvan 1 ünvanda yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında olan mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürüşdür. Mənzilin ümumi dəyəri 25500 (iyirmi beş min beş yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir;
18. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 380 saylı arayışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-nın inşa etdiyi yüksək mərtəbəli binanın 29 nömrəli mənzilinin dəyəri X7 ilə "xxxx" MTK arasında imzalanan müqaviləyə (01 sentyabr 2002-ci il) əsasən 2002-2003-cü illər ərzində vətəndaş İddiaçı tərəfində MTKnın xəzinəsinə tam ödənilmişdir. Sonralar, 2004-cü ildə vətəndaş İddiaçı MTK-ya yazılı müraciət edərək öz pay haqqından imtina etdiyini və mənzilin X3 adına sənədləşdirilməsinə razı olduğunu bildirmişdir.
19. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinə dair Cavabdeh adına olan reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2004 olan Seriya MN ******* saylı çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi barədə iddiasının rədd edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2755/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “evə çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2894/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 2894/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
21. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirmə zamanı onlar müştəri tərəfindən təqdim edilən, əmlaka aid sənədlər və texpasport, forma 2 istifadə eləmişlər. Bütün göstərilənləri nəzərə alaraq apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən əmlakın müqayisəli yanaşma ilə 24 dekabr 2021-ci il üçün hesablanmış bazar dəyərlərin cəmi 410000 AZN təşkil edir. Daşınmaz əmlakın bazar dəyərini tapmaq üçün onlar oxşar müqayisəli yaşayış obyektinin 1 sot düşən qiymətin tapmışlar və bəzi düzəlişlər etdikdən sonra dəyərinin hesablamışlar (8.1.1.1).
22. Rayon məhkəməsində ifadə verən şahid E.Nəbiyev göstərmişdir ki, iddiaçını bir yerli kimi tanıyır, o, bağ sahəsinin alınmasında iştirak etmiş, bağ sahəsini iddiaçı Rəna adlı xanımdan özü üçün almış, iddiaçı Azərbaycan vətəndaşı olmadığından torpaq sahəsinin alqı-satqı müqaviləsini qaynanasının adına sənədləşdirmişdir, o bağ evinin tikinti-təmir işlərini həyata keçirən ustalara rəhbərlik etmiş, usta xərclərini iddiaçı ödəmiş, bağ sahəsində təmir işləri gedərkən iddiaçı dəfələrlə gəlib-getmiş, cavabdeh idddiaçının qayınanasıdır, o bağa ancaq yay aylarında dincəlmək üçün gəlmiş, cavabdeh bağda aparılan işlərlə bağlı pul xərcləməmişdir.
23. Rayon məhkəməsində ifadə verən şahid V.Həsənov göstərmişdir ki, 17 il fasiləsiz olaraq iddiaçının bağ evində gözətçi işləmiş, aylıq 600 manat əmək haqqı almış, iddiaçı olmayanda əmək haqqını ona Elçin müəllim ödəmişdir.
24. Rayon məhkəməsində ifadə verən şahid E.Osmanova (o, cavabdehin qızı, iddiaçının isə keçmiş (nikahda olmayan) arvadıdır) göstərmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşı, cavabdeh isə anasıdır, bağ evi anasının mülkiyyətindədir, anası evi təmir etdirmək üçün iddiaçıya etibarnamə vermişdir, bağ alınarkən mərhum atam Nazim 44000 ABŞ dolları pul vermişdir, özü də 1994-cü ildən Moskvada şirkətdə payçı olmuşdur, onu şirkətə işə iddiaçı qəbul etmişdir, bağı 2004-cü ildə almışlar, aldıqları torpaq sahəsi 15 sot idi, bağın sağ tərəfində artırmalar edilmişdir, o özü 30000 manat pul vermiş, ümumən isə 49000 manat pul vermişdir, ev alındıqdan sonra on il təmir işləri getmişdir, hər təmir zamanı 10000 ABŞ dolları xərclənmiş, ustalara nə qədər pul xərclənməsini bilmir, hazırda bağ evində iddiaçı yaşayır, bağda iddiaçı yaşadığından kommunal xərcləri də o ödəməlidir, bağ evi onlar ər-arvad olduqları zaman alınmışdır, bağ evini o (yəni şahid E.Osmanova) özü almışdır.
25. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 saylı bağ evinin 02 noyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 574000 min manat hesablanmışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
27. Maddə 6.1.4. mülkiyyətin toxunulmazlığı;
28. Maddə 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi;
29. Maddə 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.
30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.
36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
37. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:
38. Maddə 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;
39. Maddə 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;
40. Maddə 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;
41. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
44. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
52. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
54. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
55. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
56. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
57. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
58. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
60. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
61. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
62. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
63. Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
64. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin izahatlarını mülki iş materialları və apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
66. Belə ki, iddiaçı hazırkı tələbində bildirir ki, Rusiya Federasiyasının vətəndaşıdır, Moskva şəhərində yaşayır və işləyir, öz şirkəti var, o, cavabdehin qızı Elnarə ilə 1994-cü ildə Moskva şəhərində tanış olmuş, Elnarəni öz şirkətinə işə götürmüş, sonra yaxın münasibətləri yaranmış,1999-cu ildə ailə qurmuşlar, 2001-ci ildə bir uşaqları (Qamlet) doğulmuş, həmin ərəfələrdə davamlı olaraq yay aylarında istirahət üçün Bakıya gəlirmiş, sonuncu dəfə Bakıda kirayələdiyi bağ evinin satıldığını öyrənmiş, bağın sahibi Rəna xanımla görüşüb danışmış, qarşılıqlı razılaşmışlar ki, o, özünə məxsus yeni tikilən binadakı mənzilini bağın sahibi Rəna xanımın adına keçirir, bunun əvəzində də Rəna xanım da bağını ona verir, bu razılaşma sənədləşdirilərkən o, Azərbaycan Respublikasının vətəndaşı olmadığından bağı(torpaq sahəsini) mehriban ailə olduqlarına görə formal olaraq qaynanasının adına rəsmiləşdirir, sonradan isə öz vəsaiti hesabına həmin bağ evində əsaslı tikinti-təmir işləri həyata keçirərək, müasir tələblərə uyğun ev tikir və uzun müddət ailə olaraq həmin bağ evindən istifadə edirlər, son zamanlar arvadı Elnarə ilə münasibətləri pozulmuş, ailə dağılmışdır, Mockva şəhərində olan əmlaklarla bağlı da mübahisələri yaranmış, bu zəmində o, cavabdehə müraciət edərək bağ evini öz adına keçirməsini istəsə də, cavabdeh bundan imtina etmiş, belə olan halda məcburiyyət qarşısında qalaraq hazırkı cavabdeh olan keçmiş qayınanasına qarşı “çıxarışın ləğv edilməsi, bağ evinə mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsinə” dair məhkəmədə iddia qaldırmış, məhkəmələr onun iddiasını reyestrin həqiqiliyi prezumpsiyasına istinadən rədd etmişlər, bağ evi qaynanasının adında qalmışdır, bununla belə, həmin işdə məhkəmələr bağ evinin onun tərəfindən özü üçün alındığını və oradakı təmir-tikinti işlərinin də məhz onun tərəfindən və onun vəsaiti hesabına həyata keçirildiyini müəyyən etmişlər. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələbində həmin bağ evinin dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini istəyir.
67. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, bağ evi onun mülkiyyətindədir, bağ evini onun verdiyi etibarnamə əsasında iddiaçı tapıb alsa da, bağa görə ödənilən pulu, eləcə də bağın təmir-tikintisinə çəkilən xərci o özü ödəmişdir.
68. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.
69. MM-in 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).
70. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.
71. Hazırkı işin hallarından görünür ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür.
72. Belə olduqda, növbəti mərhələ iddiaçının istinad etdiyi hallara dair sübutların yoxlanılmasıdır.
73. İddiaçı tələbində istinad etdiyi hallara dair sübut kimi məhkəməyə öz izahatından başqa yazılı sübutlar, şahid ifadələri, mütəxəssis rəyləri, eləcə də qüvvədə olan məhkəmə qətnaməsini təqdim etmişdir (bax, qətnamənin 17- 23-cü bəndləri).
74. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair sübut olaraq məhkəməyə öz izahatından başqa bir şahid ifadəsini təqdim etmişdir (bax, qətnamənin 24-cü bəndi).
75. İddiaçının təqdim etdiyi həmin sübutlar, eləcə də üçüncü şəxsin izahatı ilə aşkar müəyyən olunur ki, bağ evinin əldə edilməsi üçün pul vəsaiti ödənilməmiş, üçüncü şəxslə iddiaçı arasında əldə olunmuş razılığa əsasən iddiaçı özünə məxsus yeni tikilidəki mənzilini R.Axundovanın adına keçirmiş, bunun əvəzində də R.Axundova özünə məxsus bağ evini iddiaçıya vermişdir (bax, qətnamənin 14, 17-18ci bəndləri).
76. Bununla da cavabdehin həmin halla bağlı, yəni bağ evinin onun verdiyi pul vəsaiti hesabına əldə olunmasına dair bildirdiklərinin əsassız olduğu müəyyən olunur. Baxmayaraq ki, iddiaçının bu halla, eləcə də bağ evinin təmir-tikintisinə çəkilən xərclərlə bağlı bildirdikləri öz-özlüyündə qeyri-müəyyən, olduqca ümumi, ziddiyyətli və qarmaqarışıq olmaqla yanaşı, həm də ağlabatan və inandırıcı da deyildir (bax, qətnamənin 11-13-cü bəndləri).
77. Cavabdehin tədim etdiyi şahid ifadəsinə gəldikdə isə Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, həmin şahidin- Elnarə Osmanova cavabdehin qızı, iddiaçının isə keçmiş arvadı olması nəzərə alınmalıdırdır. Belə ki, bu mülki işin araşdırılan hallarından hazırkı mübahisənin tərəflərinin əslində İddiaçıla onun keçmiş arvadı E.Osmanova olduğu bəlli olur. Bu baxımdan da şahid E.Osmanova ilə onun anası olan cavabdehin maraqlarının üst-üstə düşməsi, başqa sözlə desək, şahid E.Osmanovanın bu işin nəticəsində, yəni işin anasının xeyrinə həll olunmasında bilavasitə maraqlı olması onun ifadələrinə qiymət verilərkən mütləq nəzərə alınmalıdır. Bununla belə, cavabdehin təqdim etdiyi şahid E.Osmanovanın anasına “kömək” yönlü ifadələri də olduqca ümumi, aşkar zidiyyətli, mücərrəd və qeyri-ardıcıl olmaqla bərabər, həm də cavabdeh olan anasının bildirdikləri ilə də ziddiyyətli olmuşdur (bax, qətnamənin 24-cü bəndi).
78. Beləliklə də, bağ evinin iddiaçı tərəfindən onun öz vəsaiti (özünə məxsus mənzilin bağ evi ilə əvəzləşdirməsi qaydasında) əldə olunduğu (alındığı) və bağ evinin yenidən qurulmasının da onun tərəfindən həyata keçirildiyi müəyyən olunur.
79. Kollegiya bu qənaətə gələrkən həm də mülki iş materiallarında olan, İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” barədə tələbi üzrə Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli və hazırda qüvvədə olan qətnaməsini də nəzərə alır. Belə ki, həmin qətnamədə bağ sahəsinin alınması və orada aparılmış tikililərlə bağlı xərclərin kimə aid olması barədə qeyd edilmişdir ki, “məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi və həmin sahədə tikilinin tikintisi ilə bağlı xərclər İddiaçı tərəfindən çəkilmişdir” (i/v 104).
80. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
81. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.
82. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir.
84. Demək ki, rayon məhkəməsi hazırkı mülki iş üzrə eyni tərəflər arasında həmin bağ evi ilə bağlı başqa bir işə dair qüvvədə olan məhkəmə qətnaməsinin preyudisiallığını nəzərə almamaqla prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.
85. Rayon məhkəməsinin iddiaçının tələb etdiyi məbləğlə bağlı (məbləğə münasibətdə) gəldiyi qənaət də əsaslı olmamışdır. Belə ki, rayon məhkəməsi iddia tələbini rədd edərkən həm də qeyd etmişdir ki, iddiaçı tələb etdiyi məbləğin hansı hissəsinin bağ sahəsinin alınmasına, hansı hissəsinin isə bağda aparılmış təmir-tikinti işlərinə xərcləməsinə dair məhkəməyə dəqiq məlumat- sübut verə bilməmişdir. Rayon məhkəməsinin bu qənaəti dogru deyildir. Çünki iddiaçı iddiasında cavadehdən əsassız varlanmaya istinadən bütünlüklə vahid əmlak kimi bağ evinin tam dəyərini tələb edir ki, belə olan halda, yəni bağ evinin əldə olunması və təmir-tikinti işlərinin də iddiaçı tərəfindən və məhz onun vəsaiti hesabına həyata keçirildiyi müəyyən olundugundan, iddiaçı tərəfindən həmin bağ evinin əldə olunmasına, onun sənədləşdirilməsinə, bağın təmirində istfadə olunan təmir-tikinti materiallarına çəkilən xərclərin, ustalara verilən zəhmət haqqının, eləcə də mümkün olan digər məsrəflərin ayrı-ayrılıqda göstərilməsi, başqa sözlə, onların hər birinin ayrılıqda sübut olunmasına zərurət qalmır.
86. Əvvəla, bununla bağlı cavabdeh tərəf də bağ evinin hazırda real qiymətinin iddiada istənilən məbləğini mübahisələndirməmişdir, cavabdehin nümayəndəsi davamlı olaraq izahat və mülahizələrində yalnız iddiaçını məhz həmin məbləği xərcləməsini sübut etməli olduğunu qeyd etmişdir.
87. Məhkəmə kollegiyası bununla bağlı xüsusi olaraq qeyd edir ki, hazırkı halda iddia tələbinin qanuni əsası baxımından iddiaçının bağ evinə görə ayrı-ayrılıqda nə qədər vəsait xərcləməsinin əhəmiyyəti ola bilməz, çünki iddiaçı MM-in 1092.1-ci maddəsinə əsasən məhrum olduğunu əldə edəndən tələb edir. Bu baxımdan iddiaçının tələbi zamanı onun məhrum olduğu əşyaya nə qədər vəsait xərcləməsi, onu hansı qiymətə alması, təmiri və s. deyil, məhz məhrum olduğunun real dəyəri əhəmiyyətlidir. Hər hansı əks yanaşma anlaşılmaz və hüququn ümumi prinsiplərinə zidd olardı. Məsələn, belə yanaşmaya əsaslansaq, onda belə çıxır ki, şəxs vərəsəlik, bağışlama və s. əvəzsiz əqdlər, eləcə də dəyişdirmə müqaviləsi əsasında sahib olduğu əmlaklardan məhrum olduqda, onları tələb edə bilməz. Bunun isə doğru olmadığı aşkardır.
88. Bu baxımdan, iddiaçı məhrum olduğunun dəyəri barədə məhkəməyə iki mütəxəssis rəyləri təqdim etmişdir (bax, qətnamənin 21 və 25-ci bəndləri). İddiaçının rayon məhkəməsinə təqdim etdiyi mütəxəssis hesabatına əsasən həmin bağ evinin (torpaq sahəsi ilə birlikdə) bazar dəyərinin 410.000 manat olduğu göstərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəf bağ evinin bügünkü bazar dəyərinin həmin məbləğə uyğun olmasını mübahisələndirməmişdir, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bağ evinin dəyəri ilə bağlı mütəxəssis hesabatında göstərilən məbləğ ağlabatan və inandırıcıdır. Məhkəmə kollegiyası ikinci hesabatı bağlı (həmin mütəxəssis hesabatında bağ evinin torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 574.000 manat olduğu göstərilmişdir) qeyd edir ki, o, nəzərə alına bilməz, çünki iddiaçının iddia ərizəsindəki tələbi 410.000 manatdır, MPM-in 149.1-ci maddəsinə görə də iddia ərizəsi məhkəməyə yazılı verilir, MPM-in 372.2-ci maddəsinin tələbinə görə isə yeni tələblər və yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız o halda qəbul oluna bilər ki, işdə iştirak edən şəxslər onları birinci instansiya məhkəməsinə onlardan asılı olmayan səbəblərdən tədim edə bilməmələrini əsaslandırsınlar, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər, hazırkı işdə isə belə bir hal mövcud deyildir.
89. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
90. MPM-in 76-cı maddəsində sübutların anlayışı verilmişdir: tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).
91. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
92. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.
93. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən, müəyyən olunur ki, mübahisəyə baxmış rayon məhkəməsi işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normasının tətbiqində pozuntuya yol verilmiş və hazırkı mübahisəyə MPM-in 82.3-cü maddəsi tətbiq edilməli olduğu halda tətbiq etməmiş, bu isə öz növbəsində düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
95. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
96. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
97. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
98. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 702 manat və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 351 manat olmaqla, 1053 (min əlli üç) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
99. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
100. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-1602/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh 410.000 (dörd yüz on min) manat, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş cəmi 1053 (min əlli üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev