Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7176/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4675/2016 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-4675/2016 saylı qətnaməsinə əsasən, Cavabdeh2 və Cavabdeh1 qəbul etmədikləri 2/12 hissədə payın faktiki olaraq mirası qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsi, İddiaçı 1/4 hissədə paya görə 7/24 hissədə pay, X2 1/4 hissədə paya görə 7/24 hissədə pay, X4 1/4 hissədə paya görə 7/24 hissə pay, Maraqlı şəxs2 1/12 hissədə paya görə 3/24 hissədə payın verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7434/2018 saylı qətnaməsinə əsasən, birinci instansiya məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlaka açıq qalan 2/12 hissədə payın qanun üzrə vərəsəliyə çağrılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası təmin edilməmiş, eyni tarixli və nömrəli qərardadı ilə Maraqlı şəxs2 İddiaçı, X2 və qeyrilərinə qarşı xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlaka tam payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-203/2019 saylı qərarına əsasən, İddiaçı iddiadan imtinası qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7434/2018 saylı qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. Bundan sonra Maraqlı şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-4675/2016 saylı qətnaməsinin icrasına geri dönüş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4675/2016 saylı qərardadına əsasən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-4675/2016 saylı qətnaməsinin icrasında dönüş edilməsi, Cavabdeh2 və Cavabdeh1 qəbul etmədikləri 2/12 hissədə payın faktiki olaraq mirası qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsi, İddiaçı 1/4 hissədə paya görə 7/24 hissədə pay, X2 1/4 hissədə paya görə 7/24 hissədə pay, X4 1/4 hissədə paya görə 7/24 hissədə pay, Maraqlı şəxs2 1/12 hissədə paya görə 3/24 hissədə payın verilməsinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə X3 1/24 hissədə payının açıq qalmasına dair ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə isə ərizəçi Maraqlı şəxs2 2/24 hissəyə dair ********** qeydiyyat nömrəli çıxarış almışdır. Qeyd olunan hallar əsasında müəyyən olunur ki, həmin məhkəmə qətnaməsindən bugünkü günə qədər paylar dəyişdirilmiş və dörd çıxarış verilmişdir. Məhkəmə isə mövcud vəziyyətdə qətnamədə icranın dönüşünün mümkün olubolmayacağını araşdırmamış, təqdim edilmiş etiraza və çıxarışlara heç bir hüquqi qiymət verməmiş və ən əsası da Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyətçilər barədə məlumatı tələb etmədən qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məhkəmə işi hərtərəfli araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4675/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-cü maddəsinə əsasən, məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Həmin Məcəllənin 236-1.4-cü maddəsinə əsasən, icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 236-1.5-ci maddəsinə əsasən, işə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. Həmin Məcəllənin 236-1.6-cı maddəsinə əsasən, bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Göründüyü kimi qətnamənin icrasına dönüş dedikdə iddia tələblərinin (ərizənin) təmin edilməsi barədə icra edilmiş qətnamənin ləğv edilməsi ilə bağlı tərəflərin iddia (ərizə) verilən andakı vəziyyətə qaytarılması başa düşülür. İş materiallarından da göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-4675/2016 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7434/2018 saylı qətnaməsinə əsasən ləğv edilmiş, eyni tarixli və nömrəli qərardadı ilə Maraqlı şəxs2 qarşılıqlı iddiası geri qaytarılmış, eləcə də İddiaçı iddiadan imtinası qəbul edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 203/2019 saylı qərarına əsasən ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)- 4675/2016 saylı qətnaməsinin icrasında dönüş edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-4675/2016 saylı qətnaməsinə əsasən, Cavabdeh2 və Cavabdeh1 qəbul etmədikləri 2/12 hissədə payın faktiki olaraq mirası qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsi, İddiaçı 1/4 hissədə paya görə 7/24 hissədə pay, X2 1/4 hissədə paya görə 7/24 hissədə pay, X4 1/4 hissədə paya görə 7/24 hissə pay, Maraqlı şəxs2 1/12 hissədə paya görə 3/24 hissədə payın verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra ondan verilmiş apellyasiya şikayəti ilə bağlı həmin qətnamə apellyasiya qaydasında ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 7434/2018 saylı qətnaməsi kassasiya qaydasında mübahisələndirilsə də, nəticə etibarı ilə İddiaçı iddiadan imtina etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-203/2019 saylı qərarı ilə imtina qəbul edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7434/2018 saylı qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. Məhkəmə kolelgiyası hesab edir ki, nəticə olaraq miras pay həmin vaxt mövcud məhkəmə qətnaməsi əsasında iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273 a nömrəli evin 7/24 hissəsi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınsa da, həmin evdə paya dair məhkəmə qətnaməsi ilə mülkiyyət hüquqları tanınmış daha dörd nəfər şəxsə yeni çıxarışlar alınması artıq qüvvədə olmayan qətnamənin icrasına dönüş edilməsinə maneə deyil, çünki icra edilmiş qətnamə yuxarı instansiya məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir və qanunvericiliyin tələblərinə əsasən qətnamənin icrasına dönüş dedikdə iddia tələblərinin (ərizənin) təmin edilməsi barədə icra edilmiş qətnamənin ləğv edilməsi ilə bağlı tərəflərin iddia (ərizə) verilən andakı vəziyyətə qaytarılması başa düşülür. Kollegiya həmçinin qeyd etməyi də zəruri sayır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə olan vaxt onun əsasında yaranmış hüquqi nəticələr (verilmiş yeni çıxarışlar və s.) artıq sözügedən qətnamə ləğv edildiyindən hüquqi əhəmiyyət daşımırlar. Belə olan halda üçüncü şəxs Maraqlı şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-4675/2016 saylı qətnaməsinin icrasına geri dönüş edilməsi barədə ərizə ilə müraciət etməkdə və birinci instansiya məhkəməsi də bu ərizəni təmin etməklə haqlı olmuşlar. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4675/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7176/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7176/2023
21.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver